Son vaxtlar Gürcüstanda yaşanan kütləvi etiraz aksiyaları dünya mətbuatının diqqət çəkdiyi əsas mövzulardan birinə çevrilib. Artıq yayılan informasiyalara əsasən, demək olar ki, gürcü müxalifəti kütləvi itaətsizliklərini hökumət və dövlət binalarına hücumlar təşkil etməklə tamamlamağa çalışır. Mixail Saakaşvili hakimiyyətinin müxalifəti zorakılıq metodlarından çəkindirmək cəhdləri isə uğursuzluqla nəticələnməkdədir. Təbii ki, qonşu dövlətdə baş verənlər Azərbaycanda da diqqət və maraqla izlənməkdədir. Ötən saylarımızdan bildiyiniz kimi, Gürcüstandakı prosesləri yaxından izləməyə və mitinqdə iştirak edənlərin fikirlərini öyrənmək üçün bu ölkəyə ezam olunmuş müxbirimizin təəssüratlarını və burada müxalifətin aparıcı simaları ilə müsahibələrini silsilə şəkildə sizlərə təqdim edirik. Onu da qeyd edək ki, mitinqlərdə gürcülərlə yanaşı, azərbaycanlılar da iştirak edir. Gürcüstanda yaşayan Azərbaycanlılar Konqresinin sədri Əli Babayev də mitinqlərdə fəal iştirak edən simalardan biridir. Müxbirimiz onunla görüşüb, söhbət edib.
- May ayının sonlarında Gürcüstan televiziyalarında və mətbuatında Sankt-Peterbuqda yaşayan gürcü əsilli iş adamı Evralidzenin bəyanatları və çıxışları yayımlanıb. O, öz çıxışlarında Gürcüstana qayıdacağını və öz partiyasını yaradacağını söyləyir. Eyni zamanda, Gürcüstanın prezidenti olacağı iddialarını irəli sürür. Həmçinin, o, Cavaxetiyada ermənilərin, Marneulidə isə azərbaycanlıların separatçılıqla məşğul olduqlarını iddia edir. Sözsüz ki, bizlər də, bu haqsız, heç bir əsası olmayan iddialara cavab verməliyik. Mən mitinqdə çıxışım zamanı bildirdim ki, Gürcüstanda yaşayan azərbaycanlılar bu ölkənin bütövlüyü uğrunda gedən mübarizələrdə gürcülərdən heç də geri qalmırlar. Onun inkişafında gürcülərlə birlikdə əllərindən gələni əsirgəmirlər. Ancaq bəzən belə vicdansız insanlar da olur ki, azərbaycanlıların adına qara yaxıb, şər atırlar. Belə insanları yalnız pravakator adlandırmaq olar.
- Əli müəllim, ola bilərmi ki, Gürcüstan vətəndaşı olan azərbaycanlılara qarşı haqsız sürülən iddialarda ermənilərin əli olsun?
- Bunun belə olmasına inanmıram. Ümumiyyətlə, azərbaycanlılarla gürcülər arasında dostluq, səsimi qonşuluq münasibətlərinin tarixi çox qədim dövürlərə gedib çıxır. Biz gürcülərlə yanaşı, hər zaman torpağın vətəndaşı olaraq, ölkənin müdafiəsində iştirak etmişik. Sizin də gördüyünüz kimi, keçirilən mitinqlərdə gürcülərlə yanaşı bu ölkənin vətəndaşı olan azərbaycanlılar da yaxından iştirak edir, onlara yaxından dəstək göstərirlər. Mixail Saakaşvilinin prezident seçilməyində gürcülərlə yanaşı, azərbaycanlılar da böyük fəallıq göstərmişlər. Yalnız onun hakimiyyətə gəlişindən dörd il ötməsinə baxmayaraq, ölkənin sosial-iqtisadi inkişafında, demək olar ki, heç bir irəliləyiş olmayıb. Əksinə, Gürcüstanda bütün sahələrdə geriləmə müşahidə olunub. Gürcüstan vətəndaşı olan azərbaycanlıların da problemlərinin həllinə biganə münasibət bəslənir. Dilimiz, dinimiz, mədəniyyətimiz, təhsilimiz və digər başqa sahələrlə bağlı problemlərimiz ortaya çıxıb. Bütün bunlar da burada yaşayan azərbaycanlıların başqa xarici ölkələrə axın etmələrinə səbəb olur. Hər kəs istəyir ki, həyat səviyyəsi, şəraiti normal olsun, Gürcüstanda isə həyat səviyyəsinin inkişafı aşağı həddədir.
