PDF Oxu

Müsahibə

  • 10

14 iyul ulu öndərin böyük missiyaya başladığı gündür

14 iyul ulu öndərin böyük missiyaya başladığı gündür

1969-cu il iyulun 14-də ulu öndər Heydər Əliyevin ölkəmizə birinci rəhbərlik dövrünün başlanması Azərbaycanın dövlət müstəqilliyinə gedən yolun başlanğıcı idi. Lideri olmayan dövlət heç vaxt tanına, beynəlxalq aləmdə nüfuz qazana, üzləşdiyi taleyüklü problemləri həll edə bilməz. Lideri olmayan dövlətin xalqı həmişə narahat yaşayır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tarixi bir missiyanı uğurla, fədakarcasına yerinə yetirərək Azərbaycan dövlətinin, Azərbaycan xalqının taleyində müstəsna rol oynamışdır. Təsadüfi deyildir ki, dünyanın ən nüfuzlu dövlət başçıları, siyasi xadimləri Heydər Əliyevi XX əsrin yetişdirdiyi böyük şəxsiyyətlərdən hesab edir.

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, professor Şahlar Əsgərov bizimlə söhbətində bildirdi ki, 40 il ərzində Heydər Əliyev bütün fəaliyyəti ilə ictimai şüura daxil oldu. Yəni, Heydər Əliyevdən də qabaq Azərbaycana çox adam rəhbərlik edib. Amma onların heç biri ictimai yaddaşa Heydər Əliyev qədər müdaxilə edə bilməmişdi.
- O, ona görə ictimaiyyətin şüuruna daxil ola bildi ki, xalq üçün, dövlət üçün yaratdı, qurdu. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanın hər bir yerində nəhəng layihələr, yenidənqurma işləri həyata keçirilirdi. 1969-cu ildə hakimiyyətə gəldiyi ilk günlərdən Heydər Əliyev bütün sahələrdə yüksək ixtisaslı kadrların yetişdirilib hazırlanması məsələsinə böyük diqqət və qayğı göstərdi. Bu kadrların böyük əksəriyyətini respublikanın özündə hazırlamaq məqsədilə, O, ali və orta ixtisas müəssisələrinin maddi-texniki bazasını möhkəmləndirdi. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və gərgin əməyi nəticəsində C.Naxçıvanski adına hərbi məktəbin açılması Azərbaycanın həyatında çox mühüm bir hadisə oldu. İlk dəfə olaraq ölkədə hərbi kadrlar yetişdirilməyə başlandı. Bundan başqa, azərbaycanlı gənclərin SSRİ-nin adlı-sanlı ali hərbi məktəblərinə göndərilməsinin də təşəbbüskarı məhz Heydər Əliyev oldu. Biz bu addımın da vacibliyini müstəqillik qazandıqdan sonra, erməni təcavüzkarlığı ilə qarşılaşanda bir daha dərk etdik, ümummilli liderimiz Heydər Əliyevin hər bir addımının müstəqilliyə hesablandığının bir daha şahidi olduq.
Heydər Əliyevin Azərbaycandakı bu fəaliyyətinə ittifaq rəhbərliyində qısqanclıqla yanaşanlarla birlikdə, rəğbət göstərənlər də var idi. Onun potensialından bütün SSRİ-nin xeyrinə istifadə etmək üçün O, Moskvaya - Nazirlər Soveti sədrinin birinci müavini postuna və SSRİ Siyasi Bürosunun üzvlüyünə seçildi. Heydər Əliyev burada da böyük işlər gördü. 1982-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosuna üzv seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunur. Onun bu vəzifəyə təyin olunması erməniləri qorxuya salmışdı. Ümummilli liderimiz 1982-ci ildən sonrakı mərhələdə də milli maraqlarla bağlı məsələlərdə daim əzmkarlıq göstərmiş, mərkəzin yeritdiyi siyasətin ayrı-ayrı çalarları ilə bağlı tənqidi fikirlərini, mülahizələrini açıq şəkildə bildirmişdir.
