PDF Oxu

Müsahibə

  • 11

Amal Gənclər Assosiasiyasının ətrafında vətənpərvər gəncləri toplayır

Amal Gənclər Assosiasiyasının ətrafında vətənpərvər gəncləri toplayır
- Məmməd müəllim, Amal Gənclər Assosiasiyasının yaradılmasının məqsədi, məramı nədir ?
- Amal Gənclər Assosiasiyasının yaranmasında məqsəd Gürcüstanda yaşayan azərbaycanlı gənclərin ölkə cəmiyyətinə, ictimaiyyətinə inteqrasiyasına dəstək olmaqdır. Bu sahədə Gürcüstanda yaşayan azərbaycanlıların ətrafında toplaşdığı bir sıra təşkilatlar da öz fəaliyyətlərini davam etdirir. Buna misal olaraq, Gürcüstan Azərbaycanlıları Konqresi, Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin işini göstərmək olar. Görülən məqsədyönlü işlərə biz də, gənclər olaraq, öz töhfəmizi vermək istədik. Hazırda təşkilatın 4 nəfər təsisçisi var. Hamımız bu işlərlə ciddi məşğuluq. Gələcəkdə planlarımız təşkilatın bütün Borçalı bölgəsində nümayəndəliklərini yaratmaq, bölgələrdə olan azərbaycanlı gəncləri ətrafımıza toplamaqdır. Bizim amalımız Gürcüstanda yaşayan azərbaycanlıların xoşbəxt gələcəyinə xidmət etməkdir. Hazırda təşkilatın nəzdində gürcü dili və kompyuter kursları fəaliyyət göstərir. Gələcəkdə bu layihəni daha da genişləndirmək, inkişaf etdirmək fikrindəyik. Eyni zamanda, kəndlərdə idmanın inkişafı məqsədilə bir sıra tədbirlər planı hazırlayıb, həyata keçirməyi düşünürük. Bütün bunlar üçün də bizi qarşıda çox ciddi sınaqlar və işlər gözləyir. Çalışacağıq ki, bu işlərin öhdəsindən layiqincə gələk, imtahanlardan uğurla çıxaq.
- Amal Gənclər Assosiasiyasının digər təsisçiləri haqqında məlumat verərdiniz?
- Təsisçilər, mən də daxil olmaqla, İsrail Məhərrəmov, Rəşad Musayev, Xəyal Ocaqverdiyevdir. Bundan başqa, bizim assosiasiyanın ətrafına müxtəlif peşə sahibləri toplaşıb. Onlar arasında tarixçilər, hüquqşünaslar, filoloqlar, həkimlər var. Təsisçilərimizdən biri olan İsrail Məhərrəmovdur və o, hazırda Heydər Əliyev adına Marneuli Dövlət Universitetində təhsilini davam etdirir.
- Yeni fəaliyyətə başlamış Amal Gənclər Assosiasiyası Gürcüstan qanunvericiliyinə uyğun olaraq rəsmi dövlət qurumlarında qeydiyyatdan keçibmi ?
- Bəli, biz ölkə qanunvericiliyinə uyğun olaraq lazımi dövlət qurumlarından qeydiyyatdan keçmişik.
- Məmməd müəllim, bildiyimiz kimi Borçalı azərbaycanlıların tarixən məskunlaşdığı bölgədir. Bu ərazilərdə keçmişimizi, tariximizi özündə yaşadan kifayət qədər tarixi abidələrimiz var. Lakin baxımsızlıq, laqeydlik ucbatından bu abidələrin bəziləri yararsız hala düşüb, bəziləri isə məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb. Bu tarixi abidələrin qorunması, gələcək nəsillərə çatdırılması istiqamətində görülən işlərdə Amal Gənclər Assosiasiyasının rolu nədən ibarətdir ?
- Açıq etiraf edək ki, bu istiqamətdə bizim elə də görə biləcək hər hansı önləyici tədbirlər həyata keçirəcək maddi gücümüz, imkanımız yoxdur. Çünki hər hansı bir tarixi abidənin yenidən bərpa olunması və yaxud onun qorunması işini bilavasitə aidiyyatı dövlət qurumları həyata keçirir. Biz yalnız bu bölgələrdə yaşayan soydaşlarımızı, əsasən, gəncləri maarifləndirmək işi ilə məşğul oluruq. Onlara izah edirik ki, bu tarixi abidələr bizim keçmişimiz, gələcəyə pasportumuzdur. Onları bərpa etmək imkanımız olmasa da, heç olmasa, qorumağı bacarmalıyıq. Bunun üçün hər kəs əlindən gələni əsirgəməməlidir.
