PDF Oxu

Müsahibə

  • 7

Azərbaycan təhsili inkişafın yeni mərhələsinə qədəm qoyub

Azərbaycan təhsili inkişafın yeni mərhələsinə qədəm qoyub
- Şəmsəddin müəllim, "Təhsil haqqında" qanun layihəsi üçüncü oxunuşa nə vaxt çıxarılacaq? Sizcə, bu sənəd təhsil sahəsində mövcud olan problemlərin həllini, cəmiyyətin bütün təbəqələrinin maraqlarını özündə ehtiva edirmi?
- Bilirsiniz ki, "Təhsil haqqında" qanun layihəsi ötən ilin dekabr ayında ikinci oxunuşda müzakirəyə çıxarılmışdı. Həmin müzakirələr zamanı Milli Məclisin deputatları, ayrı-ayrı təşkilatlar tərəfindən müxtəlif səpkili tövsiyələr, təkliflər və tənqidlər yer alıb. Bu müzakirələr zamanı 30-a yaxın millət vəkili çıxış etdi. Keçən müddət ərzində verilən təklifləri araşdırmışıq və onların arasında məqsədəuyğun olanları qanun layihəsində nəzərə almışıq. Bir məsələni unutmaq lazım deyil ki, bu sənəd çərçivə qanunu olacaq və hər bir məsələni xırdalamağa ehtiyac yoxdur. Çünki bundan sonra təhsil pillələrinə aid ayrı-ayrı qanunlar qəbul ediləcək. Və bütün detallar həmin sənədlərdə əks olunacaq. Yəni, heç kim narahat olmamalıdır ki, bəzi təkliflər çərçivə qanununda nəzərə alınmayıb. Bununla yanaşı, ötən müddət ərzində biz qeyri-hökumət təşkilatlarından, hətta Dünya Bankının, BMT-nin ölkəmizdəki nümayəndəliyindən rəylər, tövsiyələr almışıq. Təhsil, ədliyyə, xarici işlər, səhiyyə, maliyyə nazirlikləri və Milli Elmlər Akademiyası tərəfindən rəsmi olaraq rəylər daxil olub. Eyni zamanda, ölkənin müxtəlif yerlərindən ziyalılar da bu qanunla bağlı müraciətlər ediblər.
Keçən müddət ərzində bu təklifləri ciddi surətdə araşdırmışıq. Və mümkün olanları qanun layihəsində nəzərə almışıq. Bəzən deyirlər ki, altı ay ərzində nə üçün bu sənəd üçüncü oxunuşda müzakirəyə çıxarılmayıb. Təhsil qanunu çox vacib bir sənəddir və cəmiyyətin bütün zümrələrinin marağını əks etdirir. Nəzərə almaq lazımdır ki, 15 ildir ki, bu qanun layihəsinin üzərində iş gedir. Ötən 15 ildə isə həm ölkəmizdə, həm də dünyanın təhsil sistemində çox ciddi dəyişikliklər baş verib. Bunların hamısını nəzərə almaq lazımdır.
Bəzən dünyada gedən proseslər bizim milli maraqlarımıza uyğun gəlmir. Təhsil strateji sahə olduğu üçün biz dünya təcrübəsinin yalnız mütərəqqi tərəflərini öyrənmişik. Amma əsas prioritet qanunun priambluasında yazıldığı kimi, milli dəyərləri qorumaqdır. Məlumat üçün deyim ki, qanun layihəsi üçüncü oxunuşa tam hazırdır. Sənəd bu ay parlamentin novbədənkənar sessiyasının iclaslarının birində müzakirəyə çıxarılacaq və inanıram ki, qəbul ediləcək.
- Nəzərdə tutulan dəyişiklər sırasında ən çox müzakirə olunan məsələlərdən biri doktoranturanın ikipilləli olması ilə bağlıdır. Bəziləri doktoranturanın birpilləli olmasını təklif edirlər. Sizcə, mövcud reallıqlarla doktoranturanın birpilləli olması mümkündürmü? Nəzərə alsaq ki, artıq bir sıra postsovet ölkələrində bu praktika tətbiq olunur.
