PDF Oxu

Müsahibə

  • 12

Vüqar Rəhimzadə: “Azərbaycanda azad və müstəqil mətbuatın formalaşması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır”

Vüqar Rəhimzadə: “Azərbaycanda azad və müstəqil mətbuatın formalaşması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır”

- Bu gün Milli Mətbuat Günüdür.  Öncə  bayram  münasibətilə bütün Azərbaycan jurnalistlərini, eləcə də, "İki sahil" qəzetinin kollektivini təbrik edirik. 

Vüqar müəllim, müqayisəli təhlil apardıqda Azərbaycan mətbuatının bugünkü vəziyyətinin əvvəlki illərlə fərqi nədən ibarətdir?

- Bu gün Azərbaycanda söz, mətbuat, fikir azadlığı tam bərqərar olub. Bu da müstəqil dövlətimizin demokratik dəyərlərə sadiqliyindən, bu prinsipləri bu günümüzün, sabahımızın əsası kimi qəbul etməsindən irəli gəlir. 1990-cı illərin əvvəllərində ölkədə mövcud durum digər istiqamətlər kimi bu sahəyə də öz mənfi təsirini göstərmişdi.  Yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra azad mətbuatın inkişafı istiqamətində uğurlu addımlar atılmağa başlandı. Qanunvericilik təkmilləşdi, köklü islahatlar həyata keçirildi.  Azərbaycan mətbuatının bu gününü əvvəlki illərlə müqayisə edəndə inkişafı, tərəqqini aydın  görmək olar. Azərbaycan mətbuatının inkişafına xidmət edən kifayət qədər sərəncam və fərmanlar imzalanıb. Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ötən dövrlərdə olan inzibatçı üsullar və metodlar aradan qaldırıldı. 1998-ci ilin avqust ayında isə senzuranın ləğv olunması mətbuatımızın inkişaf tarixində mühüm əhəmiyyət kəsb edən bir hadisədir. Bundan sonrakı dövrlərdə "Kütləvi İnformasiya Vasitələri haqqında" Qanunun qəbul olunması və həmin qanunda bəzi əlavə və dəyişikliklərin reallaşdırılması, redaksiyaların "Azərbaycan" nəşriyyatına olan borclarının dondurulması və sonradan silinməsi və s. kimi  addımlar Azərbaycan mətbuatına dövlət tərəfindən göstərilən diqqət və qayğının bariz nümunəsi idi. Xüsusilə, ümummilli lider Heydər Əliyevin bu sahədə imzaladığı sərəncam və fərmanlar mətbuatın tam formalaşmasına, onun texniki imkanlarının yaxşılaşdırılmasına, eyni zamanda, jurnalistlərin sosial şəraitinin yüksəlməsinə xidmət göstərib. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin bütün sahələrdə olduğu kimi, mətbuatla bağlı siyasətini də uğurla davam etdirir.
Xatırlayıram ki, 2005-ci ildə Milli Mətbuatımızın 130 illik yubileyində Prezident İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycanda fəaliyyət göstərən redaksiyaların 150-ə yaxın əməkdaşı  orden - medallar və müxtəlif fəxri adlarla  təltif olundular. Bununla yanaşı, gündəlik çıxan nəşrlərə birdəfəlik yardımların verilməsi,  Azərbaycan Respublikası Prezidenti yanında KİV-lərə Dövlət Dəstəyi Fondunun yaradılması və s. məhz mətbuatın inkişafına hesablanmış mühüm addımlardandır. Bu gün həmin fondun strukturu tam formalaşıb və fəaliyyətini yüksək səviyyədə qurub. Bir sözlə, Azərbaycan mətbuatının fəaliyyət göstərdiyi 134 ilə nəzər saldıqda, ötən illərin çox mühüm hadisələrlə zəngin olduğunu görərik. Bu da Azərbaycanda müstəqil mətbuatın formalaşmasına müsbət təsir göstərib. Əvvəllər Azərbaycanda qəzet çap olunan yalnız bir nəşriyyat evi var idisə, indi çoxsaylı mətbəələr və nəşriyyatlar yaradılıb. Artıq qəzet redaksiyalarının böyük əksəriyyətinin müstəqil inzibati binaları var. Bir daha vurğulayıram ki, bu faktlar dövlətimizin və onun başçısı İlham Əliyevin milli mətbuatımıza olan diqqətinin əsas göstəricisidir. Bir mətbu orqanın rəhbəri  kimi  mətbuatımıza yaratdığı yüksək şəraitə görə Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm.

