PDF Oxu

Müsahibə

  • 11

Yeni qanunun nəticəsi uğurlu olacaq

Yeni qanunun nəticəsi uğurlu olacaq

Məlum olduğu kimi, Milli Məclisin yaz sessiyasının sonuncu iclasında "Azərbaycan Respublikasının bəzi bələdiyyələrinin birləşməsi haqqında" qanun layihəsinə baxıldı. Milli Məclisin regional siyasət məsələləri komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Arif Rəhimzadə müzakirə olunan layişə ilə bağlı münasibətini bildirərək, qeyd etdi ki, bələdiyyələrin birləşməsi onların fəaliyyətinin inkişafına və yeni bir səviyyəyə qaldırmağa imkan yaradacaqdır.
- Bələdiyyələr demokratik prinsiplər əsasında formalaşır. Qanunda belə bir müddəa var ki, əhalinin sayından asılı olmayaraq, yerli sakinlərin rəyi əsasında bələdiyyələr yarana bilər. Mən də Azərbaycanda bələdiyyələrin sayının çox olması fikri ilə razıyam və bu məsələni dəfələrlə qaldırmışam. Baxın, yerlərdə çox kiçik kəndlərdə bələdiyyələr fəaliyyət göstərir. Ancaq həmin bələdiyyələrin nə mülkiyyəti, nə də gəlir sahəsi var. Təbii ki, bu halda orada normal vergi yığıla bilməz, bələdiyyələr vətəndaşların sosial problemlərini həll edə bilməz. Bir möhürdü, bir də bələdiyyələr. Belə olan təqdirdə, həmin bələdiyyələr nəyə lazımdır? Hazırda ölkə ərazisində fəaliyyət göstərən bəzi bələdiyyələr birləşir, təxminən 993 bələdiyyə isə ləğv olunacaqdır. Bu proseslər başa çatdıqdan sonra respublikada mövcud olan 2757 bələdiyyənin əvəzinə 1766 bələdiyyə yaradılacaqdır.
Onu da qeyd edim ki, bu dəyişikliyin labüd və qanunauyğun olduğunu bildirmişlər. Qeyd olunmuşdur ki, birləşmə zəif və kiçik bələdiyyələrin inkişafına təkan verəcəkdir. Ancaq inkişaf etmiş demokratik ölkələrdə bələdiyyələrin təcrübəsini öyrənəndə, görürük ki, onlarda da əvvəllər bu prinsiplər həyata keçirilib. Sonra görəndə ki, bələdiyyələr öz fəaliyyətlərini normal davam etdirə bilmir, birləşməyə başlayıb. Nəticədə bələdiyyələrin sayı azalıb və iş əmsalı yüksəlib. Bu, qanunauyğun haldır. Çünki biz əvvəllər bələdiyyələrin perspektivini görmürdük. Artıq xeyli müddət keçib. İndi bələdiyyələr oturuşmuş quruma çevrilir. Adamların bələdiyyələrə inamı və eyni zamanda, tələbkarlığı xeyli artıb. Ona görə də, insanlar bələdiyyələrin daha yaxşı fəaliyyət göstərməsini istəyirlər. Bələdiyyələrdən iş tələb edəndə, bir zərurət ortaya çıxır: bələdiyyələrin birləşməsi vacibdir.
Bunun üçün əlimizdə müvafiq qanun var: bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv olunması, həmin qanunda göstərilir ki, vətəndaşların təklifləri və razılığı əsasında bələdiyyələr ləğv oluna, birləşə, yarana bilər. Amma bu birləşmə elə qurulmalıdır ki, gələcəkdə hər iki bələdiyyənin ərazisindəki isanların mənafeləri qoruna bilsin. Ona görə də, buna getmək lazımdır. Amma bu, qanunvericiliklə müəyyən olunan məsələ deyil. Bütün səviyyələrdə Azərbaycanda bələdiyyələrin çoxluğu bildirilir. Bu gün bizdə 2300-dən artıq kənd bələdiyyəsi var. Onların bir çoxunun fəaliyyətinə nəzər salsaq, görərik ki, fəaliyyətsizdir. Hətta əməkhaqlarını normal şəkildə ala bilmirlər. Əgər hər hansı kənd bələdiyyəsi vətəndaşın mənafeyini müdafiə edə, onun tələb və təklifini yerinə yetirə bilmirsə, sözsüz ki, insanlarda ona qarşı inamsızlıq formalaşacaq. Bir məsələni də qeyd edim ki, bələdiyyələrə nəzarət sırf vətəndaşlara məxsusdur. Əgər bələdiyyə insanların etimadını doğrultmursa və sakinlərin rəyi əsasında yenidən bələdiyyə seçkisi keçirilir və əvvəlki bələdiyyə ləğv olunur. Bələdiyyə sədrinin dəyişdirilməsi sırf bələdiyyə üzvlərindən asılı olan məsələdir.

