ATƏT-in Minsk Qrupu həmsədrlərinin dəyişməsi danışıqlara heç bir mənfi təsir göstərməyəcək
- Mübariz müəllim, ATƏT-in Minsk Qrupu həmsədrlərinin yenisi ilə əvəz olunması münaqişənin həllində nə kimi rol oynaya bilər?
- Bilirsiniz ki, ATƏT-in Minsk Qrupu 1992-ci ildən fəaliyyət göstərir. Hazırda Minsk Qrupunun üç həmsədr ölkəsi var: Amerika Birləşmiş Ştatları, Fransa və Rusiya. Ötən müddət ərzində ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən olan diplomatların zaman-zaman dəyişdiyini görmüşük. Bu da, təbii bir prosesdir. Çünki ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin diplomatları öz missiyasını müəyyən müddət ərzində yerinə yetirir. Məsələn, ABŞ-da bu və ya digər diplomat üç il ərzində fəaliyyət göstərir və həmin müddət başa çatdıqdan sonra o, yenisi ilə əvəzlənir. Rusiyada da buna uyğun müvafiq qanunlar var. Ölkəmizdə də diplomatlar dörd il ərzində fəaliyyət göstərir və ratasiya yolu ilə dəyişdirilir və s. Əlbəttə, ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin diplomatları fəaliyyətə başladıqda prosesi öyrənmək üçün müəyyən zamana ehtiyac duyur. Minsk Qrupuna ABŞ tərəfindən yeni təyin olunacaq diplomat bu prosesi öyrənmək üçün zamana az ehtiyac duyacaq. Hamımıza aydındır ki, diplomatiyada varislik prinsipi var. ABŞ-ın diplomatı Metyu Brayzanı əgər digər bir diplomat əvəz edirsə, bu, ABŞ-ın məsələ ilə bağlı siyasətinin dəyişməsi demək deyil. Diplomatlar bir şəxs olaraq, bu və ya digər fəaliyyətində fəallıq, məsəlinin həllində diplomatik çeviklik və s. nümayiş etdirə bilər. Amma diplomatiyada əsas amil dövlət maraqlarıdır. ABŞ, Fransa və Rusiyanın bu və ya digər məsələyə münasibəti onun təyin etdiyi diplomat vasitəsilə həyata keçirilir. Yəni, həmin şəxs müəyyən çərçivə daxilində fəaliyyət göstərir. Götürək, Rusiyanın Qafqaz siyasətini. Bu siyasət Rusiyanın Xarici İşlər Nazirliyi tərəfindən müəyyən olunur və onun göndərdiyi diplomat da müəyyən edilən təlimata uyğun fəaliyyət göstərir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin diplomatları bu problemin həlli ilə əlaqədar fəaliyyət göstərərkən öz ölkəsinin bu münaqişəyə münasibəti çərçivəsindən çıxış edir. ATƏT-in Minsk Qrupunda təmsil olunan diplomatların yeni diplomatlarla əvəz olunmasının prosesin gedişinə bu və ya digər formada təsir edəcəyi, hansısa razılaşmaların əldə edilməsində yeni təyinatların rol oynayacaqları fikirləri ilə bağlı mətbuatda yayılan məlumatlar absurddur. Çünki qeyd etdiyim kimi, diplomatiyada prinsiplər, varislik və dövlətin, hakimiyyətin məsələyə münasibəti var.
Azərbaycan dövlətinin xarici siyasəti ölkə Prezidenti tərəfindən müəyyən edilir və Azərbaycanın Xarici İşlər Nazirliyi bunu həyata keçirir. Azərbaycanın XİN tərəfindən təyin olunan səfirlər, diplomatlar və digər şəxslər fərdi fəaliyyətində yüksək səviyyə nümayiş etdirə bilər və s. Amma bu, konkret olaraq, müəyyən təlimatlar əsasında həyata keçirilir.
- ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayzanı Tina Kaidanov adlı diplomatın əvəz edəcəyi bildirilir. Artıq Ermənistan tərəfindən onun təyinatı ilə bağlı müəyyən iddialar ortaya qoyulur. Bu barədə nə deyə bilərsiniz?
