“Radikal müxalif partiyalar “DUİ” ilə əməkdaşlıqdan imtina edirlər”
- Əhməd bəy, "DUİ" bələdiyyə seçkilərində necə və hansı formada iştirak etməyi planlaşdırır?
- Bələdiyyə seçkilərində vahid platforma ilə iştirak etmək niyyətindəyik. Bu istiqamətdə "DUİ"-nin seçki qərərgahını yaratmışıq. Ancaq bir sıra problemlər də var.
- "DUİ"-nin "Azadlıq" bloku, Müsavat, ADP və digər partiyalarla bələdiyyə seçkilərində iştirak etməsi nə dərəcədə mümkündür?
- Seçki ilə bağlı bütün blok, partiyalarla əməkdaşlıq etməyə hazırıq.
- Nikbin fikirlərinizdən fərqli olaraq, yuxarıda qeyd olunan blok və partiyalar "DUİ" ilə seçkilərdə iştirak etməyə ehtiyat edirlər. Bunun səbəbini nə ilə izah etmək olar?
- Onların özü bilər. Əgər səbəbini açıqlasalar, biz də münasibət bildirərdik ki, nəyə görə "DUİ" ilə iştirak etməyə çəkinirlər. Çünki onlar xarici təşkilatlara nökərçilik etdikləri üçün maliyyə yardımı alır. Bizimlə bir yerdə olsalar, həmin yardımları ala bilməyəcəklər. Və yaxud alacaqlarsa, onların bu əməllərinin mətbuata çıxacağından çəkinərək, bizdən kənarda fəaliyyət göstərmələrini daha üstün tuturlar.
- Sizdən çəkinəcəkləri yalnız xaricdən alacaqları qrantların sizlərin biləcəyi ilə bağlıdır?
- Bizim fəaliyyətimizdə onları qane edəcək başqa heç bir şey görmürəm. Bu gün Azərbaycanda hamıya bəllidir ki, milli maraqdan ardıcıl çıxış edən yeganə mərkəz "DUİ"-dir. Qalan mərkəzlər bu və ya digər şəkildə ya asılı vəziyyətdədir, ya da qonşu dövlətlərin xəfiyyə orqanlarına işləməklə məşğul olur, ya da ki, beynəlxalq güclərin nəzarətindədir.
- Fuad Mustafayevin, Arif Hacıyevin, Əvəz Temirxanın iddalarına görə, məhz sizin məsuliyyətsiz mətbuata verdiyiniz açıqlamalar onların "DUİ" ilə əməkdaşlıqdan çəkindirir...
- Açığı onların nəyi məsuliyyətsiz, nəyi məsuliyyətli saydıqlarını dəqiqləşdirə bilmirəm. Artıq iki ilə yaxın müddətdir ki, milli maraqlara uyğun şəkildə bu və ya digər addımların birgə atılmasını həmişə tövsiyə edirik. Onlar həmişə bir bəhanə ilə aradan çıxırlar. Hansısa bir addım atdıqda, onu gözdən salmağa çalışırlar. Azacıq ağlı olan istənilən şəxs bunu duyur, görür, dərk edir. Onların mənim açıqlamalarımdan sonra bu fəaliyyətdən kənar qalmaqları absurddur. Adın çəkdiyiniz şəxslərlə müəyyən zaman kəsiyində bir yerdə olmuşuq. Onlar bilir ki, mən daim haqq mövqeyindən çıxış etmişəm. Onlardan fərqli olaraq, heç vaxt yalan danışmamışam, satılmamışam.
- Bir qədər əvvəl Sərdar Cəlaloğlu haqqında müəyyən ittihamlarla çıxış edən Əhməd Oruc bu gün Müsavatı və onun rəhbərliyini milli maraqlara zidd fəaliyyətdə olduqlarını günahlandırır. Yəqin ki, bununla bağlı müəyyən əsaslı faktlarınız mövcuddur?
