PDF Oxu

Müsahibə

  • 9

Əgər Prezidentlə xalqın birliyi olmasaydı, bugünkü uğurlar əldə edilməzdi

Əgər Prezidentlə xalqın birliyi olmasaydı, bugünkü uğurlar əldə edilməzdi
- Bahar xanım, məlum olduğu kimi, iyulun 22-də Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının sosil-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclası keçirildi. Həmin iclasda bir daha vurğulandı ki, qlobal iqtisadi böhranın bütün dünya dövlətlərinin iqtisadiyyatını iflic etməsinə baxmayaraq, Azərbaycanda iqtisadi inkişaf davam edir. Siz 2009-cu ilin ilk yarısının sosial iqtisadi göstəricilərini necə qiymətləndirirsiniz?
- Mən hesab edirəm ki, bu məsələyə əsas qiyməti ölkə Prezidenti verib. Bu inkişafı və onun nəticələrini dəyərləndirən Azərbaycan vətəndaşlarıdır, eləcə də ölkəmizi kənardan müşahidə edən iqtisadi göstəricilər üzrə monitoriq aparan beynəlxalq təşkilatlardır. Əlbəttə, onların gəldiyi ümumi nəticələr bundan ibarətdir ki, dünyada maliyyə böhranının tüğyan etməsinə baxmayaraq, Azərbaycan bu böhrandan uğurla çıxa bilib. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan iqtisadiyyatı nəinki böhrandan yan keçib, hətta inkişaf edir. Bu inkişaf tendensiyası onu göstərir ki, Azərbaycanda yürüdülən siyasət tamamilə düzgündür və bu, əməli nəticələrdə özünün əksini tapır. Ona görə də bir vətəndaş kimi yarım ilin nəticələrini yüksək qiymətləndirirəm. Müvafiq dövlət orqanları ölkə Prezidentinin tapşırıqlarını vaxtında və düzgün yerinə yetirməyi bacarır, iqtisadi proseslər düzgün proqnozlaşdırırlar.
- Bu gün tam haqlı olaraq, deyə bilərik ki, bu uğurların təməlini möhkəm hüquqi baza təşkil edir. Bu mənada, ölkəmizdə cərəyan edən proseslərdə, əldə olunmuş nailiyyətlərdə qanunverici orqanın - parlamentin rolunu necə dəyərləndirirsiniz?
- Əlbəttə, uğurların əldə olunmasında icra orqanları ilə yanaşı, parlamentinin rolunu istisna etmək olmaz. Çünki istənilən ölkədə bu və ya digər münasibətlər qanunlarla tənzimlənir. Azərbaycanda da bütün proseslər parlament tərəfindən qəbul olunan qanunlarla və qoşulduğumuz beynəlxalq konvensiyalarla tənzimlənir. Bu mənada inkişaf edən iqtisadi münasibətlər öz əksini qanun yaradıcılığında vaxtında tapırsa, onda bu münasibətlər inkişaf tempini qoruyub saxlaya bilir. Görülən işlərə parlament hər zaman dəstəyini verir. Zəruri hallarda qanunlar təkmilləşdirilir, aparılan islahatlar qanunlarda öz əksini tapır. İqtisadi sahəni tənzimləyən qanunlarda sahibkarlığın inkişafı, daxili bazarın qorunması, iqtisadiyyatın böhrana davamlılığının artırılması istiqamətində atılan addımlar öz məntiqi nəticəsini real həyatda göstərməkdədir. Deməli, biz sosial sifarişləri dəyərləndirməyi bacarmışıq.
- Bu günlərdə ABŞ-da yerləşən və dünya üzrə insan resurslarını öyrənən, statistik araşdırma xidmətləri göstərən nüfuzlu "Gallup" təşkilatı keçmiş sovet respublikaları üzrə yeni sorğusunun nəticələrini elan edib. Azərbaycanda rəyi soruşulanların 77 faizi hakimiyyətin fəaliyyətindən razılığını ifadə edib. Necə hesab edirsiniz, bu nəticələr ölkəmizdəki real situasiyanı əks etdirirmi?