- Burada yaşayan azərbaycanlıların təhsillə bağlı hansı problemləri var ?
- Gürcüstanda yaşayan azərbaycanlıların təhsillə bağlı bir çox problemləri var. Bu da, əsasən, onların gürcü dilini bilməməsindən irəli gəlir. Gürcü dilini bilməyən azərbaycanlı uşaqlar orta təhsilini başa vurduqdan sonra əksəriyyəti təhsilini davam etdirmək üçün Azərbaycana üz tutur. Sonradan isə, onlar Azərbaycanda özlərinə iş tapır, karyera qurur və bundan sonra Gürcüstana qayıtmırlar. Bütün bu hallar da Gürcüstanda yaşayan azərbaycanlıların, xüsusən də, gənclərin sayının azalmasına gətirib çıxarır. Əgər biz tutduğumuz yolda səylərimizi səfərbər etsək, düşünürəm ki, Gürcüstanda fəaliyyət göstərən ali təhsil müəssisələrində azərbaycanlı gənclərin sayı daha da artar. Bu da savadlı, müasir dünyagörüşlü gənclərin, kadrların çoxalmasına gətirib çıxarar.
- Gürcüstanın bir çox bölgələrində, eləcə də, Tbilisi şəhərində azərbaycanlıların müxtəlif təşkilatları var. Siz onlarla əməkdaşlıq edirsinizmi ?
- Bizihər bir təşkilatla əməkdaşlıq etməyə hazırıq və bu istiqamətdə ilk addımlarımızı atırıq.
- Azərbaycan dövlətinini dəstəyini hiss edirsinizmi ?
- Heydər Əliyav Fondu, həmin fondun sədri, millət vəkili Mehriban xanım Əliyeva tərəfindən Gürcüstanda bir çox uğurlu layihələr həyata keçirilib və bu tədbirlər hazırda da davam etdirilir. Fondun dəstəyi ilə azərbaycanlıların yaşadığı bölgələrdə yeni yollar salınıb, bir sıra köhnə magistral yollar əsaslı təmir edilib, təhsil ocaqları tikilib, məscid bərpa olunub, idman kompleksinin inşaası davam edir və s. Biz ümid edirik ki, Heydər Əliyev Fondu öz köməkliyini, maddi və mənəvi dəstəyini bizlərdən əsirgəməyəcək. Bundan əlavə, onu da qeyd etmək istəyirəm ki, Azərbaycanın bir çox qurum və təşkilatlatı, xüsusən də, Azərbaycan Diaspora Komitəsi tərəfindən gənclərə dəstək məqsədilə bir çox işlər görülüb.
- Azərbaycanın xalq şairi Məmməd Arazın vətənlə bağlı misralarını xatırlatmaq yerinə düşər." Vətən mənə oğul desə, nə dərdim, mamır olub qayasında bitərdim". Gürcüstanda yaşayan azərbaycanlı gənclər arasında vətənpərvərlik, azərbaycançılıq necə təbliğ olunur ?
- Biz Gürcüstanda yaşasaq da, Azərbaycanı da özümüzə vətən sayırıq. Hər bir azərbaycanlı öz vətəninə, el-obasına bağlı olmalı və onu sevməlidir. Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı vətəni üçün əlindən gəldiyi qədər bir iş görməlidir.
Son olaraq "Səs" qəzeti vasitəsilə bütün Gürcüstan azərbaycanlılarına müraciət edərək, demək istəyirəm ki, gürcü dilini öyrənsinlər, ali təhsil alsınlar, cəmiyyətin aparıcı, fəal üzvlərinə çevrilsinlər. "Səs" qəzetinin rəhbərliyinə, kollektivinə, mütəmadi olaraq, Gürcüstanda yaşayan azərbaycanlıların fəaliyyətini işıqlandırdığı üçün öz minnətdarlığımızı bildiririk. Sizlərə işlərinizdə yeni-yeni uğurlar arzulayırıq.

Digər xəbərlər