- Hazırkı mərhələdə payızda keçiriləcək bələdiyyə seçkilərinə qeyri-rəsmi də olsa start verilib. Cəmiyyətdə seçkilərə marağı necə qiymətləndirirsiniz?
- Sovetlər birliyi ərazisində yaradılmış dövlətlərin çoxunda bələdiyyə sistemi yox idi. O zaman Azərbaycanda da bu məsələyə bir qədər qeyri-obyektiv yanaşanlar var idi. Elə hesab edirdilər ki, bələdiyyələrin perspektivi olmayacaq. Amma ulu öndərimiz Heydər Əliyev bələdiyyələrin qanunvericilik bazasını və sitemini yaratdı. Hazırkı Prezident İlham Əliyev bu işi uğurla davam etdirir.
- YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov müxalifət partiya sədrlərinə bələdiyyə seçkilərinə namizədlərini irəli sürmələrini və reytinqlərinin müəyyənləşdirilməsi təklifi ilə çıxış edib. Ümumiyyətlə, belə bir təklifə münasibətiniz necədir?
- Olduqca normal bir təklifdir. Müxlifət partiyalarının yerindən duranı prezidentliyə iddia edirlər. Xalq tərəfindən seçilmə imkanları varsa, qoy özlərini təsdiq etsinlər. Bu gün heç bir gücü, cəmiyyətdə nüfuzu, dəstəyi olmayanlar prezidentliyə iddia edirlər.
- Bu baxımdan İsa Qəmbərov, Əli Kərimov və digərlərinin bələdiyyəyə namizədliklərini irəli sürmələri nə dərəcədə inandırıcıdır?
- Heç olmasa seçkilərdə bələdiyyə başqanı uğurunda mübarizə aparsaydılar, bu, normal hal hesab edilə bilərdi. Onlar hər halda bu təklifə müsbət yanaşmalıdırlar.
- İki nəfər gənc müəyyən məsələlərlə bağlı polis orqanları tərəfindən saxlanılıb. Maraqlıdır ki, müxalifət sədrləri bu məsələdən maksimum yararlanmağa çalışırlar. Bunu siyasiləşdirməyə meyl göstərirlər. Bu cür məsələlərdə manipulyasiyaya yol verilməsini nə ilə izah edərdiniz?
- Artıq müxalifətin gündəmdə qalması üçün Azərbaycanda heç bir bəhanə yoxdur. Müxalifət bir vaxtlar ölkədə işsizlik və sosial problemlərin olduğunu qabardırdı. Bu gün görürük ki, ölkədə yoxsulluğun səviyyəsi Avropa səviyyəsinə enib, ötən 5 il ərzində 750 mindən çox yeni iş yerləri açılıb. Azərbaycanda əmək miqrantlarının sayı getdikcə artır. Öləkədə çox sürətli inkişaf var. Bu gün dünya iqtisadi böhran içərisindədir, amma Azərbaycan böhrandan əziyyət çəkmir. Bütün bunlar ağıllı və düzgün siyasi kursun nəticəsidir. Ölkəmiz inkişafdadır, ÜDM-də artım var. Hətta dünyanın ən aparıcı dövlətlərində belə indiki maliyyə böhranı ilə əlaqədar ÜDM-də artım yoxdur, bəzilərində hətta geriləmə var. ÜDM elə bir makroiqtisadi göstəricidir ki, bütün inkişafı özündə əks etdirir. Ona görə də, elə bir məsələ yoxdur ki, müxalifət həmin məsələləri tutub gündəmdə qalsın. Bilmirlər ki, nədən yapışıb gündəmdə qalsınlar. Gənclərin məsələsinə gəldikdə, Azərbaycanda uzun illərdir ki, heç kəs əsassız şəkildə saxlanılmır. Ölkəmiz AŞPA-nın üzvüdür, Avropanın bir parçasına çevirilib. Azərbaycan demokratik, insan hüquqlarına hörmət edən, onu qoruyan dövlətdir. İnsan hüquqları ilə bağlı bölmə Konstitusiyamızın əsas hissəsini təşkil edir. Belə olan halda ölkədə heç kəsi əsassız şəkildə saxlamazlar. Ona görə də, belə məsələlərdən sui-istifadə edib, siyasi dividend qazanmağa dəyməz.
- "Yeni Müsavat" qəzeti yazmışdı ki, həmin gənclər ABŞ-ın proqramına uyğun olaraq ölkədə dövlət çevirilişi etməyə səy göstəriblər. Bu yazılardan sonra Ə.Kərimov, İ.Qəmbərov və digərləri qəzetə qarşı kampaniyaya başladılar. Bu pradoksal vəziyyəti nə ilə əlaqələndirmək olar?
- Yenə də deyirəm ki, onlar sadəcə, gündəmdə qalmaq üçün belə absurd məsələlərdən yapışırlar. Sadəcə olaraq, bu, onların özlərinin ziyanına işləyir. Bu cür məsələlərdən belə siyasi məqsədlər üçün istifadə etmək onların özlərinin əleyhinədir. Onsuz da onlar cəmiyyətdə nüfuzlarını, dəstəklərini itiriblər. Başa düşməlidirlər ki, belə məsələlərdə olub qalan tərəfdaşlarını daha çox itirəcəklər. Məsələyə belə yanaşmaq qətiyyən düzgün deyil. Ümumiyyətlə, Azərbaycanda dövlət çevirilişi edə biləcək heç bir qüvvə yoxdur. Bu iddiada olan qüvvələr neytrallaşdırılıbdır.
- Dediniz ki, hər zaman müxalifət müxtəlif məsələlərdən yararlanmağa çalışır. Bir qədər əvvəl də psixi pozğunluğu aşkarlanan adamın partiya sədrlərini məktub vasitəsilə hədələməsi ilə bağlı həmin şəxslər mətbuat konfransı keçirdilər. Bu məsələrlə bağlı nə deyə bilərsiniz?
- Bu, doğrudan da, cəmiyyətdə acı iztehza doğuran məsələdir. Təbii ki, ruhi baxımdan problemi olan insanları daha da alçatmaq doğru deyil, onların taleyi ilə oynamaq olmaz. Həmin insan onların sırasından olan bir vətəndaş idi. Onu da çoxları şəxsən tanıyırdılar. Onu müalicə etmək üçün əllərindən gələni etmək əvəzinə, həmin adamdan cinayətar obrazı yaradırdılar. Yəni, bunlar o qədər dəyərli insanlardır ki, kimsə bunları hədələyir? Bütün bunlar gülüş doğurur. Müxalifət "lider"lərinin həmin məsələdə tutduğu mövqeyə cəmiyyətin olduqca mənfi münasibəti formalaşdı.