- Arif müəllim, məlum olduğu kimi, müzakirələr zamanı komissiya üzvləri tərəfindən bələdiyyələrə dotasiyaların artırılması təklifini irəli sürsələr də, bu, nəzərə alınmadı. Sizcə, bunun səbəbi nədir?

- Cari il bələdiyyələrə 3,5 mln man ayrılıb və gələn il də həmin məbləğdə vəsait nəzərdə tutulur. Deməli, artım yoxdur. Bələdiyyələr çoxdur və bu saya görə ayrılan vəsait elə böyük rəqəm də deyil. Əlbəttə, komfissiya olaraq biz bələdiyyələrə daha çox yardımların edilməsinin tərəfdarıyıq. Ancaq bu, məqsədyönlü şəkildə olmalıdır, kortəbii yox. Bu halda bələdiyyələr də həmin vəsaiti istədikləri şəkildə xərcləyəcək. Hesab edirəm ki, bələdiyyələrə yardım ayrılarkən daha yaxşı fəaliyyət göstərən və əhalinin sosial problemlərinə daha həssas yanaşan bələdiyyələr nəzərə alınmalıdır.
Bələdiyyələr büdcələrini özləri formalaşdırdıqlarına, ayrılan vəsaitləri sərbəst xərclədiklərinə görə, öz gəlirləri barədə də düşünməlidir. Özlərinin istehsal sahələrini yaratmalı, iş adamları ilə əməkdaşlıq etməli, donor təşkilatlarla əlaqə qurmalı, beynəlxalq aləmə çıxmalıdır. Büdcələrini artırmaq barədə düşünməlidir. Təəssüf edirəm ki, bu barədə yalnız müəyyən bələdiyyələr fikirləşir. Bir çox bələdiyyələr ayrılmış dotasiyanın tez bir zamanda xərclənməsini əsas fəaliyyət kimi seçirlər. Bu, düzgün yol deyil. Ona görə də, "təklif nəzərə alınmadı, yaxud da dotasiyaların artırılmasında tərəddüd var" demək düzgün deyil. Büdcədə olan vəsaiti düzgün istiqamətdə ayırmaq lazımdır.
Bir daha qeyd edim ki, biz də bələdiyyələrə vəsaitlərin artırılmasının tərəfdarıyıq. Bununla bağlı geniş müzakirələr keçirmişik. Bələdiyyələrə, Bələdiyyələrlə İş Mərkəzinə, Milli Assosiasiyaların rəhbərlərinə müraciət etmişik, məktublar göndərmişik ki, büdcədən ayrılan vəsaitin artırılmasını istəyirlərsə, bundan ötrü ortaya əsaslandırılmış məsələlər qoysunlar, təkliflər versinlər və fikirlərini əsaslandırsınlar. Deyim ki, müvafiq dövlət qurumlarının rəhbərləri də bunu tələb edirlər. Çünki əsası olmadan artıq vəsait tələb etmək heç bir nəticə verəsi deyil.

Digər xəbərlər