Məlum olduğu kimi, bu günlərdə Dağlıq Qarabağ münaqişəsinə dair aparılan danışıqlarda mərhələli həll planına uyğun olaraq münaqişənin həlli nəzərdən keçirilir. Bu mənada, ilk növbədə, Dağlıq Qarabağ ətrafı beş rayonun geri qaytarılması müzakirə mövzusu ola bilər. Bəs görəsən, bu variantın reallaşması nə dərəcədə münaqişənin hazırkı vəziyyətini düzgün əks etdirir? Dağlıq Qarabağ ətrafında gedən danışıqlarda bu və digər mövzularda suallarımıza aydınlıq gətirmək üçün politoloq Elşad Mirbəşiroğluna müraciət etdik.
- Dağlıq Qarabağ ətrafı beş rayonun qaytarılması nə dərəcədə mümkündür və bu hazırkı reallığı nə qədər düzgün əks etdirə bilər?
- Doğrudan da, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi yolunda aparılan danışıqlar son zamanlar öz dinamikliyi ilə seçilir. Mən bunu təkcə 2009-cu il ilə bağlamazdım. 2008-ci ildə, bildiyiniz kimi, Azərbaycan, Ermənistan, Rusiya prezidentlərinin iştirakı ilə Moskva bəyannaməsi imzalandı. Mən belə hesab edirəm ki, bu bəyannamənin imzalanması ilə münaqişənin həllində yeni mərhələnin başlanmasının əsası qoyuldu. Əlbəttə, bu bəyannamənin imzalanmasından sonra Azərbaycan və Ermənistan prezidentlərinin Rusiya prezidentinin iştirakı ilə bir neçə dəfə görüşü keçirildi. Son görüş də məhz ötən ay Sankt- Peterburqda keçirildi. Danışıqlar prosesində müsbət notlar özünü büruzə verdi.
Ümumiyyətlə, bir şeyi nəzərinizə çatdırım ki, Rusiya bu münaqişənin tənzimlənməsi prosesinə kənar qüvvələrin müdaxilə etməməsi üçün özü çalışır ki, hər hansı bir müsbət addımı atsın. Ona görə də, Cənab Prezidentin də öz müsahibəsində səsləndirdiyi kimi Dağlıq Qarabağətrafı rayonların qaytarılması çox realdır. Çünki artıq istər Qərb istərsə də Rusiya seçim qarşısındadır. Bu da regionda yeni formalaşan keyfiyyət və kəmiyyət etibarilə yeni geosiyasi vəziyyətlə bağlıdır. Bildiyiniz kimi, Avropa üçün çox böyük əhəmiyyət kəsb edən NABUCCO layihəsinin gerçəkləşdirilməsi məsələsində Azərbaycan qazının rolu böyükdür. Ona görə də, Azərbaycanın maraqlarını təmin edəcək addımların atılması gözlənilir. Rusiya isə maraqlıdır ki, Azərbaycan qazını özü alsın, Qərbə satsın və Qərbi özündən asılı saxlasın. Qərb də istəyir ki, Rusiyanın enerji asılılığından canını qurtarsın. Ona görə də, Qərb tərəfi də Rusiya tərəfi də danışıqların intensivləşməsində maraqlıdır. Bu istiqamətdə nəzərəçarpacaq addımlar atılır. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin dəfələrlə regiona səfərləri və prezidentlər arasında görüşlərin təşkil edilməsində göstərdikləri səy bir çox məqamlardan xəbər verir. Bundan başqa da, bildiyiniz kimi, bir neçə gün bundan qabaq ABŞ prezidenti Barak Obama Rusiyaya səfəri zamanı və səfərdən öncə Türkiyə prezidenti ilə telefon danışığında Dağlıq Qarabağ münaqişəsini müzakirə etdi. Buna görə də, belə hesab edirəm ki, Dağlıq Qrabağətrafı beş rayonun qaytarılması tam reallığa uyğundur.
Onu da bildirmək istərdim ki, son zamanlar vasitəçiliyin "xalq diplomatiyası" həyata keçirilib ki, bu da çox müsbət qiymətləndirilməlidir. Çünki tərəflərin öz aralarında birbaşa olaraq kommunikasiya kanalları yaratması münaqişənin tənzimlənməsini çox səmərəli edir.
- Bəs Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi hansı yolla mümkündür? Burada referendumun keçirilməsi doğrudurmu?
- Bildiyiniz kimi, keçirilən görüşlərdə razılaşdırılmamış məsələlərdən biri də Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsidir. Ümumiyyətlə, mərhələli həll planına uyğun olaraq birinci Dağlıq Qarabağətrafı rayonlar işğaldan azad olunmalı idi. Lakin sonradan məcburi müəyyən zaman keçdikdən sonra Dağlıq Qarabağın statusu məsələsinə baxılmalı idi. Burada həm qaçqın, həm də köçkünlər öz evlərinə qayıtmalı, demilitarizasiya baş verməli, nəzarət həyata keçirilməli və məhz bütün bunlardan sonra Dağlıq Qarabağın statusuna baxılmalı idi. Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında bəyan edib ki, biz Azərbaycanın tərkibində Dağlıq Qarabağa yüksək muxtariyyət verməyə hazırıq. Problem isə ondan ibarətdir ki, Ermənistan tərəfi bu danışıqlara da getmək istəmir və radikal mövqe tutur. Onların əsas məqsədi mövcud status-kvonun saxlanmasından ibarətdir. Sözsüz ki, bu da Rusiyanın bəzi dairələrinin istəklərindən irəli gəlir. Özünüz də bilirsiz ki, Ermənistan Rusiyanın diqqəti altındadır. Ermənistan prezidenti başqa ölkələrdə özünü daha radikal apardığı halda, Rusiyada özünü daha üzüyola aparır.
Dağlıq Qarabağın statusuna gəldikdə isə bu haqda danışmaq hələ tezdir. Amma qeyd etdiyim kimi, bu, yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır. Əlbəttə, referendum məsələsi də müzakirə edilə bilər.
- Bildiyiniz kimi, "Böyük səkkizliy"in görüşü keçirilir. Bu görüşdə də Dağlıq Qarabağ münaqişəsinin müzakirə ediləcəyi gözlənilirmi?
- Ümumiyyətlə, onu bildirmək istərdim ki, "Böyük səkkizliiy"in görüşündə Azərbaycan üçün maraqlı olan dövlətlər var. Əgər bu gün ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təmsil etdiyi ölkələrin başçılarının görüşündə bu məsələ müzakirə olunursa, bu, çox müsbət bir haldır. Çünki bu formatda keçirilən görüşlər çox nadir hallarda baş tutur. Mən deməzdim ki, bu görüşdən sonra hansısa konkret addımlar atılacaq. Lakin bu tərkibdə görüşlərin keçirilməsi, əlbəttə, danışıqların aparılmasında, dinamikliyin artmasında mühüm rol oynaya bilər.