- Biz buna indi gedə bilmərik. Bu qanun layihəsi ilə Azərbaycanda iki elmi dərəcənin alınması sistemi tətbiq olunacaq. Doktorluğun özü tam başa çatmış təhsil və tədqiqat tsiklidir. Müvafiq şərtlər daxilində doktoranturaya qəbul, doktorluq dissertasiyasının yazılmasına qoyulan tələblər və müdafiəsi, eləcə də, elmi dərəcənin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşəcək. Birinci pillədə fəlsəfə doktoru dərəcəsi veriləcək, ikincidə isə, elmlər doktoru dərəcəsi veriləcək. Mən deyərdim ki, hazırkı şəraitdə bu variant obyektiv səbəblərdən irəli gəlir. Magistratura təhsili bu gün imkan vermir ki, biz birdən-birə birpilləli elmi dərəcələrin verilməsi sisteminə keçək. Yəqin ki, gələcəkdə birpilləli sistemə keçiləcək. Bir neçə ölkə istisna olmaqla, Avropanın bütün dövlətləri bu sistemə keçib. Artıq keçmiş sosialist birliyinin üzvü olmuş dövlətlərdə birpilləli sistem tətbiq olunub. Nə vaxtsa biz də bu addımı atacağıq. Çünki biz də Boloniya prosesinə qoşulmuşuq və 2010-cu ildə bu prosesə keçid tam başa çatacaq. Yəqin ki, təxminən 5 il sonra yeni standartlar işləməliyik. Və daha dərindən elmi-tədqiqat işləri həyata keçirilməlidir.
- Bir sıra dairələr ali məktəblərə qəbul qaydalarının dəyişdiriləcəyini, hətta test üsulu qəbulun ləğv olunacağını iddia edirlər. Bu tip informasiyalar nə dərəcədə həqiqətə uyğundur?
- Üçüncü oxunuşa çıxarılacaq qanun layihəsində ötən oxunuşlarla müqayisədə tələbə qəbulu ilə bağlı ciddi dəyişiklik yoxdur. Test üsulunun ləğv olunacağı haqqında məlumatların da heç bir əsası yoxdur. Yeni layihədə şərtlər daha mütərəqqidir. Belə ki, abituriyentlərə həm ixtisas, həm də ali məktəb seçimində sərbəstlik verilir. Digər tərəfdən, ali məktəblərin reytinqi müəyyənləşməlidir. Hər bir universitetə keçid balı müəyyən olunmalıdır. Hesab edirəm ki, ən yüksək bal toplayan tələbələr pedaqoji kadrlar hazırlayan ali məktəblərə qəbul edilməlidirlər. Çünki yüksək talantlı müəllimlər yetişdirməliyik ki, orta məktəblərdə şagirdlərə yüksək təhsil verə bilsinlər. Təsəvvür edin, 200 balla tələbə pedaqoji universitetlərə qəbul olunacaqsa və ali məktəbi də bu biliyə uyğun bitirəcəksə, həmin şəxs müəllim kimi hansı təhsili verə biləcək? Ona görə də, pedaqoji təhsilin prestijini qaldırmaq lazımdır.
- Gəlin etiraf edək ki, yüksək bal toplamış abituriyentlər pedaqoji ixtisaslara yönəlməkdə o qədər də maraqlı deyillər. Belə olduğu təqdirdə, bunu necə etmək mümkün olacaq?
- Elə sistem yaratmaq lazımdır ki, doğrudan da, savadlı uşaqlar pedaqoji sahə ilə məşğul olmaq arzusunda olsunlar. Bu, mənim şəxsi fikrimdir. Yalnız tələbələrə maksimum seçim imkanı verilir. Yəni, bunu proqram yox, tələbənin özü seçəcək. Ola bilər ki, tələbə üç universitetə qəbul olacaq, amma onlardan birini seçəcək. Elə imkan yaratmalıyıq ki, proqram onu yerləşdirməsin. Dünyadakı sistem də belədir. Bunun üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının bütün imkanları, təcrübələri var. Nəzərdən tutulmuş müddəaların 90 faizini TQDK yerinə yetirir.
- Bəs ali məktəblər necə? Onlar tələbələrin seçiminə, müxtəlif ixtisaslar üzrə universitetlərdə yerləşdirilməsinə müdaxilə edə biləcəkmi?
- Qətiyyən, yox, ali məktəblər tamamilə passiv mövqedə olacaqlar. Onların bu prosesə təsir etmək imkanı olmayacaq. Amma bu bəndlər ali məktəbləri məcbur edəcək ki, öz fəaliyyətləri ilə bağlı ictimaiyyətə məlumat versin. Təhsil vəziyyəti, sosial məsələlər, tələbələrə diqqət və s. Bu yolla ali məktəblər maraqlı olacaq ki, savadlı tələbələri özlərinə cəlb etsin. Universitet rəhbərliyi məhz bu yolla qəbul prosesində iştirak edə bilər.
- Şəmsəddin müəllim, siz, eyni zamanda, Azərbaycanda təhsilin, elm sahəsinin inkişafına məsul olan qurumlardan birinin rəhbərisiniz. Bir elm xadimi, təhsil işçisi kimi ölkəmizdə təhsilin inkişaf səviyyəsi ilə bağlı, dövlətin bu sahədə gördüyü işlər haqqında nə deyə bilərsiniz?
