- Gürcüstan prezidenti Mixail Saakaşvilinin Azərbaycana səfəri Azərbaycan - Gürcüstan arasında əlaqələrin inkişafına hansı imkanlar yaradacaq?
- Gürcüstanla Azərbaycan arasında strateji partnyorluq var. Bu da bilavasitə Azərbaycanın öz siyasətində tutduğu kursdan asılıdır. Gürcüstanın Rusiya ilə münasibətlərinin çox qəliz formada olmasına baxmayaraq, Azərbaycan həm Gürcüstanla, həm də Rusiya ilə əməkdaşlıq edir. Yəni, bu iki ölkə arasında münasibətlərə qarışmadan Azərbaycan öz xarici siyasətini ardıcıl surətdə həyata keçirir. Bu gün Rusiya Azərbaycan üçün nə qədər vacib bir partnyordursa, Gürcüstan da əməkdaşlıq etdiyi əhəmiyyətli dövlətlərdəndir. Vaxtilə Heydər Əliyevin apardığı balanslaşdırılmış siyasət və indi onu ardıcıl surətdə həyata keçirən Prezident İlham Əliyev, birmənalı olaraq, dövlətlərin arasındakı münasibətlərə qarışmadan bu münasibətləri tənzimləyir.
Azərbaycanla Gürcüstan arasında uzlaşmalı məsələ çoxdur. Azərbaycan Gürcüstanın müstəqilliyinin qorunması istiqamətində bütün addımları atacaq. Strateji partnyorluq məsələlərinə gəldikdə isə, bu, imkanlarının ixrac olunması marşrutu ilə, ABŞ-a, Rusiyaya, o cümlədən, NATO-ya münasibətlə bağlıdır. Yəqin ki, bu məsələlərdə də vahid bir fikir əldə ediləcəkdir. Hər halda, Rusiya ilə Gürcüstanın bir-biri ilə qarşıdurması Azərbaycan üçün arzuolunmaz haldır. Ona görə də, Azərbaycan maksimum dərəcədə çalışacaq ki, bu iki dövləti məntiqi mövqeyə gətirib çıxar bilsin.
- Azərbaycanla Gürcüstan arasında uzlaşmalı məsələ dedikdə, əsasən, nəyi nəzərdə tutursunuz?
- Bu gün əsas məsələ Qərbə münasibətin dəyişməsidir. Burada isə Qərbin maraqlarını ifadə edən dövlət Gürcüstandır. Gürcüstan da Azərbaycandan dəqiq mövqe gözləyir. Azərbaycan da birmənalı şəkildə bu mövqeni nümayiş etdirəcək.
- Ümummilli lider Heydər Əliyev vaxtilə Gürcüstana səfəri zamanı "Qafqaz İttifaqı"nın yaradılması ideyası ilə çıxış etmişdi. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan da bu təklifi irəli sürüb. Hazırda bu ideyanın reallaşması mümkündürmü?
- Ermənistan bütün qüvvəsi ilə bu ideyanı parçalayacaq. Həm Qərb üçün, həm də Rusiya üçün bu ideya qəbulolunmazdır. Onlar həmişə tam Qafqazçılıq ideyasından qaçırlar. Bu tipli birlik regionun proseslərini qeyri-müəyyən istiqamətə yönəldə bilər. Ona görə də, bu ideyanın reallaşmasını arzulamırlar.
- Rüstəm müəllim, gələn ay Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqda gözlənilən növbəti danışığında hər hansı müsbət irəliləyişin olacağı gözlənilir?
- Ermənistan özünü məntiqin tələblərinə uyğun aparmalıdır. Söhbət Azərbaycanın sərt üzünün tuşlanmasından getmir. Söhbət Qərbin üzünün Ermənistandan dönməsi ilə nəticələnə bilər. Bu baxımdan, Ermənistan özünü çox məntiqli aparmalıdır.
- Bu məntiqilik konkret hansı formada olmalıdır?
- Yəni, onlar bu gün Qərbin bilavasitə tələbi ilə reallaşan proseslərə dəqiqlik gətirməlidirlər. Bunun başqa yolu yoxdur.
- Qərbin tələbi qarşısında Rusiya da öz mövqeyini sərgiləyirSizcə, bu dilemma qarşısında Ermənistanın hansı mövqe tutması daha məqsədəuyğun olar?
- Ermənistan dərhal işğalçılıq siyasətini yekunlaşdırmalıdır.
- ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli mərhələli variantda həyata keçiriləcək. Bu, nə dərəcədə inandırıcıdır?
- Təbii ki, münaqişənin həlli ancaq mərhələli formada həyata keçirilə bilər. Düzdür, Azərbaycanda bəzi qüvvələr var ki, onlar bu modelin əleyhinədirlər. Ancaq problemin həlli yalnız bu variantda mümkündür.
- Bəs paket variantı ilə necə...
- Münaqişənin həllində paket variantı qeyri-mümkündür. Dağlıq Qarabağın statusunun dəqiqləşdirilməsi uzun sürəcək. Ancaq Azərbaycanın işğal olunmuş torpaqları azad olunmalıdır. Ermənistanın bu torpaqları işğalda saxlamağa heç bir hüququ yoxdur. Ona görə hesab edirəm ki, Azərbaycan mərhələli həll variantına razılıq verəcək. Ermənistan isə mərhələli həll variantını dəstəkləmir. Çünki o torpaqlar azad olunandan sonra Ermənistanın növbəti işğalçılıq cəhdləri baş tutmayacaq.