Milli Məclisin Azərbaycan-Almaniya Parlamentlərarası Dostluq Qrupunun üzvü, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komitəsinin sədr müavini Rövşən Rzayev keçirilən görüşlərdə Dağlıq Qarabağ probleminin həlli istiqamətində intensiv işlər aparıldığını bildirdi:
- Bildiyiniz kimi, iyirmi ildən artıqdır ki, Azərbaycanın böyük bir problemi - Qarabağ problemi mövcuddur. Bu problemin həlli yönündə də Milli Məclisin digər ölkələrin parlamentləri ilə dostluq qrupları, o cümlədən, Azərbaycan-Almaniya Parlamentlərarası Dostluq Qrupu çox intensiv şəkildə fəaliyyət göstərməli, daha doğrusu, parlamentarilər bu prosesə öz töhfəsini verməyə çalışmalıdırlar. Yəni, həm qrup şəklində, həm də fərdi şəkildə münasibətlərin qurulması, yüksək səviyyəyə qalxması son nəticədə bizim ən ağrılı problemimizin həllində müəyyən qədər rol oynaya bilər. Eyni zamanda, onu da qeyd edim ki, Azərbaycanın bir saylı məsələsi olan Qarabağ probleminin çözümü dövlət başçısının qətiyyətli mövqeyindən asılıdır və bu mövqe də ortlıqdadır.
Keçirilən bütün görüşlərdə ancaq və ancaq Qarabağ məsələsini dilə gətiririk. Bu məsələdə Azərbaycan dövlətinin və dövlət başçısının birmənalı, qətiyyətli mövqeyini ortaya qoyuruq. Bir məqamı da qeyd etmək istəyirəm ki, təcavüzkar dövlətin parlamentinin nümayəndələri də Almaniyada olur və belə demək mümkünsə, onları, alman ictimaiyyətini səhv yöndə məlumatlandırırlar. Biz də, təbii ki, bu cür səfərlərdən, görüşlərdən yararlanaraq erməni yalanlarını, eləcə də, Azərbaycan həqiqətlərini almanların, almaniyalı həmkarlarımızın diqqətinə çatdırmağa çalışırıq. Bu isə, heç şübhəsiz ki, öz müsbət nəticəsini verməyə bilməz. Bir sözlə, hesab edirəm ki, Avropanın bu nüfuzlu ölkəsinə səfər və səfər çərçivəsində reallaşdırılan görüşlər çox əhəmiyyətli və faydalı oldu.
- Rövşən müəllim, keçirdiyiniz görüşlərdə Qarabağ məsələsinə, Azərbaycan həqiqətlərinə münasibət, yanaşma necə olur? Yoxsa, orada da bəzi Avropa ölkələrində olduğu kimi, xristian təəssübkeşliyi, erməni təəssübkeşliyi qalmaqdadır?
- Bilirsiniz, beynəlxalq hüquqdan irəli gələn məqamlarda artıq Avropada, o cümlədən, Almaniyada ölkəmizə qarşı bir istiləşmə hiss olunmaqdadır. Hiss edirəm ki, istər Avropanın digər ölkələrində, istərsə Almaniyada ədalət haqqında düşünən insanlar, ədaləti axtaranlar və bu baxımdan, Qarabağ məsələsinin də ədalətli həllində, ədalətli qərarın qəbulundan maraqlı olanlar var. Qeyd edim ki, bu istiqamətdə də bir sıra ölkələrdə olduğu, o cümlədən, Almaniyada çox mühüm işlər görülür. Bu işdə də Azərbaycanın Almaniyadakı səfirinin və diplomatik korpusumuzun digər əməkdaşlarının fəaliyyətini qeyd etmək istərdim.
- 2008-ci ilin sonlarından etibarən istər ATƏT-in Minsk Qrupunun həmsədrləri, istər Rusiyanın xarici işlər naziri, istər Fransanın dövlət başçısı, istərsə də ATƏT Parlament Assambleyası sədrinin səlahiyyətli nümayəndəsi Qoran Lenmarker tərəfindən belə nikbin ruhlu bəyanatlar səsləndirilir ki, 2009-cu il Qarabağ münaqişəsinin həllində həlledici dönüş ili olacaq. Sizcə, bunlar nə qədər həqiqətəuyğundur?
- Qarabağ məsələsində Azərbaycan dövlətinin və dövlət başçısının mövqeyi hamıya bəllidir. Azərbaycan heç zaman bir qarış torpağını ermənilərə, ümumiyyətlə, heç kimsəyə bağışlamayacaq. Eyni zamanda, Azərbaycan dövləti heç zaman ölkəmizin maraqlarına uyğun olmayan hər hansı bir sazişə imza atmayacaq. Buna birmənalı əmin olmaq lazımdır. Bununla yanaşı, istər ATƏT-in Minsk Qrupu həmsədrləri, istərsə də digər dövlətlərin və təşkilatların rəsmləri tərəfindən bu cür nikbin fikirlər səsləndirilirsə, deməli, bu fikirlər də əsassız sayıla bilməz.
- Yəni siz inanırsınız ki, 2009-cu ildə və yaxud yaxın illərdə münaqişənin ədalətli həlli mümkündür və gözləniləndir?
- Hər bir məsələyə real baxmaq lazımdır. Yəni, bu problem konkret nə vaxt həll olunacaq, bunun üçün bir az da səbr etmək lazımdır.