- Məmməd müəllim, Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasında iqtisadiyyatımızın uğurla inkişaf etməsi bir daha vurğulandı. Ümumiyyətlə, mütəxəssis olaraq iqtisadiyyatımızın inkişafına zəmin yaradan islahatlar barədə nə deyə bilərsiniz?
- Bildiyiniz kimi Azərbaycan Respublikası Prezidintinin Sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclası Avratlantik məkanına inteqrasiya kursunu uğurla davam etdirən, transmilli enerji və kommunikasiya layihələrinin aparıcı qüvvəsinə çevrilən, demokratikləşmə yolunda atdığı ardıcıl addımlarla Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan respublikamızın bütün sahələrdə dinamik inkişaf etdiyini bir daha təsdiqləmişdir. Zəruri tədbirlərin həyata keçirilməsi nəticəsində ölkənin iqtisadiyyatında dinamik iqtisadi artım tempi qorunub saxlanılmışdır. Şəhərlə regionların inkişafındakı fərqi mümkün qədər azaltmaq, qeyri- neft sektoruna o, cümlədən sənaye və kənd təsərrüfatının inkişafına dəstək vermək 2009-cu ilin birinci yarısında da ölkə Prezidentinin sosial-iqtisadi siyasətinin başlıca istiqamətlərində biri olmuşdur.
2008-ci ilin ikinci yarısından dünyada maliyyə böhranı davam edir və onun ciddi təsirləri var. Bu böhran nəticəsində dünyanın bir çox dövlətlərində geriləmələr baş verir. Beynəlxalq Valyuta Fondunun rəyinə görə 2009-cu ildə dünya üzrə iqtisadi artım tempinin 1,4 faiz aşağı düşəcəyi, bu göstəricinin bəzi ölkələrdə daha çox olacağı gözlənilir.
Azərbaycanda isə altı ayın yekunlarına görə ümumi daxili məhsulun artımı 3,6 faiz təşkil edir. Bu çox təqdirəlayiq haldır. Ölkəmizdə inflyasiya 3,1 faiz, əhalinin pul gəlirləri 19 faiz təşkil edir. Yarım il ərzində 35 min yeni iş yeri açılıb. Kənd təsərrüfatına subsidiyalar verilir. Xüsusi sahibkarlığın inkişafı ilə bağlı ölkədə böyük tədbirlər görülür. Bu günə qədər Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 45 milyon manatdan artıq vəsait verilib və bu proses davam edir. Bu il fondun büdcəsində 130 milyon manat vəsait nəzərdə tutulub. Ölkə Prezidenti xüsusi olaraq qeyd edib ki, bu vəsaitlərin sahibkarlara verilməsi təmin olunsun. Bu da imkan verir ki, göstərilən vəsaiti sahibkarlar iqtisadiyyatın inkişafına yönəltsinlər.
Digər tərəfdən bu il 33 milyon manat aqrolizinqə vəsait ayrılıb, kənd təsərrüfatına yardım agentliyi vasitəsilə kredit verilməsi nəzərdə tutulur. Bank mütəxəssisi kimi deyə bilərəm ki, bəzi xarici ekspertlərin proqnozlarının əksinə olaraq milli valyutamız olan manat öz möhkəmliyini qoruyub saxladı. Bu da ilk növbədə, Azərbaycan əhalisinə göstərilən xidmətdir ki, manatın möhkəmliyinin qoruyub saxlanması hər bir vətəndaşın vəsaitinin qorunması, eyni zamanda bank sektorunun davamlı inkişafı deməkdir. Bu göstəricilər müsbət mənada sahibkarlığın inkişafına ciddi təsir edən amillərdir.
Görülmüş bu tədbirlərin nəticəsidir ki, 2009-cu ilin birinci yarısında da Azərbaycanda sosial məsələlərin həllini diqqət mərkəzində saxlamaq mümkün olmuşdur. 2008-ci il -də olduğu kimi 2009-cu ilin birinci yarısında da dövlət büdcəsində sosialyönümlü xərclər əhəmiyyətli dərəcədə artmış, yoxsulluğun, işsizliyin aradan qaldırılması istiqamətində əhəmiyyətli nəticələr əldə olmuşdur.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyası da Azərbaycanın builki inkişaf tempini yüksək qiymətləndirir. Sahibkarlarımız əllərindən gələni etməyə çalışırlar ki, ilin ikinci yarısında da ümumi daxili məhsulun artımına, əhalini rifahının yaxşılaşmasına kömək etsinlər.
- Dünyada gedən qlobal maliyyə və iqtisadi böhran Azərbaycan sahibkarlarının fəaliyyətinə necə təsir göstərir?
- Sözsüz ki, bazar münasibətlərində böhran iqtisadi proseslərə öz təsirini göstərir. Böhranın ən az təsir etdiyi dünya ölkələrdən biri Azərbaycandır.
Dünyada gedən qlobal maliyyə və iqtisadi böhrandan bəhs edən dövlət başçısı qeyd etdi ki, "...Azərbaycanda son illər aparılan islahatlar nəticəsində biz nail ola bilmişik ki, bu böhranın Azərbaycana təsiri minimum dərəcədə hiss olunsun. Azərbaycan iqtisadiyyatı uzun illər uğurla inkişaf edir. İqtisadiyyatımız çoxşaxəlidir və bu əsas amildir ki, bizi bu çətin sınaqdan qoruya bilmişdir."
