Bu yaxınlarda Milli Məclisin iclasında "Polis haqqında" qanuna əlavələr edilməsi müzakirə olundu. Müzakirədə bildirilib ki, ölkə prezidenti tərəfindən parlamentə göndərilən layihədə polis orqanlarının yanında ictimai şuraların yaradılması nəzərdə tutulur. Layihədə qeyd olunur ki, yaşayış yeri üzrə ictimai asayişin və təhlükəsizliyin təmin edilməsi ilə bağlı yaranan sosial problemlərin birgə həlli üçün ayrı-ayrı şəxslər, könüllülük əsasında polis orqanları tərəfindən ictimai asayişin və təhlükəsizliyin təmin olunmasına cəlb edilə bilər.
Bu şəxslərin fəaliyyətinin əlaqələndirilməsi üçün polis orqanları yanında ictimai şuralar yaradılacaq. Könüllü ictimai fəaliyyət hüquqa zidd və cəmiyyətə qarşı hörmətsiz davranışın qarşısının alınması məqsədilə maarifləndirmə və təbliğat işinin aparılması, narkomaniyanın, alkoqolizmin, yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası məqsədilə zəruri məlumatların polisə verilməsi istiqamətində həyata keçirilə bilər. Könüllü ictimai fəaliyyətə cəmiyyətdə nüfuzu olan şəxslərin cəlb olunması nəzərdə tutulur. Cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuşlar, psixi xəstəliklə, narkomanlıqla, alkoqolizmlə bağlı müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan şəxslər ictimai şuralarda təmsil oluna bilməzlər.
Müzakirə ilə bağlı Elmi-praktik hüquq mərkəzinin əməkdaşı, sabiq polis rəisi Mahmud Hacıyev bizimlə söhbətində bildirdi ki, "Polis haqqında" qanun bir neçə il öncə qəbul olunub. Bu baxımdan, qanunlara hər hansı bir əlavə və dəyişikliyin edilməsi hüquqi məntiq baxımından qəbul ediləndir.
- Bu müddət ərzində polisdə struktur islahatlar edilib, qurumlar dəyişilib, fəaliyyət çərçivəsində müəyyən dəyişiklər olub. Bu nöqteyi- nəzərdən də əlavə və dəyişiklik etmək olar. İctimai şuraların yaradılmasında şəffaflıq artar, nəzarət güclənər, ictimaiyyətin, eləcə də, vətəndaşların müəyyən cinayətlərin açılmasında və baş verə biləcək cinayətlərin qarşısının alınmasında polisə köməyi ola bilər. İnanırıq ki, bu, gələcəkdə öz effektini verəcək. Bilirsiniz, son vaxtlar vətəndaş, ictimaiyyət polisə yaxından kömək etmir, yəni polisdən qaçır. Vətəndaşlarla polisin arasında əlaqə pozulub. Ona görə də, ictimai şuraların yaradılmasında əsas məqsəd odur ki, ictimaiyyətlə polis arasında inam yaransın. İctimai şuralar əxlaqsızlıq, xuliqanlıq və avtoxuliqanlıq kimi ictimai bəlalara qarşı mübarizə aparsın.
- Avropa ölkələrinin təcrübəsinə əsasən, cinayətlərin açılmasında və yaxud şəhərin təhlükəsizliyinin qorunmasında ictimai şuraların rolu kifayət qədər böyükdür. Həmin təcrübə Azərbaycanda özünü doğrulda bilərmi?