- Bu, inkarolunmaz həqiqətdir ki, son beş il ərzində Azərbaycan təhsilində inqilabi dəyişikliklər baş verib. Demirəm ki, təhsilimizdə çatışmayan cəhətlər yoxdur. İş olan yerdə belə məsələlər də olur. Amma çox ciddi dəyişikliklər baş verib. Azərbaycan təhsili, sözün əsil mənasında, inkişafın yeni mərhələsinə qədəm qoyub. Təhsilin bütün pillələrində islahatlar daha da dərinləşib. Maddi-texniki baza güclənir. Son beş ildə 2000-ə yaxın orta məktəb tikilib. Heydər Əliyev Fondunun hesabına 240-a qədər müasir məktəblər inşa olunub. Artıq məktəblərin əksəriyyətində müasir texnologiyaların öyrənilməsi üçün lazımi şərait yaradılıb. Eyni zamanda, təhsil işçilərinin əməkhaqları dəfələrlə artırılıb. Bu, xüsusilə, ali məktəblərdə özünü göstərir. Bu gün Dövlət İqtisad Universitetində kafedra müdirlərinin əmək haqqı 920 manat, prorektorun əməkhaqqı 1000 manatdan yuxarı, vəzifəsi olmayan elmlər doktorunun maaşı 800 manatdan çoxdur. Bu, müəllimlərə müəyyən status da verir. Bu proses davam edir. Son beş il ərzində üç dəfə müəllimlərin əməkhaqqları artıb. Həmçinin, Azərbaycan təhsili dünya təhsil sisteminə inteqrasiya edir.
Təhsillə bağlı 14 dövlət proqramı icra olunur. Bu yaxınlarda ali təhsil sisteminin Avropa məkanına inteqrasiyası ilə bağlı proqram da qəbul olunub ki, burada çox böyük məsələlər nəzərdə tutulur. Çünki ümumtəhsil, məktəbəqədər təhsillə və digər məsələrlə bağlı dövlət proqramları var. Amma razılaşmaq lazımdır ki, mütəxəssis ali təhsil sistemində formalaşır. Bu proqramın qəbul olunması bu sahədə daha ciddi irəliləyişlərin olmasına imkan yaradacaq. MDB məkanında Azərbaycan təhsilinin öz mövqeyi var. Bu sahədə çox mütərəqqi dəyişikliklər var, o cümlədən, qanunvericilik baxımından da.
"Təhsil haqqında" qanun layihəsi qəbul olunandan sonra başqa qanunlar da qəbul ediləcək. İşçi qrup tərəfindən artıq həmin qanunlar hazırlanıb və yəqin ki, parlamentin payız sessiyasında müzakirəyə çıxarılacaq. Bundan sonra isə Təhsil Məcəlləsi formalaşacaq. Fikrimcə, Təhsil Qanunu qəbul edildikdən sonra bu sahədə qanundan kənar proseslər baş verməyəcək.
- Eyni zamanda, Azərbaycanda peşəkar kadrların yetişdirilməsi məqsədilə gənclərin xaricdə təhsil alması ilə bağlı Dövlət Proqramı qəbul olunub. Bu proqramın əhəmiyyəti barədə nə deyərdiniz?
- Bu proqram Azərbaycanda çox böyük səmərə və uğurlar vəd edir. Bu uğurun nədən ibarət olacağını görmək üçün 1970-ci illəri xatırlamaq lazımdır. Ulu öndər Heydər Əliyev tərəfindən o zaman keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə gənclər təhsil almağa göndərilirdi. Bu siyasətin nəticəsi Azərbaycanın uğurları ilə müşayiət olundu. Bu gün isə həmin siyasət yeni müstəvidə davam etdirilir. Gənclərimiz dünyanın ən nüfuzlu ali məktəblərində təhsil aldıqdan sonra mütəxəssis kimi geri qayıdacaqlar. Və ölkəmizin inkişafında öz töhfələrini verəcəklər. Bu proqrama əsasən 5 min nəfərin xaricdə təhsil alması nəzərdə tutulub. Amma iki il ərzində xaricə göndərilən tələbələrin sayı çox azdır. Ola bilsin ki, gənclərimizin xaricdə təhsil almağı maraqlı deyil və ya Azərbaycan təhsili o qədər inkişaf edib ki, tələbələr ölkəmizdə çalışmağa üstünlük verir. Amma inanıram ki, bütün hallarda bu proqram uğurla icra olunacaq.

Digər xəbərlər