PDF Oxu

Müsahibə

  • 11

Azərbaycan Prezidenti futbola böyük diqqət və qayğıyla yanaşır

Azərbaycan Prezidenti futbola böyük diqqət və qayğıyla yanaşır
- Qurban müəllim, gec də olsa, əldə etdiyiniz möhtəşəm qələbələr münasibətilə sizi təbrik edirik. Söhbətə də elə buradan başlamaq istərdik. Bu qələbələrdən sonra hansı hissləri keçirirsiniz?
- Əvvəla, təbriklərə görə təşəkkür edirəm. Qələbə, əlbəttə ki, çox gözəl hissdir. Ümumiyyətlə, idman elə bir sahədir ki, nə qədər çox qələbə əldə etsən, sevinci də bir o qədər böyük olar. Uğurların çox olduqca, daha çox diqqət çəkirsən. Futbolun inkişafına göstərilən belə böyük diqqət və qayğı qarşısında bizim də vəzifəmiz daha çox çalışıb, daha böyük qələbələrə nail olmaqdır.
- Məlumdur ki, sizi ilk təbrik edənlərdən biri cənab Prezident İlham Əliyev oldu. Dövlət başçısının bu zəngini necə qarşıladınız?
- Cənab Prezidentin zəng edib bizi təbrik etməsi bütün komanda heyətində, eyni zamanda, azarkeşlərimizdə ruh yüksəkliyi yaratdı. Bu, onu göstərir ki, Azərbaycan Prezidenti futbola böyük diqqət və qayğıyla yanaşır. Elə danışıqlarımızda da mən bunu hiss etdim, Onun dəyərli məsləhətləri oldu. Həm də bildirdi ki, komandamızın əsasən yerli futbolçulardan ibarət olması, Azərbaycan futbolunun gələcəyi baxımından, sevindiricidir. Mən şəxsən öz adımdan, komandamız adından bizə göstərdiyi diqqətə görə cənab Prezidentə təşəkkür edirəm.
- Sizin uğurlarınız ölkəmizdə böyük sevinclə qarşılandı.
- Azərbaycan xalqı, azarkeşlərimiz futbolda belə qələbələrə adət etmədiyindən bizim nailiyyətlərimiz böyük sevinclə qarşılandı. Bunu da təbii hesab etmək olar. Eyni zamanda, xalqımıza sevinc bəxş etdiyimizə görə, azarkeşlərimizin üzünü güldürə bildiyimizə görə sevinirik və qürur duyuruq. Birmənalı olaraq, qeyd etmək lazımdır ki, bu qələbələr xalqımızın Azərbaycan futboluna münasibətini və baxışını da dəyişdirdi. Əgər əvvəllər bəziləri futbolumuzun inkişafına ümidsiz, pessimist baxırdılarsa, artıq bu gün bizdən daha çox qələbələr, daha böyük nailiyyətlər gözləyirlər.
- "Qarabağ"ın Azərbaycan azarkeşləri tərəfindən belə çox sevilməsinin səbəbi nədir? Qarabağın adını daşıması, digərlərindən fərqli olaraq, əsasən, yerli futbolçulardan ibarət olması, yoxsa Qurban Qurbanov faktoru?
- Məncə, hər üçü. Amma hər halda komandanın "Qarabağ"ın adını daşıması klubun daha çox dəstəklənməsini şərtləndirir. "Rusenborq"la görüşdə biz bunu daha aydın gördük.
- Sizin də qeyd etdiyiniz kimi, dövlətin diqqət və qayğısına, bu sahədə müəyyən proqramların icra olunmasına baxmayaraq, neçə illərdir ki, Azərbaycan futbolunda böyük uğurlara, yüksək nailiyyətlərə imza atmaq mümkün olmayıb. Bunun əksinə olaraq, fərdi idman növlərində, məsələn, güləş, boks, cüdo və s. üzrə idmançılarımız olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında ölkəmizi ən yüksək səviyyədə təmsil ediblər. Bunun səbəbini nədə görürsünüz? Niyə fərdi idman növlərində əldə olunan nailiyyətləri futbolda qazana bilməmişik?
- Mən ilk olaraq, bunu ənənə ilə əlaqələndirərdim. Yəni Azərbaycanda fərdi idman növlərinin, məsələn, elə güləşin qədim ənənələri olub. Ölkəmizdə böyük güləşçilər yetişib. Amma bunu futbola şamil etmək olmaz. Doğrudur, sovet dövründə ölkəmizdə futbol kifayət qədər populyar idman növü kimi xalqımız tərəfindən çox sevilib. Amma bu gün həmin dövrlərdə futbolun respublika səviyyəsində geniş yayıldığını söyləyə bilmərik. Elə buna görə də, sadəcə, bir komandamız olub, o da "Neftçi". Gəlin etiraf edək ki, "Neftçi"də də azərbaycanlı futbolçular son vaxtlar daha çox yer almağa başladı. Amma müstəqillik əldə olunduqdan sonra milli çempionat yaradıldı, milli komandaların sayı artdı, yerli futbolçuların yetişməsi üçün şərait yaranmağa başladı. Bu da məhz bu gün daha böyük uğurların əldə olunması üçün yetərli bir zaman deyil. Çünki futbol elə bir idman növüdür ki, onun inkişafı üçün daha çox vaxta ehtiyac var.
