PDF Oxu

Müsahibə

  • 15

“Ermənistanda daxili siyasi sabitliyin olmaması hakimiyyət uğurunda mübarizənin elementləridir”

“Ermənistanda daxili siyasi sabitliyin olmaması hakimiyyət uğurunda mübarizənin elementləridir”

- "Avropa Erməniləri İttifaqı" ATƏT-ə müraciət edərək, Azərbaycanın dövlət büdcəsinin əsas hissəsinin hərbi sahə ilə bağlı olduğunu iddia edib, bu cür anormal müraciətə münasibətiniz maraqlı olardı.

- Bildiyimiz kimi, Azərbaycan adi silahların və silahlı qüvvələrin məhdudlaşdırılmasına dair "Cinah" sazişinə qoşulub. Həmin sazişə görə, Azərbaycan üçün, bütün silah növləri üzrə kvota ayrılıbdı. Bu kvotaya görə, Azərbaycanın nə qədər təyyarə, tank, atıcı silahlar və eləcə də, nə qədər əsgər saxlaması müəyyənləşdirilib. Azərbaycan bu kvotoya ciddi surətdə əməl edir və hətta bəzi sahələrdə heç o, kvotanı doldura bilməyib. Azərbaycan ordusunu yenidən qurur və onun təmin edilməsi üçün vəsaitlər ayrılır, amma bu vəsait beynalxalq sazişlərdə nəzərdə tutulmuş kvotanı keçmir. Ona görə də, ermənilər özlərinə baxsalar və özlərindəki qüsurları görüb dərk etsələr, daha yaxşı olar. Çünki onlar öz ərazilərində Rusiyanın iki hərbi hava bazasını, bir böyük tank diviziyasını, hava hücumundan müdafiə sistemlərini və RF-nin sərhəd qoşunlarını yerləşdiriblər və işğalçı dövlətin silahlarını hesablayanda və əlavə olaraq, Dağlıq Qarabağdakı ekspedisiya korpusunu, həm özlərinin, həm də rusların verdiyi silahları hesablayanda, məlum olur ki, onlar kvotanı çoxdan aşıblar. Yəni, işğalçı ölkə  bütün  beynəlxalq sazişləri pozur. Buna misal olaraq, demək istərdim ki, Rusiyanın Ermənistandakı hərbi hava bazalarında ən müasir tipli "Mik 31 a" və "Su 29 a" tipli qırıcı-bombardımançı təyyarələr yerləşdirilib. Ona görə də, Avropadan olan erməni lobisinin söylədikləri boş fikirlərdir və əgər Azərbaycan hər hansısa bir sazişi pozsaydı, onda beynalxalq qurumlar buna reaksiya göstərərdi.

- Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aktivliyini necə qiymətləndirirsiniz?

- Fikrimcə, RF heç bir aktivlik nümayiş etdirmir, sadəcə, gözə kül üfürür və Rusiyanın vasitəçilik səyləri, demək olar ki, heç bir nəticə vermir. Problemin həlli Rusiyanın əlindədir. Çünki Ermənistanı təcavüzə sürətləndirən də, onlara silah verən də və torpaqlarımızın işğal edilməsində iştirak edən də RF, eləcə də, onun əlaltısı olan Ermənistandır. Rusiya sözdə bizə müəyyən vədlər verir, amma əməldə bunları həyata keçirmir.

- Azərbaycanın ərazi bütövlüyü məsələsi BMT-də yenidən müzakirə olunacaq. Bu, münaqişənin həllinə nə kimi təsir göstərəcək?

- Dövlətlərin ərazi bütövlüyü və xüsusən də, münaqişəli bölgələrin ərazi bütövlüyü məsələsi, mütəmadi olaraq, BMT-nin sessiyalarında müzakirəyə çıxarılıb və artıq bir neçə dəfədir ki, Azərbaycanın ərazi bütövlüyü məsələsi gündəliyə çıxarılır və böyük səs çoxluğu ilə  qəbul edilir. Amma bəzi ölkələr - Rusiya, ABŞ, Fransa və bəzi başqa ölkələr  bu məsələlərdə ya bitərəflik  göstərir, ya da ərazi bütövlüyümüzün əleyhinə səs verirlər. Buna görə də, mən eyni mənzərənin bu dəfə də təkrarlanacağını istisna etmirəm.     

- Türkiyə-RF yaxınlığı Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir edə bilərmi?
 
- Düşünmürəm ki, bu danışıqlar münaqişənin həllinə təsir etsin. Rusiya enerji  məsələlərinə dair  bir neçə  sazişə baxlamaqla Qarabağ məsələsində güzəştə gedəcəyini düşünmək sadəlövhlük olardı. Bütün bu səylər Rusiyanın və eləcə də, Türkiyənin öz maraqlarına uyğundur.
   
- Ermənistandakı iqtisadi, siyasi gərginlik qeyd olunan münaqişənin həllinə təsir edəcəkmi?

- Ermənistanda daxili siyasi sabitliyin olmaması hakimiyyət uğurunda mübarizənin  elementləridir. Amma ölkənin ümummilli məsələlərinə gəldikdə isə, istənilən erməni və yaxudda ki, hakimiyyətin başında duran şəxs çəkici eyni nöqtəyə vurur və bu mənada da, daxili  siyasi sabitsizlikdən Ermənistanın zəifləyəcəyini və yaxudda danışıqlar stolu ətrafında daha özünü konstruktiv aparacağını  proqnozlaşdırmaq çətindir.

Digər xəbərlər