PDF Oxu

Müsahibə

  • 13

Sankt-Peterburq görüşü Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların davam etdirilməsi baxımından çox önəmli idi

Sankt-Peterburq görüşü Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların davam etdirilməsi baxımından çox önəmli idi
İyunun 4-də Sankt-Peterburqda Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Prezidenti Serj Sarkisyanın görüşü olmuşdur. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın və ATƏT-in Minsk Qrupunun həmsədrləri Metyu Brayzə (ABŞ), Bernar Fasye (Fransa) və Yuri Merzlyakovun (Rusiya) iştirak etdikləri görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri barədə Elşad Mirbəşiroğlu ilə fikir mübadiləsi apardıq.
- Elşad müəllim, Sank- Peterburqda Ermənistan- Azərbaycan prezidentləri arasında keçirilən görüşün nəticələrini necə qiymətləndirirsiniz ?
- Bildiyiniz kimi, ötən ay Praqada prezidentlər arasında görüş keçirildi. Azərbaycan Prezidenti tam konstruktiv, münaqişənin həlli istiqamətinə yaxın addımlar atmağa çalışsa da, Ermənistan prezidenti qeyri-konstruktiv mövqe nümayiş etdirdi. Bunun ardınca isə, Sankt-Peterburqda görüş keçirildi. Çoxları bu görüşü keçən il noyabrda keçirilən Moskva görüşünün davamı kimi qiymətləndirir. Çünki ötən ilin noyabrında Moskva bəyannaməsi imzalandı. Həmin bəyannamədə məhz münaqişənin həlli istiqamətində danışıqların aparılması nəzərdə tutulmuşdu. Eyni zamanda, prezidentlərin növbəti görüşləri planlaşdırılırdı. Yenə də bu görüşlərdə Rusiya prezidentinin iştrakı nəzərdə tutulurdu. Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşü də Rusiya prezidenti Medvedevin yaxından təşəbbüsü və iştrakı ilə keçirildi. Bu görüşdə də müşahidə etdik ki, Ermənistan Rusiyanın ərazisində olanda bu və ya digər formada konstruktiv mövqe nümayiş etdirir. Sözsüz ki, prezidentlər arasında danışıqlarda heç bir nəticə əldə olunmadı. Yalnız Praqadan fərqli olaraq Ermənistan prezidenti, nisbətən, yumşaq mövqe nümayiş etdirdi. Sanki Ermənistan prezidenti Rusiyanın bu münaqişənin tənzimlənməsi prosesini inhisarda saxlanmasına xidmət edəcək bir siyasət yeridir. Sözsüz ki, Serj Sarkisyan hakimiyyəti tamamilə Kremldən asılıdır və Rusiyadan kənarda hər hansı bir konstruktivliyin göstərməsini Rusiya bəyənmir. Bu baxımdan, Ermənistan prezidenti Praqada kəskin, yolagəlməz bir mövqe nümayiş etdirdi. Ancaq Sankt- Peterburq görüşü münaqişədə gələcək danışıqların davam etdirilməsi baxımından çox önəmli idi. Əsas müsbət tərəfi o idi ki, prezidentlərin növbəti görüşü məsələsi gündəmə gətirildi.
Bu istiqamətdə hər iki ölkənin xarici işlər nazirlərinin görüşləri, həmçinin münaqişənin dinc vasitələrlə həlli istiqamətində danışıqlar prosesinin davam etdirilməsi yönündə şifahi də olsa razılaşmalar əldə olundu. Əlbəttə, Sank-Peterburq görüşündə hər hansı bir razılaşma gözlənilmirdi. Müsbət qiymətləndiriləcək bir nəticə ondan ibarətdir ki, prezidentlər arasında Rusiyanın iştrakı ilə səmərəli dialoq var idi. Bunu inkar etmək olmaz. Amma Qərbin iştrakı ilə keçirilən dialoqlar o qədər də uğurlu alınmır.
- Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov görüşün nəticələri ilə bağlı keçirdiyi brifinqdə belə bir fikir səsləndirdi ki, Sankt-Peterburq görüşü Praqa görüşündən fərqlidir və bu görüşdə irəliyə doğru addım atıldı ?
