PDF Oxu

Müsahibə

  • 8

“Azərbaycanın iştirak etmədiyi qlobal layihələri reallaşdırmaq qeyri-mümkündür”

“Azərbaycanın iştirak etmədiyi qlobal layihələri reallaşdırmaq qeyri-mümkündür”

- Azərbaycanda ümumi daxili məhsulun artımını, inkişafını necə dəyərləndirmək olar?

- 2009-cu ilin 5 ayının nəticələrinə görə, Azərbaycanda ÜDM-in artımı 4, 4 faiz təşkil edir. Qeyri-neft sektorunda artım nəzərəçarpacaq dərəcədə yüksəkdir. Başqa sahələrdə də göstəricilər müsbətdir. Amma qeyri-neft sənayesində göstəricilər aşağıdır, hardasa 1,3 faizdir. Bu rəqəmlərə yaxşıdır və ya pisdir cavabını verəndə müqayisə yaranır. Əgər müqayisə etsək, görərik ki, Avropanın bəzi ölkələrində, eləcə də,  Latviyada vəziyyət çox ağırdır. Orada ÜDM 15 faizə qədər enib. Gələn ayın əvvəli bununla əlaqədar olaraq Latviyada büdcəyə yenidən baxılacaq. Çünki ölkədə ciddi problemlər yaşanır. Litvada da vəziyyət ağırdır. MDB ölkələrini götürəndə orada orta göstərici kimi ÜDM 6 ayda 10 faiz aşağı düşüb.
Rusiyada da ÜDM-də  enmə müşahidə olunur. Rusiya Azərbaycan kimi enerjidaşıyıcı olmasına baxmayaraq, neft, qaz istehsal edən dövlətdir.  Həmçinin, Qazaxıstan da neft, qaz istehsal edən ölkədir. Bu ölkədə 5 faizə qədər enmə var. Amma Azərbaycanda 4,4 faiz artım var. Dünya iqtisadiyyatı ilə müqayisədə 4,4 artım çox yaxşı göstəricidir. Çünki indi dünya iqtisadiyyatında templərin aşağı düşməsi prosesi gedir. MDB ölkələri ilə müqayisə edəndə MDB-nin orta göstəricisi 10 faizə qədər düşüb. İki il bundan qabaq Azərbaycanda 25-35 faiz arasında artım var idi. ÜDM 35 faizdən 4,4 faizə düşəndə, artım tempinin hardasa 8-9 dəfə enməsi deməkdir. Azərbaycan indi inkişafın elə bir səviyyəsindədir ki, ona 4,4 faiz artım azlıq təşkil edir. Ona görə də, çalışmaq lazımdır ki, ölkədə ən aşağı artım 7-8 faiz olsun.

- Sizcə, Azərbaycanda antiböhran proqramı yetərli nəticələr verirmi?

- 2008-ci ilini yekunlarının müzakirəsinə həsr olunmuş Nazirlər Kabinetinin iclasında ölkə başçısının antiböhran proqramı istiqamətində irəli sürdüyü sistemli tədbirlər kifayət qədər müsbət nəticələr verib. Proqramda 2009-cu ildə də dünyada hökm sürən maliyyə böhranının Azərbaycana təsirinin minumuma endirilməsi nəzərdə tutulmuşdur. Çünki dünyada elə bir ölkə yoxdur ki, qlobal maliyyə böhranı ona təsir etməsin. Azərbaycana dünyanın tərkib hissəsi olduğu üçün böhran, sözsüz ki, ölkəmizə təsir göstərir. Ona görə də, antiböhran tədbirlərini sistemli şəkildə həyata keçirmək lazımdır ki, böhranın ölkəmizə təsiri az olsun. Tempin aşağı düşməsinin qarşısını almaqdan ötrü yenə də 7-8 artım tətbiq etmək lazımdır. İnkişafa nail olmaq üçün islahatların yeni mərhələsinə başlamaq lazımdır. Bu istiqamətdə hökumət bank, vergi sistemində və digər sahələrdə ciddi dəyişiklik etməli və yeni islahatlar aparmalıdır.

- Bəziləri belə fikir söyləyirlər ki, böhranla əlaqədar olaraq Azərbaycanda xarici investisiyanın həcmi 52 faiz azalıb. Bu barədə nə deyə bilərsiniz?