- Ermənistan tərəfi iddia edir ki, guya Tina Kaidanov vaxtilə Kosovo məsələsi ilə məşğul olduğuna görə, onun təyinatı məqsədli şəkildədir. Yəni, o, bu təyinatla Dağlıq Qarabağ məsələsini də Kosovo variantı ilə həll edəcək. Əlbəttə ki, bu fikirlər yanlışdır və illüziyadan başqa bir şey deyil. Bu, ermənilərin xülyasıdır. Kosovo nə Qarabağ problemi ilə müqayisə oluna bilər, nə də eyniləşdirilə bilər. Kosovo münaqişəsi tamam başqa aspektdə yanaşılmalı olan və başqa formada öz həllini tapan bir məsələ idi. Bu məsələ müzakirə olunarkən, Rusiya istisna olmaqla, böyük dövlətlər Serbiyanın ərazi bütövlüyü məsələsi ilə bağlı konkret açıqlamalar vermədilər. Amma Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ABŞ, Fransa, Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyiblər və bunu beynəlxalq sənədlər də təsdiq ediblər. Ona görə amerikalı diplomatın dəyişməsi ilə bağlı erməni "politoloqlarının" "ruhlanması" tamamilə xülyadır. Bu dəyişmələr aparılan danışıqlar prosesində əldə olunan ümumi razılaşmaları davam etdirəcəkdir. Azərbaycan ehtiyat edəcəyi heç bir məsələ yoxdur. Çünki Azərbaycanın bu məsələdə mövqeyi birmənalıdır. Prezident İlham Əliyev birmənalı şəkildə vurğulayır ki, biz Dağlıq Qarabağda yaşayan ermənilərə idarəçiliyin yüksək statusundan başqa heç bir güzəştə gedə bilmərik. Ölkəmiz bu məsələni öz ərazi bütövlüyü və suverenliyi əsasında həll edəcəyini dəfələrlə bəyan edib. Hətta Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin son müşavirəsində də, bu, dövlət başçısı tərəfindən bir daha vurğulandı. Eyni zamanda, Latviya prezidentinin ölkəmizə rəsmi səfəri zamanı da bu fikir bir daha səsləndirildi. Bu baxımdan, bu məsələ ilə məşğul olan ATƏT-in Minsk Qrupu həmsədlərinin kimliyi münaqişənin həlli ilə bağlı aparılan danışıqlarda əsas rol oynamır. Əsas olan Minsk Qrupuna daxil olan dövlətlərin vasitəçilik missiyasını hansı formada yerinə yetirmələri və bunun üçün beynəlxalq norma və prinsiplərə nə dərəcədə əməl etmələridir.
- Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Madrid prinsiplərinin yeni versiyasının hazırlanması gözlənilir. Sizcə, bu yeni sənəddə Azərbaycanın milli maraqları nəzərə alınacaqmı?
- Bu danışıqların Madriddə, Praqada və ya Parisdə aparılmasının heç bir əhəmiyyəti yoxdur. Əgər bu prinsiplərdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, eləcə də, ölkəmizin beynəlxalq norma və prinsiplərə söykənən mövqeyi öz əksini tapmayacaqsa, bu prinsiplər ölkəmiz tərəfindən qəbul olunmayacaq. Bu, Prezident İlham Əliyev başda olmaqla Azərbaycan dövlətinin və hökumətinin açıq mövqeyidir. Ona görə də, Madrid prinsipləri Madriddə gedən danışıqların nəticəsi olaraq müzakirədədir. Bu prinsiplərin müzakirəsi zamanı Azərbaycan diplomatiyasının nələri təkid etdiyi isə konsidental danışıqların mövzusudur. Azərbaycanın bu prinsiplə əlaqədar konkret mövqeyi ondan ibarətdir ki, Prezident İlham Əliyevin səsləndirdiyi kimi, ölkəmiz bu prinsiplərin ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən tövsiyə edilməsini məqbul saymır. Bizim üçün dövlət başçısı İlham Əliyevin fikirləri əsasdır və Madrid prinsipləri deyilən anlayış altında bəzi müxalifət mətbuatının ictimai rəyi çaşdırmağa yönələn cəhdləri də cəfəngiyyat kimi məhvə məhkumdur.
(Ardı var)