Sonda qələbə Azərbaycanın, Gürcüstanın olacaq
- Cənab Xaindrava, hazırda Gürcüstanda siyasi proseslər necədir?
- Gürcüstan müxalifəti müəyyən problemlərlə üzləşdiyindən proseslər ləng gedir. İnanıram ki, sonda uğurlu nəticələr mütləq əldə olunacaq. Bunun üçün mübarizə metodlarımızı demokratiya çərçivəsində daha da genişləndirməli, xalq kütləsi ilə əlaqələrimizi daha da operativ şəkildə qurmalıyıq.
- Əgər istəyinizə nail olsanız, siz Gürcüstan Respublikası prezidentliyinə namizədliyinizi irəli sürəcəksinizmi ?
- Mən heç bir partiyanın üzvü deyiləm. Ümumiyyətlə, mən bu barədə fikirləşmirəm. Ona görə də, bu haqda dəqiq heç nə deyə bilmərəm. Düşünürəm ki, əvvəlcə xalqın istəyinə, tələbinə uyğun olaraq M.Saakaşvili rejiminin istefasına nail olmalıyıq və bundan sonra bu məsələlər ətrafında müzakirələr aparmaq olar. Daha konkret desək, namizədin məsələsi ikinci plandadır.
- Bir vaxtlar siz M.Saakaşvili ilə eyni cərgədə mövqe tutmusunuz, çiyin-çiyinə mübarizə aparmısınız. Bütün bunlardan peşiman deyilsinizmi?
- Mən bu fikirlə razı deyiləm. Çünki məlum "məxməri" inqlabdan sonra Saakaşvili komandasında olsam da, öz vəzifəmdə vicdanla, ləyaqətlə xalqıma xidmət etmişəm. Ona görə də peşman olmağa heç bir əsas görmürəm.
- Gürcüstanda Abxaziya, Cənubi Osetiya, Azərbaycanda isə Dağlıq Qarabağ münaqişəsi hər iki ölkə üçün böyük problemlər yaradır. Onların həlli yolunu nədə görürsünüz?
- Nə qədər ki, Rusiya bu məsələlərə mənfi yöndə müdaxilə edirsə, ölkələrin daxili işlərinə qarışırsa, problemlərin həlli məsələsi də uzanır. Rusiya bütün bu münaqişələrə öz siyasi və iqtisadi maraqlarından baxır. Necə deyərlər, Rusiyanın özünün Qafqaz siyasəti var. Nə qədər ki, Rusiya Qafqazda aqressiv, imperalist siyasət aparır, bu məsələlərin çözülməsi çətinləşir. Məsələnin hərb və yaxud sülh yolu ilə həllinə gəlincə, hərb yolunun perspektivi yoxdur. Hərdən hər hansı bir tərəf cəhd edir. Belə ki, müharibə şəraitində hərdən bir tərəf udur, digər tərəf isə məğlub olur. Və yaxud əksinə olur. Nəzərə alsaq ki, müharibələr kütləvi insan qətllərinə səbəb olur, böyük dağıntılar yaradır, iri yaşayış məntəqələri yararsız vəziyyətə düşür. Bütün bunları nəzərə alsaq, münaqişələrin hərb yolu ilə həllini məqsədəuyğun hesab etmək olmaz. Ona görə də bütün bu məsələlər danışıqlar yolu ilə, tarixi sənədlər əsasında, beynəlxalq qanunlar çərçivəsində həll olunmalıdır. Abxaziya, Cənubi Osetiya Gürcüstan dövlətinin, Dağlıq Qarabağ isə Azərbaycan Respublikasının ayrılmaz tərkib hissələridir. Bunu bütün beynəlxalq ictimaiyyət bilir. Lakin müəyyən xarici dövlətlər məsələləri beynəlxalq qanunlara uyğun olaraq həll etmək əvəzinə, bir çox arzuolunmaz problemlər yaradırlar ki, bu da yolverilməzdir. Ermənilər belə güman edirlər ki, Dağlıq Qarabağı işğal etməklə məsələni həll ediblər. Eyni zamanda, ruslar da Abxaziya və Cənubi Osetiya haqqında belə düşünürlər. Lakin dərk etmək lazımdır ki, dünya daim inkişaf edir. Artıq köhnə fikirlər, köhnə dünya heç kəsə lazım deyil, heç kimə xeyir gətirmir. Azərbaycanla Gürcüstanın haqq səsini artıq dünya eşidir, separatçı qüvvələr isə iflasa doğru irəliləyir. Buna misal olaraq Azərbaycanın Gürcüstanın da iştrak etdiyi beynəlxalq əhəmiyyətli layihələrin uğurla həyata keçirilməsini göstərmək olar. Mən əminəm ki, sonunda qələbə Azərbaycanın, Gürcüstanın olacaq. Separatçı qüvvələr isə mütləq cəzalarına çatacaqlar.