Ölkədə valyuta sabitliyi qorunur, əlavə vəsaitlərin ayrılması davam edir. Biznes mühitinin yaxşılaşdırılması üçün davamlı tədbirlər görülür. Dövlət başçısı çıxışında biznes mühitinin yaxşılaşdırılması üçün müvafiq tövsiyə və tapşırıqlarını verib. Bu da Azərbaycan sahibkarlarının böhrandan daha itkisiz çıxmasına, iqtisadi göstəricilərin yaxşılaşması ilə müşahidə olunur.
- Ölkə iqtisadiyyatının davamlı inkişafını təmin etmək üçün Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyası səlahiyyətləri daxilində hansı işləri görməyi planlaşdırır?
- Qeyd etmək lazımdır ki, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyası artıq 10 ildir ki, fəaliyyət göstərir. Keçən dövr ərzində ölkədə sahibkarlığın inkişafı istiqamətində bir sıra işlər görülmüşdür, bu sahədə daha çox çalışmalı, sahibkarlıq mühitinin inkişafına şərait yaratmalıyıq.
Ölkə iqtisadiyyatının neft sektorundan asılılığının aradan qaldırılması, yeni istehsal müəssisələrinin istifadəyə verilməsi, işsizliyin aradan qaldırılması, iri enerji və infrastruktur layihələrinin həyata keçirilməsi, sosial yönümli müxtəlif problemlərin həll olunması sahibkarlığın inkişafı ilə əhəmiyyətli dərəcədə bağlıdır. Regionlarda mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı, istehsal müəssisələrinin fəaliyyətinin bərpası və daha da genişləndirilməsi, ixrac yönümlü məhsul istehsalının stimullaşdırılması, sahibkarlıq fəaliyyətinə mane olan sünü əngəllərin, əsassız yoxlamaların aradan qaldırılması sahibkarlıq fəaliyyətinin inkişafına zəmin yaradan vacib amillər kimi qeyd olunmalıdır.
Sürətlə inkişaf edən ölkə iqtisadiyyatına yardımçı olmaq üçün Sahibkarlar Konfederasiyasının qarşısında çox böyük vəzifələr durur. Belə ki, ölkədə aparılan iqtisadi islahatlara, qəbul olunmuş qanun, fərman və sərəncamların icrasına yaxından köməklik göstərmək, iqtisadi-sosial sahədə qəbul ediləcək qanunların müzakirəsində fəal iştirak etmək, təkliflər vermək, Azərbaycan Hökuməti, Həmkarlar Konfederasiyası və Sahibkarlar Konfederasiyası arasında bağlanmış Baş Kollektiv Sazişin müddəalarının həyata keçirilməsi üçün əməli tədbirlər görmək, sahibkarların maarifləndirilməsi sahəsində davamlı iş aparmaq, mövcud xarici əlaqələri genişləndirmək, xarici partnyorların cəlb olunması üçün aparılan işi sürətləndirmək, Azərbaycanda istehsal olunan malların xarici ölkələrə çıxışını təmin etmək üçün ölkə xaricində sərgilərin, yarmarkaların keçirilməsini təmin etmək və s. Konfederasiyanın qarşısında duran əsas vəzifələrdir. Biz çalışacağıq ki, ölkədə fəaliyyət göstərən bütün sahibkarları Sahibkarlar Konfederasiyasında birləşdirək, onlara əməli köməklik göstərməklə yanaşı Azərbaycanın ümumi inkişaf strategiyasına uyğun olaraq çalışmalarını təmin edək.
- Məmməd müəllim, rəhbərlik etdiyiniz "Aqrarkredit" Səhmdar Kredit Təşkilatı barədə ümumi məlumat vermənizi xahiş edirik...
- "Aqrarkredit" Səhmdar Kredit Təşkilatı 2001-ci ildə Səhmdar Aqrar-Sənaye Bankının bazasında yaradılmışdır. Kredit Təşkilatının əsas məqsədi kənd yerlərində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə kreditlər vermək, regionlarda rentabelli istehsal müəssisələrinin yaradılması və inkişaf etdirilməsinə köməklik göstərməklə regionların sosial-iqtisadi inkişafına və əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına nail olmasına öz səlahiyyətləri daxilində yardımçı olmaqdan ibarətdir.
- Təşkilatınız kənd yerlərində fəaliyyət göstərən sahibkarlara kredit verməklə regionların sosial-iqtisadi inkişafına təkan verən bir qurumdur. Bu sahədə gördüyünüz işlər barədə nə deyə bilərsiniz?
- Əvvəla, onu deyim ki, bu bir faktdır ki, son dövrlərdə inkişaf etmiş ölkələrin maliyyə bazarında baş verən qeyri- sabitlik, maliyyə və iqtisadi böhran habelə əhalinin sayının çoxalması nəticəsində ərzaq məhsullarına olan tələbatın yüksəlməsi, iqlim dəyişikliyi, su ehtiyatlarının məhdudlaşması və digər səbəblərə görə əsas ərzaq məhsullarının dünya bazarında qiymətləri artmağa başlamış, bəzi ölkələrdə ərzaq qıtlığı real təhlükəyə çevrilmişdir.
