- Asəf müəllim, Milli Məclis 2008-ci ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsini qəbul etdi. Bütün dünya dövlətləri beynəlxalq iqtisadi böhranın ağır fəsadlarını yaşayarkən və hətta dünyanın ən böyük və ən güclü dövlətləri bu böhran qarşısında böyük itkilər verdiyi bir vaxtda Azərbaycan bu böhrandan ən az zərərlə çıxdı. Ötən ilin dövlət büdcəsinin uğurla həyata keçirilməsi bunun əyani sübutudur. Bunu nə ilə əlaqələndirirsiniz, sizcə, rəsmi Bakının bu uğurlarının arxasında nə dayanır?
- Şübhəsiz ki, böhranın müəyyən mənada ölkəmizdə təsirləri hiss olundu. Əgər bu gün Azərbaycan bu dünyanın bir parçasıdırsa, dünyada baş verən bütün hadisələr müxtəlif şəkildə başqa dövlətlərə də təsir edirsə, deməli, qlobal maliyyə böhranının ölkəmizə təsir edəcəyi gözlənilən idi. Amma bu o qədər zəif oldu ki, əhali hiss etmədi, dövlət üçün əlavə problemlər yaratmadı. Əlbəttə ki, bunu Azərbaycan hakimiyyətinin uğurlu iqtisadi konsepsiyasının, ölkədə həyata keçirilən siyasi kursun məntiqi nəticəsi kimi də dəyərləndirmək olar. Bu gün Azərbaycanda qeyri-neft sektoru inkişaf edir, neftin büdcəyə təsiri azalıb.
Azərbaycanda ipoteka kreditlərinin verilməsi bir də təsdiq edir ki, Azərbaycan dünyada gedən böhran ilə uğurla mübarizə etdi və öz inkişafını bu gün də davam etdirir. Bu Azərbaycanda Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir və hətta Onun dediyi kimi böhranın Azərbaycana müsbət təsirləri də oldu. Buna misal kimi, istehlak qiymətlərinin aşağı düşməsini göstərmək olar. Həmçinin, böhrana baxmayaraq, Azərbaycan yeni müəssisələr fəaliyyətə başladı, yeni iş yerləri açıldı. Elə bir neçə gün öncə dövlət başçısı qərb bölgəsinə səfəri zamanı yeni obyektlərin açılışında iştirak etdi.
- Dövlət başçısının rayonlara səfərlərindən söz düşmüşkən, artıq Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının birinci mərhələsi başa çatıb və ikinci mərhələdə qarşıda duran məsələlərin həllinə başlanılıb. Sizcə, bu proqram Azərbaycana nə verdi?
- Bu proqramın uğurla icra olunması Azərbaycanı daha da gücləndirdi, sahib olduğu iqtisadi potensialı artırdı. Dövlət Proqramının uğurla icra olunması Azərbaycanın bütün regionlarının paralel inkişafını təmin etdi. Bu gün bölgələrdəki inkişaf Bakıdakından geri qalmır. Bütün regionlarda yeni, müasir standartlara cavab verən təhsil, səhiyyə, sənaye müəssisələri, idman, turizm kompleksləri yaradılıb. Yeni obyektlərin açılması isə iş yerlərinin yaradılması, yoxsulluğun aradan qaldırılması deməkdir. Bütün bu tədbirlər isə, şübhəsiz ki, daha güclü, daha qüdrətli Azərbaycan yaratmaq, dövlətimizin iqtisadi gücünü daha da artırmağa xidmət edir. Dövlət Proqramının ikinci mərhələdə həyata keçirilməsi də məhz bu məqsədə çatmağı daha da asanlaşdıracaq.
Qeyd etmək istərdim ki, bu gün təhsil sahəsində bir çox uğurlara nail olmuşuq. Yeni məktəb binalarının tikilməsi, bir çox məktəbin əsaslı təmiri və bu məktəblərdə müasir avandanlığın olması artıq danılmaz bir faktdır. İndi bizim məqsədimiz məktəblərə daha keyfiyyətli təhsilin gətirilməsindən ibarət olmalıdır. Müəllimlərimiz tədrisdə müasir metodlardan və texnologiyalardan istifadə etməli, bu isə həm müəllim heyətindən, həm də şagirdlərdən yeni biliklərin əldə olunmasını tələb edir. Yəni, həm müəllim dərsləri yeni səviyyədə tədris etməli, şagird isə yeni səviyyədə mənimsəməli. Bu proses hər iki tərəfin zəhmətini tələb edir. Biz dünyada təhsil sahəsində gedən proseslərdən yanda qalmamalıyıq, bu isə, öz növbəsində, ölkənin inkişafına bir təkan ola bilərdi.
- Asəf müəllim, bu günlərdə sizin də təmsil olunduğunuz Yeni Azərbaycan Partiyası nümayəndə heyəti cəbhə bölgəsinə səfər etmişdi. Bu barədə məlumat verməyinizi xahiş edirik.
- Bu səfərin təşəbbüsü hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüşdü. Biz də bu təşəbbüsə qoşulub hərbi hissələrə baş çəkdik. 28 May Respublika Günü münasibətilə əsgərləri təbrik etdik. Biz ön cəbhədə olduq və ordumuzun vəziyyətindən qürur duyduq. Müasir texnikanın mövcudluğu və istifadəsi, yüksək səviyyədə təlim keçmiş döyüşçülərimiz, onlara lazımı səviyyədə sərhəddə xidmətin təşkil olunması şəxsən məndə qurur hissi yaratdı və elə bir qənaətə gəldim ki, ordumuz işğal olunmuş torpaqlarımızı azad etməyə qadirdir. Azərbaycan dövləti hərbi gücünü yüksək səviyyədə təşkil edib. Bu da ölkənin inkişafının bir istiqamətidir, çünki güclü dövlət - güclü ordu deməkdir.
