PDF Oxu

Müsahibə

  • 14

Müxalifət bələdiyyə seçkilərinə dağınıq halda gedir

Müxalifət bələdiyyə seçkilərinə dağınıq halda gedir

Müxalifət partiyalarının daxilində gedən parçalanma, mənfi hadisələr daha da dərinləşir. Bu proseslər müxalifətçilərin bələdiyyə seçkilərində birləşə bilməməsinə və blok yaratmaq cəhdlərinin baş tutmamasına artıq öz təsirini göstərib. Müxalifət partiyalarının bələdiyyə seçkilərində iştirakı ilə bağlı AMİP-in mətbuat katibi Əli Orucovun fikirlərini öyrəndik.

- İddia olunur və hətta mətbuatda da yazılır ki, partiyanın keçmiş qurucuları yenidən partiyaya qayıtmaq və rəhbərlik etmək üçün namizədliklərini irəli sürmək istəkləri var. Konkret söyləsək Etibar Məmmədovun, Nazim İmanovun və İlqar Məmmədovun adları çəkilir. Bu yazıların nə dərəcədə reallığa çevrilməsdi mümkündür?

- İnanmıram ki, onlar qayıtsınlar və iddialarını ortaya qoysunlar. Onsuz da bu gün partiyada kifayət qədər patensialı olan insanlar var. Partiyanın sədrlik vəzifəsini layiqincə yerinə yetirmək imkanına malik insanlar var. Onların gəlməsinə ehtiyacın olmadığını düşünürəm.

- Müxalifət mətbuatında AMİP və bu partiyanın keçmiş sədri E.Məmmədov haqqında bir sıra mövzularla bağlı yazılara tez-tez rast gəlinilir. Sizin konfliktiniz bu dərəcədəmi böyükdür?

- Biz bu yazılara dözümlə yanaşmağa çalışırıq. Həm də belə düşünürük ki, bu, onların öz işidi, nə istəyirlər yazsınlar. Belə qərəzli yazıların müxalifət qəzetlərində yazılması, xüsusən də, adlarını çəkdiyiniz "Yeni Müsavat", "Azadlıq" qəzetlərində yazılan bu tip yazılar, yəqin ki, hansısa müxalifət liderlərinin maraqlarına xidmət edir. Biz buna təəssüflənirik. Bu yazılar yalandı, böhtandı, uydurmadı. Belə yazılara qarşı, təbii ki, nə qədər dözümlü olsaq belə, yenə də öz reaksiyamızı bildirəcəyik.

- Əli müəllim, deyirsiniz ki, bu yazılarda hansısa müxalifətçilərin maraqları var. Bəlkə bu ənənəvi qeyri-müəyyənlikdən konkretliyə varaq.

- Bu məsələlər, adətən, pərdə arxasında olur və sifarişçilər özləri bilir. Amma bu yazıların təsadüfdən olmadığını çox yaxşı bilirik.

- Əli bəy, sizin AXCP (i) və Əli Kərimovla problemləriniz, münaqişəniz davam etməkdədir. Bunun dərin köklərini nə ilə izah etmək olar?

- Çox təəssüflər olsun ki, bəzi siyasi qüvvələr və adını çəkdiyiniz partiya AMİP-ə qarşı xoşagəlməz işlərlə məşğuldur. Onlar indiyə qədər də şəxsi maraqları çərçivəsindən kənara çıxa, əksər hallarda isə dedikləri sözün arxasında dura bilmirlər. Bizə qarşı pis münasibədə olan istər AXCP (i), istərsə də digər müxalif partiyalar öz siyasətləri ilə atdıqları addımlarla qeyri-səmimiyyət qazanıb. Ona görə də, onlarla əməkdaşlıq yaranması məsələsi ortaya çıxarkən, bu, bizdə bir qədər tərəddüd yaradır. Onlara atdıqları bu mənfi xarakterli addımlardan geri çəkilməyi məsləhət görərdim. Əks tədqirdə, bu həmin müxalif partiyalar üçün xoşagəlməz nəticələr verə bilər. AXCP (i) belə hərəkətləri ilə cəmiyyətdə öz hörmətini seyrəldir, azaldır.

- Əli bəy söylədiniz ki, onlar şəxsi maraqlarından kənara çıxa bilmir. Yəni, AMİP-lə hansı şəxsi maraqlarından söhbət gedir?

- Bilirsiniz müxalifətdə olan heç bir partiya AMİP-lə mübarizə aparmaq gücündə deyil. Buna görə də, onları özümüzə rəqib görmürük. Biz onlara əməkdaşlıq etmək üçün kömək əlimizi uzatsaq da, onlar öz çirkin siyasətlərindən əl çəkmək istəmirlər. İstər ACXP (i)-nin, istərsə də, digər müxalifət partiyalarının atdıqları addımlar yanlışdır.

- Məlumdur ki, bələdiyyə seçkiləri yaxınlaşır. Bu seçkilərdə bəzi partiyalar blok halında iştirak etməyə hazırlaşır. Sizin partiya rəhbərliyində hansısa bloka qoşulmaq fikri varmı?

- Partiyamızda bu məsələ ilə bağlı daxili müzakirələr aparılır. Yollar araşdırılır. Bir neçə variant var. Lakin bloklaşmaya gəldikdə isə, bir az tərəddütlə yanaşırıq. Çünki blokda olan partiyaların maraqları üst-üstə düşmədikdə narazılıqlar yaranır və uğur əldə olunmur, parçalanma baş verir, daha sonra isə günahı bir-birlərinin üstünə atırlar. Bu baxımdan, biz bloklaşma işinə bir qədər diqqətlə və ehtiyatlı yanaşırıq.

- Sizin bloklara qoşulmamağınızı konkret olaraq Əli Kərimovun blokda iştirakı ilə əlaqələndirmək olarmı?

- Bloklaşmada sıx ideoloji əsaslara mövqelərin üst-üstə düşməsinə üstünlük veririk. Əli Kərimovun da bu blokda iştirakı fikirlərimizin toqquşmasına gətirib çıxarır. Biz onun üzvü olduğu blokda iştirak etmək istəmirik. Çünki onun bizə qarşı atdığı mənfi addımlar, bizim bu blokda iştirakımızın qarşısını alır.

- Biliyiniz kimi, Xalq Cəbhəsi Partiyasını bərpa etməklə bağlı təkliflər səslənir. Sizin fikrinizcə, bu təkliflərdə İsa Qəmbərov özünün şəxsi maraqlarınımı güdür?

- Bu partiyanın bərpasına inanmıram. Belə təkliflər çox səslənib. Lakin reallaşacağına inamım qətiyyən yoxdur. Bu təklifin reallaşması qeyri-mümkündür. Təbii ki, bu təklifi irəli sürərkən, İsa Qəmbərov da öz şəxsi maraqlarını güdür. Bu, həm də Müsavat partiyasının öz maraqlarını qabartmasıdır. Azərbaycanda müxalifət partiyaları arasında bütövləşmədən, birləşmədən söz gedə bilməz. Ona görə ki, bu partiyalar arasında münasibətlər səmimi deyil.

Digər xəbərlər