Azərbaycan səhiyyəsi uğurla inkişaf edir
- Elsevər müəllim, son illər Azərbaycanda səhiyyə sahəsində ciddi inkişaf müşahidə olunur. Öncə istərdik ki, respublikamızın inkişafında əvəzsiz xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin səhiyyə sistemində həyata keçirdiyi islahatlar barədə məlumat verərdiniz?
- Məlum olduğu kimi iyulun 14-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə gəlişinin 40 ili tamam olur. 40 il əvvəl ölkəmizin inkişafının dərin təməlləri qoyulub. Ulu Öndər Heydər Əliyev respublikamızın ictimai-siyasi, iqtisadi-sosial, elmi-mədəni, səhiyyə və ümumiyyətlə bir çox sahələrində sıçrayışlı dinamik inkişafı üçün dərin siyasətin konseptual əsaslarını müəyyənləşdirib. İstər birinci hakimiyyəti, istərsə də ikinci hakimiyyəti dövründə Heydər Əliyev bütünlüklə həyatını Azərbaycan üçün, dövlət üçün sərf edib. Azərbaycanın ən inkişaf etmiş ölkəyə çevrilməsi üçün gərgin fəaliyyət göstərib. Ümummilli Lider Heydər Əliyev fəaliyyətinin bütün mərhələlərində xalqımızın xoşbəxtliyi və xoş rifahının təmin olunması istiqamətində gərgin və əzmkarlıqla çalışıb.
Ulu Öndər Heydər Əliyevin birinci hakimiyyəti dövründə həyata keçirilən kompleks genişmiqyaslı islahatların böyük bir hissəsi də səhiyyə sahəsində mühüm proqramların icrası ilə bağlıdır. Heydər Əliyevin Azərbaycan səhiyyəsinə bəxş etdiyi töhvələr əvəzsizdir. Məlum olduğu kimi ötən əsrin 60-cı illərinin sonu-70-ci illərin əvvəllərində Azərbaycan səhiyyəsində inkişaf bir o qədər ürəkaçan səviyyədə deyildi. Dahi şəxsiyyətin hakimiyyətə gəlişi ilə respublikamızda mühüm əsaslı dəyişikliklər müşahidə olundu. 1969-cu ilin dekabr ayında Heydər Əliyevin təşəbbüsü ilə səhiyyə qanunvericiliyi ilə bağlı qərar qəbul edildi. Bu və digər çoxsaylı qanunların qüvvəyə minməsi və müxtəlif tədbirlərin həyata keçirilməsi səhiyyə sektorunda inkişafa yol açdı. O dövrdə qəbul edilən Sağlamlıq Məcəlləsi bu sahədə çox böyük inkişafa səbəb oldu. "Səhiyyə Haqqında" Azərbaycan SSR Qanunu da Heydər Əliyevin adı ilə bağlıdır.
1970-ci illərdə ucqar rayon və kəndlərdə xəstəxana və poliklinika binalarının tikilməsi və təmirinə, ixtisaslı həkimlərə, xüsusilə kardioloq, onkoloq, ginekoloq, nevropotoloq və digərlərinə böyük ehtiyac olduğunu nəzərə alan Heydər Əliyev bu sahəyə də xüsusi diqqət ayırırdı.
Həkimlərin və orta tibbi təhsilli işçilərin çatışmamazlığını aradan qaldırmaq üçün ilk növbədə Heydər Əliyevin təşəbbüsü ilə Tibb İnstitutuna tələbə qəbulu artırıldı, ucqar kənd rayonlarından gələn abituriyentlər üçün güzəştlər tətbiq edildi. Bununla da rayonların səhiyyə müəssisələrində kadr çatışmamazlığı aradan qalxmağa başladı. 1970-80-ci illərdə Heydər Əliyev 30-a yaxın gənc azərbaycanlı alimin müxtəlif ixtisaslar üzrə ittifaq səviyyəsində doktoranturaya qəbul edilməsinə nail oldu.