- Ulu öndər Heydər Əliyevin sosial-iqtisadi strategiyasının davamlığı və dönməzliyi barədə nə deyə bilərsiniz?
- Heydər Əliyev Azərbaycanın siyasətini müəyyən edərkən, O, ölkənin gələcək yolunu da müəyyən etdi. Dedi ki, bu yol haqq, ədalət, demokratiya yoludur. Bu yol bizi xoşbəxt gələcəyə aparacaq. Bu, Heydər Əliyevin 1995-ci ildə dediyi sözlərdir. Bugünkü iqtisadiyyat xoş gələcək üzərində qurulmuş yoldur. Ulu öndərimiz hələ o dövrlərdən milli inkişafın yeganə yolunu xalqın yüksək təhsil almasında, maariflənməsində görmüş, respublikada elmin inkişafı üçün bütün zəruri tədbirləri həyata keçirmişdir. Ümummilli liderin yeritdiyi siyasətin dərinliyi və uzaq hədəflərə hesablanması da, məhz onun elmi prinsiplər üzərində qurulması, zəngin intellektual potensiala söykənməsi ilə şərtlənir. Həmin illərdə respublikamızda məktəb tikintisi prosesinin sürətlənməsi, maarif işinin yüksək səviyyədə təşkili, ixtisaslı kadrlar hazırlayan yeni ali məktəblərin açılması, fundamental və humanitar elmlərin inkişafı, əldə olunan kəşflərin iqtisadiyyatın bütün sahələrində tətbiqi ulu öndərimizin təhsil siyasətinin əsasını təşkil edirdi. 1969-1982-ci illər ərzində Heydər Əliyev respublikanın kənd təsərrüfatı sənayesinə rəhbərlik edən adam kimi çıxış edirdisə, 1993-cü ildən artıq siyasi lider kimi nəzarət edirdi. Heydər Əliyev mükkəməl siyasətçi kimi Azərbaycana keçid dövründə rəhbərlik edib. Böhranlar içərisində boğulan Azərbaycanı tənəzzüldən xilas edərək, iqtisadiyyatı tərəqqiyə çevirdi.
- Sizcə, bu gün ulu öndərimizin əsasını qoyduğu tərəqqi, inkişaf strategiyası lazımi səviyyədə davam etdirilmi?
- İqtisadiyyat, təsərrüfat, Dağlıq Qarabağ problemi lazımi səviyyədə davam edir. Onu da qeyd edim ki, Dağlıq Qarabağ problemi təkcə Azərbaycan dövlətinin, başçısının iradəsindən asılı deyil. Bu qloballaşan məsələ olduğu üçün burada bir çox dövlət başçılarının iradəsi də əsas rol oynayır. Məhz Onun siyasətinin nəticəsidir ki, Azərbaycan iqtisadiyyatı, sənayesi, kənd təsərrüfatı inkişaf edir, ildən-ilə böyük müvəffəqiyyətlər qazanır. Heydər Əliyevin fəaliyyəti gələcək müstəqil Azərbaycan üçün hesablanmışdı. O, inanırdı ki, rəhbərlik etdiyi Azərbaycan bir gün mütləq dünyanın müstəqil dövləti olacaq. Bu gün Heydər Əliyev dühası ilə milli dövlətçilik ideyaları arasındakı bağlılığın 40 il əvvələ təsadüf etdiyini bütün obyektiv tarixçilər etiraf edirlər. Həmin illərdə Azərbaycanda aparılan misli görünməmiş quruculuq işlərini dövlət müstəqilliyimizə təminat yaradan başlıca amil kimi nəzərdən keçirmək lazımdır. Əgər Heydər Əliyevin respublikamıza rəhbərliyinin birinci dövründə xalqımızın sosial, iqtisadi, mədəni yüksəlişi üçün həyata keçirilən tədbirlər, milli şüurun oyanışı istiqamətində lazımi işlər görülməsəydi, bu gün Azərbaycanın müstəqil xəttə malik, heç bir dövlətdən asılı olmayan təsisat kimi mövcudluğu şübhə altında olardı. Gələcək Azərbaycan dövləti iqtisadi-siyasi cəhətdən daha qüdrətli dövlətə çevriləcək. Çünki ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycanın inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Ölkəmiz dünyanın sivil ölkələrindən birinə çevrilir.

Digər xəbərlər