PDF Oxu

Müsahibə

  • 7

“Ölkədə qeyri-neft sektorunun sürətli inkişafı təmin edilir”

“Ölkədə qeyri-neft sektorunun sürətli inkişafı təmin edilir”

- "Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın özəl sektorun inkişafında hansı rolu olub?

- İcrası başa çatan 2004-2008-ci il Dövlət Proqramı, əsasən, regionlarda infrastruktur layihələrin inkişafına sosial-iqtisadi yenliklərin tətbiqi, əhalinin rifah halının yaxşılaşdırılması məqsədi güdür. Burada bir sıra nəticələr var ki, onları qeyd etməyə dəyər. Regionlarda sahibkarlığın inkişafı ilə əlaqədər dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı həyat keçirilən tədbirlər nəticəsində özəl sektorun payı güclənib. 2004-cü ilə nisbətən 2008-ci ildə özəl sektorda dövlət büdcəsinə daxil olan məbləğ 7,9 dəfə artıb. Eyni zamanda, iqtisadiyyata yönəlmiş investisiyaların həcmində artım hiss olunur. 2004-ci ilə nisbətən 2008-ci ildə iqtisadiyyatda və sosial sahədə inkişafın bütün maliyyə mənbələri hesabla 33,5 milyard manatdır. Yəni, bu 4 il ərzində 33,5 manat investisiyaya yönəlib ki, bunun 53,2 faizini daxili, 46,8 faizini isə xarici investisiyalar təşkil edir. İnvestisiya artaraq, regionların inkişafının əsas göstəricilərindən biri olub. Regionlarda bu illər ərzində açılan bir sıra sənaye müəssisələri qeyri-neft və sənaye sahəsinin inkişafının nəticəsidir. Qeyri-neft sənayesində istehsal olunan məhsulun ixracı 5 ildə 3,8 dəfədən çox artıb. Onu deyə bilərəm ki, İmişlidə yerləşən şəkər zavodunun tikintisi nəticəsində Azərbaycan nəinki özünün şəkərə olan tələbatını ödəyir, həm də şəkər ixracatı ilə məşğuldur. Rusiya, Ukrayna, Gürcüstan və daha uzaq ölkələrə şəkər ixrac edir. Digər tərəfdən isə, həmin zavodda təxminən 1000 nəfər işlə təmin olunub. Şəkər zavodu ilə bərabər bir sıra istehsal sahələri, o cümlədən, şəkər çuğundurundan alınan digər məhsulların emalı ilə məşğul olan istehsal sahələri yaradılıb. Həmçinin, şəkər çuğundurunun əkilməsinə xeyli kəndli qüvvəsi cəlb olunub. Bütün ətraf rayonlarda şəkər çuğunduru əkilərək zavoda təhvil verilir. Xaçmazda və Biləsuvarda konserv zavodları, Şəmkirdə açılan obyektlər və bütün regionu əhatə edən sənaye emalı müəssisələri açılıb. Bu da öz növbəsində sahibkarlığın inkişafına gətirib çıxarıb.

- Qlobal iqtisadi böhrana baxmayaraq ölkəmizdə məhsul bolluğu və ucuzlaşma müşahidə olunur. Bu prosesdə dövlətin aqrar siyasətinin rolu hansı dərəcədədir?

- 2004-2008-ci illərdə Quba-Xaçmaz, Şəki-Zaqatala, Dağlıq Şirvan, Lənkəran, Aran, Gəncə-Qazax və Yuxarı Qarabağ iqtisadi regionlarına daxil olan rayon və şəhərlərin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair 17 sərəncam imzalanıb. Bu sərəncamlar, eyni zamanda, Prezidentin 2007-ci ildə kənd təsərrüfatı istehsalçılarına motor yağı, yanacaq və gübrənin güzəştli satışı ilə bağlı fərmanı, həmçinin, taxıl istehsalçılarına verilən subsidiyalar, aqrolizinqin yaradılması, xüsusilə, aqrar sahədə çalışanlara müəyyən lizinqin göstərilməsi, saxlama kameralarının tikintisi regionların iqtisadiyyatının əsasını təşkil edən aqrar sahənin sürətlə inkişafına gətirib çıxarır. Nəticə ondan ibarətdir ki, aqrar sahə öz inkişaf tempini saxlayıb.

- "Regionların sosial inkişafına dair Dövlət Proqramı"nın ikinci mərhələsində nəzərdə tutulan prioritetləri necə qiymətləndirirsiniz?

Dövlət Proqramı bir neçə istiqamətdə nəzərdə tutulub. Ölkənin təbii və əmək potensialından səmərəli istifadə etməklə qeyri-neft sektorunun sürətli inkişafını təmin edilir. Bilirsiniz ki, əhalinin 48 faizi kənd yerlərində yaşayır. Buna görə də əmək potensialından  tam istifadə olunması zərurəti yaranır. Sənaye potensialının Bakıya urbanazasiya prosesinin qarşısı alınmalıdır və eyni zamanda, Türkiyəyə, Rusiyaya və s. ölkələrə axının qarşısı alınmalıdır ki, bu potensial Azərbaycan üçün lazımı səviyyədə inkişaf etdirilsin. İkinci infrastruktur təminatının yaxşılaşdırılması tədbirləri davam etdirilməlidir. Biz bu yaxınlarda Ağcabədi, Tərtər və Bərdə rayonlarında sorğu keçirtdik. Bəlli oldu ki, orta statistik Azərbaycan kəndi bir il ərzində təxminən 200-250 min ABŞ dollar qiymətində odun yandırır. Bu, o deməkdir ki, 2,5 min kubmetr odun istifadə olunub, yəni 500 ağac kəsilib. Vaxtında qazlaşdırılma prosesi kəndlərə qədər çatmalıdır. Çünki belə olan təqdirdə ucuz qiymətə təbii qaz başa gəlir. Digər tərəfdən meşələrin qırılmasının qarşısı alınır.

Digər xəbərlər