- Rəhbərlik etdiyiniz partiyanın iştirakı ilə əlaqələndirmə şurası yaradılıb. Əlaqələndirmə şurasının vəzifəsi nədən ibarətdir?
- Bu ilin yanvar ayında tərkibinə 3 partiyanın daxil olduğu sosialist təmayüllü partiyaların əlaqələndirmə şurası təsis edildi. Əlaqələndirmə şurasına Xalq Sosialist, Mütəfəkkir Sosialist və "Azərbaycan Demokrat Sol partiyası" və s. daxildir. Şuranın təsis edilməsi, əslində, bu gün Azərbaycanın siyasi həyatında müşahidə olunan bir sıra gerçəklikdən irəli gəldi. Əvvəla, ölkədə sağ müxalfətin fəaliyyəti iflic vəziyyətdədir. Sol müxalifət isə, sağ müxalifətlə müqayisədə fəaliyyətində özünü büruzə vermirdi. Hətta keçən ilin oktyabrında ölkədə keçirilən prezident seçkilərində ölkə başçısı İlham Əliyevə münasibətdə, müxalif rakursdan çıxış edən partiyaların hamısı sağ təmayüllü partiyalar idi. Bizim mövqeyimiz ondan ibarətdir ki, əgər biz Avropa siyasi-hüquqi məkanına inteqrasiya olunmağı qarşımıza məqsəd qoymuşuqsa, həmin məkanda özünü büruzə verən gerçəkliklər Azərbaycanın siyasi məkanına transfer olmalıdır. Azərbaycandan fərqli olaraq, Avropada siyasi hakimiyyət uğurunda mübarizə müxtəlif ideoloji dəyərlərə istinad edən partiyalar - sağ və sollar arasında gedir.
Avropada konservatizm, liberalizm, sosializm, sosial-demokratiya arasında kifayət qədər fərqli konseptual baxışlar olduğu halda, Azərbaycanda müxalifət partiyalarının fəaliyyətində bu məqamlar özünü büruzə vermir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, Azərbaycan əhalisinin az bir hissəsi kasıb yaşayır. Ölkə Prezidentin məqsədyönlü fəaliyyəti nəticəsində son bir neçə ildə bu hədd 49 faizdən 16 faizə endirilib. Bununla belə, Azərbaycan hökuməti, o cümlədən, hakim siyasi partiya olan YAP dəfələrə bildirib ki, Azərbaycanın siyasi sistemi inteqrasiya olmaq istədiyimiz Avropanın standartlarına cavab verməlidir.
- Ola bilərmi ki, yaratdığınız əlaqələndirmə şurasında bir zaman eyni partiyada təmsil olunduğunuz partiya da təmsil olunsun?
- Bildiyiniz kimi, bu ilin payızında təsis etdiyimiz blok solçuların iştirakı və onların fəaliyyət prinsiplərinin müəyyən edilməsi ilə bağlı formun keçirməsini nəzərdə tutmuşuq. Sol təmayüllü partiyaların fəaliyyətinin dirçəldilməsi və onların arasında əlaqələrin koordinasiya edilməsi məqsədilə belə bir formun keçirilməsinə zərurət duyduq. Həmin foruma ölkədə sol siyasi "müxalifətin avanqardı" hesab olunan (hər halda, onlara elə gəlir ki, avanqard qismində bu gün onlar çıxış edirlər) Azərbaycan Sosial- Demokrat Partiyasının rəhbərliyinə də müraciət etdik. Əgər ASDP forumdan iştirak etməkdən bu və ya digər amilləri istinad edərək boyun qaçırıbsa, bunu belə izah edək ki, Ayaz Mütəllibov və Araz Əlizadənin rəhbərlik etdiyi partiyaların bu gün ölkənin gerçək siyasi durumuna təsir imkanları kifayət qədər məhdudlaşıb. Bu partiyaların, sadəcə olaraq, adı qalıb. Onların partiya kimi fəaliyyəti ilə bağlı məsələlərin mahiyyətinə vardıqda, burada birmənalı olmayan suallar yaranır. Həmin partiyaların siyasi proseslərə təsir imkanları yetərincə azalıb. Ona görə də, bu kimi amillərdən çıxış edərək, çox təəssüf ki, ASDP həmin forumun işində iştirak etməkdən boyun qaçırıb. Müraciət etdiyimiz digər Azərbaycan Kommunist Partiyası da həmin forumda iştirak etməkdən boyun qaçırdı.
