“Zəminə Dünyamalıyeva siyasi cəhətdən yetkin deyil”
- Nizami bəy, "ACP"-də baş verənlər partiyanın siyasi səhnədən silinməsinə gətirib çıxarmaz ki?
- Düşünmürəm ki, "ACP" ətrafında baş verən proseslər, xüsusilə, mətbuatda səsləndirilən fikirlər partiyanın dağılmasına gətirib çıxartsın. Yəni, hər bir siyasi partiyada müxtəlif fikirli insanlar olur. Bu insanlar arasında, ola bilsin ki, hər hansı məsələlərdə fikir ayrılığı olsun. Amma bu partiyanın ümumi xəttinə təsir göstərməyən amillərdəndir. Partiyanın ümumi siyasi xətti var. İnsanlar arsında fikir ayrılığı və problemlərin olmasına baxmayaraq, partiyaya hər hansı zərər dəyəcəyinə inanmıram. Partiyanın qurultayının keçirilməsi də hələ ki nəzərdə tutulmayıb. Yalnız Ali Məclisin yığıncağı keçiriləcək. Bilirsiniz ki, partiyanın sədri Akif Şahbazov istefa verib. Hələlik, onun səlahiyyətlərini partiyanın Ali Məclisinin sədri Vaqif Mahmudov icra edir. Düşünürəm ki, təxminən sentyabr-oktyabr aylarında Ali Məclisin növbəti toplantısı keçiriləcək. Toplantıda partiya nizamnaməsinə görə, hər bir partiya üzvü öz namizədliyini verə bilər. Təbii ki, səsvermə nəticəsində partiyanın sədri müəyyənləşəcək. Yenə təkrar edirəm ki, fikir ayrılığı partiyanın parçalanmasına gətirib çıxarmayacaq.
- A.Şahbazovun istefası, onu deməyə əsas verirmi ki, Z.Dünyamalıyeva, nəhayət, öz istədiyinə nail oldu?
- A.Şahbazovun istefasını Zəminə xanımın "şotuna" yazmaq lazım deyil. 5-6 ay bundan öncə, yəni Z.Dünyamalıyevanın mətbuatda bununla bağlı fikirləri yox idi ki, A.Şahbazov partiya sədrliyindən istefa vermək istəyirdi. Bu bir çox problemlərlə əlaqədardır . Sadəcə olaraq, onun ətrafında olan insanlar bunu ləngidirdi. Amma düşünmürəm ki, onun istefası adıçəkilən xanımın səyi nəticəsi kimi qəbul edilsin.
- Yadınızdadırsa, Z.Dünyamalıyeva A.Şahbazovu kolxoz təfəkkürlü insan, qoyun otaran və bu kimi təhqiredici ittihamlarla təhqir edirdi. Bu nun fonunda demək olar ki, o öz istəyinə nail oldu...
- Məncə, bu, onun nəticəsi deyil. Həmin xanım təkcə sədr haqqında yox, onu əvəz edən V.Mahmudov haqqında da tənqidi fikirlərini bildirib. Onun kimisə təhqir etməsi qətiyyən yolverilməzdir. Bu da onun siyasi etikasından irəli gəlir. Ən azı siyasi, mədəni etikası olan insan kimisə təhqir etməz. Belə şeylərə getmək lazım deyil.
- Yəni, Z.Dünyamalıyevanın etik cəhətdən problemləri var?
- Mətbuat vasitəsilə kimisə çıxıb təhqir etməsi, onu göstərdi ki, həmin xanımın etik baxımından problemləri var.
- Kifayət qədər ciddi ittihamlar səsləndirirsiniz. Bunu nəzərə alırsınız?
- Təbii ki, mən heç kimdən çəkinmirəm. Həmişə də düz sözü danışmağı sevirəm. Ona görə də, mənim partiyada kimdənsə asılacağım, qorxum yoxdur. Kim olursa-olsun mətbuat vasitəsilə kimisə təhqir etmək yolverilməzdir. Həmin adamların səviyyəsinin aşağı olmasını göstərir. Belə adamlara heç bir yerdə normal baxmırlar.
