PDF Oxu

Müsahibə

  • 11

“Rusiya Ermənistanla əməkdaşlıqdan heç nə qazanmır”

“Rusiya Ermənistanla əməkdaşlıqdan heç nə qazanmır”

- Musa müəllim, Rusiyanın baş naziri Vladimir Putinin Türkiyəyə səfəri başlayıb. Keçiriləcək görüşlərdə Dağlıq Qarabağ məsələsi də əsas müzakirə mövzusu olacaq. Bu danışıqlar münaqişənin həllinə nə kimi təsir göstərəcək?

- Rusiya-Türkiyə münasibətlərinin zəngin tarixi var. O ölkələr arasında münasibətlərin təxminən beş yüz ildən çox tarixi və tarixinin böyük bir hissəsi əməkdaşlıq və mehriban qonşuluq illəridir. Soyuq Müharibə başa çatdıqdan və SSRİ dağıldıqdan sonra RF-Türkiyə münasibətləri yeni bir səviyyəyə çıxır və qarşılıqlı rəsmi dövlət səfərlər də artıb. Bu baxımdan, Rusiya tarixində müstəsna xidmətləri olan baş nazir Vladimir Putinin Türkiyəyə səfəri xususi yer tutur. Bu səfərdə rus-türk münasibətlərində bir sıra məsələlərə aydınlıq gətiriləcək və qarşılıqlı əlaqələri yeni inkişaf səviyyəsinə çıxarılacaq. Fikrimcə, baş nazirin səfərinə yalnız iqtisadi baxımdan yanaşmaq doğru olmazdı. Burada iki dövlət arasında münasibətləri, geniş spektri müzakirə ediləcək. Bizdə bəzən rus-türk münasibətlərinə çox fərqli yanaşmaq və bəzən də yanlış baxış var. Bəzən kimlərsə belə hesab edirlər ki, guya Rusiya ilə Türkiyə əzəli və əbədi düşməndirlər. Guya bir-birinə qənim kəsiliblər, əslində, belə deyil. Rusiya ilə Türkiyə bir-biri ilə xeyli dərəcədə yaxın olan ölkələrdir. Rusiya bir slavyan türk ölkəsidir və tarixən də Rusiyanın və ondan əvvəl də rus dövlətinin təməlində slavyan-türk xalqlarının birliyi olub. Bu, RF-Türkiyə münasibətlərinə təsir edən ən ciddi amillərdən biridir. Hər iki ölkə münasibətlərinin möhkəm və maddi təməlləri var, qarşılıqlı ticarət baxımından, əməkdaşlıq cəhətdən bu iki ölkə xeyli dərəcədə bir-birinə yaxındır. Mənim fikrimcə, V.Putinin Türkiyədəki keçirdiyi görüşlərdən təkcə rus-türk münasibətləri deyil, eyni zamanda, Cənubi Qafqaz məsələləri də müzakirə ediləcək. Və Rusiyanın Türkiyə ilə Cənubi Qafqaz məsələlərinə baxışı yeni bir şey deyil. Tarixən bu regionda iki böyük güc, problemlərin həllində müstəsna rol oynayıb. Onlardan biri Rusiya, digəri isə Türkiyədir.

- Rəsmi Moskva doğurdanmı Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdır?

- SSRİ-nin ən zəif nöqtəsi, milli münasibətlər idi və bu münasibətlər baxımından da zəncirdə ən zəif həlqə Cənubi Qafqazdır. Burada Ermənistanın əsassız iddaları var idi. SSRİ-ni dağıltmaq istəyən ölkələr bu faktordan istifadə etdilər. Regionun Rusiyaya çıxmasının qarşısını almaqdan ötrü belə münaqişələri tədricən dəqiqləşdirməyə başladı. Çünki Rusiyanın regiona kapitalla gəlmək imkanı zəif idi və Qərb ölkələri, bu baxımdan, Rusiyadan güclü idilər və adıçəkilən bu regionda yalnız münaqişələr vasitəsilə qala bilərdilər. Amma artıq indi 10-15 il bundan əvvəlki zaman deyil. Rusiyada bəziləri belə hesab edirlər ki, bu münaqişələr qaldıqca Cənubi Qafqaz ölkələri Rusiyaya daha çox bağlanır və buna asılılıq artacaq. Amma Azərbaycan ərazilərinin işğal edilməsinə, bir milyondan çox insanın məcburi köçkünə və qaçqına çevrilməsinə baxmayaraq, Azərbaycan tərəqqi edir və hansısa ölkədən aslı vəziyyətə düşmədi. Bu münaqişənin də qalması, artıq fikrimcə, Rusiyaya sərf etmir. Hamı bilir ki, bu münaqişəni kim törədib və hamı bilir ki, Azərbaycan əraziləri kimin köməyi ilə və kimin vasitəsilə işğal olunub və belə şəraitdə münaqişənin davam etməsi Rusiyanın strateji maraqlarına cavab vermir. RF Ermənistanla əməkdaşlıqdan, demək olar ki, heç bir şey qazanmır. Amma adıçəkilən ölkənin Cənubi Qafqazda mövqelərinin möhkəmlənməsinin yolu Azərbaycanla əməkdaşlıqdan keçir. Əgər Rusiya Azərbaycanla əməkdaşlıq edəcəksə, bu zaman Cənubi Qafqazda nüfuz qazanacaq və böyük bir dövlətə çevriləcək. Bu gün Rusiya böyük ölkədir amma böyük dövlət deyil. RF Azərbaycan münasibətlərinin yaxşılaşdırılması və adıçəkilən dövlətin starateji maraqlarına tamamilə uyğundur. Bu münasibətlər necə yaxşılaşa bilər? Ancaq Azərbaycanın haqlı, ədalətli mövqeyinin müdafiə edilməsi ilə. Hesab edirəm ki, Rusiya bu məsələdə müəyyən addımlar atmalıdır və digər tərəfdən, açıq şəkildə demək lazımdır ki, bu münaqişənin həlli məsələsində RF dövlət xadimlərinin şəxsi nüfuzu məsələsi var. Onlar sənədlərin altına imza atıblar və mütləq səy göstərməlidirlər. Bu münaqişənin indiki şəraitdə davam etməsi, Rusiyanın mövqelərinin getdigcə zəifləməsinə gətirir.