Bu problemi öncədən görərək, hələ keçən əsrin 90-cı illərinin ortalarında Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Müstəqil Dövlətlər Birliyi məkanında ilk dəfə olaraq torpaq islahatları həyata keçirilmiş, kənd təsərrüfatı məhsullarının istehsalçılarına yardım mexanizmi formalaşdırılmış, beynəlxalq təşkilatlarla birlikdə bu sahədə əhəmiyyətli layihələrin icrasına başlanılmışdır.
Ölkə Prezidentinin Sərəncamı ilə "Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı" təsdiq edilmiş və Proqram çərçivəsində görülmüş işlər nəticəsində kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı əhəmiyyətli dərəcədə artmışdır. Bununla yanaşı "2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı", "Azərbaycan Respublikasinda kiçik və orta sahibkarlığın inkişafı üzrə Dövlət Proqramı(2002-2005-ci illər)", Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" və digər qəbul olunmuş dövlət əhəmiyyətli sənətlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi, o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşqul olan sahibkarlara maliyyə və texniki dəstəyin göstərilməsi, sahibkarlığın inkişafı, regionlarda infrastruktur layihələrinin həyata keçirilməsi yerli məhsulların, xüsusən ərzaq məhsullarının xüsusi çəkisinin artmasını təmin etmişdir. Dünya ərzaq bazarında müşahidə olunan qeyri-sabitlik Azərbaycanda da ərzaq məhsullarının qiymətinə öz təsirini göstərir. Mövcud vəziyyət daxili bazarının idxaldan asılılığının maksimum azaldılması və ərzaq ehtiyatlarının yaradılması məsələsi kompleks yanaşma tələb edir. Məhz bu məqsədə nail olmaq üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına uyğun olaraq hazırlanmış Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı 2008-2015-ci illər ərzində müvafiq tədbirlərin həyata keçirilməsini özündə əks etdirir. Məhz bunun nəticəsidir ki, 2009-cu ildə Azərbaycanda 500 min ton əlavə taxıl istehsal edilərək, taxıl istehsalının həcmi 3 milyon tona çatdırılmışdır.
Məlum olduğu kimi 2003-2008-ci illərdə aqrar bölmədə real artım hər il orta hesabla 4,5 faiz təşkil etmişdir ki, bu artımda "Aqrarkredit" Səhmdar Kredit Təşkilatının da özünəməxsus payı var. Ötən illər ərzində təşkilatımız tərəfindən regionlarda sosial-iqtisadi inkişafin təmin edilməsinə köməklik məqsədilə kənd yerlərində çalışan sahibkarlara, fiziki və hüquqi şəxslərlə kreditlərin verilməsi, yeni iş yerlərinin açılmasının təmin edilməsi, əhaliyə göstərilən maliyyə-kredit xidmətinin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində xeyli işlər görülmüşdür.
Əsası 1998-ci ildə qoyulmuş Dünya Bankının "Təsərrüfatların Özəlləşdirilməsi Layihəsi" doqquz ilə yaxın bir müddətdə təşkilatımız tərəfindən idarə olunmuş, kəndlərdə ilk özəl fermer təsərrüfatlarının yaradılmasında mühüm əhəmiyyət kəsb etmişdir. Bu layihənin əvvəlindən 5770 kəndli fermer təsərrüfatlarına 11,1 milyon manatdan çox kreditlər verilmişdir. Dünya Bankının bu layihəsi başa çatmış və Kredit Təşkilatının Maliyyə Nazirliyi qarşısında olan öhdəliyi tam olaraq yerinə yetirilmişdir.
Regionların sosial-iqtisadi inkişafinda Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına verilmiş güzəştli kreditlərin əhəmiyyəti xüsusi olaraq qeyd olunmalıdır. Biz müvəkkil Kredit Təşkilatı kimi Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 442 sahibkarlıq subyektinə 5,7 milyon manat məbləğində kreditlər vermişik ki, bu da əsasən regionlarda istehsal, emal və infrastrukturun inkişafına yönəldilmişdir.
Ümumyyətlə, 1 iyul 2009-cu il vəziyyətinə Kredit Təşkilatı tərəfindən "Kənd Yerlərinin Kreditləşdirilməsi", "Təsərrüfatların Özəlləşdirilməsi Layihəsi", "Sahibkarlığa Kömək Milli Fondu"nun habelə, "Şimal-Şərq inkişaf layihəsi" vəsaitləri hesabına 10,8 minə yaxın sahibkarlıq subyektinə 50,5 milyon manat məbləğində kreditlər verilmişdir. Bu isə, öz növbəsində on minlərlə insanın faydalı əməyə cəlb edilməsi, eyni zamanda, xeyli əlavə kənd təsərrüfatı məhsullarının istehsalı, emalının qurulması və kənd yerlərində infrastrukturun yaxşılaşdırılması deməkdir.