- Bəzi ekspertlər Dağlıq Qarabağ münaqişəsinin həllinin o qədər də uzaqda olmadığını bildirir. Siz necə düşünürsünüz, bu münaqişə tezliklə həllini tapa bilərmi?
- Bu münaqişənin başlanmasından artıq 20 il ötüb və bu müddət ərzində münaqişənin tənzimlənməsi ilə bağlı prosesdə intensivləşən məqamlar da və bu prosesin dayandığı hallar da olub. Həmçinin, bu prosesin ləng getdiyi zamanlar da olub. Bu baxımdan, hesab etmək olar ki, indiki dövr tənzimlənmə prosesində bir kəmiyyət baxımından diqqəti cəlb edən prosesdir və bu prosesdə intensivlik var. Bu isə bir çox hallarda belə bir imic yaradır ki, bu kəmiyyət dəyişikliyi, nəhayət, keyfiyyət dəyişikliyinə gətirib çıxaracaq. Dağlıq Qarabağ münaqişəsi 20 ildən sonra öz həllini tapacaq. Bu nöqteyi-nəzərdən də Azərbaycan və Ermənistan prezidentlərinin təxminən il yarım ərzində 6 dəfə görüş keçirməsi və növbəti görüşün də Moldovada olacağı haqqında razılıq əldə edilməsi dediklərimizin təsdiqidir. ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona intensiv səfərlər edirlər və bir neçə gün öncə isə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ermənistana səfər edib və avqustun 13-də isə Azərbaycana gələcək. Bütün bunlar belə bir təəssürat yaradır ki, münaqişənin həllində ciddi məqamlar var. Ancaq M.Brayza Ermənistanda olarkən qeyd edib ki, əvvəlcə Dağlıq Qarabağ ətrafında olan 5 rayon, 5 il sonra isə Kəlbəcər və Laçının qaytarılması haqqında razılaşma var və amerikalı həmsədr sonradan bildirib ki, erməni mətbuatı onun fikrini təhrif edib. Lakin nəzərə almaq lazımdır ki, 7 rayonun işğaldan azad olunması Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi demək deyil. Dağlıq Qarabağ və ətrafındakı 7 rayonun qaytarılmasından sonra ölkəmizin ərazi bütövlüyü təmin edilmiş olar. Hazırda danışıqlar gedir və bir məqam da nəzərdən yayınmır ki, ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri belə bir bəyanatla çıxış edib ki, bu ilin sonuna kimi həm onun, həm də M.Brayzanın səlahiyyətləri başa çatır. Yəni, onlar çox maraqlıdırlar ki, bu ilin sonuna qədər bu problemin həllində ciddi bir nailiyyətə imza atmış olsunlar.
- Məlumdur ki, ölkəmiz regional və qlobal miqyasda enerji təhlükəsizliyinə mühüm töhfə verir. Bu, münaqişənin həllinə nə kimi təsir göstərə bilər?
- Heç şübhəsiz ki, Azərbaycan regionda ən güclü dövlətdir. Ölkəmiz dünya dövlətləri üçün də mühüm əhəmiyyətə malikdir. Ölkə başçısı İlham Əliyev uğurlu iqtisadi siyasət həyata keçirir. Nəzərdən qaçırmayaq ki, ABŞ-ın, Avropa ölkələrinin milli təhlükəsizliyi strategiyasında enerji təhlükəsizliyi məsələsi bir nömrəli məsələdir. Bütün bunları nəzərə alsaq, təbii ki, böyük dövlətlər üçün Azərbaycanın əhəmiyyəti artır. Bu, danılmaz faktdır. Ancaq digər faktoru da nəzərdən qaçırmaq olmaz ki, Avropa enerji baxımından, əsasən, Rusiyadan asılıdır. Bu baxımdan, Rusiya faktorunu Qərb nəzərə alır, yəni, bu reallıq mövcuddur.
- Dağlıq Qarabağ münaqişənin həllində Rusiya, yoxsa Qərb maraqlıdır?
- Bu münaqişənin tənzimlənməsi prosesində daha çox maraqlı Qərb ölkələridir. RF münaqişənin həllində ciddi maraq göstərmir. Adıçəkilən ölkənin prezidenti Dmitri Medvedevin "Rusiyanın 2020-ci ilə qədər milli təhlükəsizlik strategiyasının təmin edilməsi haqqında" imzaladığı sənəddə Cənubi Qafqaz regionu RF üçün əhəmiyyətli regiondur. Bu baxımdan, demək olar ki, hətta rus ekspertləri də belə bir fikir irəli sürürlər ki, 2020-ci ilə qədər Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi Ermənistanın Rusiyadan uzaqlaşması ilə nəticələnə bilər. İndi 2009-cu ildir, adıçəkilən ölkənin milli təhlükəsizlik strategiyasına nəzər yetirsək belə çıxır ki, RF həmin ilə qədər bu münaqişənin həllinə maraq göstərməyəcək. Qərb isə özünün enerji maraqları naminə regionda sabitliyə, Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdır. Fikrimcə, bir çox hallarda Avropa ölkələri münaqişənin həllində maraqlıdır, kimin xeyrinə həll edilməsində maraqlı deyil.
- Erməni diaspora təşkilatları beynəlxalq qurumlara müraciət edərək, Azərbaycanın hərbi sahəyə daha çox vəsait ayırmasına etiraz edirlər. Buna sizin münasibətiniz?
- Ermənistan tərəfi, erməni diaspora təşkilatları, xüsusilə narahatdırlar ki, Azərbaycan istər iqtisadi, istərsə də hərbi sahədə güclənməkdədir. Bu gün respublikamızın hərbi büdcəsi işğalçı ölkənin büdcəsinə bərabərdir. Təbii ki, bunu görən erməni tərəfi xeyli narahatdır və bunların narahatlığını başa düşmək mümkündür. İşğala məruz qalan tərəf öz torpaqlarını müdafiə hüququna malikdir. Bunu BMT nizamnaməsinin tələblərinə müvafiqdir. Eləcə də adıçəkilən təşkilatın Təhlükəsizlik Şurasının 4 qətnaməsinin Ermənistan tərəfindən yerinə yetirməyi tələb etmək lazımdır. Ermənilər də bütün bunlardan narahat olub, beynəlxalq təşkilatlara həyəcan dolu məktublar yazırlar. Bir məsələni də qeyd etməliyəm ki, bəzi hallarda beynəlxalq təşkilatlar işğalçı ölkə olan Ermənistanla Azərbaycana eyni münasibət bəsləyirlər.
- Dağlı Qarabağ ərazisində hansı dövlətlərin sülhməramlılarının yerləşdirilməsi məqsədəuyğundur?
- ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ermənistanda olarkən, bəyan edib ki, Dağlıq Qarabağa yerləşdiriləcək sülhməramlıları münaqişə tərəfləri özləri müəyyənləşdirəcək. Təbii ki, Azərbaycan tərəfi Türkiyənin, Ermənistan tərəfi isə Rusiyanın iştirakını istəyir. Belə olduğu halda, fikrimcə, bu baxımdan, tərəflər razılığa gələ bilərlər. Bundan əlavə, ölkəmiz Almaniya və Böyük Britaniyanın iştirakını da istəyir. Hətta Azərbaycan tərəfi AFR-in ATƏT-in Minsk Qrupunda təmsil olunmasını istəsə də, Ermənistan isə buna razı olmadı. Böyük Britaniya ilə isə bizim əlaqələr yaxşıdır və həmin ölkədə erməni diasporası fəaliyyət göstərmir.