- Bu görüş, isti münasibətlər, çox pozitiv şəraitdə keçirilməsi baxımından Praqdan fərqlənirdi. Birincisi, əsas fərqləndirici cəhət ondan ibarət idi ki, bu görüşün təşkilatçısı və birbaşa yaxından iştrakçılarından biri ATƏT-in həmsədr ölkələrindən biri olan Rusiya idi. Bunun özü müsbət bir məqamdır. Yəni ki, Rusiya prezidenti səviyyəsində bu görüşə, sözün əsil mənasında, müdaxilənin olması özlüyündə müsbət bir hal idi. Konkret olaraq Sank-Peterburq görüşünün Praqadan fərqli olaraq müsbət tərəfi ondan ibarət idi ki, prezidentlər xoş bir atmosferdə görüş keçirdilər. Gələcəkdə prezidentlərin dialoqunun daha yaxından təşkil olunması, mövqelərinin nisbətən yaxınlaşdırılması ehtimalı bu görüşdə göründü. Hələlik, müsbət tərəflər bunlardan ibarət idi.
- Siz necə düşünürsünüz, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində nə qədər səmimidir ?
- Rusiyanin səmimi və ya qeyri-səmimi olmasından asılı olmayaraq məcburdur ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hər hansı bir addım atsın. Çünki hazırda regionda elə bir geosiyasi məqam yetişib ki, istər Qərb , istərsə də Rusiya bu münaqişənin həlli istiqamətində addım atmaq məcburiyyətindədir. Bu, o demək deyil ki, onlar Azərbaycana müsbət münasibət bəsləyir, Azərbaycan xalqının qayğısına qalır, bu belə deyil. Bunun da əsas səbəbi odur ki, onlar özlərinin enerji təhlükəsizliyi baxımından Azərbaycanın aparıcı rolu ilə barışıb və bu münaqişənin həlli istiqamətində addım atmağa məcburdur. Ona görə də, bu, daha real görünür ki, Rusiya münaqişənin həlli istiqamətində hər hansı addım atacaqdır.
Hamıya məlumdur ki, Nabucco layihəsi haqqında ilkin əsaslı bir sənəd imzalanmalıdır. Bu layihənin gerçəkləşməsi istiqamətində isə Azərbaycanın iştirakı çox önəmlidir. Çünki bu layihənin həyata keçirilməsində "Şahdəniz" yatağının ikinci mərhələsində çıxacaq qaza çox böyük ümid bəslənilir. Rusiyanın "Qazprom" şirkətidə Azərbaycan qazını avropa qiymətlərinə almağı təklif edib.Bundan əsas məqsəd odur ki, Nabucco layihəsi gerçəkləşməsin. Bu layihənin gerçəkləşməsi Rusiyanın Avropada enerji bazarınin böyük bir hissəsini itirməsi deməkdir. Yəni, Avropa bu günə qədər Rusiyada aldığı qazdan imtina edərək, bu layihədən bəhrələnərək özünün enerji təhcizatını təmin edəcək.
- Belə məlum olur ki, Rusiya iqtisadi maraqlarına görə, regionda siyasi maraqlarından imtina edəcək ?
- Xeyir, əksinə, bu iqtisadi maraqlar Rusiyanın siyasi mövqelərinin möhkəmləndirilməsinə xidmət edir. Təbii ki, Rusiya Dağlıq Qarabağı erməni işğalından azad edib Azərbaycana qaytarmayacaq. Bu gün Rusiyanın Avropa enerji bazarına nəzarəti, onun ən mühüm siyasi marağıdır. Ermənistan Rusiya üçün kiçicik məsələdir. Gələcəkdə bütün Avropanı enerji şantajında saxlamaq Rusiya üçün daha önəmlidir. Rusiyada status-kvonu da məhz bu məqam üçün saxlayıb. Yəni, Ermənistanın Dağlıq Qarabağı işğal altında saxlamasını konkret olaraq Qafqazda Rusiyanın maraqları ilə əlaqələndirmək düzgün deyil. Bu daha böyük məqsədlərə xidmət edən bir məsələdir.
- Qərb Avropa Rusiyanın Qafqazda möhkəmlənməsinə imkan verəcəkmi?
