“Ermənistan hakimiyyəti kifayət qədər xarici qüvvələrdən asılıdır”
İyul ayında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü gözlənilir. Dövlət rəsmlərinin bəyan etdiyi kimi, iyulda keçiriləcək prezidentlərarası görüşdə razılaşma əldə olunacaq. Müsahibimiz politoloq Elman Nəsirov hesab edir ki, növbəti görüşdə müsbət irəliləyişləri ola bilər. O, qeyd etdi ki, indiyə qədər Azərbaycan və Ermənistan prezidentlərinin 5 dəfə görüşü olub. Sayca 6-cı görüşün olması haqqında müəyyən fikirlər, mülahizələr səslənməkdədir. Bir çox ehtimallara görə iyul ayında həmin görüşün olması planlaşdırılır. Bunun yenidən Rusiyada olması haqqında ilkin mülahizələr səslənməkdədir.
- Prezident Adminstrasiyasının rəsmisi belə bir fikir səsləndirib ki, Ermənistan prezidenti Serj Sarksiyanla Azərbaycan Prezidenti İlham Əliyevin görüşündə ciddi irəliləyişin əldə edilməsi mümkündür. Mənə elə gəlir ki, bu 5 görüşün, hələ ki, konkret nəticəsi olmayıb və ən azı son Sankt-Peterburq görüşü zamanı da konkret sənəd imzalanmadı. Ancaq sənəd imzalanmasa da belə Praqa görüşündən fərqli olaraq, son görüşdə mövqelərin daha çox yaxınlaşması istiqamətində cəhdlərin olması tərəflərin bir-birinin mövqeyini daha çox başa düşməsi haqqında fikirlər səsləndi. Xarici işlər nazirin müavini Araz Əzimovun belə bir bəyanatı oldu ki, problemin həlli, prinsip etibarilə, mümkündür. Lakin bu mümkünlük Ermənistan tərəfindən sıçrayışların, gedişlərin olması sayəsində əldə edilə bilər. O, hesab edir ki, 2008-ci ildə hakimiyyətə gələn Sarksiyan hökuməti, qısa müddətdə olduğundan belə ciddi addımların atılması üçün özünü hazırlıqlı saymır.
Belə bir mövqe də artıq bəllidir ki, Azərbaycan Sankt-Preterburq danışıqlarından sonra Madrid prinsiplərini qəbul edir. Bu prinsiplərlə bağlı razılaşmanın əldə edilməsinə tərəfdar olduğunu bildirir. Sarksiyan da Madrid prinsiplərinə loyallıq bildirir, lakin hesab edir ki, danışıqlar üçün baza olaraq bu prinsipləri qəubl edir. Lakin Azərbaycanın bu prinsiplər çərçivəsində müəyyən sənədi imzalamağa hazır olduğunu bəyan etdiyi halda, Ermənistan belə hazırlığı nümayiş etdirmir. Ermənistan da baza prinsipləri əsasında sənədə imza atmağa hazır olduğu haqqında fikir söyləməyib. Belə olan təqdirdə, növbəti görüşdə ciddi irəliləyişlərin əldə oluncağına dair birmənalı fikir söyləmək çətindir. Amma hər halda onu da nəzərdən qaçırmayaq ki, dövlət rəsmləri bu proseslərin içərisindədir. Yəqin ki, havadan belə bəyanat və fikir söyləməzlər. Hər halda danışıqlar davam edir.
Danışıqların davam etdirilməsi özü-özlüyündə onu təsdiqləyir ki, tərəflər addımın atılması istəyindədir. Bu istək Azərbaycanda kifayət qədər böyükdür. Amma neyləyək ki, Ermənistan belə qətiyyət, yanaşma nümayiş etdirmir. Bunun da səbəbləri bəllidir. Ermənistan hakimiyyəti kifayət qədər xarici qüvvələrdən asılıdır. Bu nöqtey-nəzərdən hesab edirəm ki, bəli növbəti görüşdə müsbət irəliləyişlər ola bilər. Amma sıçrayışlı gedişlərin, nailiyyətlərin əldə edilməsinə nikbin yanaşmıram.