- Bir futbol adamı kimi, illərdir bu sahəyə xidmət edən birisi kimi, futbolumuzun gələcəyi ilə bağlı hansı fikirdəsiniz?
- Bu gün görülən işlərə baxıb gələcəklə bağlı optimist proqnozlar vermək mümkündür. Bilirsiniz ki, futbolun inkişafı ilə bağlı onillik Dövlət Proqramı icra olunur. Klublarımızın maddi-texniki təminatı yaxşılaşdırılır, uşaq-futbol məktəblərinin inkişaf etdirilməsi üçün müvafiq tədbirlər həyata keçirilir. Eyni zamanda, digər təşkilati işlər də görülür. Bunlar da klublarımızın, çempionatımızın səviyyəsinin ildən-ilə artmasında özünü göstərir. Bilirsiniz, bu sahədə inkişaf etmək həm də futbolçuların, məşqçilərin öz əlindədir. Hamı yaradılan imkandan istifadə edib öz potensialını artırmağa çalışmalıdır. Bəli, bizim indi qazandığımız bizim üçün böyük uğurdur. Amma dünya fotbulu ilə, dünyada futbolun inkişaf tempi ilə müqayisə etsək, görərik ki, gələcəkdə görüləcək işlər kifayət qədər çoxdur. Ona görə də bu sahədə çalışan, futbolu sevən, azarkeşlik edən hər kəs bu sahənin inkişafı üçün əlindən gələni əsirgəməməlidir.
- Bayaq dediniz ki, "Qarabağ"ın qələbəsi azarkeşlərin, futbol həvəskarlarının Azərbaycan futboluna baxışını dəyişdirdi. Bu fikri bir qədər də genişləndirsək, deyə bilərikmi ki, daha çox yerli futbolçulardan qurulmuş "Qarabağ" komandası Azərbaycan futbolçularına inamı artırdı?
- Bəli, bu, bir daha sübut edir ki, Azərbaycan futbolu inkişafdadır, düzgün yoldadır. Komandamızın sırf yerli futbolçulardan qurulmasına gəlincə, deyə bilərəm ki, bu, bizim klubun qərarıdır. Klub rəhbərliyi səviyyəsində qərara aldıq ki, yaxın 1-2 il ərzində nəticədən daha çox gənc futbolçuların yetişdirilməsinə diqqət yetirək. Amma bu zaman komandanı birdən-birə gəncləşdirmək də doğru olmazdı. Çünki tamamilə təcrübəsiz gənc heyət əgər dalbadal məğlubiyyətlər əldə edərsə, komandamızdakı gəncləri də itirə bilərdik. Ona görə də gənclərlə yanaşı, bir neçə təcrübəli futbolçunu da komandamızda saxladıq. Eyni zamanda, milli çempionatda forma geymiş Elvin Məmmədov, Vüqar Nadirov kimi gənc və təcrübəli futbolçuları da heyətə cəlb etdik.
- Qarşıdan daha ciddi sınaq gəlir. Növbəti rəqib Hollandiyanın "Tvente" komandasıdır. Oyuna hazırlıqlar hansı səviyyədədir?
- Hazırlıqlar normal səviyyədə gedir. Amma müəyyən problemlərimiz var. Biz son günlər tam komanda halında məşq edə bilmirik. 6 futbolçumuz milli komandamızın, 3 futbolçumuz gənclərdən ibarət yığmanın heyətinə cəlb edilib. Bu, oyun təcrübəsinin artması baxımından yaxşıdır. Amma komandanın bir yerdə məşq etməsi daha yaxşı olardı. Buna baxmayaraq, millinin oyunundan sonra hazırlığa kifayət qədər vaxtımız olacaq.
- Bu gün milli komandamız Almaniya ilə qarşılaşır. Oyunla bağlı düşüncələrinizi bilmək istərdik.
- Milli komandamıza uğurlar arzulayıram. Baxmayaraq ki, Almaniya millisi dünyanın ən güclü komandalarından biridir, hesab edirəm ki, bu matçda da yaxşı nəticə əldə etmək olar. Çünki bizim futbolçularımızda mübarizə əzmi yetərincədir. Əgər istədiyimiz oyunu sərgiləyə bilsək, bu qarşılaşmadan qələbə ilə ayrıla bilərik.

Digər xəbərlər