Ölkədə, bütün qəbildən olan insanlar kimi, 1939-1945-ci illərdə baş vermiş Böyük Vətən müharibəsi veteranları və onların ailələri də dövlətin daim diqqət və qayğısı ilə əhatə olunub. Prezident İlham Əliyevin, hər il olduğu kimi, bu il də Böyük Vətən müharibəsi iştirakçılarına, onların ailələrinə birdəfəlik maddi köməkliyin edilməsi ilə bağlı verdiyi sərəncam və müvafiq tapşırıqlar həmin şəxslər tərəfindən böyük sevinc və fərəhlə qarşılanıb.Bizimlə həmsöhbətində Böyük Vətən müharibəsi Veteranlar Şurasının sədri Əlövsət Baxışov ölkə başçısının davamlı şəkildə onlara etdiyi yardımları xatırlayır və bundan ötrü cənab İlham Əliyevə rəhbərlik etdiyi şura adından minnətdarlığını bildirir:
- Böyük Vətən müharibəsinin 64 illiyi ilə əlaqədar olaraq bu il də ölkə Prezidenti İlham Əliyev veteranları bir daha sevindirdi. Bir neçə ay bundan öncə, Prezident İlham Əliyev respublikanın bütün müharibə əlillərinə hər ay daimi olaraq pensiya yardımı təyin edilməsi haqqında sərəncam imzalamışdır. Bundan başqa, aprel ayının 28-də dövlət başçısı Böyük Vətən müharibəsində iştirak edən veteranların hər birinə 150 manat, müharibə dövrü arxa cəbhələrdə fəaliyyət göstərən və müharibə dövründə həlak olanların, eləcə də, sonradan dünyasını dəyişənlərin ailələrinə 100 manat mükafat müəyyənləşdirib. Respublikanın veteranlar təşkilatı bütün veteranlar adından mötərəm Prezidentimiz İlham Əliyevə öz minnətdarlığını bildirir.
- Ümumilikdə, ölkə üzrə Böyük Vətən müharibəsi veteranlarının sayı nə qədərdir?
- Onların sayı 9 min nəfərdir. Bunlardan əlavə, vətən uğrunda həlak olanların ailə üzvləri və əlil olanların sayı isə 3869 nəfərdir. Arxa cəbhə veteranlarının sayı 18421 nəfərdir. Döyüşlərdə həlak olmuş hərbçilərin başsız qalmış ailələrinin sayı 14452-dir. Böyük Vətən müharibəsi ilə bağlı olaraq 46118 nəfər Prezidentin fərmanından öz yardım paylarını alacaqlar.
- Veteranların sosial problemlərinin həlli, eləcə də, yaşayaş səviyyəsinin yüksəldilməsi istiqamətində bu günədək hansı işlər görülüb?
- Respublika Veteranlar Şurası bu qəbildən olan ailələrin sosial problemlərinin həlli istiqamətində mühüm addımlar atmışdır. Aidiyyatı qurumlarla birlikdə veteranların problemlərinin həlli üçün zəruri olan məqsədlər həyata keçirilmişdir.
- Dövlətin sizlərə olan qayğısı qanedicidirmi?
- Bildiyimiz kimi, ölkəmiz müharibə şəraitindədir. Vaxtilə Böyük Vətən müharibəsində iştirak edən insanların problemlərinin tam həlli üçün çoxsaylı işlər görülür vəbu istiqamətdə işlər görülməkdədir. Bununla əlaqədar olaraq Böyük Vətən müharibəsinin 65-ci ildönümü ilə bağlı olaraq xüsusi milli proqram hazırlanıb.
- Son illər ərzində Böyük Vətən müharibəsinin əlillərinə hər ayda 90 manat, ikinci dərəcəli əlillərə 70 manat, üçüncü dərəcəli əlillərə isə hər ay 50 manat pul yardımı ayrılıb. Bu, veteranlar tərəfindən Prezident İlham Əliyevin onlara böyük qayğısı kimi qiymətləndirilir.
- Dağlıq Qarabağ münaqişəsinin həlli yolunu siz veteranlar nədə görürsünüz?
- Birmənalı olaraq Azərbaycan xalqı torpaqlarının bir qarışını da düşmənə güzəştə getməyəcək. Çünki biz başqa bir dövlətin ərazisində yaşamırıq. Biz öz ərazimizdə yaşayırıq. Azərbaycanın öz tarixi torpaqları erməni işğalçıları tərəfindən işğal qəsb və 1 milyondan artıq insan öz doğma yurd-yuvasından didərgin düşüb. Ona görə də, biz veteranlar düşməndən qəti surətdə torpaqlarımızı boşaltmağı tələb edirik. Bu baxımdan, müharibə veteranları hər bir addıma hazırdır ki, torpaqlarımızın bütövlüyü təmin edilsin.
- Sülh yolu ilə torpaqlarımız geri qaytarılmasa, sizlər başqa bir variant görürsünüzmü?
- Nə vaxt Ali Baş Komandan torpaqlarımızın düşməndən azad olunması üçün müharibə əmrini verərsə, bütöv Azərbaycan xalqı kimi veteranlar da ayağa qalxmağa hazırdırlar. Çünki biz birlikdə düşmənə zərbə vuraraq, öz torpaqlarımızı azad etməliyik.