PDF Oxu

Müsahibə

  • 11

Azərbaycanda mükəmməl seçki sistemi formalaşıb

Azərbaycanda mükəmməl seçki sistemi formalaşıb

- Natiq müəllim, Mərkəzi Seçki Komissiyası (MSK) cari ilin payızında keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkilərinə hazırlıq istiqamətində hansı işləri görüb?

- Bələdiyyə seçkiləri Azərbaycanda müəyyən olunmuş hakimiyyət qollarının, eyni zamanda, yerli özünüidarəetmənin formalaşdırılması ənənəsinə uyğun aparılacaq. Ölkədə hər beş ildən seçki yolu ilə müəyyən hakimiyyət qolları, o cümlədən də, yerli özünüidarə orqanlarının formalaşdırılması həyata keçirilir. Qeyd edim ki, seçkilərin dekabrda keçirilməsi nəzərdə tutulur. Çünki prinsipcə, həmin müddətdə bələdiyyələrin səlahiyyəti başa çatacaq və yeni səlahiyyətli bələdiyyə üzvləri formalaşdırılmalıdır. MSK hər bir seçki prosesinə əsaslı hazırlaşır, onunla bağlı lazımı tədbirlər görülür və genişmiqyaslı işlər aparılır. Nəticədə, seçicilərin iradəsinə uyğun şəkildə azad, ədalətli seçki keçirilir və onlar heç bir təsir olmadan öz dəstəklədikləri namizədə səs verirlər. Bununla da, səsvermə hüququna malik vətəndaşlarımız dövlət idarəçiliyində yaxından iştirak edirlər.
Bələdiyyə seçkiləri ilə bağlı siyahılar üzərində ciddi iş gedir. Bələdiyyələri birləşdirilməsi haqqında Milli Məclisin müvafiq qərarı oldu. Onların birləşdirilməsindən sonra say tərkibinin, eləcə də, seçicilərinin müəyyən edilməsi ilə bağlı çoxsaylı işlər görülür. Hər il seçici siyahılarının ənənəyə uyğun aparılması prosesi MSK-nın qarşısında duran əsas vəzifələrdən biridir. Normativ bazanın hazırlanması istiqamətində də mühüm işlər həyata keçirilir. Bu işlər artıq praktik olaraq yekunlaşıb. Bununla bağlı yalnız komissiyanın mövqeyinin müəyyənləşirilməsi prosesi qalır. Eyni zamanda, komissiya üzvlərinin treninqləri, onların kurslardan keçirilməsi ilə əlaqədar da artıq proqram tərtib olunub. Görülən işlərin davamı olaraq gələcəkdə seçki komissiyaları rəsmilərinin də öz vəzifələrini lazımınca yerinə yetirməsi yönündə müvafiq addımlar atılır və onlar öz müsbət nəticəsini verəcək. Bilirsiniz ki, MSK daimi fəaliyyət göstərən orqandır və hər beş ildən bir formalaşır. Yəni, seçkilərə münasibətdə də daimi fəaliyyət göstərir. Budəfəki bələdiyyə seçkilərində MSK zəngin təcrübəyə malikdir. Ümidvaram ki, seçki prosesində iştirak edən digər subyektlər öz vəzifələrini lazımınca həyata keçirə biləcəklər.
- Builki bələdiyyə seçkilərinin əvvəlkilərdən fərqi nədən ibarət olacaq və prosesdə hər hansı bir dəyişiklik nəzərdə tutulurmu?

- Seçkidə dəyişikliyin baş verməsi qanunda dəyişikliyin baş verməsi ilə əlaqəlidir. Yəni, seçki qanunvericiliyi hər hansı dəyişikliyi nəzərdə tutursa, əlbəttə, o seçki prosesində tətbiq olunur. Düşünürəm ki, Seçki Məcəlləsinin dəyişməsi halı müşahidə olunmadığından da bu dəyişiklik mümkün deyil.

