PDF Oxu

Müsahibə

  • 13

Gürcüstanda birləşmiş müxalifətin kütləvi mitinqləri hələ də davam edir

Gürcüstanda birləşmiş müxalifətin kütləvi mitinqləri hələ də davam edir

Gürcüstanda birləşmiş müxalifətin ölkə prezidenti M.Saakaşvilini istefaya göndərmək tələbi ilə kütləvi mitinqləri hələ də davam edir. Əhalinin böyük əksəriyyəti hazırkı prezidentin uğursuz siyasətindən narazıdır. Müxalifət nümayəndələrinin sözlərinə görə, ölkədə insanların yaşayış səviyyəsi olduqca aşağıdır.

- Cənab Qamkrelidze, sizin mübarizənizin məqsədi nədir və nələrə nail olmaq istəyirsiniz? Gürcüstanda siyasi proseslər necə cərəyan edir, iqtidar-müxalifət münasibətləri hansı səviyyədədir?

- Hələ ki, növbədənkənar prezident və parlament seçkiləri keçirilməyib. Biz konkret olaraq, prezident M.Saakaşvili istefa verməyənə qədər siyasi mübarizəmizi müxtəlif metodlarla, demokratiyanın bizə verdiyi imkanlar çərçivəsində, mitinqlər, piketlər və s. müxtəlif formalarda davam etdirəcəyik. Düşünürəm ki, müxalifətin seçdiyi məlum taktika, yəni kütləvi mitinqlər, etiraz aksiyaları və bu kimi proseslər uğurla davam edəcəkdir. Gürcü xalqının məqsədi odur ki, onların istəklərinə cavab verən prezidenti və parlamenti seçsin. Çünki M.Saakaşvili hakimiyyətdə olduğu müddətdə xalq üçün, demək olar ki, heç nə etmədi. Əksinə, onun yürütdüyü yarıtmaz siyasət Gürcüstana bəlalar gətirdi. Təəssüf ki, o, bu siyasəti hələ də inadla davam etdirir və xalqa ziyan gətirməkdə davam edir.

- M.Saakaşvili istefa verərsə, siz Gürcüstan prezidentliyinə namizədliyinizi irəli sürəcəksinizmi ?

- Nəzərinizə çatdırım ki, Gürcüstan müxalifətinin əsas tələbi, məqsədi, M.Saakaşvilinin istefasıdır. Bundan sonra prezidentliyə namizədlik məsələsi müzakirə oluna bilər. Lakin iki partiya, yəni - "Yeni sağçılar" və "Respublika" partiyaları prezidentliyə vahid namizədini müəyyənləşdirib. Bu, Gürcüstanın aparıcı siyasi xadimlərindən, olan və vaxtilə ölkəmizin ABŞ-da fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışan İrakli Alasaniyadır. Hər iki partiya hesab edir ki, M.Saakaşvili və onun rejiminə qarşı mübarizə apara biləcək real namizəddir. Baxmayaraq ki, digər müxalifət partiyaları başqa cür fikirləşirlər. Yəqin ki, onların da öz namizədləri olacaq.

- Gürcüstanda Abxaziya və Cənubi Osetiya ətrafında cərəyan edən problemlərin, eləcə də, Azərbaycanda Dağlıq Qarabağ münaqişəsinin həlli yolları hansılardır? Bir siyasətçi kimi, sizin fikrinizi öyrənmək istərdik.

- Düşünürəm ki, bu məsələlər yalnız sülh və danışıqlar yolu ilə masa arxasında həll olunmalıdır. Hələlik, işğal olunmuş torpaqların müharibə yolu ilə azad edilməsi məqsədəuyğun deyil. Buna misal olaraq, M.Saakaşvilinin həyata keçirdiyi yanlış siyasəti nümunə göstərmək olar. Bu səhv siyasət nəticəsində qısamüddətli olsa da, ölkədə müharibə vəziyyəti yarandı. İnsanlar həlak oldu, bir çox strateji əhəmiyyətli dövlət obyektləri dağıdıldı, ümumiyyətlə, Gürcüstan böyük maddi və mənəvi ziyana məruz qaldı. Bunun da ən çox ağırlığı xalqın çiyinlərinə düşdü. Heç bir müsbət nəticə də əldə olunmadı. Bir siyasətçi kimi, mən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi dəsti-xəttini izləyir və bəyənirəm. Çünki O, məsələlərə çox incəliklə, düşünülmüş şəkildə yanaşır, vaxtında ağıllı və düzgün qərar verməyi bacarır. Onun apardığı balanslı siyasətin nəticəsidir ki, Azərbaycanın hərbi, iqtisadi qüdrəti günü-güdən artır. Mən düşünürəm ki, yaxın gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində də Azərbaycanın xeyrinə ciddi, müsbət nəticələr əldə olunacaq.

Digər xəbərlər