- Asəf müəllim, siz Azərbaycanın tanınmış elm xadimlərindən birisiniz. Bu gün Azərbaycan elminin, təhsilinin səviyyəsi sizin kimi elm xadimlərini qane edirmi?
- Təhsil millətin gələcəyidir. Ona görə də, məhz bu sahənin inkişafı Azərbaycan hökumətinin prioritet istiqamətlərindəndir. Bilirsiniz ki, Azərbaycan təhsili çətin yol keçib. Sovet təhsil sistemini birdən-birə dağıdıb yeni sistemə keçmək düzgün deyil. Təhsil elə bir sahədir ki, burda inqilabi addımlar səmərə vermir. Bunun üçün bəzən 10 illər tələb olunur ki, müasir dövrün tələblərinə uyğun təhsil sistemi formalaşdırmaq mümkün olsun. Lakin Azərbaycan dövləti deyə bilərəm ki, bu keçidi daha tez reallaşdırdı. Şübhəsiz ki, bu, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş təhsil islahatlarının Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilməsi sayəsində mümkün oldu.
- Təhsilin inkişafı üçün ən vacib məsələlərdən biri də beynəlxalq sistemə inteqrasiya və mütərəqqi standartların tətbiqidir. Bunun üçün isə dünyanın qabaqcıl ölkələri ilə tələbə mübadiləsi, qarşılıqlı kadr hazırlığı siyasətinin həyata keçirilməsi vacibdir. Azərbaycanın bu sahədə atdığı addımları necə qiymətləndirirsiniz?
- Bilirsiniz ki, bir müddət əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan gənclərinin xaricdə təhsil alması barədə Dövlət Proqramını təsdiq edib. SSRİ vaxtında da ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə bü dövlətin aparıcı ali məktəblərinə təhsil almağa göndərilirdilər. Bunun müsbət nəticələrini görməkdəyik. Bu gün həmin tələbələr müxtəlif sahələrdə çalışırlar. 1988-ci ildə Heydər Əliyevin qərarı dayandırıldı. Dövlətçiliyi dərin anlamayan adamlar, ümumiyyətlə, bu anlayışlardan uzaq olan nadan insanlar bundan imtina etdilər. Bu adamlar başa düşmürdülər ki, dünyada qloballaşma gedir. İnsanlar digər ölkələrin inkişaf etmiş təhsil sistemindən bəhrələnməlidir. Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bunu bərpa etdi. İlham Əliyevin qərarı ilə gənclərimiz dünyanın ən nüfuzlu ali məktəblərinə göndərilirlər. Bu bir tərəfdən Azərbaycanın inkişafını göstərir. Bir tələbənin bir illik təhsili Amerikada təxminən 100 min dollara başa gəlir. Bu, o deməkdir ki, ölkəmiz öz gələcəyini düşünür. Bu da Azərbaycanın inkişaf etməsini bir növ təsdiq edir. Eyni zamanda, Azərbaycan beynəlxalq cəmiyyətə inteqrasiya olunur. Azərbaycan bu yolla getmək istəyir. Bu, çox önəmlidir, qloballaşan dünyada bu, vacibdir.
Əgər XX əsrin əvvəllərində dövlətlərin zənginliyi onların təbii sərvətləri ilə ölçülürdüsə, bu gün vəziyyət dəyişib. Bu gün ölkənin zənginliyi onun yüksək texnologiyalarının səviyyəsi ilə ölçülür. Bunun kökündə isə elm və təhsil amilləri durur. Baxın Yaponiyaya, Finlandiyaya, Hollandiya və b. inkişaf etmiş ölkələrə. Bu ölkələrdə yüksək texnologiyalar yaradılır və onlardan geniş istifadə olunur. Ona görə bu gün elm və təhsil həlledici amilə çevrilməyə başladı. Məhz Azərbaycan da bu yolla gedir.
- Bəs "Təhsil haqqında" qanuna münasibətiniz necədir? Ümumiyyətlə, bu qanun nə vaxt qəbul ediləcək?
- Əvvəla, onu deyim ki, bu qanun beynəlxalq çağırışlara, müasir dövrün tələblərinə cavab verən, mükəmməl bir sənəd olmalıdır. Milli Məclis tərəfindən hazırlanmış və artıq iki oxunuşdan keçmiş qanun bu tələblərə cavab verir. Bu qanun, hazırlanması uzun vaxt aparsa da, deyə bilərəm ki, gözləməyə də dəyib. Amma biz elə düşünməməliyik ki, bu qanun qəbul olunan kimi təhsil sahəsində problemlər həll olunacaq. Eyni zamanda, o demək deyil ki, qanun qəbul olunandan sonra heç zaman dəyişməyəcək. Xeyr, vaxtında qanun təkmilləşdiriləcək. Çünki təhsil yüksək templə inkişaf edir. Digər tərəfdən, qanunun qəbul olunması təhsilimizdə qarşıya yeni məqsədlər qoyub, onlara nail olmaq yollarını müəyyən edəcək. Əminəm ki, bu qanun təhsilimizdə inkişafa apara yeni bir mərhələ olacaq.
Azərbaycanın Boloniya prosesinə qoşulması təsdiq edir ki, biz də avropalılar kimi vahid Avropa təhsil sisteminə qoşuluruq və Avropa dəyərlərini ölkəmizdə inkişaf etdiririk. Qeyd etmək istərdim ki, Avropa dəyərləri coğrafi ya fiziki anlayış deyil. Avropa dəyərləri bir düşünmə tərzidir. Biz də bu düşünmə tərzinə nail olmalıyıq, Avropa ailəsinə daxil olub yüksək inkişafı ölkəmizə gətirmək niyyətindəyik.