Heydər Əliyevin Azərbaycan səhiyyəsinə diqqət və qayğısı nəticəsində respublikamız Ümumittifaq müstəvisinə çıxmağa başladı. 1974-cü ildə beyində qan dövriyyəsinin keçici pozulmalarının qarşısının alınması və müalicəsi məsələlərinə həsr edilmiş Ümumittifaq simpozium, 1977-ci ildə oftalmoloqların Ümumittifaq elmi cəmiyyətinin plenumu məhz Bakıda keçirildi. Ulu Öndər 1970-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) regionlararası seminarının Bakıda keçirilməsi barədə qərar qəbul etdi. 1970-80-ci illərdə Azərbaycanda bu cür seminarların keçirilməsi artıq ənənə halını almışdı.
Ulu Öndər Heydər Əliyevin diqqəti nəticəsində hər il ən yaxşı həkimlərin, tibb mütəxəssislərinin orden, medal və fəxri fərmanlarla təltif edilməsi barədə qərarlar qəbul olunur, onlara respublikanın xalq həkimi, əməkdar həkimi, "Səhiyyə əlaçısı" fəxri adları verilir, maaş dərəcələri və vəzifə maaşları artırılırdı. 1982-ci il 23-24 oktyabr tarixi bütün tibb işçilərinin yaddaşına əbədi həkk olunub. Məhz o günlərdə sahə həkimlərinin keçirdiyi respublika qurultayında Heydər Əliyev də iştirak etmişdi.
- Ümummilli Liderin davamçısı Prezident İlham Əliyevin səhiyyə sektorunda həyata keçirdiyi proqramlar bu gün öz mühüm nəticələrini göstərməkdədir...
- Ulu Öndər Heydər Əliyevin siyasi varisi İlham Əliyevin prezident seçilməsindən sonra Azərbaycan səhiyyəsi yeni inkişaf mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin səhiyyəyə göstərdiyi xüsusi diqqət bu sahədə xeyli irəliləyişlərə səbəb olub. Onun müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasını, onların ən müasir avadanlıqlarla təmin olunmasını, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təzhiz olunmasını, müalicəsini, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsini, xüsusilə uşaqların bütün tibbi xidmətlərə ən yüksək səviyyədə əhatə olunmasını və səhiyyə sahəsində digər islahatların başlıca istiqamətlərini təşkil edir.
Həmin tədbirlər planına əsasən tibb müəssisələrinin maddi- texniki bazasının gücləndirilməsi, onların müasir tibb avadanlığı, dərman, sarğı materialları və ərzaqla təminatının yaxşılaşdırılması və idarəetmə sisteminin təkmilləşdirilməsi nəticəsində xəstəxana çarpayılarının işinin səmərəsi artıb. Əgər 2003-ci ildə hər çarpayı il ərzində 82 gün işləmişdirsə, 2008-ci ildə bu rəqəm 172.2 -yə bərabər olub. Bununla bərabər, 2003-cü illə müqayisədə 2008-ci ildə xəstəxanalarda müalicə olunan xəstələrin sayı 32 faiz, təcili tibbi yardım göstərilən xəstələrin sayı 29 faiz, ambulator müəssisələrə müraciət edənlərin sayı 17 faiz artıb. Tibb müəssisələrinin dərman preparatları ilə təminatı da əhəmiyyətli qədər yaxşılaşıb. 2007-ci illə müqayisədə 2009-ci ildə dərman xərclərinə ayrılan vəsait 40 faiz artırılıb. Əhaliyə pulsuz verilən 60 adda ən vacib dərman preparatlarının siyahısına müasir praktikada işlədilən daha 50 preparat əlavə edilib.
- Son illər nə qədər səhiyyə obyekti tikilib istifadəyə verilib?