- Türkiyə həmsədr ölkə kimi, ATƏT-in Minsk Qrupuna qəbul ola bilərmi?

- Təbii ki, hər bir azərbaycanlının arzusu regionda Türkiyənin rolunun artmasıdır. Qardaş ölkənin regionda rolunun artması Azərbaycanın maraqlarına zidd deyil. Amma Türkiyənin Cənubi Qafqazda mövqelərinin möhkəmlənməsini qısqanan çoxlu ölkələr var. Hesab edirəm ki, regiondakı məsələlərin həllində Türkiyə iştirak etməlidir, Türkiyəsiz iştirak effektiv ola bilməz, amma Türkiyənin Cənubi Qafqazda, Mərkəzi Asiyada siyasətinin yeritməsində sosial, mədəni, etnik baxımından problemləri yoxdur, bu da bir sıra ölkələrdə qısqancılıq yaradır və onlar Türkiyənin rolunun zəifləməsində maraqlıdırlar. Hesab edirəm ki, Türkiyənin ATƏT-in Minsk Qrupuna həmsədr kimi üzv qəbul edilməsi arzu edilən olsa da, real deyildir.

- Regionda gedən proseslərdə daha çox RF yoxsa, Qərb maraqlıdır?

- Regionda böyük oyun gedir və bu oyunda hələ son final fiti səslənməyib. Regionda maraqlı olan bir sıra ölkələr var. Rusiya, ABŞ, Avropa Birliyi ölkələri, Türkiyə, İran və onların arasında regionda əməkdaşlıq var ancaq, İranla bağlı məsələdə bəzi istisnalar var. Eyni zamanda, hesab edirəm ki, regionda belə proseslərin davam etməsi böyük güclərin maraqlarının ifadəsidir. Çünki dünya siyasətində kiçik dövlətlər geosiyasət yaratmırlar, onlar yaranmış geosiyasi şəraitə uyğunlaşmağa çalışırlar və ya öz sözlərini və fikirlərinin söyləyirlər. Bu baxımdan da, regionda mübarizənin hələ bundan sonra da davam edəcəyini gözləmək olar. Ona görə də, fikrimcə, belə bir şəraitdə Azərbaycanın yeritdiyi xarici siyasət, dövlət və milli maraqlara tamamilə cavab verir. Azərbaycan bu geosiyasi mübarizədə meydan, qarşıdurma sahəsi deyildi və əməkdaşlıq meydanıdır. Eyni zamanda, hər kəsə məlumdur ki, ölkəmiz Cənubi Qafqazda müstəqil siyasət yürüdən yeganə dövlətdir.

- RF-nin Gürcüstana hərbi müdaxiləsindən bir il ötür. Bəzi KİV-in məlumatına görə, Rusiya adıçəkilən ölkəyə yenidən hərbi müdaxilə edəcək. Bu, nə dərəcədə doğrudur?

- RF-nin Cənubi Qafqaza baxışları aydındır. Rusiyada belə hesab edirlər ki, Cənubi Qafqaz ölkələri indi də adıçəkilən dövlətin nüfuz dairəsində olmalıdır. Adıçəkilən regiona coğrafi baxımdan xeyli uzaqda olan ölkələrin gəlib girməsi Rusiyanı qıcıqlandırır. RF-Gürcüstan münasibətlərinə biz kifayət qədər obyektiv baxmalıyıq. Hesab edirəm ki, Gürcüstan üstündə heç bir ölkə Rusiya ilə münasibətlərini pisləşdirməyəcək. Gürcüstanda hətta ruspərəst bir rejim hakimiyyət başına gəlsə belə, adıçəkilən ölkənin unitar dövlətə çevrilməsi xeyli problemli olacaq. Abaxaziya və Cənubi Osetiya ərazilərinin Gürcüstana qaytarılması bəlkə də mümkün olmayacaq.

Digər xəbərlər