- Hazırkı mərhələdə müxalifət düşərgəsində bloklar və qurumlar təşkil edilir. Müsavat, ADP, AXCP (i) "Qarabağ və Respublika Uğurunda Hərəkat" yaradıblar. Bu kimi qurumların perspetivliyini necə görürsünüz?
- Sadəcə olaraq, həmin qurumlarda təmsil olunmuş partiyaların siyasi proseslərə təsir imkanları yetərincə məhdudlaşıb. Həmin partiyalar elektoratın diqqət mərkəzində deyil. Müxalifətdə olanlar Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi ilə ilə bağlı keçirilən referendumda hay-küy saldılar. Onlara verilmiş imkandan sui-istifadə edərək anti-referendum təbliğatı apardılar. Amma heç bir nəticə vermədi. Çünki məlum oldu ki, həmin müxalifətin siyasi proseslərə təsir imkanları əvvəlki illərlə müqayisədə xeyli zəifləyib. Müxalifət partiyalarının prezident seçkilərində əldə etdiyi nəticələr onu göstərdi ki, onlar limitini, nüfuzunu itirmiş partiyalardır. Təbii ki, həmin partiyaların təmsil olunduğu qurumların, blokların perespektivdə hansısa uğura imza atacaqlarını güman etmirəm.
- Necə düşünürsünüz, bir zaman bir-birini qəbul etməyən qüvvələrin bir araya gəlib, hansısa qurumda birləşməsi nə dərəcədə mümkündür?
- Eyni blokda təmsil olunan, hansı mücərrəd uğura imza atmış partiyaların bir müddət sonra şəxsi ambisiyalar kontekstində tamamilə fərqli çarpaz müstəvidə durması və yenə bir araya gəlmək istəkləri ciddi şəkildə itirilmiş nüfuzlarını bərpa etmək və siyasi dividendlər əldə etmək istəyindən irəli gəlir. Həmin partiyalar hər bir vəchlə Qərbin diqqət mərkəzində olmaq üçün bu kimi addımlar atır. Ona görə də, düşünürəm ki, Azərbaycanın siyasi səhnəsinə yeni simalar və partiyalar gəlməlidir.
- Əgər A.Əlizadə ilə maraqlarınız birləşərsə, hansısa blokda birləşmək mümkündürmü?
- Keçən il ASDP-nin rəhbəliyindən istefa verdikdə A.Əlizadəni konservatizmə meyil etməkdə, partiya idarçiliyində avtoritarizm idarə üsullarının baş alıb getməsində, partiya nizamnaməsinin kobud şəkildə pozulmasında, partiya fəaliyyətinin iflic vəziyyətə gətirilməsində ittiham etdim. Ona görə də, A.Əlizadə ilə mövqelərimiz, təbii ki, uzlaşmadı. Mənə elə gəlir ki, bu illər ərzində Araz bəy partiyanın siyasi müstəvi üzərində fəaliyyətinə yenidən baxmaq zərurəti duyarsa, ASDP-nin fəaliyyətinin gerçəkdən konstruktiv istiqamətə yönəldə bilərsə, bu barədə problem görmürəm. Amma hələ ki, ASDP-nin fəaliyyətində yuxarıda istinad etdiyim amilləri görmürəm.
- Siz partiya yaratdıqdan sonra A.Mütəllibov sizinlə əlaqə saxladığı bildirilir. Bu, nə dərəcədə düzgündür?
- Bu məsələyə aydınlıq gətirmək istəmirəm. Əgər A.Mütəllibov məsləhət bilərsə, həmin məsələyə özü aydınlıq gətirər. Təbbi ki, eks-prezident hazırda rəhbərlik etdiyim partiyanın fəaliyyətini diqqətlə izləyir. İstisna etməzdim ki, Mütəllibov perespektivdə bu partiyaların güclənməsinə və gerçəkdən sol blokun formalaşmasına maraqlı olsun.
- Ola bilərmi ki, A.Mütəllibov nə zamansa yaratdığınız partiyaya sədr və yaxud həmsədr gəlsin?
- Güman etmirəm ki, Ayaz bəy bundan sonra hansısa siyasi partiyaya rəhbərlik etmək niyyətində olsun. Çox təəssüf ki, onun indiyə qədər təsis və rəhbərlik etdiyi partiyaların fəaliyyətində müəyyən nöqsanlar özünü büruzə verib. Sabir Hacıyevlə, eləcə də, nə qədər gizlətməyə çalışsa da, A.Əlizadə arasında münasibətlərdə kifayət qədər soyuq məqamların olması artıq hamıya bəllidir.