- ATƏT-in Minsk Qrupunun həmsədri, Metyu Brayzə də bəyan edib ki, 2009-cu ilin sonuna qədər Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi nailiyyətlər əldə olunacaq. Bu, onu deməyə əsas verir ki, doğrudan da, münaqişənin həlli qısa zaman ərzində öz həllini tapacaq?
- Nikbin proqnoz nə qədər desən vermək olar. Məsələyə bir az da ciddi yanaşaq. Qarşıda ABŞ prezidenti Barak Obamanın Rusiya prezidenti Dmitri Medvedevlə görüşü olacaq. Bilirsiniz ki, bu iki tərəf problemin həllində əsas tərəflərdir. B.Obama da hər zaman qeyd edir ki, Cənubi Qafqaz probleminin həlli Amerikanın strateji maraq dairəsindədir. Onlar görüşdükləri zaman Azərbaycan və Ermənistan prezidentlərini Moskvaya dəvət etsələr və dördtərəfli danışıq çərçivəsində bu məsələnin tənzimlənməsi daha rahat olar. Lakin B.Obamanın Moskvaya səfəri zamanı belə bir təklifin şahidi olmamışıq. Belə olan təqdirdə, nikbinliyə ehtiyatla yanaşıram.
- Belə fikir də var ki, yaxın vaxtlarda Türkiyənin də məsələyə müdaxiləsi gözlənilir. Eyni zamanda, "Qafqaz İttifaqı"nın yaradılması ideyası səslənir. Bu ideya ilə münaqişənin həllinə daha böyük stimul vermək imkanı əldə olunacaq? Bu proqnoz nə dərəcədə realdır?
- Rusiya indi "Azyan" konsepsiyasına söykənir. Çünki ABŞ-ın Cənubi Qafqazda deyil, onun müttəfiqi olan Türkiyənin Cənubi Qafqazda olması Rusiya üçün az ziyanlı görünür. Belə vəziyyətdə rəsmi Ankaranın proseslərdə fəal iştirakı regionda sülhün yaxınlaşmasına köməklik edə bilər. Bu maraqlı cəhətdir. Ancaq Türkiyənin irəli sürdüyü platformanın reallaşması indiki halda müşkül görünür. Ən azı Rusiyada gedən prosesləri, Şimalı Qafqazda baş verən son hadisələri izlədikcə bunu görürük. D.Medvedevin Şimalı Qafqaza gəlişinin fonunda, xüsusilə, Rusiyanın KİV-ində, eləcə də, hərbi dairələrində belə fikir səslənir ki, avqust ayında Rusiyanın Gürcüstanda ikinci müharibə aparacağı haqqında söhbətlər gəzir. Hesab edirlər ki, birinci avqust müharibəsi natamamdır. Rusiya, prinsip etibarilə öz istəyinə tam nail ola bilməyib. Belə olan təqdirdə, avqust ayında havanın hərarətinin artması, eyni zamanda, siyasi prooseslərin temperaturunun yüksəlməsinə gətirib çıxaracaq.
- Necə düşünürsünüz, regionda maraqlı olan Qərb Rusiyanın bu bölgədə möhkəmlənməsinə göz yumacaq?
- Rusiyanın möhkəmlənməsi məsələlərinə gəldikdə, indiki vəziyyətdə ABŞ-Rusiya münasibətlərində bir qədər nisbi sakitlik var. Rəsmi Moskva, doğrudan da, Gürcüstan məsələsinə yenidən başlasa, belə olan vəziyyətdə payızda proqnoz vermək olar ki, ABŞ-Rusiya münasibətlərində gərginlik elementlərinin artması mümkündür. Gərginlik artdıqca ABŞ-ın Cənubi Qafqaz proseslərinə müdaxiləsinin əmsalı da artacaq. Cənubi Qafqazda proseslərin gərginləşmək ssenarisi üzrə inkişafını söyləmək mümkündür. Amma hər halda ABŞ hazırkı məqamda bir çox problemlərlə yüklənib. Bir yandan İraq, Əfqanıstan, İran, Yaxın Şərq, Koreya problemlərinin fonunda Cənubi Qafqaz bir o qədər də aktuallıq kəsb etməyə bilər.