PDF Oxu

Müsahibə

  • 12

Novruz Məmmədov: “Ermənistan rəhbərləri tez-tez mövqelərini dəyişirlər”

Novruz Məmmədov: “Ermənistan rəhbərləri tez-tez mövqelərini dəyişirlər”

Azərbaycan Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Madrid prinsipləri"nin yenilənmiş varianatı, Prezidentlərin oktyabrda keçirilməsi gözlənilən Kişinyov görüşü, "Qəbələ" RLS-nin gələcək perspektivi, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan tərəfinin mövqeyi ilə bağlı "Səs " İnformasiya Agentliyinə müsahibə verib.

- "Madrid prinsipləri"nin yenilənmiş variantı tərəflərə payızda təqdim ediləcək. Necə düşünürsünüz, bu sənəddə Azərbaycanın maraqları qorunacaqmı?

- Bilirsiniz, Azərbaycan Respublikası prezidenti ölkənin milli maraqlarının qorunmasını təmin edir və onun rəhbərliyi və göstərişi ilə bu danışıqlar prosesində iştirak edən tərəflərdən biri də Xarici İşlər Nazirliyidir. Ona görə də həmsədrlərin vasitəçi olduğunu nəzərə alsaq, onlar müəyyən təkliflər verə bilərlər, həmin təkliflər bizi təmin edə də bilər, etməyə də bilər. Ona görə Azərbaycan tərəfi yeni məqamlarla bağlı öz mövqeyini bildirəcək. Azərbaycan prezidenti bütün çıxışlarında, o cümlədən əvvəlki bəyanatlarında da birmənalı olaraq qeyd edir ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Lakin, Azərbaycan tərəfi çalışır ki, münaqişə sülh və danışıqlar yolu ilə həll olunsun.
Həmsədrlər sentyabr ayında təqdim edəcəyi qərardan sonra biz onunla tanış olaraq öz mövqeyimizi açıq şəkildə bəyan edəcəyik.

- Prezidentlərin oktyabrda keçirilməsi gözlənilən Kişinyov görüşünün nəticələrindən münaqişənin həlli üçün hər hansı müsbət addımlar atılmasını gözləmək olarmı?

- Oktyabrda Kişinyovda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlət başçılarının toplantısı olacaq. Yəni, hər il bir dəfə olaraq MDB dövlət rəhbərlərinin görüşü olur. Ona görə də gərək həmin görüş baş tutsun ki, ondan sonra nəsə demək mümkün olsun. Bundan əvvəl isə ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri olacaq, onlar həm Azərbaycan tərəfi, həm də Ermənistan tərəfinin mövqelərini öyrənəcəklər. Ermənistan tərəfinin mövqeyini öyrənəndən sonra görüşün olması ilə bağlı bir qərara gəlsinlər, yəni prezidentlər arasında görüşün keçirilməsini təşkil etsinlər. Hazırda bu olacaq, olmayacaq, dəqiq bir söz deyə bilmirəm, amma əlbəttə ki, münaqişənin həllinin Ermənistan üçün, region üçün böyük əhəmiyyəti vardır. Gərək münaqişə həll olsun ki, sabit inkişaf təmin olunsun. Əsas budur, bunun üçün də Ermənistan tərəfinin konkret konusturuktiv mövqeyinin ortaya qoyulması lazımdır.  Ermənistan çox çətin vəziyyətdədir, proseslər onu sıxışdırır, inkişaf yoxdur. Amma, bununla belə ermənilər öz iddialarını davam etdirirlər. Bizim gözlədiyimiz bundan ibarətdir ki, Ermənistan tərəfi konusturiktiv mövqe tutaraq öz qərarları ilə sabitliyi və təhlükəsizliyi təmin etsin.

- Ötən həftə Rusiyanın müdafiə naziri "Qəbələ" RLS-lə tanış olub. Bu görüşün əhəmiyyəti ilə bağlı nə deyə bilərsiniz?

- Bilirsiniz ki, 2012-ci ilə qədər Azərbaycan ilə Rusiya arasında "Qəbələ" RLS istifadə edilməsi məsələsi ilə bağlı razılıq mövcuddur. Yəni, Qəbələ Analtik Mərkəzdən onlar istifadə edirlər. Amma, sonrakı dövrdə əməkdaşlıqla bağlı hələ bizə konkret bir təklif yoxdur.
Belə təklif Rusiya tərəfindən olarsa, onun ümumi qayda ilə sonuncu ildə - 2012-ci ildə ola bilər, 2011-ci ildə də ola bilər. Ona görə də bununla bağlı bir söz demək hələ düzgün deyil. Ümumiyyətlə, "Qəbələ" RLS ilə bağlı Azərbaycanın mövqeyi hələlik "Qəbələ" RLS Rusiya tərəfindən istifadə olunduğu üçün, onun gələcəyi ilə bağlı indidən söz demək düzgün deyil. Ondan sonra müəyyən beynəlxalq əməkdaşlıq mümkün olarsa, yəni Rusiya Federasiyası və ABŞ-ın birgə əməkdaşlığı mümkün olsa, bununla bağlı da ötən il və ondan əvvəlki illər Azərbaycan tərəfi münasibət bildirib. Bununla bağlı Azərbaycan prezidenti də mövqe məlumdur. Lakin, hələlik bununla bağlı bizə konkret olaraq rəsmi müraciət olmadığı üçün, heç bir söz demək düzgün olmazdı.
 
