PDF Oxu

Müsahibə

  • 16

Naxçıvan MR-in Konstitusiyasında islahatlar aparılır

Naxçıvan MR-in Konstitusiyasında islahatlar aparılır
Bir neçə gün bundan öncə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında muxtar respublikanın Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi ilə bağlı məsələ müzakirəyə çıxarıldı.  Belə ki, müzakirədə iştirak edən millət vəkilləri Konstitusiyanın 10 maddəsinə 20 əlavə və dəyişikliyin edilməsini nəzərdə tutdu. Birinci qrup dəyişikliklər Naxçıvan MR-in ali vəzifəli şəxsi ilə bağlıdır.
Bununla bağlı Naxçıvan MR Konstitusiyasının 5-ci maddəsinin 11, 12 və 21-ci bəndlərinə əlavə və dəyişikliklər edilməsi nəzərdə tutulur. Məsələyə münasibət bildirən millət vəkili Rafael Cəbrayılov burada əsas məqsədin məhz Konstitusiyanın mətnini daha da təkmilləşdirməkdən ibarət olduğunu qeyd etdi. Ölkə Konstitusiyası ilə paralel olaraq Naxçıvan MR Konstitusiyasına edilən islahatları dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi istiqamətində atılan mühüm addımlardan biri kimi qiymətləndirdi.
Onun sözlərinə görə, Konstitusiya hər bir dövlətin əsas ali qanunu olduğuna görə, dövlətin bütün qanunları və bütün normativ hüquqi aktları da həmin Konstitusiyaya uyğunlaşdırılmalıdır. Cari ilin mart ayının 18-də keçirilən referendumu xatırlayan millət vəkili, ümumxalq səsverməsi yolu ilə Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərin olunduğunu yada saldı. Bundan sonra ölkədəki bütün qanunlar və normativ hüquqi aktların həmin Konstitusiyaya uyğunlaşdırılmalı olduğunu diqqətə çatdırdı: "Milli Məclisin yaz sessiyasının sonuncu iclasında və əlavə sessiyasında həmin əlavə və dəyişikliklərə uyğun olaraq Azərbaycanın qanunlarının və digər hüquqi normativ aktların Konstitusiyaya uyğunlaşdırılması ilə bağlı dəyişiklik etdik. Bu baxımdan, Naxçıvan MR-in də Azərbaycan Respublikasının tərkibində muxtar qurum olması etibarilə özünün Konstitusiyası var. Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçirilən referendumda Naxçıvan əhalisi də çox yaxından iştirak etdi və bu dəyişikliklərə səs verdi. Bundan sonra, Naxçıvan MR-in Konstitusiyasının ölkə Konstitusiyasının yeni mətninə uyğunlaşdırılması prosesi başlandı". Bu prosesin təbii hüquqi zərurətdən irəli gəldiyini deyən. R.Cəbrayılov, bu baxımdan da, muxtar respublikanın Konsitusiyasına əlavə və dəyişikliklərin edilməsi məsələsinin Ali Məclisdə müzakirəyə çıxarıldığını vurğuladı. Yəni, Naxçıvan Konstitusiyası Azərbaycan Konstitusiyasına uyğunlaşdırıldı. Bununla yanaşı, muxtar respublika Konstitusiyasına bir sıra yeni məsələlər də əlavə olundu.
Əlavə və dəyişikliklərə ayrı-ayrılıqda toxunan millət vəkilinin bildirdiyinə əsasən, konstitusiyaya Naxçıvanın ali vəzifəli şəxsinə xüsusi rütbələri və dövlət təltiflərini vermək hüquqi ilə bağlı əlavə olundu. Bundan başqa, 5-ci maddəyə edilən digər dəyişiklik ilə Naxçıvanın ali vəzifəli şəxsi rayon icra hakimiyyəti başçılarının təyin olunması ilə əlaqədar dövlət başçısına təqdimat verir. Bu əlavə də ali vəzifəli şəxsin səlahiyyətlərinin artırılmasına daxildir.
R.Cəbrayılov ikinci qrup dəyişikliklərə Naxçıvan MR Ali Məclisinin fəaliyyəti, iş qaydaları, qanunvericilik təşəbbüsü hüququ ilə bağlı dəyişikliklərin daxil edildiyini söylədi. Burada Konstitusiyanın 18, 19, 22, 25 və 26-cı maddələrinə yeni əlavə və dəyişikliklər edilməsi nəzərdə tutulur. Əlavə və dəyişikliklər içərisində Naxçıvan MR-in Prokurorluğuna qanunvericilik təşəbbüsü hüququnun verilməsi xüsusi qeyd olunmalıdır: "Çünki Naxçıvan ərazisində icra olunacaq qanunların qəbul edilməsində və yeni qanun layihələrinin təklif olunmasında prokurorluğun qanunvericilik təşəbbüsü hüququna malik olması çox zəruri bir haldır. Bu hal Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapıb. Deməli, həmin müddəaya əsasən, respublikanın Baş Prokurorluğu ölkə parlamentində qanunvericilik təşəbbüsü hüququna malikdir. Bununla paralel olaraq, bu hüquq Naxçıvan MR-in Prokurorluğuna da verildi".
Millət vəkili digər dəyişikliklə hakimiyyətlərin bölgüsü prinsipinin əhəmiyyətinin nəzərə alındığını bildirdi. Onun daha da təkmilləşdirilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikasının Konstitusiya normasına daxil olunduğunu söylədi: "Bu o deməkdir ki, Naxçıvan Ali Məclisinin üzvləri yaradıcılıq və elmi fəaliyyət istisna olmaqla, hakimiyyətin digər qollarında və ya haqqı ödənilən digər vəzifələrdə çalışarlarsa, onda deputat mandatından məhrum ola bilərlər".
O, əlavə və dəyişikliklər yolu ilə Naxçıvanda məhkəmə hakimiyyəti fəaliyyətinin təkmilləşdirildiyini də söylədi. Bildirdi ki, bununla bağlı Konstitusiyanın 44 və 46-cı maddələrinə əlavə və dəyişikliklər edilməsi nəzərdə tutulur. Daha sonra texniki xarakterli dəyişikliklərə aydınlıq gətirən R.Cəbrayılov, vurğuladı ki, onlar başlıca diqqətlərini Konstitusiyada işlənən müddəaların, ayrı-ayrı ifadələrin dəqiqləşdirilməsinə yönəldib. Burada Konstitusiyanın giriş hissəsinə, 1-ci və 43-cü maddələrinə edilən əlavə və dəyişikliklər yer alıb. Məsələn, martın 18-də keçirilən referendum zamanı Azərbaycan Milli Bankının adının dəyişdirilərək Mərkəzi Bank adlandırılmasından sonra bankın Naxçıvanda olan filialının adı da təbii olaraq dəyişdirilməli idi. "Az öncə qeyd etdiyim kimi, ölkə Konstitusiyasına edilən əlavə və dəyişiklik muxtar respublikanın Konstitusiyasında da öz əksini tapmalı idi. Burada prinsipial heç bir dəyişiklikdən söhbət gedə bilməz. Çünki hər hansı bir dəyişiklik Azərbaycan Konstitusiyasının verdiyi hədlər çərçivəsində həyata keçirilə bilər" deyə millət vəkili R.Cəbrayılov fikrini tamamladı.

Digər xəbərlər