- Ümumiyyətlə, ilk olaraq, mən bu təşkilatın çox obyektiv araşdırma apardığını söyləyə bilərəm. Və bu nəticələrin real vəziyyəti düzgün əks etdirdiyini düşünürəm. Əgər başqa nəticə olsaydı, mən onlara şübhə ilə yanaşardım. Çünki bu gün Azərbaycan iqtidarının dövlətimizin inkişafı üçün gördüyü işlər, həyata keçirdiyi siyasət hamının gözü qarşısındadır. Eləcə də, Azərbaycan vətəndaşlarının bu siyasəti necə dəyərləndirdiyinin şahidiyik. Bu mənada hesab edirəm ki, təşkilat Azərbaycan vətəndaşlarının real fikrini bir daha ümumiləşdirərək dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Burada qeyri-adi bir şey yoxdur. Biz bayaq uğurlardan danışdıq. Əgər Prezidentlə xalqın birliyi olmasaydı, bu uğurlar da əldə olunmazdı. Bu, onu göstərir ki, dövlətin həyata keçirdiyi siyasi kurs xalqımız tərəfindən ciddi dəstəklənir. Çünki bu siyasətin həyata keçirilməsində xalqın özü iştirak edir. Ayrı-ayrı sahələr üzrə vətəndaşlar, əməkçilər, zəhmətkeşlər iştirak edir və qazanılan uğurlar gərgin zəhmətin bəhrələridir. Ona görə də hər bir vətəndaşın həyatında günbəgün artan rifah belə sorğularda özünü əks etdirir. Hesab edirəm ki, bu sorğunun nəticələrinə şübhə etməkdənsə, həqiqətin gözünə dik baxmaq, faktı obyektiv dəyərləndirmək lazımdır.
- İnkişafdan söz düşmüşkən, bu gün Azərbaycanın böyük şəhərlərində, bütövlükdə regionların həyatında ciddi müsbət dəyişikliklərin şahidi oluruq. Heç şübhəsiz ki, bu uğurların təməlində "Azərbaycan Respublikası regionlarının sosial - iqtisadi inkişafı Dövlət Proqramı"nın uğurla icra olunması dayanır...
- Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Naxçıvan Muxtar Respublikasının 85 illik yubileyinə həsr olunmuş geniş tədbir keçirildi. Mən də həmin tədbirdə iştirak edirdim və deyə bilərəm ki, muxtar respublikada şahidi olduqlarım məni çox sevindirdi. 1980-ci ildə reallaşmış səfərimi nəzərə almasaq, bu, mənim Naxçıvana birinci səfərim idi. Regionların inkişafı ilə bağlı hər gün fikirlər eşidirik. Amma mən konkret olaraq bunun nəticəsini Naxçıvanda, onun abad küçələrində, yaşıl meydanlarında, yeni binalarında, yeni-yeni iş yerlərinin açılmasında, əhalinin əhval-ruhiyyəsində gördüm. Təkcə son beş ildə Prezident İlham Əliyevin iştirakı ilə muxtar respublikada 40-dan artıq obyektin açılışı olub. Bu fakt onu göstərir ki, Azərbaycanın bir guşəsi olan Naxçıvan nə qədər inkişaf edib. Bu inkişaf Azərbaycanın digər bölgələrində də gedir. Bu bizi çox sevindirir. Hesab edirəm ki, Azərbaycanın inkişafını görüb-dəyərəndirmək və bu inkişafa sevinmək lazımdır.
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqları necə qiymətləndirirsiniz?
- Ümumiyyətlə, prinsiplərin razılaşdırılması üzərində gedən işi, ən azı bu proseslərlə bağlı fəaliyyətin intensivliyini qiymətləndirməmək mümkün deyil. Çünki fəaliyyət göz önündədir. Ümumi yanaşdıqda isə, bilirsiniz ki, artıq bir çox beynəlxalq dairələr Dağlıq Qarabağ probleminin həllinin zamanının çatdığını etiraf edirlər. Bu, yaxşı tendensiyadır. Əvvəllər kimlərsə bizə qulaq asıb, amma eşitmirdilərsə, indi həmin insanlar ABŞ-dan, Almaniyadan, Fransadan, Rusiyadan çıxış edərək bu problemin həllini tələb edirlər.
ATƏT-in səylərinin artırılmasını müsbət hesab edirəm. Bu imkan pəncərəsindən maksimum səmərəli istifadə etmək lazımdır. Qafqazdakı dövlətlərdən yalnız Azərbaycanda inkişaf tempi var. Bu da düzgün siyasətlə bağlıdır. Biz istəyirik ki, üç dövlət bir-birinə paralel inkişaf etsin, qarşılıqlı münasibətlər yüksək səviyyədə olsun. Əgər sülh olmayacaqsa, bu regionda layihələrdən bəhrələnmək mümkün olmayacaq. O cümlədən, beynəlxalq dairələr, müxtəlif ölkələr də öz layihələrini sona qədər yerinə yetirə bilməyəcəklər. Ən azı bu maraqlarına görə beynəlxalq dairələr Qafqazdakı sülh prosesinə qoşulmalıdır. Arzu edirik ki, sülh səyləri nəticə versin və Ermənistanı qeyri-konstruktiv mövqeyindən çəkindirmək mümkün olsun. Əks halda Prezident İlham Əliyevin dediyi kimi digər vasitələr Azərbaycanın hüquqlarını qorumaq istiqamətində işə düşə bilər.

Digər xəbərlər