“Radikal müxalifət liderlərinə baş qoşmağı özümə həqarət sayıram”
- Müxalifət partiyaları bələdiyyə seçkilərinə qatılıb-qatılmamaqla bağlı müəyyən fikir səsləndirir. Çox maraqlıdır ki, seçkilərə rəsmi start verilmədiyi bir halda, siyasi düşərgə anormal mövqe ortaya qoyur. Bu iddiaları necə dəyərləndirirsiniz?
- Bələdiyyələrin bir o qədər də böyük statusu yoxdur. Obyektiv səbəb odur ki, bələdiyyə seçkiləri nə iqtidar, nə müxalifət, nə də xalq tərəfindən gözlənilən nəticəni vermədi. Subyektiv səbəb isə ondan ibarətdir ki, seçkilərə maddi vəziyyət çox böyük təsir göstərir. Azərbaycan Sosial-Demokrat Partiyası seçkidə mərkəzləşmiş şəkildə iştirak etməyəcək. Bir də ki,onu qeyd edim ki, xalq siyasətdən bezib, yorulub.
- Belə bir təklif səsləndirilir ki, əvvəlkə seçkilərdə uğur əldə edə bilməyən partiya sədrləri bələdiyyələrə namizədliklərini irəli sürsünlər. Çox maraqlıdır ki, bu məsələ az qala süngi ilə qarşılanıb. Bu paradoksion vəziyyəti nə ilə izah edərdiniz?
- Hər hansı müxalif partiya "lideri" özünü prezident vəzifəsində görür.
- Sərdar Cəlaloğlunun fikri ondan ibarət olub ki, o, bələdiyyə seçkilərinə qatılar və namizədliyini irəli sürə bilər...
- Hər kəsin öz fikri var. Hamı Araz və S.Cəlaloğlu kimi fikirləşə bilməz. Əgər böyük şəhərləri bələdiyyə və yaxud şəhərin meri vəzifəsi olsaydı və ona seçkilər keçirilsəydi, əlbəttə, müxalifətin "liderləri" öz namizədliklərini irəli sürərdilər. Çünki burada artıq əhəmiyyətli vəzifələrdir. Praktikaya baxanda, görürük ki, məsələn, Fransada ölkənin gələcək prezidenti hər hansı şəhərin meri olub, orada təcrübə toplayaraq sonradan prezident seçkilərində uğur qazanıb.
- "Qarabağ və Respublika Uğurunda Hərəkat" mövcuddur. Onların bu gün verdiyi bəyanata görə, ölkədə yalnız müxalifət onlardan ibarətdir. Sizcə, onlar müxalifətin bölgüsünü hansı prinsip əsasında aparıb və bu qənaətə gəliblər?
- Ümumiyyətlə, təmtaraqlı adlardan mənim zəhləm gedir. Başa düşmürəm, yəni, Qarabağ respublikadan ayrıdır? Qarabağ Azərbaycanın ayrılmaz hissəsi deyil?
- Müxalifətin perspektivliyini nədə görürsünüz?
- Belə getsə, müxalifətin perspektivliyini görmürəm. Üzdə olan müxalifət liderləri xalqa o qədər yalan danışıb, vədlər veriblər ki, xalq artıq onlara inanmır. Ona görə də onlar istəyir birləşsinlər, istəyir ayrılsınlar, xeyri yoxdur.
- Düşərgə "Milli Müqavimət Hərəkatı" adlı bir qurum yaradılmasına səylər göstərir...
- Onlar bu illər ərzində etdiyi səhvləri, xəyanətləri, yalanları etiraf etməsələr, heç bir mənası yoxdur.
- Yəni, onlarda siyasi mədəniyyət gözlənilirmi?
- Xeyr, gözləmirəm. Çünki bu vaxta qədər heç biri səhvlərin boynuna almayıb.
- Əli Orucov, Taliyət Əliyev, Arif Hacıyev sizin onlara qarşı bu cür mövqeyinizi boşboğazlıq kimi dəyərləndirib. Qeyd ediblər ki, A.Əlizadə iqtidar qazanının dibini yalayanlardandır. Onların bu cür sərt ittihamlarına münasibətiniz necədir?
- Onlara qısaca olaraq münasibətim belədir: "it hürər, karvan keçər". A.Əlizadə 20 ildir ki, siyasətdədir. Heç vaxt öz mövqeyini və yolunu dəyişməyib. Adları çəkilənlər isə, dəfələrlə cilddən-cildə giriblər. Ona görə də onlara baş qoşmağı özümə həqarət sayıram.
- Baş qoşsanız, nəticə nə ola bilər?
- Əgər hər hansı biri televiziyaya mənimlə birgə çıxsa, onların şalvarın çıxarıb, keçirərdim başlarına.
- Siz ancaq üçüncü, dördüncü dərəcəli funksionerləri nəzərdə tutursunuz?
- Elə mən əsaları- İsa Qəmbərovu nəzərdə tuturam.
- Siz belə bir təklif irəli sürmüsünüz?
- İ.Qəmbərov Milli Məclisin sədri olanda ona təklif etdik ki, birbaşa efirə çıxaq. O, çox qəribə cavab verdi ki, A.Əlizadə höcətdir, Z.Əlizadə qeyri-obyektivdir. O, debata çıxsa, ancaq Arzu Abdullayeva ilə çıxa bilər. Bir dəfə ANS televiziyasında Z.Əlizadə ilə çıxdılar. Bir saatdan artıq çəkiliş oldu. Birdən İsa durdu dedi ki, bunun efirə verilməsinə icazə vermirəm. Əgər birinci şəxslərdən kimsə debata gəlsə, mən hazıram.
- Siz bunu təklif kimi səsləndirirsiniz?
- Bəli, İ.Qəmbərovla, Əli Kərimovla, Lalə Hacıyeva ilə debata hazıram.
- Onda hansısa məsələni müzakirə edib, nəyəsə nail olmaq olar?
- Hər halda xalq görər ki, kim haqlıdır, kim haqsız.
- Misal üçün bir dənə haqlı söz deyin...
- 1992-ci ilin dövlət çevirilişi...
- Orada nə baş verdi ki?
- Onlar iddia edirlər ki, 1992-ci ildə hakimiyyətə dövlət çeviriliş yolu ilə gəlməyiblər.
- Sizin arqument və dəlilləriniz var ki, onlar çeviriliş yolu ilə hakimiyyətə gəliblər?
- Bəli. L.Hacıyeva vaxtilə demişdir ki, Heydər Əliyevə qarşı getsəm, özümə qarşı getmiş olardım. İndi isə deyir ki, belə söz deməmişəm.
- Onların çoxtərəfli siyasi mövqelərini konkret olaraq nə ilə izah edərdiniz?
- Ümumiyyətlə, bizdə sağ müxalifətin mövqeyi yoxdur.
- Bu, nə zamana kimi davam edə bilər?
- Bunlar nə qədər siyasətdədir, o qədər də davam edəcək.
- Axı onlar siyasətə gəlir mənbəyi kimi baxır?
- Tamamilə doğrudur. Bu da onların biznesidir.
- Mətbuatda qeyd edilib ki, L.Hacıyeva siyasətdə 200 min ABŞ dollar pul xərcləyib.
- Bir sual verə bilərəm ki, həmin məbləğ ona hardan gəlib?