- Təcrübə göstərir ki, polis orqanları tərəfindən ictimai asayiş və təhlükəsizliyin təmin olunması istiqamətində mühüm vəzifələrin həyata keçirilməsi zamanı vətəndaşların cinayətkarlıqla mübarizənin gücləndirilməsinə biganə qalmaması və ictimaiyyətin polisə köməyi olduqca əhəmiyyətlidir. Polis orqanları ictimaiyyətin yaxından iştirakı və köməyi sayəsində öz vəzifələrini daha effektiv şəkildə yerinə yetirər, cinayətlərin qarşısını almaq üçün daha səmərəli qabaqlayıcı tədbirlər görə bilərlər. ABŞ, Fransa, Almaniya, Rusiya və digər inkişaf etmiş ölkələrdə bu amildən son dərəcə effektli istifadə olunur. Özünü, əlbəttə, doğrulda bilər. Avropa ölkələrində ictimaiyyət, vətəndaşlar polislə əlaqədədir. İnformasiya baxımından polisə düzgün informasiya verirlər. Biz də isə, əksinə. Vəndaşlarla polis arasında uçurum yaranmışdı. Nəzərə almalıyıq ki, ictimai şuralar vətəndaşların polisə yaxınlaşmağını artıracaq. Nəzər alaq ki, son vaxtlar vətəndaşlar gördüyü cinayəti də demək istəmir. Ona görə də, qanun polisə lazımi məlumatları çatdıran vətəndaşların təhlükəsizliyinin təmin olunmasını da nəzərdə tutmalıdır. Qanunda bunun mexanizmi yer almalıdır. Həmçinin, burada əsas məqsəd baş verən cinayətlərin açılması, cinayətlərin qarşısının alınması, inzibati xətaların profilatikasının güclənməsi yönümündə vətəndaşların köməyinə ehtiyac var. Çox qəribədir ki, kütləvi informasiya vasitələrinin böyük əksəriyyəti bu dəyişikliyə "xalq drujinaları"nın bərpası kimi yanaşır. Ancaq bu, tamamilə yanlış və səhv yanaşmadır. Söhbət cəmiyyətin, ictimaiyyətin cinayət hadisələrinin qarşısının alınması, cinayətkarların ifşa olunmasına cəlb edilməsindən gedir. Bu isə çox normal bir dəyişiklikdir. Çünki dünyanın əksər ölkələrində belə praktika mövcuddur. O baxımdan, düşünürəm ki, polis orqanları yanında ictimai şuranın yaradılması müsbət dəyişiklikdir.
- Sizcə, ictimai şuralarda cəmiyyətin hansı təbəqələrinin təmsil olunması məqsədəuyğundur?
- Söhbət Azərbaycan ictimaiyyətindən gedirsə, onun fəhləsi, ziyalısı var. Bütün təbəqələr bu yönümdə polisə yardımçı olmalıdır. Bəziləri elə fikir yürüdürlər ki, ictimai şuranın yaradılması, belə bir əlavə və dəyişikliyin edilməsi keçmişdə olan "danosçuluğ" artmasına rəvac verə bilər. Burada heç bir "danosçuluq"dan söhbət getmir. Hüquqi-demokratik ölkədə yaşayan sivil adam bilməlidir ki, polisdə işləyən də insandır, dövlətin qurumudur. Əgər sən özünü vətəndaş cəmiyyətində hiss edirsənsə, demək hansısa polisin fəaliyyət çərçivəsində onun inkişafına kömək göstərməlisən. Bu səbəbdən hamı yardımçı olmalıdır. Baş verə biləcək cinayətin qarşısının alınmasında vətəndaşlar yardımçı olmalıdır. Burada hüququ maarifləndirməni, təbliğatı gücləndirmək lazımdır. vətəndaşları inandırmaq lazımdır ki, sizin polisə yardımınız, "donosçuluq" deyil, ölkənin inkişafına, baş verə biləcək cinayətin qarşısını almaqdır. Məhz bu yönümdə insanları maarifləndirmək lazımdır.
- İctiami şura könüllü prinsip əsasında həyata keçiriləcək. Təbii ki, onların əməkhaqları da ödəniləcək. Bu halda şuranın fəaliyyəti nə dərəcədə gözlənilən müsbət nəticələri verə bilər?
- İstərdim ki, ictimai şuranın yaranması zamanı könüllülük prinsipinə əsaslanmalı və orada əməkhaqqı sistemi tətbiq olunmamalıdır. Yəni, vicdanlı Azərbaycan vətəndaşı könüllü şəkildə polisin fəaliyyətinə yardımçı olursa, ölkənin büdcəsindən ona əməkhaqqı qismində nə isə verilməlidir. Çünki Azərbaycan hökumətinin büdcəsindən polisin məxfi əməliyyat xidmətində şöbə var ki, ora kifayət qədər vəsait ayrılır.