PDF Oxu

Müsahibə

  • 6

“Qafqaz İttifaqının yaradılması inandırıcı görünmür”

“Qafqaz İttifaqının yaradılması inandırıcı görünmür”

Məlum olduğu kimi, bir müddət öncə Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğan region ölkələrinin iştirak edəcəyi "Qafqaz İttifaqı"nın yaradılması təklifi ilə çıxış etmişdi. Artıq bu məsələ yenidən gündəmə gəlib. Onu da qeyd edək ki, bu təklifi ilk dəfə ulu öndərimiz Heydər Əliyev 1997-ci ildə Gürcüstana səfəri zamanı irəli sürmüşdü. Bu və ya digər suallara politoloq Elman Nəsirova müraciət etdik.
-Elman müəllim, "Qafqaz İttifaqı" ideyası reallaşa bilərmi?

-Mənim fikrim bu məsələ ilə bağlı o qədər də nikbin deyil. Çünki Cənubi Qafqazda cərəyan edən hadisələr fonunda, belə bir ittifaqın yaradılması inandırıcı görünmür.Çünki regionun hər üç ölkəsi-Azərbaycan Ermənistanın işğalçı siyasəti nəticəsində, Gürcüstan da Abxaziya və Cənubi Osetiya məsələləri ilə bağlı münaqişəyə cəlb olunub. Belə olan halda, bu nəzəri, ideya baxımından mümkün olsa da, praktik baxımdan belə bir ittifaqın yaranması inandırıcı deyil. Bu, o vaxt mümkün ola bilər ki, Cənubi Qafqazda olan münaqişələr həllini tapmalı və dövlətlər arasında müəyyən münasibətlər qurulmalıdır.
 
-Türkiyənin Cənubi Qafqazda münaqişələrin həllində rolunu necə qiymətləndirirsiniz?

-Türkiyə Respublikası beynəlxalq aləmdə çox fəal siyasət yeridir.Adıçəkilən dövlət nəinki Cənubi Qafqazda,digər məsələlərdə də dövlətlər arasında vasitəçi olub. Məhz bütün bunları nəzərə alan BMT Təhlükəsizlik Şurası (TŞ) Türkiyəni adıçəkilən şuraya üzv seçdi. Bu ilin iyunundan qardaş ölkə TŞ-yə sədrlik edəcək. Belə olan təqdirdə, adıçəkilən ölkə Cənubi Qafqaz regionunda da fəaldır və bölgədəki konfliktlərin həllində vasitəçilik etməyə səy göstərir. Ancaq məsələ bundadır ki, bu proseslərdə əsas tərəf kimi Rusiya və ABŞ iştirak etdiyindən, hələ ki, bu səylərin nəticəsi yoxdur.Onu da qeyd etmək lazımdır ki, RF Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin həllində Birləşmiş Ştatlardansa, Türkiyənin iştirakını istəyir,amma Rusiya heç zaman istəməz ki, Türkiyənin Cənubi Qafqazdakı iştirakı hərbi müstəviyə keçsin.

-ABŞ Cənubi Qafqazda gedən proseslərdə və eləcə də, Qafqaz İttifaqının reallaşmasında nə qədər maraqlıdır?

-Amerika Birləşmiş Ştatları qlobal dövlətdir və onun maraqları da qlobal məzmun daşıyır. Adıçəkilən dövlət ümumi maraqları yönündə bəyanatlar verir. Ancaq maraq burasıdır ki, Birləşmiş Ştatlar Kosova məsələsində,NATO-nun genişlənməsində bütün vasitələrdən istifadə etdiyi tədqirdə, Cənubi Qafqazda baş verən münaqişələrin həllində bunu görmürük.

-Yaxın günlərdə Rusiya-ABŞ prezidentləri arasında görüş olacaq. Digər bir görüş isə Azərbaycan və Ermənistanın dövlət başçıları arasında baş tutacaq.Bu hər iki görüş Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini sürətləndirəcəkmi?

-Rusiya Federasiyasının prezidenti Dmitri Medvedevlə ABŞ-ın dövlət başçısı Barak Obama arsında baş tutacaq görüşdə digər məsələlərlə yanaşı, Cənubi Qafqaz məsələsi də müzakirə edilə bilər. Ancaq mənə elə gəlir ki, əgər adıçəkilən dövlətlərin rəhbərləri keçirəcəkləri görüşdə Dağlıq Qarabağ münaqişəsinə ciddi önəm versəydilər, onda Azərbaycan və Ermənistan prezidentlərini də dəvət edərək, dördtərəfli görüş keçirə bilərdilər. Məncə, onların hələ ki, belə bir fikirləri yoxdur. O ki qaldı Azərbaycanla Ermənistan prezidentlərinin görüşünə, deyə bilərəm ki, işğalçı ölkə qeyri-konstruktiv mövqe tutduğundan, hələ ki, bu münaqişə həllini tapmayıb. Ermənistan prezidenti görüntü xatirinə bu görüşlərdə iştirak edir.

Digər xəbərlər