- Sərdarla bağlı deyəndə yadınızdadırsa, partiyalar arasında forum keçirmək ideyası var idi. Bu ideya ilə bağlı "DUİ" çıxış etmişdir. Buna S.Cəlaloğlu kəskin münasibət bildirdi. Biz Sərdar bəyə pozuculuq fəaliyyətini dayandır mesajını verdik. O da bu mesajı qəbul etdi. Biz Dağlıq Qarabağla bağlı hansısa addımların atılmasını təklif edirik, bunlar isə Qərb səfirliklərinin sifarişi ilə təkliflərimizi gözdən salmaqla məşğuldurlar. Onlar bu cür asılı vəziyyətdə ayrı-ayrı səfirliklərin hesabına yaşamağı özlərinin həyat tərzinə çeviriblər. Onunla da dolanıb, yaşayırlar.
- Düşünürsünüz ki, İsa Qəmbərov, Əli Kərimov və digərləri maşınları, ofisləri və s. xarici qüvvələrin vəsaiti hesabına alıblar?
- Müsavatın 1994-cü ildə Bişkek protokolu əleyhinə Bakıda aksiyalara qatılmadığı bir faktdır. İndi milli müxalifət ideyasını ortaya atıblar. Müxalifət partiyalarının birgə addım atmaq təklifini verdik. Buna qarşı çıxış edirlər ki, biz olmasaq, heç kim heç nə edə bilməz.
- İ.Qəmbərovun iddiasına görə, Müsavatın iştirak etmədiyi, qatılmadığı hər hansı bir qurumun perspektivi ola bilməz. Bu, şübhə doğura bilər. Onun fikirləri əsaslıdırmı?
- Təklif edirəm ki, uyğun bildikləri ideyalara qatılsınlar və hansısa perspektivi əldə etsinlər. Hansısa bir məsələdə milli marağı və ya müxalif düşərgəni qabağa aparsınlar. Yoxsa yalan bəyanatlarla iş keçmir. Nəyə qatılıb, nə ediblərsə, bunu sübut etsinlər.
- A.Hacıyev də belə bir fikir səsləndirib ki, onun-bunun əlaltısı rolunda çıxış edən Əhməd Orucun fikirlərinə münasibət bildirmək bir o qədər təəccüb doğurmur...
- Bu cür ifadə işlətməklə təhqir etmək istəyi yaranırsa, deməli, bu insan etik çərçivələr baxımından problemlidir. Arif bəy, hətta digər bəylər də bilir ki, hansı audotoriyada olmuşamsa, iki nəfər ideya veribsə, onun biri mən olmuşam. Məndən ağıllı ideya verən insan varsa, onun rəhbərliyi altında işləməyə hazıram. Məni kimsə əlaltı edə biləcəksə, gərək həmin şəxs məndən ən azı intellektual, əxlaqi-mənəvi dəyərlər baxımından yüksəkdə dursun. Mən beləsinin yardımçısı olmağa hazıram.
- Əhməd bəy, 2003-cü ilə qədər "Demkonqres"də, digər qurumlarda İ.Qəmbərovun rəhbərliyi altında fəaliyyətdə olubsunuz. Amma bu gün başqa mövqedəsiniz...
- Onlar özləri də bilir ki, mən heç kimin nominal rəhbərliyini qəbul etməmişəm. Mən ağıllı, məntiqli rəhbərliyin altında fəaliyyət göstərərəm. 2003-cü ildə seçkilərdən sonra İ.Qəmbərovun bir müddət ortada olmaması məsələsində fikirlərimiz haçalandı. Onun verdiyi sözlərlə fəaliyyəti uyğun gəlmədi. Mən nə İsa bəyin, nə də Əbülfəz Elçibəyin yanında olmuşam. Mən milli-demokratik prinsiplərin yanında olmuşam. Onların yanında olan bəzi partiyalar ya səfirlərin ağzına baxır, ya da Avropada Liberal İttifaqının üzvüdür və onların mövqeyi ilə hesablaşmaq zorundadır.