PDF Oxu

Müsahibə

  • 11

Azərbaycan təhsili sürətlə Avropa təhsil məkanına inteqrasiya edir

Azərbaycan təhsili sürətlə Avropa təhsil məkanına inteqrasiya edir
- Yusif müəllim, uzun sürən müzakirələrdən sonra "Təhsil haqqında" Qanun Milli Məclisdə qəbul olundu. Təhsil ictimaiyyətinin böyük əksəriyyətinin dəstəklədiyi və yüksək qiymətləndirdiyi bu sənəd haqqında sizin də fikirlərinizi öyrənmək istərdik.
- Təbiidir ki, dünya inkişaf gedir, hadisələr çox sürətlə dəyişir. O cümlədən, təhsil sistemində də böyük dəyişikliklərin olması, mütərəqqi qərarların qəbulu zamanın tələbidir. Azərbaycan təhsili də inkişaf edir. Razılaşmaq lazımdır ki, hər zaman dövrə və zamana uyğun yeni normativ sənədlərin və qanunların yaradılması vacibdir. Bu baxımdan, ictimaiyyət yeni təhsil qanununun qəbul olunmasını gözləyirdi. Milli Məclis tərəfindən nəhayət ki, çərçivə qanunu qəbul olundu və bundan sonra qəbul olunan bütün qərarların əsasında məhz bu qanun dayanacaq. Hesab edirəm ki, bu qanunun qəbulundan sonra təhsil sahəsində xeyli dəyişikliklər baş verəcək.
İstər struktur baxımından, istərsə də təlim metodları baxımından ali təhsil sahəsində gözlənilənlər çoxdur. Ölkəmizdə təhsil sistemində çox ciddi işlər gedir. Bu işin dinamikası müxtəlif göstəricilərlə dəyərləndirilə bilər. Məsələn, ölkədə son illərdə inşa olunan müasir tipli və yüksək təchizatlı məktəblərin sayına baxın. Orta məktəblərimizin informasiya texnologiyaları ilə təchizatı bir neçə il əvvəl 1000 şagirdə 1 kompüter nisbətində idisə, indi, yerinə yetirilmiş dövlət proqramı nəticəsində 28-29 şagirdə bir kompüter nisbətindədir. İndi müəllimlərin yeni təlim texnologiyalarına və üsullarına yiyələnməsi vacib şərtdir və ön plana çəkilir. Bu istiqamətdə də məqsədyönlü iş aparılır. Əsas vəzifə müəllim hazırlayan universitetlərin üzərinə düşür. Yeni nəsil müəllimlər dünyanın aparıcı ölkələrinin təhsil sistemindən xəbərdar olmalı və müasir təlim üsullarını bilməli və tətbiq etməli, eyni zamanda milli təhsil dəyərlərimizin də qorunmasını təmin etməlidir. Təcrübəli müəllimlərimizin bilik və bacarığından geniş istifadə olunmalı, eyni zamanda onların yeni təlim texnologiyalarına yiyələnmələri üçün müvafiq işlər aparılmalıdır.
- Bu gün faktiki olaraq, təhsildə ikiistiqamətlilik hələ də qalmaqdadır. Yəni bəzi təhsil müəssisələri qısa müddət ərzində Qərb standartlarını mənimsədiyi halda, bəziləri hələ də təhsildə sovet metodologiyalarının tətbiqində davam edirlər. Sizcə, Avropa təhsil sisteminə keçid hansı səviyyədədir?
- Bu sahədə müəyyən çətinliklərin qarşımıza çıxması təbiidir. Nəzərə almaq lazımdır ki, uzun illər formalaşmış bir sistem var. Təbiidir ki, bir sistemdən digərinə keçiddə həm müəyyən qədər çətinliklər var, həm də cəmiyyətin bəzi təbəqələri sovet dönəmindəki təhsili daha yaxşı hesab edir. Amma dünyanın əksər yerlərində təhsildə Qərb standartları tətbiq olunur. Elə Sovetlərin varisi hesab olunan Rusiyanın özündə də Qərb standartlarına üstünlük verilir. Bunun da bir çox səbəbi var. İnsanlar daha eyni yerdə təhsil alıb, işləmirlər. Bu gün burda təhsil alan sabah başqa yerdə təhsilini davam etdirə və ya işləyə bilər. Ona görə də standartlar da eyniləşməlidir. Bizim məzunumuz Fransada işləmək istəyirsə gərək təhsildə eynilik olsun ki, onu işə götürsünlər.