- Novruz müəllim, Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan "Madrid prinsipləri"nin indiyədək danışıqlar prosesində Ermənistanın maraqlarını ən çox təmin edən təkliflərdən ibarət olduğunu deyib. Bu məsələyə necə şərh verərdiniz?

- Əvvəla, "Madrid prinsipləri" görünüdüyü kimi heç kim üçün prinsip deyil. Buna mən şərh vermək istəmirəm, çünki Vardan Oskanyan xarici işlər naziri postunu tərk edib deyə hər gün bir mövqe bildirir, bir gün bir cür deyir, bir gün başqa cür deyir. Bunların hamısı erməni fitnələrindən başqa bir şey deyil, eyni zamanda Ermənistan rəhbərlərinin özü də tez-tez mövqelərini dəyişirlər. Gah deyirlər "Madrid prinsipləri" yaxşıdır, gah deyirlər pisdir, bu onların öz işidir. Bizim üçün lazım olan odur ki, Azərbaycan tərəfinə nə təklif olunur olsun, Azərbaycanın maraqlarını təmin etmək üçün bütün lazım olan addımları atılacaq. Azərbaycan prezidentinin mövqeyi tamamilə düzdür, müdrükdür və bu istiqamətdə əlindən gələn hər şeyi edəcəkdir.
 
- Bu qədər aparılan danışıqlardan sonra, Ermənistan tərəfi Azərbaycanın təklif etdiyi yüksək muxtariyyət statusu ilə razıdırmı?
 
- Bilirsiniz, Ermənistanın razı olub-olmaması sualı ilə bağlı deyim ki, münaqişə tezliklə həll olunmuş olsaydı, bu Ermənistan üçün də çox yaxşı olardı. Əslində bu ermənilər üçün daha sərfəlidir, çünki Ermənistan Dağlıq Qarabağı işğal etməklə və neçə müddətdir işğal altında saxlamaqla çox şeylər itiriblər. Onlar bütün sahələrdə itiriblər, amma hələlik bizim istədiyimiz budur ki, Ermənistan Dağlıq Qarabağa verilən ən yüksək muxatariyyətə razı olsunlar. Proseslər də bu istiqamətdə gedir və bizdə buna nail olacağıq.

- Novruz müəllim, münaqişənin həlli daha çox ABŞ, yoxsa Rusiyadan asılıdır?

- Ümumiyyətlə danışıqlar həmsədr dövlətlərin mövqeyindən də asılıdır, amma eyni zamanda Rusiya Federasiyası, ABŞ və Avropanın aparıcı dövlətləri münaqişənin həll olunmasına təsir edir. Onların hər birinin güclü və qətiyyətli mövqeyi olarsa, bu zaman hesab etmək lazımdır ki, bu dünya birliyinin mövqeyidir. O zaman bu mövqeyin münaqişənin həllinə çox böyük təsiri olar və Ermənistan bu təzyiqin qarşısında tab gətirə bilməz. Çünki, Azərbaycanın mövqeyi haqlı və ədalətlidir, Ermənistan təcavüzkar və işğalçı dövlətdir. Məhz belə mövqe nümayiş etdirilməsi lazımdır.

- Avropa Birliyi Ermənistanla sərhədlərin açılmasına görə Türkiyəyə təzyiqlər edir. Azərbaycan dövlətinin bu cür addımlara münasibəti necədir?
 
- Mənə elə gəlir ki, bu günləri bu sərhədlərin açılması prosesində biz əsas məqamları keçmişik. Avropa İttifaqının öz mövqeyi var, tutaq ki, ABŞ-ın öz mövqeyi var, Ermənistanın öz mövqeyi var, Türkiyənin öz mövqeyi var və bizim də öz mövqeyimiz qətiyyətlidir. Biz bu regionda adi dövlət deyil, böyük dövlətik. Azərbaycanın ixtiyarı, istəyi, arzusu və iradəsi olmadan regionda heç bir addım atıla bilməz.  Mən düşünürəm ki, həm Avropada, həm Amerikada, həm Ermənistanın özündə hansı mövqe nümayiş etdirilsə də, Azərbaycan ilə Türkiyə arasında dostluq-qardaşlıq münasibətləri hər zaman davam edəcək, tərəfdaşlıq münasibətlərinə heç bir xələl gətirməyəcək, Türkiyə rəhbərləri verdiyi sözə əməl edəcəklər, biz isə dostluq. Qardaşlıq, strateji tərəfdaşlıq münasibətlərimizi beləcə qoruyub saxlayacağıq.

Digər xəbərlər