- Azərbaycan hökumətinin Gürcüstanla münasibətlərini necə dəyərləndirirsiniz?
- Azərbaycan Gürcüstanın strateji partnyorudur. Azərbaycan Gürücüstanda gedən siyasi hadisələrə, demək olar ki, müdaxilə etmir, qarışmır. Yalnız biz həmişə Azərbaycanla, onun Prezidenti İlham Əliyevlə fəxr edirik. Azərbaycanın dövlət başçısının siyasətini bəyənir və alqışlayırıq. Prezident İlham Əliyev hər zaman Gürcüstanda yaşayan azərbaycanlıların problemləri ilə yaxından maraqlınır, onların həlli istiqamətində əlindən gələni əsirgəmir. Azərbaycan parlamentinin nümayəndələri, millət vəkilləri tez-tez Gürcüstanda olan, burada yaşayan azərbaycanlılarla görüşür, onların problemləri ilə maraqlanırlar.
- Siz Gürcüstan Azərbaycanlıları Konqresinin sədrisiniz. Konqresin fəaliyyəti haqda nə deyə bilərsiniz?
- Biz konqres olaraq, demək olar ki, hər gün nəinki Marneuli də, eyni zamanda, Gürcüstanın digər bölgələrində yaşayan azərbaycanlılarla əlaqə saxlayırıq, problemləri ilə maraqlanırıq. Onlar arasında maarifləndirmə işləri həyata keçiririk. Hətta "Gürcüstan azərbaycanlıları" adlı qəzet də nəşr olunur. İki dildə nəşr edilən qəzetlə Gürcüstanda baş verən siyasi, iqtisadi, mədəni hadisələrlə, yeniliklərlə oxucuları tanış edirik, məlumatlandırırıq. Burada yaşayan bəzi azərbaycanlılar gürcü dilini bilmədiklərindən, ölkədə baş verən hadisələrdən məlumatlarının olmasında bu qəzetin böyük rolu var. Bir sözlə, Gürcüstan Azərbaycanlıları Konqresi soydaşlarımızın bir çox problemlərinin həllində öz fəaliyyətini davam etdirir. Mitinqlərdə də azərbaycanlılar hər zaman öz həmvətənlərinə dəstək olur və bu dəstək bundan sonra da davam edəcək. Biz həmişə fəxr edirik ki, azərbaycanlıyıq, Gürcüstan vətəndaşıyıq. Bir də onu vurğulamaq istəyirəm ki, Gürcüstanda bir çox bölgələrdə, dövlət qurumlarında, idarələrində rəhbər vəzifələrdə, demək olar ki, bir nəfər də olsun azərbaycanlıya rast gəlmək olmur. Ermənilər bu sahədə, nədənsə, fəallıq göstərirlər. Hətta erməni millətindən olan polis rəisi və bir sıra yüksək vəzifədə çalışanlar var. Bu da Gürcüstan vətəndaşı olan azrbaycanlıların problemlərindən biridir. Biz bu problemlərin aradan qaldırılması üçün Azərbaycandan olan millət vəkilləri vasitəsilə Azərbaycan Prezidenti İlham Əliyevə müraciət etmişik. Biz ümidvarıq ki, bu problemin həlli istiqamətində işlər görüləcək.