- Əgər qeyd etdiyiniz qaydada, məcəllədə dəyişiklik olarsa, MSK-nın fəaliyyəti hansı istiqamətdə qurulacaq?

- Seçkilər Azərbaycan Respublikasının qanunlarına əsasən keçirilir. Yəni, MSK-nın riayət etdiyi qaydalar qanundan irəli gələn qaydalardır. Əgər qanunda hər hansı bir dəyişiklik ediləcəksə, MSK fəaliyyətində həmin dəyişikliyi nəzərə almağa borcludur. Bunun alternativi yoxdur və bu, müzakirə mövzusu olmamalıdır. Məncə, qüvvədə olan Seçki Məcəlləsi bu və ya digər dəyişikliyi nəzərdə tutmur.

- Bəzi müxalifət partiyaları bələdiyyə seçkilərinə qatılmağın lüzumsuz olduğunu bildirir və fikirlərini onunla əsaslandırırlar ki, seçkilər qanunların saxtalaşdırılması yolu ilə keçiriləcək. Hətta bəzi siyasi partiyalar seçkidə iştirak etməyəcəklərini indidən bəyan edirlər. Bu fikirlərə alternativ olaraq nə deyə bilərsiniz?

- Bu sözləri müxalifətin müəyyən bir qolu deyə bilər. Bütün müxalifət partiyaları bu fikirdə ola bilməz. Çünki Azərbaycanda seçkilər müxalifətsiz keçmir. Bütün seçkilərdə müxalifətin bu və ya digər qrupunun narazı qalmasını, təbii qəbul etmək olar. Amma qabaqcadan proqnoz vermək tezdir. MSK-nın fəaliyyəti kimin nə deməsindən asılı olmayaraq, seçicilərin öz iradəsini azad ifadə etməsindən, seçkidə iştirak edən tərəflərə bərabər, ədalətli şəraitin yaradılmasından ibarətdir. Əlbəttə, kiminsə fikirlərinə hesablanmış davranış MSK-nın fəaliyyətinə uyğun deyil. MSK düşünür ki, Azərbaycanda keçirilən seçkilər beynəlxalq standartlara cavab verməlidir və bununla bağlı çox zəngin təcrübə əldə edilib. Bu baxımdan, beynəlxalq qurumlar tərəfindən ölkəmizdə seçkilərin qüsursuz keçirildiyi bəyan edilir ki, biz də bunun əsasında seçkilərin təkmil keçirildiyinin şahidi oluruq. Ona görə seçki prosesi ilə bağlı hansısa fərdin nə isə deməsi, söhbətimizin müzakirə obyekti olmamalıdır. MSK seçki proseslərini təşkil edir, xalqımız o seçkilərdə iştirak edir və mübarizə aparan tərəfləri öz iradəsinə uyğun dəstəkləyir. Bir sözlə, onların hüquqları lazımınca təmin olunur.

- Bəzi təkliflərə görə, seçki prosesləri hansısa beynəlxalq təşkilat və ya ölkədə fəaliyyət göstərən güc strukturları tərəfindən keçirilməlidir. Bu təklifi necə qiymətləndirirsiniz?

- Təklifi qeyri-ciddi qiymətləndirirəm və ona münasibət bildirməyə ehtiyac duymuram. Qüvvədə olan Seçki Məcəlləsi beynəlxalq rəy almış qanunvericilikdir. Bu qanunvericilik özünün və beynəlxalq normaları nəzərə almadan müəyyən qaydaları özündə ehtiva etmir. Beynəlxalq standartlara tam cavab verən qanunvericiliyimiz var və ölkədəki bütün seçkilər də bunun əsasında keçirilir.

- Dairə seçki komissiyalarına yeni üzvlər qəbul olunur. Onlar arasında maarifləndirmə işinin aparılması istiqamətində nə kimi işlər görülür və ya görülməsi nəzərdə tutulur?