- Amma etiraf edək ki,  yaradılan bu şəraitdən sui-istifadə halları mövcuddur.  Müxtəlif şəxslərin mətbuat vasitəsilə təhqir edilməsi, şərəf və ləyaqətinin alçaldılması hallarına yol verilir. Mətbuatımız üçün qara ləkə olan bu cür faktlar barəsində nə deyə bilərsiniz?

- Düzgün vurğuladınız ki, bəzi mətbuat orqanları  yaradılan demokratik  şəraitdən sui-istifadə edir.  Bu gün ölkədə qəzet təsis etmək üçün heç bir məhdudiyyət yoxdur. Yalnız Ədliyyə Nazirliyinə müraciət ünvanlamaqla, hətta,  cavabı  gözləmədən belə qəzet təsis etmək mümkündür. Bu da Azərbaycanda söz və fikir azadlığının təmin olunması naminə qanunvericiliyimizdə, aparılan siyasətdə mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir. Çox təəssüflər olsun ki, bu gün ölkəmizdə yalnız etik norma və prinsipləri pozmaqla öz şəxsi marağını güdən və başqasının şəxsi həyatına müdaxilə edən bir sıra mətbuat orqanı fəaliyyət göstərir. Düşünürəm  ki, zaman keçdikcə bu cür  faktlarla rastlaşmayacağıq. Məlumdur ki, bu gün mətbuat üzərində heç bir dövlət nəzarəti mexanizmi yoxdur. 2003-cü ildə müstəqil və qeyri-dövlət təşkilatı olaraq ölkə jurnalistləri tərəfindən Mətbuat Şurası təsis olunub.  Bu təşkilat özünütənzimləmə mexanizminə əsaslanaraq, mətbuatın inkişafına öz töhfəsini verib. Şurada təmsil olunan şəxs kimi deyə bilərəm ki, hər gün vətəndaşlar tərəfindən qeyri-etik normalarla fəaliyyət göstərən mətbuat orqanları ilə bağlı çoxsaylı şikayətlər daxil olur. Bu şikayətlər Şuranın aidiyyatı komissiyalarında araşdırıldıqdan sonra məsələyə münasibət  bildirilir. Ela hallar bəzi şəxslərin mətbuata gəlir mənbəyi kimi yanaşmasından qaynaqlanır. Onlar müxtəlif çirkin vasitələrdən istifadə edərək, hakimiyyət və ictimaiyyət nümayəndələrinə qarşı qarayaxmaqla öz işlərini qururlar. Düşünürəm  ki, həmin mətbuat vasitələrinə kifayət qədər ictimai qınaq var. Dövlətini və xalqını sevən hər bir jürnalist onlara qarşı qətiyyətli mübarizə aparmalıdır. Azərbaycanda mətbuatın sivil formalaşmasına xidmət edən mətbuat orqanları fəaliyyət göstərməlidir. Çox şadam ki, bu proses sürətlə gedir və hər bir sağlam düşüncəli mətbuat nümayəndəsi  bu cür neqativ hallarla qarşı mübarizə aparır.

- Müxalifət "Diffamasiya haqqında" qanunun qəbuluna böyük səy göstərir. Sizcə, indiki şəraitdə belə bir qanunun qəbul edilməsinə ehtiyac varmı?

- Mən birmənalı şəkildə həmin qanunun bu gün qəbul olunmasının əleyhinəyəm. Əlində hər hansı mətbuat orqanı olan şəxsin bu imkandan istifadə edərək, başqasını təhqir etməsi  yolverilməzdir. Jurnalist öncə düşünməlidir ki, vətəndaşlarımızın hüquqları qorunsun və onların həyatına müdaxilələrin qarşısı alınsın. Bu gün kimisə təhqir edən və ona şər, böhtan atan jurnalist mütləq məsuliyyətə cəlb olunmalıdır. "Diffamasiya haqqında" qanunun qəbul olunmasına çalışan şəxslər bununla özlərini sığortalamaq istəyirlər. Əgər müxalifət yazarı mətbuat vasitəsilə təhqir hallarına yol vermirsə,  yaxud başqasına şər-böhtan atmırsa, nə üçün bu qanunun qəbuluna can atır? Xüsusilə, Cinayət Məcəlləsinin müvafiq maddələrinin ləğv edilməsi cəhdləri də məqsədlidir. Bu maddələr təkcə jurnalistlərimizin  deyil, bütün vətəndaşların hüquqlarının qorunması üçün nəzərdə tutulub. Zənnimcə bu gün nə Azərbaycan jurnalistikası, nə də Azərbaycan cəmiyyəti bu qanunun qəbuluna hazır deyil.