- Onda belə çıxır ki, Z.Dünyamalıyeva "ACP" üçün ciddi problemə çevirilib?
- Xeyr. O, partiya üçün ciddi problem deyil. Sadəcə olaraq, mətbuatda partiya haqqında, hansısa funksioner haqqında mənfi fikirlərini söyləyir. Siyasətlə məşğul olan adam kimi deyirəm ki, ən azından, o, kimlər tərəfindənsə yönləndirilib. Bilirik ki, kim nə danışanda, həmin ifadələr hardan gəlir. O, partiyada təkdir. Necə ola bilər ki, bir nəfər partiyaya zərər vursun. Bu, absurd məsələdir.
- Bəs nəyə görə partiya funksionerlərini təhqir edən Zəminə xanımdan qurtulmaq üçün partiya çıxış yolu tapmır?
- Biz mətbuat vasitəsilə bir neçə dəfə ona demişik ki, bu məsələrdən əl çəksin. Çox təəssüflər olsun ki, təhqirlərini davam etdirib. Ali Məclisin növbəti yığıncağında Zəminə xanım haqqında qərarımızı verəcəyik. Biz bir neçə dəfə idarə heyətinin iclasını keçirib, Zəminə xanımı dəvət etmişik. Amma o, söz versə də, müxtəlif bəhanələrlə idarə heyətinin iclasına qatılmayıb. Əgər bir insan idarə heyətinə iştirak etmirsə, onun haqqında necə qərar vermək olar?
- Yəni, Ali Məclis Zəminə xanımın partiyadan uzaqlaşdırılmasına qərar verəcək?
- Hər şey ola bilər. Onun mətbuatda verdiyi fikirlər ən azından nizamnamə pozuntusudur. Nizamnamə pozuntusu olduğuna görə, Ali Məclis Zəminə xanım haqqında qərar çıxara bilər. Bu, istisna deyil.
- Bəs Rəsul Quliyevin bu məsələyə münasibəti necədir?
- Bilmirəm, mən o haqda heç nə deyə bilmərəm.
- Yəni, R.Quliyev partiya ilə əlaqə saxlamır?
- O, belə xırda məsələlərlə məşğul olmur və qərar vermir.
- Kifayət qədər bu məsələ ilə bağlı partiya daxilində problemlər yaşanır. Bunun da başında Zəminə xanım dayanır...
- Yenə də bildirirəm ki, partiya daxilində insanlar arasında fikir ayrılığı ola bilər. Amma bu proses partiyanın parçalanmasına gətirib çıxara bilməz. Kimsə partiyanın siyasi xəttindən narazıdırsa, həmin adam partiyadan istefasını tələb edə bilər. Ancaq bunu mətbuata çıxarıb demək ki, partiya fəaliyyətini dayandıracaq, dağılacaq və ya parçalanacaq, bu, düzgün deyil.
- Ola bilərmi ki, Zəminə xanım hansısa daxili və ya xarici qüvvələrin istəyi ilə çıxış edir?
- Düzdür, mənim bununla bağlı dəqiq faktım yoxdur. Amma bu variantlar da istisna olunmur. Yenə deyirəm ki, onun qəzetlərə verdiyi müsahibələrdə fikir müccərədliyi yaranır. Bu da, onun göstəricisidir ki, ən azından Zəminə xanım siyasi cəhətdən yetkin deyil və öz fikirlərini dəqiqliklə və ardıcıllıqla bildirə bilmir. Bu da, ondan irəli gəlir ki, o, güclü siyasətçi deyil. Onu da bildirim ki, adıçəkilən xanım rayonda yaşayanda kənd təsərrüfatı ilə məşğul olub.