O ki qaldı, müqayisəyə - hansı təhsil sisteminin daha uğurlu olmasına, bu, yəqin ki, ölkələrin inkişaf səviyyəsi ilə dəyərləndirilə bilər. Dövlət başçımız cənab İlham Əliyev dəfələrlə vurğulayıb ki, qabaqcıl ölkələrin inkişaf tarixinin təhlili göstərir ki, onların uğurlarının əsas səbəbi hansısa təbii sərvətlər deyil, onlarda güclü təhsil sisteminin olması, elmin nailiyyətləridir.
Bu baxımdan Azərbaycan təhsil sistemi bu gün Qərbə inteqrasiya yolunu tutub. Bilirsiniz ki, biz 2005-ci ildən Boloniya prosesinə qoşulmuşuq. Bu sistemin xüsusi tələbləri var. Onlardan biri qiymətləndirməni kredit yolu ilə aparılmasıdır. Azərbaycanın əksər universitetləri, o cümlədən Pedaqoji Universitet artıq kredit üsuluna keçib. Bu istiqamətdə iş davam edir.
- Azərbaycan dövlətinin təhsilin, elmin inkişafına diqqət və qayğısı inkar olunmazdır...
- Ölkə Prezidentinin təhsilə diqqəti böyükdür. Təhsilin inkişafı da elə bu diqqətdən asılıdır. Ölkədə təhsillə, yeniyetmələrin, gənclərin, istedadların inkişafı ilə bağlı Təhsil Nazirliyi xətti ilə çox məzmunlu dövlət proqramları həyata keçirilir. Amma təhsilin inkişafı ilə təkcə ölkə Prezidenti, yaxud da Təhsil Nazirliyi məşğul olmamalıdır. Buna cəmiyyətin, bütün təşkilatların dəstəyi olmalıdır. Bu baxımdan mən Heydər Əliyev Fondunun təhsilin inkişafı ilə bağlı gördüyü işləri yüksək dəyərləndirirəm.
- Təhsil sahəsində qarşıya çıxan məsələlərdən biri də tələbələrin biliyinin qiymətləndirilməsi zamanı bəzi problemlərin yaranmasıdır. Bu baxımdan rəhbərlik etdiyiniz universitetdə tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi üçün hansı addımlar atılır?
- Ümumiyyətlə, Universitetimiz yarandığı 1921-ci ildən indiyədək ölkəmiz üçün 120 minə qədər müəllim kadrı hazırlayıb. Hazırda universitetdə təhsil alan tələbələrin sayı 8000-dən bir qədər artıq, müəllimlərimizin sayı isə 800-ə qədərdir.
Müəllimlərimiz arasında xeyli sayda Akademiya üzvüləri, Prezident təqaüdçiləri, Əməkdar Elm xadimləri, Əməkdar müəllimlər, digər yüksək dövlət mükafatları ilə təltif olunanlar var. Biliyin qiymətləndirilməsinə gəlincə, Pedaqoji Universitetdə bu istiqamətdə də yenilik edilir. Bu prosesə iki il öncə başlamışıq. Kredit qiymətləndirmə sistemi 100 ballıq sistemdir. 50 bal semestr zamanı, 50 bal imtahan zamanı toplanılmalıdır. Semestr zamanı tələbənin aldığı balı belə qiymətləndiririk - 10 bal mühazirə yazmağına görə, 10 bal davamiyyətə görə, 30 bal isə kollekvium keçirməklə. Pelaqoji universitetdə 180 kompüterlik 5 kompüter zalı yaradılmışdır ki, bu da bütün kollekviumların və əyani şöbənin bütün imtahanlarının kompüterlərlə aparılması imkanını vermişdir. Hal-hazırda ADPU-da bütün bu qiymətləndirmələr heç bir subyektiv amilin təsirinin mümkün olmadığı bir şəraitdə, kompüterlər vasitəsilə aparılır.

Digər xəbərlər