- Mətbuatımızın uğurlarından və problemlərindən danışdıq. Mövcud problemlərdən biri də "reket" jurnalistikasıdır. Mətbuat Şurasında bu məsələni araşdıran komissiyanın rəhbəri kimi, necə düşünürsünüz, bu sahədə aparılan mübarizə effektiv nəticəsini verirmi?

 - Mətbuat Şurasının "reket" mətbuata qarşı mübarizə komissiyası aktiv fəaliyyət göstərir. 71 qəzet və jurnalın adı artıq MŞ-nın "qara" siyahısına düşüb. Ayın sonuna qədər növbəti əlavələri açıqlayacağıq. Təbii ki, burada müəyyən olunmuş prosedur qaydaları var. Şikayət komissiyasına müntəzəm daxil olan ərizə və müraciətlər yerində araşdırılır. Dəfələrlə etik normaları pozan mətbuat orqanlarına xəbərdarlıq olunur və onlarla MŞ-nın müvafiq komissiyaları arasında mütəmadi söhbətlər aparılır. Arzu edirik ki, "reket"çilik yolunu tutmuş jurnalistlər öz səhvlərini anlasınlar və doğru yola gəlsinlər. Onlara bir neçə dəfə xəbərdarlıq olunduqdan sonra mətbuat orqanının adı həmin siyahıya salınır. Hesab edirəm ki, bu effektli bir addımdır,  ictimai qınağın ən yüksək formasıdır. Atılan addımları ictimaiyyət çox yüksək qiymətləndirir. Bu proses davam etdiriləcək və mətbuatımızın saflaşması üçün lazım olan bütün tədbirlər görüləcək.

- Vüqar müəllim, bəzən belə bir fikir səsləndirilir ki,  Azərbaycan Respublikası Prezidenti yanında KİV-lərə Dövlət Dəstəyi Fondundan "reket" qəzetlərə vəsait ayrılmayacaq. Bu, nəticə etibarilə onların fəaliyyətini daha geniş müstəvidə qurmalarına gətirib çıxarmaz ki?

- Mətbuat Şurasının "qara" siyahısı müvafiq dövlət orqanlarına və nəşriyyatlara göndərilir. Belə olan halda, istər həmin qəzetin yayımında və satışında, istərsə də fəaliyyətində problemlər yaranır. "Azərbaycan" nəşriyyatında "reket" qəzetlərin adı 5 min nüsxə çap olunaraq müvafiq təşkilatlara göndərilib. Əlbəttə, o cür mətbuat orqanlarına fond tərəfindən vəsaitin ayrılmasına qətiyyən yol vermək olmaz. Onların fəaliyyətinin daha geniş müstəviyə keçəcəyi məsələsinə gəldikdə isə, bunun baş verəcəyinə inanmıram. Hesab edirəm ki, artıq ictimai qınaq öz müsbət təsirini göstərir.

- Bu gün dövlət-mətbuat münasibətləri hansı səviyyədədir?

- Dövlətimiz sağlam mətbuatın formalaşmasında hər zaman maraqlı olub. Göstərilən diqqət və qayğı da həmin işlərin məntiqi nəticəsidir. Bəzi mətbuat orqanları yaradılan bu şəraitə adekvat olaraq öz fəaliyyətlərində dönuş yaratmalıdırlar. Dövlətə, dövlətçilik prinsiplərinə xidmət göstərməklə, cəmiyyətə informasiyanın çatdırılması işində obyektiv və ədalətli olmalıdırlar.

- Cənubi Qafqazda lider dövlət olan Azərbaycan mətbuatın inkişafında da lider dövlətə çevrilib...

- Azərbaycan təkcə Cənubi Qafqazda deyil, keçmiş Sovet ölkələri arasında, o cümlədən, bir sıra Avropa dövlətləri ilə müqayisədə digər sahələr kimi, mətbuatın inkişafında da çox böyük nailiyyətlər əldə etmişdir.  Dövlətimizin göstərdiyi diqqət və qayğının nəticəsində bu inkişaf daim zənginləşir.

- Vüqar müəllim, Milli Mətbuat Günündə Azərbaycan jurnalistlərinə tövsiyəniz və arzularınız ...

 - Azərbaycan jurnalistlərini milli mətbuatımızın  yaranmasının 134 illiyi münasibətilə  təbrik edir, onlara cansağlığı, uzun ömür, işlərində yeni-yeni nailiyyətlər, daha aktual mövzulara müraciət etmələrini arzulayıram. Qələmləri  iti, sözləri kəsərli olsun.

Digər xəbərlər