Son günlər "ACP" daxilində ziddiyyətli proseslər yaşanmaqdadır. Partiya "lideri"nin müşaviri Zəminə Dünyamalıyeva yenidən öz ampuasında çıxış edərək, partiya sədri Akif Şahbazova qarşı kəskin ittihamlar irəli sürür. Z.Dünyamalıyevanın iddiasına görə, partiyanın düşdüyü hazırkı böhranlı vəziyyətin əsas səbəbkarı partiya sədridir. Əgər o, partiya sədrliyindən gedərsə, "ACP"-nin güc mərkəzinə çevrilməsi imkanlarını səfərbər etmiş olacaq. Təbii ki, "ACP"-də yaşanan bu acınacaqlı proseslər rəqib partiya olan ADP-nin arzuladığı proseslərdir. Bilirsiniz ki, baş verən məlum proseslər ADP ilə "ACP"-ni bir-birinə düşmən edib. ADP-nin sədr müavini Nurəddin İsmayıl isə bizimlə söhbətində bildirdi ki, "ACP"-də yaşananlar bizi bir o qədər də maraqlandırmır.
- Bilirsiniz ki, partiyaların yaranma tarixinin əsasında ideya, idelogiya durur. Ona görə də, ideya zəmini üzərində qurulan partiyaların ömrü, müəyyən şəxsiyyətlər ətrafında birləşən partiyalarından daha uzun olur. Bu partiyalar həmişə problemləri olur. Şəxsiyyətlərin münasibətə dəyişilməsi ilə həmin insanların da şəxsiyyətə münasibəti dəyişir. ADP-dən ayrılıb, partiya yaradıb və müəyyən şəxsiyyət ətrafında birləşmək, istər-istəməz şəxsiyyətin özündə müəyyən problem yarananda, həmin insanlar da bu problemlə qarşılaşırlar. "ACP" daha çox şəxsiyyət ətrafında yaranmış partiya olduğuna görə, bir növ onların sıralarında əksəriyyət insanların hamısı şəxsiyyətə pərəstişə qapılıblar. Onların pərəstiş etdikləri şəxsin bu gün Azərbaycandan uzaqda olması, siyasi situasiyanı düzgün qiymətləndirmək imkanı olmaması, prosesləri nəzarətdə saxlaya bilməməsi nəticəsində onlar arasında müəyyən təfriqələr və ayrılmalar baş verir. Bu da sonda həmin partiyanın gələcəkdə dağılmasına səbəb olacaq amillərə çevrilir. Ona görə də, hesab etmirəm ki, rəqib partiyadakı proseslər arzu ediləndir. Həm də bir-birimizə arxa çevirmək etik və insani baxımdan düzgün ola biləcək məsələ deyil. Hər kəs düşdüyü problemi yaşayır.
- Ola bilərmi ki, "ACP"-nin hansısa sosial bazaları buraxılarsa, ADP onu özünə cəlb etmək üçün müəyyən danışıqlar, sövdələşmələr aparsın?
- Partiyalarda ayrılmalar, sonradan hansısa partiyalara cəlbolunma təbii haldır. Partiyalaşma tariximizə nəzən salsaq, görərik ki, bir partiyadan digər partiyaya transfer olunması adi haldır. Əgər bizdən qopmuş "ACP" dağılarsa, partiya kimi fəaliyyətini dondurarsa, o zaman hansısa insanlar bizə müraciət edərlərsə, partiya qaydasında həmin məsələyə baxılar.
- Bəzi partiyalar payızda keçiriləcək bələdiyyə seçkilərinə hazırlaşır. Artıq "Azadlıq" bloku, Müsavat təkbaşına, AMİP və "DUİ" isə blok şəklində seçkilərə qatılacağını bəyan edib. Nədənsə, bu proseslərdə ADP-nin adı çəkilmir...
- Partiyanın ali məclisində bələdiyyə seçkilərində iştirakı ilə bağlı qərar qəbul edildi. Eyni zamanda, bu məsələdə sonradan taktiki gedişlərin edilməsi, yəni, partiya, blok, qrup şəklində gedilməsi də müzakirə olunub. Partiyanın inkişafı, gələcək parlament seçkilərində nüfuz qazanması, ayrıca debatlarda iştirak etməsi baxımından, güman var ki, partiya şəklində ola bilər. Ancaq "Qarabağ və Respublika Uğurunda Hərəkat"la birlikdə müzakirəli qərar qəbul etmək şansımız da var.
- Mirmahmud Fəttayev Qarabağ forumunun keçirilməsi təklifini irəli sürüb. Nədənsə, müxalifət düşərgəsində bu məsələyə birmənalı münasibət bildirilmədi. Hər zaman Qarabağ acısından danışan partiya sədrlərinin bu forumda olmaq istəməməsi müəyyən qədər təəccüb doğurmur ki?
- Qarabağ problemi ilə bağlı istər iqtidar, istər müxalifət, istər təşkilat və qurumlar, istərsə də cəmiyyət eyni dərəcədə düşünməlidir. Təəssüflər olsun ki, zaman-zaman bəzi müxalifət partiyaları, təşkilatlar, qurumlar Qarabağ məsələsindən kart kimi istifadə edir. "QRUH"-nin fəaliyyətinə nəzər saldıqda, görürük ki, bunların özü fəaliyyətlərini tamamilə bu sahəyə həsr etməyiblər. Ancaq cəmiyyətdə populyar olmaq üçün məqsədli addımların atılmasının şahidi oluruq. Nə zaman Qarabağla bağlı məsələlərin müzakirəsi təşkil olunur, bu yalnız dekorativ xarakter daşıyır. Bu məsələ publikaya deyil, bütövlükdə, Qarabağ məsələsinin həlli istiqamətində ciddi addımların atılmasına gətirib çıxarmalıdır. ADP son dəfə edilən təkliflər sırasında bu formun keçirilməsinə biganə yanaşmır, əksinə, bununla bağlı təkliflər paketini hazırlayıb. Ancaq hər beş, on gündən bir bu məsələ ətrafında "spekulyasiya" xarakterli addımlar olacaqsa, ADP orada yoxdur.
- Belə çıxır ki, M.Fəttayev Dağlıq Qarabağ məsələsində "spekulyasiya" edir?
- Bunu Mirmahmud bəyə şamil etməkdən uzağam. Ümumiyyətlə, Qarabağ məsələsində hər hansı bir "spekulyasiya" edilməsinin tərəfdarı olmadığım haqqında fikrimi bildirirəm.
- M.Fəttayevin irəli sürdüyü ideya əsas ola bilərmi ki, müxalifət partiyaları bir araya gəlib blok şəklində, qurum formasında fəaliyyətlərini tənzimləsin?
- Hər zaman bunun tərəfdarı olmuşam. Təəssüflər olsun ki, müxalifətin Qarabağla bağlı keçirdiyi tədbirlərdə yekdil şəkildə təmsil olunmanın şahidi olmamışam. Orada qəbul olunan qərarlar kağız üzərində qalıb, heç biri həyata keçməyib.