- Rusiya bütün vasitələrlə ABŞ-ın özünün maraq dairəsi hesb etdiyi Cənubi Qafqazda möhkəmlənməsinə heç bir yolla imkan vermək istəmir. ABŞ da, öz növbəsində, bu bölgəyə Rusiyanın daxil olmasına, nüfuz dairəsinə çevrilməsinə yol vermək istəmir. Məsələ burasındadır ki, onlar bəzən məcbur olurlar ki, öz maraq dairələri çərçivəsində güzəştə getsinlər. 2008-ci ilin avqust ayında Gürcüstan hadisələrində Avropa Birliyi Rusiyaya qarşı kəskin sanksiyalarla çıxış etdi, lakin bunların heç birini həyata keçirə bilmədi. Əlbəttə imkanı olsaydı, sanksiya tətbiq edərdi. Çünki Rusiya regionda kifayət qədər möhkəmləndi. Abxaziyada, Cənubi Osetiyada hərbi qüvvələrini yerləşdirdi. Oranı tam nəzarətə götürdü. Qərb bu məsələlərə o qədər də müdaxilə edə bilmədi.
Rusiya hesab edir ki, Qərbin, ABŞ-ın onun cənub sərhədlərində hərbi bazalar yerləşdirmək arzusu, onun milli təhlükəsizliyinə ziddir, eyni zamanda, təhddidir. Bu baxımdan, Rusiya bütün vasitələrə əl atıb, bəzən enerji şantajına da keçir ki, Cənubi Qafqaza digər qüvvələr gəlməsin.
Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini də Rusiya öz inhisarında saxlayır. Çünki Rusiya hesab edir ki, bu ərazi onun maraq dairəsidir. Digər xarici ölkələrin bu bölgəyə müdaxiləsini Rusiya istəmir. Bunun üçün də bütün vasitələrdən istifadə etməyə çalışır. Nabucco layihəsi iqtisadi maraqdan çox siyasi maraq daşıyır. Deyək ki, Qərbin Rusiyadan enerji asılılığı azaldıqca Qərb Rusiyaya siyasi təsir, təyziq vasitələrini əldə etmiş olacaq.
- Ölkə Prezidenti İlham Əliyevin apardığı əsaslı, düşünülmüş siyasəti Dağlıq Qarabağ münaqişəsinin bu ilin sonuna qədər həllinə imkan yaradacaq.
- Ulu öndərimiz Heydər Əliyev Azərbaycanın xarici siyasət strategiyasını elə formalaşdırmışdır ki, bu strategiya gec və ya tez Azərbaycanın ərazi bütövlüyünü təmin edəcəkdir. Bu strategiya ölkə Prezidenti İlham Əliyev tərəfindən çox uğurla müasir dövrün tələblərinə uyğunlaşdırılaraq davam etdirilməkdədir. Çünki zaman dəyişdikcə maraqlar da dəyişir. Regionda qüvvələr nisbəti dəyişir. Bir sözlə, dövlət başçısının peşəkar diplomatiyasının səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, O, Azərbaycanın Heydər Əliyev tərəfindən hazırlanmış xarici strategiyanı müasir zamanın tələblərinə uyğun olaraq daha da unikallaşdırmışdır. Bu strategiyanın ana xəttini Azərbaycanın suverenliyinin qorunması, ərazi bütövlüyünün təmin olunması təşkil edir.
Artıq Azərbaycan regionda güc mərkəzinə çevrilib. Regionda qüvvələr balansı radikal şəkildə Azərbaycanın xeyrinə dəyişmişdir. Azərbaycanın hərbi xərcləri artıq Ermənistanın dövlət büdcəsini keçməkdədir. Digər bir vacib məsələ iqtisadi məsələdir. Nabucco və digər enerji layihələrinin həyata keçirilməsi Azərbaycanın iştrakı olmadan mümkün deyil. Cənub enerji dəhlizi var ki, o, Avropa üçün həyati əhəmiyyət kəsb edir. Sözsüz ki, Azərbaycanın bu önəmli yerini çatdırmaq üçün düşünülmüş siyasət, strategiya lazım idi. Dövlət başçısı bu strategiyanı, Azərbaycanın önəmli rolunu istənilə vasitəsilə, ən yüksək səviyyədə Avropanın diqqətinə çatdırır. Ona görə də, istər Rusiya, istərsə də, Avropa tərəfinin yaxın zamanlarda münaqişənin Azərbaycanın xeyrinə hər hansı bir formada həlli istiqamətində müsbət addımlar atılacaq.
Mən dəqiq proqnoz vermək istəməzdim ki, 2009-cu ilin sonuna qədər Dağlıq Qarabağ problemi öz həllini tapacaq. Amma yaxın 2-3 il ərzində Dağlıq Qarabağətrafı rayonların qaytarılması reallaşacaqdır.

Digər xəbərlər