- Qabil bəy, bəzi Qərb dövlətləri Dağlıq Qarabağ münaqişəsinin həllində ikili standartlardan yanaşma mövqeyi nümayiş etdirirlər. Bu dəfə də, ABŞ Konqresi Dağlıq Qarabağa birdəfəlik 10 milyon dollar vəsait ayırmaqla bu mövqedə dayandıqlarını göstərdi. Bu barədə nə deyə bilərsiniz?
- Amerika son iki ildə Dağlıq Qarabağa maddi və humanitar yardımları dayandırmışdı. Ancaq Barak Obama ABŞ prezidenti seçildikdən sonra bu yardımlar bərpa edildi. Eyni zamanda, digər məsələlərdə də ABŞ Administrasiyasının yeritdiyi siyasət Azərbaycanın maraqlarına uyğun gəlmir. Ermənistanla sərhədləri açması üçün Türkiyəyə təzyiqlər edir, Dağlıq Qarabağ probleminin həllində öz müqəddəratını təyinetmə prinsipi şişirdilir. Beynəlxalq hüququn köhnəlmiş və siyasi dövriyyədə məşhur olmayan bu prinsipin sərhədlərin bütövlüyü prinsipindən üstün tutmağa cəhdlər göstərilir. Bu cəhdlər ABŞ dövlət katibinin yeni təyin edilmiş Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Qordonun timsalında özünü büruzə verir. Ümumiyyətlə, son dövrlərdə Ermənistan-Azərbaycan məsələsinə münasibətdə B.Obamanın seçkiqabağı erməni lobbiçilərinə verdiyi vədlərin mərhələli reallaşdırılması prosesi gedir. Bu da, təbii ki, Azərbaycan iqtidarını və hər bir ölkə vətəndaşını narahat etməyə bilməz.
- Sizcə, Dağlıq Qarabağa göstərilən yardımı Qafqazda möhkəmlənməkdə olan Rusiyanın addımlarına alternativ addım kimi qiymətləndirmək olarmı?
- Amerika hesab edir ki, bu yardımlarla, sərhədlərin açılması ilə Ermənistanın Qərbə inteqrasiyasına, eləcə də, ABŞ-ın nüfuzunun bu regionda yayılmasına nail olacaq. Amma mən hər zaman əli açıq dilənməyə alışan ermənilərin bu cür pullarla kiminsə arxasınca gedəcəyini təxmin etmirəm. Ona qalsa, Ermənistan Rusiyadan 500 milyon dollarlıq kredit, 150 milyon dollarlıq isə yardım alır. Üstəlik, Ermənistanda olan zavod və fabriklərin böyük əksəriyyətini onlara satıb. Öz ərazisində Rusiyanın hərbi bazaları yerləşdirilib ki, buna görə də, onlardan icarə haqqı alınır. Zənnimcə, Amerikanın bu siyasəti, yəni Azərbaycanın daxilində qiyam qaldırmış bir dəstəyə humanitar yardım göstərilməsi beynəlxalq hüquq normalarının pozulmasıdır. Yardım ola bilər, ancaq bu, Azərbaycan vasitəsilə edilməlidir. Bu baxımdan, bu addım heç bir nəticə verməyəcək və Azərbaycanla Amerika arasındakı münasibətlərdə formalaşmış strateji əməkdaşlıq tellərini sarsılda bilər.
- Yeri gəlmişkən, növbəti ay ABŞ-Rusiya, Azərbaycan-Ermənistan prezidentlərinin görüşü nəzərdə tutulur. Hər iki görüşdən gözləntiləriniz nələrdir?
- Görüşlərin nəticələri haqqında proqnoz söyləməyə çətinlik çəkirəm. Çünki görüş ərəfəsində həmsədr dövlətlərin etdiyi hərəkətlər, onların problemin həllinə hansı siyasi mövqedən yanaşacaqları barədə suallar formalaşdırır. Yəni, danışıqlar prosesində də ABŞ-ın yuxarıda qeyd olunan addımına uyğun mövqe sərgilənə bilər. Fransanın münaqişənin həllindəki mövqeyi bəllidir. Əvvəla, bu problemi yaradan və onun indiyədək həll edilə bilməməsinin əsas səbəbkarı Rusiyadır. İndi isə Rusiya problem vasitəsilə Azərbaycan qazı ilə bağlı sövdələşmə aparır. Ancaq bu sövdələşmə ilə Rusiyanın problemə yanaşmasının köklü dəyişikliklərə gətirib çıxaracağını ehtimal edə bilmirəm. Ona görə, bu görüşdən ədalətli bir nəticənin çıxacağına çox az inamım var.
- ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayzanın verdiyi bəyanata görə, Azərbaycan-Ermənistan prezidentlərinin görüşündə ilkin şifahi razılaşma əldə olunacaq. Sonrakı mərhələdə isə bu, sənəd halına çevriləcək. Bu bəyanat nə dərəcədə reallığı əks etdirir?