- Səhiyyə müəssisələrinin tikintisi, əsaslı təmiri və yenidənqurması sahəsində də böyük işlər həyata keçirilib. Son 5 il ərzində ölkədə 254 tibb müəssisəsinin tikintisi və əsaslı təmiri aparılıb. Onlar tam təchiz edilərək açılıb və əhalinin istifadəsinə verilib. Bu ilin ötən dövründə isə 34 tibb müəssisəsinin açılışı olub. Bu müəssisələr şəhərlərlə yanaşı, bölgələri də əhatə edir. Son illərdə Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 12 regional məntəqəsi yaradılıb və bu, əhaliyə göstərilən tibbi yardımın müddətinin bir neçə dəfə qısalmasına səbəb olub. Tibbi yardımın keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədi ilə Prezidentin 2007-2009-cu il tarixli Sərəncamları ilə bu xidmətə 21 milyon manat vəsait ayrılıb. Həmin vəsait hesabına müasir tibb avadanlıqları ilə təchiz olunmuş 215 ədəd "Mercedes" markalı avtomaşın alınıb, Bakı, Naxçıvan və respublikanın digər iri şəhərləri də bu növ avtomaşınlarla təmin olunub, bu il ayrılmış 3 milyon manat vəsait hesabına alınacaq avtomaşınlar da regionlar üçün nəzərdə tutulub. Prezident İlham Əliyevin 30 dekabr 2007-ci il tarixli Sərəncamına əsasən, təcili və təxitəsalınmaz tibbi yardım xidmətində çalışan işçilərin vəzifə maaşları 2 dəfə artırılıb.
- Respublikamızın səhiyyə sisteminin inkişafında Heydər Əliyev Fondunun həyata keçirdiyi proqramların əhəmiyyəti də xüsusi qeyd olunmalıdır...
- Heydər Əliyev Fondu ölkəmizdə səhiyyə islahatlarının aparılmasında iştirakı ilə xüsusi olaraq seçilir. Fondun təşəbbüsü ilə çox mühüm tədbirlər həyata keçirilib və bu sahədə əhəmiyyətli nailiyyətlər əldə olunub. Uşaqlara diqqət və qayğı Fondun başlıca məqsədlərindən olduğundan qan xəstəliklərinin müalicəsi ilə bağlı bir çox layihələr həyata keçirilib. Hematoloji yardım və qan xidmətinin inkişafına yüksək diqqət yetirən Heydər Əliyev Fondunun gördüyü işlər nəticəsində, tədarük olunan qan və onun komponentlərinin miqdarı artıb, qanın komponentlərə bölünməsi işi yaxşılaşdırılıb, təmənnasız donorların sayı yüksəlib və qanın təhlükəsizliyinin təmin edilməsində irəliləyiş əldə edilib. Eləcə də talassemiyalı, hemofiliyalı və hemodializdə olan xəstələrin qanın komponentləri ilə təmin edilməsinə əsasən nail olunub. Bunun nəticəsidir ki, 2003-ci illə müqayisədə qanvermələrin sayı 2 dəfəyə yaxın artıb. 2007-ci ildə 10 tona yaxın qan tədarük olunmuşdur, 2008-ci ildə isə bu 17 tona çatdırılmışdır. Bu da respublikanın qana olan ehtiyacını tam ödəməyə imkan verir. Talassemiya xəstəliyinin profilaktikasının və xəstələrin müalicəsinin müasir tələblərə uyğun təşkili məqsədi ilə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və bilavasitə dəstəyi ilə hazırda Talassemiya Mərkəzi inşa edilib və bu yaxınlarda istifadəyə verilib. Bu, respublikada sümük iliyinin köçürülməsi əməliyyatlarının həyata keçirilməsinə imkan verir. Onu da xatırladım ki, ana və uşaqların sağlamlığının qorunması ilə bağlı elektron sağlamlıq kartlarının tətbiqi də Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Onun 2007-ci ildə təqdim etdiyi həmin kartlarda körpələr haqqında bütün önəmli informasiyalar toplanır.
Azərbaycan səhiyyəsində həyata keçirilən köklü islahatlar, ölkə rəhbərliyinin səhiyyəyə diqqəti və qayğısı artıq beynəlxalq səviyyədə də təsbit olunur. Ötən il Ümumdünya Səhiyyə Assambleyasının 60-cı sessiyasında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ana və uşaq sağlamlığının qorunmasında xidmətlərinə görə xüsusi mükafatla təltif edilməsi də bir daha bunu təsdiqləyir. Ümumdünya Səhiyyə Təşkilatı baş direktorunun son iki il ərzində ikinci dəfə Azərbaycana gəlişi də beynəlxalq aləmdə səhiyyəmizə verilən böyük qiymətə bariz nümunədir.