- Bəllidir ki, MSK hər beş ildən bir və ona uyğun olaraq da aşağı seçki komissiyaları, dairə və məntəqələr formalaşır. Sizin qeyd etdiyiniz dəyişiklik təkcə dairə seçki komissiyalarında deyil, onların bütün seçki komissiyaları sistemində getməsi mümkündür. Bu dəyişikliklər təbii qəbul olunmalıdır. Digər tərəfdən, bizim qarşımızda duran əsas məsələ komissiya üzvlərinin öz işlərini lazımınca həyata keçirməsinə şərait yaratmaq, onlara lazımı bilikləri verməyə çalışmaq və təcrübəni təkmilləşdirməkdən ibarətdir. Prezident cənab İlham Əliyevin də bu məsələ ilə bağlı müvafiq sərəncamı var. Fəaliyyət müddətindən asılı olmayaraq, bütün komissiya üzvləri kurslardan keçirilir, onların seçki hüququ ilə bağlı lazımı bilik almasına şərait yaradılır. MSK bu istiqamətdə xeyli iş görüb və bu proses davam etdiriləcək. MSK-da hər hansı fəaliyyəti həyata keçirən şəxsin öz vəzifə səlahəyyətlərinin əhatə dairəsini bilməsi vacibdir. Komissiya üzvlərinin hamısı bu cür kursalardan keçirilməklə, onlara müvafiq istiqamətdə tövsiyələr verilir və prosesə uyğun olaraq hazırlanan proqramlar təqdim olunur. Beləliklə də, onlar seçki qanunvericiliyinin irəli sürdüyü tələblərlə yaxından tanış olurlar.

- Natiq müəllim, hazırkı dönəmdə MSK-nın beynəlxalq qurumlarla əlaqəsi hansı səviyyədədir?

- MSK-nın beynəlxalq qurumlarla əlaqəsi həmişə yaxşı olub. Düşünürəm ki, həmin keyfiyyət ancaq yaxşı istiqamətdə dəyişəcək.

- Xüsusilə, Venesiya Komissiyası ilə əlaqələriniz nə yerdədir?

- Seçki prosesi ilə bağlı normal, təkmil, oturuşmuş münasibətlər mövcuddur. Tələblərin nəzərə alınması və beynəlxalq standartlara əməl olunması üçün bu qurumla yaxında əməkdaşlıq edirik. Proses dövrü daha yaxın olsaydı, bu cür suallara dolğun cavab vermək olardı.

- Son seçkilərdən sonra bəzi ölkələr Azərbaycanın seçki təcrübəsində yararlanacaqlarını bəyan ediblər. Bununla bağlı xarici ölkələrdən hər hansı müraciətlər varmı?

- Seçki təcrübəsinin öyrənilməsi seçki dövründə həyata keçirilir. Biz də başqa ölkələrin seçki prosesini izləyərkən, orada müşahidə etdiyimiz hallara uyğun müəyyən fikirə gəlirik. Azərbaycanda da digər ölkələrin tətbiq edəcəyi bir sıra yeniliklər oldu. Məsələn, ilk dəfə və analoqu olmayan internet vasitəsilə yayımlanan veb-kamera təcrübəsindən istifadə edildi. O cümlədən, maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində bir sıra ciddi addımlar atıldı. Komissiya üzvlərinin peşə vərdişlərinə yiyələnməsi üçün və s. görülən tədbirlər də təqdirəlayiqdir. Yəni, təcrübənin öyrənilməsi proses dövrü baş verir. Proses dövründə nəzərəçarpan və məqbul sayılan seçki detalı digər ölkələrdə də tətbiq edilə bilər. Bununla bağlı müraciətlərə ehtiyac yoxdur. Hesab edirəm ki, Azərbaycanın özünün mükəmməl seçki təcrübəsi formalaşır və bu proses ölkəmizdəki digər inkişaf istiqamətləri ilə paralel aparılacaq. Seçki prosesi Azərbaycanda bütün sahələrdə aparılan inkişafın bir hissəsini təşkil edir. Ümumi inkişaf konteksində seçki keçirən orqanlar da geriyə qalmayacaq.

Digər xəbərlər