- Metyu Brayza çoxlu saxta bəyanat verməklə özünün bəyanatlarına olan inamı itirib. Ona görə, onun söylədiyi hər bir fikrə ehtiyatla yanaşmaq lazımdır. Lakin bu fikir ideya kimi ağılabatan bir variantdır. Bütün məsələlərdə detalların şifahi şəkildə ən yüksək səviyyədə razılaşdırılması prosesi gedir və sonradan bu razılaşmaların kağıza keçirilməsi, yəni saziş mərhələsi başlayır. Ola bilsin ki, Rusiya, Fransa və Amerika prezidentlərinin bu görüşdə hər iki tərəfə təzyiq göstərilməsi ilə qarşılıqlı kompromistlər əsasında ortaq şifahi məxrəcə gəlinsin və sonradan bu razılaşma sazişə çevrilsin. Amma Azərbaycan tərəfi o halda şifahi razılaşmaya gedə bilər ki, ölkənin ərazi bütövlüyü məsələsi bu razılaşmanın mətnində mütləq öz əksini tapmış olsun.
- Dağlıq Qarabağ məsələsinin həllinin bu qədər yaxın olduğu bir vaxtda Ermənistan KİV-nin yaydığı məlumata görə, Robert Köçəryan hazırkı prezident Serj Sarkisyanın istefa verməsinin zəruri olduğunu bildirib. Bu çağırış nə dərəcədə mümkündür?
- Robert Köçəryan Rusiyanın əlində bir oyuncaqdır. Çünki dövlət çevrilişi vasitəsilə Ermənistanda hakimiyyətə gətirilmiş fiqurdur. Sarkisyanda da, həmçinin. Köçəryan Rusiyada işləməyə çalışır. Köçəryanın Rusiyanın siyasi dairələrində müəyyən nüfuzu və təsir imkanı olsa da, Ermənistan da bunlardan məhrumdur. Onun siyasi müxalifətin, yəni Levon Ter-Petrasyanın tərəfinə keçməsi də mümkün deyil. Ona görə mən Köçəryanın bu fikrini öz siyasi karyerası, Ermənistandakı varidatı üçün toxunulmazlıq qazanmaq naminə Sarkisyana təzyiq elementi kimi qəbul edirəm. Bu fikirlər Rusiyanın sifarişidir və onu Köçəryan vasitəsilə səsləndirməklə Sarkisyanı bəlli bir çərçivədə saxlamağa çalışırlar. Sarkisyanın pula görə Qərbə və NATO-ya meyil etməsi, Rusiyanı bu addımlara vadar edir.
- Moskvada Kollektiv Təhlükəsizlik Komitəsinin (KTT) toplantısı keçirildi. Birgə ordunun yaradılması qərara alındı. Bu ordunun perspektivi nədən ibarətdir və Azərbaycana qarşı çevrilməsi təhlükəsi varmı?
- Bu ideya 5-6 ay bundan öncə ilk dəfə ərsəyə gələndə, bunun yalnız qaçaqmalçılığa, insan alverinə və narkotikaya qarşı mübarizə aparmaq üçün yaradıldığı deyilirdi. Bu, sırf kriminal hadisələrə qarşı çevrilən məhdud sayda bir çevik qüvvələr birliyi kimi nəzərdə tutulurdu. Amma indi bunu orduya çevirmək fikrindədirlər. Əvvəl bu qüvvələr de-fakto qüvvələr şəklində nəzərdə tutulurdusa, indi bunun ordunun çeşidli qüvvələr növündən təşkil edilməsi planlaşdırılır. Buraya daxil olan ölkələrdən isə həm malliyyə resursları, həm də silahlı insan resurslarının cəlb edilməsi nəzərdə tutulur. Sözsüz ki, ordunun özəyini Rusiyanın elit qüvvələri təşkil edəcək. İndi KTT Şurasına daxil olan bütün ölkələr üçün hər hansı bir təhlükə yarananda, bu ordu həmin ölkənin köməyinə göndəriləcək. Beləliklə, həmin ölkəyə qarşı təcavüz və digər formalı hərəkətlərə müdaxilə olunacaq. Göründüyü kimi, bu qüvvələr az qala NATO tipli bir quruma çevrilir. Getdikcə, onun həm say tərkibi, həm də buraya çeşidli qüvvələrin cəlb edilməsi, funksional vəzifələri genişləndirilir. Yəni, yeni bir hərbi alyansın bünövrəsi qoyulur. Ona görə, bu təhlükəli bir tendensiyadır. Qonşulıqda Ermənistan kimi təcavüzkar bir dövlətin olduğunu, o cümlədən, Rusiyanın bu qüvvələrin formalaşdırılmasında çox yaxından iştirak etdiyini nəzərə alsaq, deyə bilərik ki, Azərbaycan üçün təhlükəli bir hərbi birləşmə yaranır.
- Azərbaycan nə üçün bu quruma daxil olmaq barədə qərar qəbul etməkdən çəkindi?
- Azərbaycan təcavüzkar Ermənistanla eyni bir qurumda təmsil oluna bilməz. Və yaxud Azərbaycan təcavüzkarı müdafiə edən bir bloka necə qoşulsun. Azərbaycan həmin bloka qoşulub, öz torpaqlarının işğaldan azad olunmasını xahiş etsə belə, bunun baş verməsi nə dərəcədə mümkündür?! Yaranmış situasiya Azərbaycanı həmin bloka qoşulmaqdan kənarda qoyur.