- Bildiyimiz kimi payızda bələdiyyə seçkiləri keçiriləcək. Səsvermə gününə 75 gün qalmış MSK-nın qərarı olmalıdır. Artıq MSK bələdiyyə seçkiləri ilə bağlı bir sıra təlimatlar hazırlayıb. Həmçinin, seçki ərəfəsi seçki siyahıları yenidən dəqiqləşdirilir, yerlərə göndərilir, baxılandan sonra dairələrə qaytarılır, sonda iclasda təsdiq edilir. Bu, ona görə vacibdir ki, bələdiyyə seçkiləri böyük siyasi kampaniya olmaqla yanaşı, həm də yerli bələdiyyə orqanlarının formalaşdırılmasıdır. Məlumdur ki, Milli Məclis tərəfindən bir neçə kiçik bələdiyyənin bir bələdiyyə birləşdirilməsi haqqında qərar qəbul olunub. Bu bələdiyyələr birləşəndə də seçki siyahıları həmin ərazilər üzrə təsdiq olunub, dəqiqləşdirilməlidir. Sonra MSK-nın informasiya mərkəzində öz əksini tapmalıdır. Biz hazırda bu işləri görürük. Təlimatlar hazırlanır, seçki siyahıları dəqiqləşdirilir.
- Dairə seçki komissiyalarına, təbii ki, yeni üzvlər qəbul olunub. Onların maarifləndirilməsi, MSK-nın təlimatının öyrədilməsi istiqamətində nə kimi işlər aparılır?
- Bununla bağlı hər bir dairənin özündə keçən ildən aparat yaradılıb. Hər bir dairədən komissiya üzvləri ilə aparatın işini, eyni zamanda, komissiya üzvlərinin maarifləndirilməsini və seçkilər ərəfəsində treninqlər keçirəcəyik. Son vaxtlar Naxçıvan MR-də bir neçə dairə sədri və katiblərinin, həmçinin, komissiya üzvlərinin dəyişdirilməsi oldu. Eyni zamanda, Bakı şəhərində dəyişikliklər olub. Bununla bağlı, təbii ki, aparatın özündə, ayrı-ayrı dairələrdə dairə komissiya üzvlərinin iştirakı ilə seçki qanunvericiliyi, son vaxtlar dairələrlə bağlı qəbul olunmuş qərarlar onlara izah olunur. Bu qayda ilə işlərimizi həyata keçiririk.
- Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi zəruriliyi yenidən gündəmə gəlib və Venesiya Komissiyasının öz təkliflərini təqdim etdiyi bildirilir. Bununla bağlı nə deyə bilərsiniz?
- Seçki Məcəlləsinə əlavə və dəyişiklər edilirsə, bu məqsədlə parlamentin, ayrı-ayrı QHT-lərin təklifləri olur. Bunlara Milli Məclisdə baxılır və eyni zamanda, həmin təkliflər Venesiya Komissiyası təqdim olunur. Biz yalnız icraçıyıq.
- Ümumilikdə, Venesiya Komissiyası ilə MSK-nın əlaqələri hansı səviyyədədir?
- Çox normal səviyyədədir. MSK-nın beynəlxalq şöbəsi var. Mütamadi olaraq onlarla əlaqə saxlanılır. Onların nümayəndələri iclaslarımızda iştirak edir. Keçən ilə prezident seçkilərində onlarla birgə iclaslarımız oldu. Parlamentin iclaslarında izlədim ki, Seçki Məcəlləsinə bəzi əlavə və dəyişikliklərin edilməsi təklifi irəli sürülüb. Payız sessiyasında ola bilsin ki, baxılsın.
- Müxalifətdən MSK-ya nümayəndə göndərilməli idi. Bu məsələ nə yerdədir?
- Seçki Məcəlləsinə görə, komissiya üzvləri parlamentdə çoxluq, azlıq təşkil edənlər və bitərəflər tərəfindən təqdim olunur. Komissiya üzvü birtərəflərin müxalifət tərəfindən təqdim olunan namizədi olmalıdır. Müxalifət də digərləri ilə razılığa gəlib bir nəfər göndərməlidir.
- Müxalifət bütün hallarda seçki ərəfəsi cəmiyyətdə müəyyən çaşqınlıq yaratmağa səylər göstərir. MSK bununla bağlı qabaqlayıcı tədbirlər görməyi planlaşdırır?
- Buna əvvəlcədən proqnoz vermək olmaz. Amma biz bütün fəaliyyətimizi Seçki Məcəlləsinin tələbi səviyyəsində, parlamentdə qəbul edilmiş qanunlar və ölkə başçısının verdiyi sərəncamlarla qururuq. Çalışırıq ki, seçkilər ədalətli, şəffaf, demokratik keçirilsin.
- Müxalifət qəzetlərinin yazdığına görə, MSK seçki saxtakarlığına yol verilməsi üçün indidən hazırlığa başlayıb. Bu məntiqsizlik haradan doğur?
- Bu, təbii ki, məntiqsizlikdir. Onlar daima belə addımlar atır, nəticəsi də olmur. Keçirilən seçkilər beynəlxalq qurumlar tərəfindən müsbət rəy aldı. Fəaliyyətimiz çox şəffafdır. Hər bir komissiyanın iclası beynəlxalq, yerli müşahidəçilər və KİV tərəfindən izlənilir.
- Dediniz ki, MSK-nın fəaliyyəti kifayət qədər şəffafdır. Amma müxalifət MSK-ya qarşı sərt ittihamlarını davam etdirir...
- Ümumilli məsələlərdə hamı bir qərara gəlməlidir. Müxalifətin də elektoratı olmadığına, özlərini cəmiyyətdə təsdiq edə bilmədiklərinə görə, hər cür pisliyə əl atmağa çalışırlar.
- YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov müxalifət partiya sədrlərini bələdiyyə seçkilərinə namizədlərini irəli sürmələrini və bununla da, özlərinin reytinqinin müəyyənləşdirilməsini təklif etmişdir. Bu təklifə münasibətiniz necədir?
- Cəmiyyətin hər bir üzvü, ictimai təşkilat, siyasi partiya namizədliyini irəli sürə bilər. Kimin nə gücü varsa, ortaya qoysun. Biz ancaq ədalətli, şəffaf seçkilərin keçirilməsinə nail olmağa çalışırıq. Hesab edirəm ki, bələdiyyə seçkiləri də tam demokratik və azad keçiriləcək.