- Azərbaycanda "Əsrin müqaviləsi" layihəsi çərçivəsində xeyli işlər görüldü. Eyni zamanda, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərləri çəkildi. Bu zaman Azərbaycana xarici investisiyaların sürətlə axını oldu. İndi bu layihələr bitib. Layihələr bitibsə, xarici investisiyaların azalmasına da təbii baxmaq lazımdır. İkinci məsələ ondan ibarətdir ki, böhranın təsiri nəticəsində xarici kredit, investisiyaların azalması bütün dünyada müşahidə olunur. Azərbaycan 2,5 mlrd ucuz kredit almışdı. Amma dünyada elə bir mənbə yoxdur ki, yenə də əlavə 2,5-3 mlrd kredit alsın. O mənbələr aradan qalxdığına görə, xarici kredit və investisiyaların payı azalıb. Əvvələr investiyaların strukturuna baxanda tərkibində 80 faiz xarici, 20 faiz daxili  investisiya idi. İndi isə nisbət dəyişib. Daxili investisiya infrastruktur layihələrdir ki, bu da yollar, körpülər, regionlar, məktəblər, xəstəxanalar və s-dir. Rəqabətqabiliyyətli məhsul istehsal edən sahələri, həm də infrastrukturu inkişaf etdirmək üçün əlavə vəsait lazımdır. Bu vəsaitin xaricdən gəlmə ehtimalı yaxın illərdə azdır.
Bu yaxınlarda Milli Məclisdə limfa müqavilələri bağladıq. Fransa şirkəti Azərbaycana yenə də investisiya qoymaqda davam edəcək. Transmilli şirkətlərin əlavə kapital qoyması çox maraqlı təməl olacaq amildir ki, Azərbaycanda neft kifayət qədərdir və bu istiqamətdə işlər görmək olur. Ona görə də, məsələyə bütövlükdə pessimist yanaşmaq da düzgün deyil ki, Azərbaycana xarici investisiya gəlməyəcək. Əgər əvvəlki həcmdə investisiyalardan söhbət gedirsə, onda gərək "Əsrin müqaviləsi" səviyyəsində layihə ortaya qoyaq. Hələlik, həmin səviyyədə layihə ortaya qoya bilmirik deyə, xarici investisiyanın həcmi o dövrdən az olacaq. Bizim xaricdə 19 mlrd valyuta ehtiyatlarımız var. Onun bir hissəsini sahələrə qoymaq olar. Boşluğu doldurmaq üçün Azərbaycanın kifayət qədər valyuta ehtiyatları var.

- Rusiya yenə də Avropanı enerjidaşıyıcılarını kəsməklə hədələməyə başlayıb. Bu məsələdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu nədən ibarət ola bilər?

- İyun ayının 18-də təhlükəsizlik məsələlərinə dair bir konfrans keçirildi. Konfransda "Təhlükəsizlik koordinatlarının dəyişdiyi şəraitdə Azərbaycan" mövzusunda məruzə ilə çıxış etdim. Həmin məruzədə enerji təhlükəsizliyi məsələsi mühüm yer tuturdu. Orada bilavasitə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələrinin  reallaşması nəticəsində  Azərbaycanın regionda enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlərdən danışdım. Eyni zamanda, qeyd etdim ki, neft kəməri ətrafında sualların cavablardan çox olmasına baxmayaraq, may ayında Azərbaycan "Nabucco"-nun reallaşmasına razı olan ölkələr sırasında bəyannaməyə imza atdı. Orada Azərbaycan həm də tranzit ölkə kimi çıxış edəcək. "Nabucco"-nun erentabeldə işləməsi üçün birinci ildə 6-8 mlrd kubm qaz lazım olduğundan, çox güman ki, birinci mərhəldə problemlərin ağırlığının xeyli hissəsi Azərbaycanın üzərinə düşəcək. Qərbdə də qiymətləndirilir ki, Azərbaycan, sadəcə, Rusiyadan kənar alternativ layihənin reallaşması yox, sözün həqiqi mənasında, bu enerji təhlükəsizliyinin təmin edilməsinin etibarlılığını artıracaq.
İnfrastrukturların şaxələnməsi istiqamətində Azərbaycan güclü ölkəyə, oyunçuya çevrilib. Eyni zamanda, elə bir vəziyyət yaranıb ki, qlobal layihələri Azərbaycanın iştirakı olmadan reallaşdırmaq qeyri-mümkündür. Xəzər neftinin "Odessa-Brodı" vasitəsilə Avropaya çatdırılması, son nəticədə bilavasitə Latviyanın "Mojayki-Nafta" adlı neftayırma zavoduna çıxacaq. Bu neftayırma zavodu vasitəsilə Xəzər nefti qonşu ölkələrə gedib çıxacaq. "Nabucco" da reallaşsa, Azərbaycan qazı Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan vasitəsilə Avropanın mərkəzinə qədər gedib çıxır. Bu da 7-8 mlrd kubm-dən başlayacaq, sonra 20 mlrd kubm-ə qalxacaq. Ondan sonra gücü 31 mlrd kubm olacaq. Hesab edirəm ki, bu layihə perespektivli olduğuna görə, onun gücü 31 mlrd kubm qalmayacaq.
Azərbaycan getdikcə daha samballı şəkildə Avropanın enerji təhlükəsizliyində iştirak edəcək. Enerji təhlükəsizliyi Avropanın ölkələri üçün milli təhlükəsizlik səviyyəsinə gəlib çıxıb. Onda da belə məntiqi nəticə çıxır ki, Azərbaycan bu gün etibarlı partnyor kimi Avropa ölkələrinin enerji təhlükəsizliyi timsalında, həm də onların milli təhlükəsizliyinin təmin edilməsində çox fəal rol oynayır.

Digər xəbərlər