Əsası ulu öndər Heydər Əliyev cənabları tərəfindən qoyulan milli iqtisadiyyatımız, artıq xarici təhdidlərə effektiv reaksiya göstərmək iqtidarındadır. Məhz bunun nəticəsidir ki, artıq formalaşmış milli iqtisadiyyatımız beynəlxalq münasibətlər sistemini tam mənası ilə əhatə dairəsinə çatmış, qlobal maliyyə böhranından tamamilə itkisiz çıxmaqdadır. Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanovla söhbətimiz də qlobal maliyyə böhranını doğuran səbəblər və bu prosesin Azərbaycana hansı təsirlərinin olması ilə bağlı oldu.
- Aslan müəllim, qlobal maliyyə-iqtisadi böhran, demək olar ki, bütün dünya ölkələrində ağır fəsadlar yaratsa da, Azərbaycanda bu müşahidə olunmadı. Sizcə, burada hansı amillərin rolu var?
- Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan uzaqgörən daxili və xarici siyasətin hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən eyni siyasi müdrikliklə davam etdirilməsinin və uğurla gerçəkləşdirilməsinin məntiqi nəticəsidir ki, artıq qlobal maliyyə böhranının birinci dalğası, demək olar ki, arxada qalsa da, ölkəmiz sosial-iqtisadi baxımdan bu prosesdən itkisiz çıxıb.
Təkcə bir faktı qeyd etmək yerinə düşərdi ki, 2008-ci ilin yekunları üzrə dünyanın aparıcı sənaye nəhənglərində, əvvəlki illə müqayisədə məhsul istehsalının həcminin aşağı düşməsi müşahidə olunsa da, transformasiya prosesinin ikinci mərhələsini uğurla davam etdirən respublikamızda iqtisadiyyatın bütün sahələrində inkişaf meyilləri müşahidə olunub.
2008-ci ildə əvvəlki illə müqayisədə ən mühüm makroiqtisadi göstəricilərdən olan ümumi daxili məhsul istehsalı 13%-ə qədər artıb. İqtisadi artım tempi sənaye sektorunda 12%, kənd təsərrüfatında isə 10% təşkil edib. Ümumiyyətlə, istər sənaye və istərsə də kənd təsərrüfatında iqtisadi artımın təmin edilməsi, qlobal maliyyə böhranının fəsadlarının, bütövlükdə, milli iqtisadiyyatdan yan keçməsinin əyani təzahürü kimi qiymətləndirilməlidir.
- Digər ölkələrdə böhranın təsiri nəticəsində sosial proqramların həyata keçirilməsində ciddi problemlər yarandığı halda, ölkəmizdə bu sahədə də inkişaf müşahidə olunur. Bu, nə ilə bağlıdır?
- Ötən il əsas diqqət sosial məsələlərin həllinə yönəldilib ki, bunun nəticəsində də ölkədə orta aylıq əməkhaqqı 268 manata, əmək pensiyalarının orta aylıq məbləği isə 96 manata çatdırılıb.
2003-cü illə müqayisədə 2008-ci ildə dövlət büdcəsi 10 dəfədən çox, səhiyyə sektoruna büdcədən yönəldilmiş vəsaitlər 6,3 dəfə, kənd təsərrüfatı və meşə təsərrüfatına 5,2 dəfə, təhsil sektoruna 4,8 dəfə, sosial müdafiə və sosial təminata 3,9 dəfə, idman, bədən tərbiyəsinə 4,5 dəfə, müdafiə sektoruna ayrılan vəsaitlər isə 9,7 dəfə artıb.
Minimum əməkhaqqının, pensiyaların baza hissəsi artırılaraq 75 manata çatdırılıb. Ümumilikdə götürdükdə, qlobal maliyyə böhranının ayrı-ayrı ölkələrdə özünü kəskin şəkildə büruzə verməsinə baxmayaraq, bizdə büdcədən sosial bölməyə ayrılan xərclərin həcmi çoxalıb. Təbii ki, bütün bunlar, hətta qlobal maliyyə böhranı şəraitində belə dövlətin sosialyönümlü siyasət kursuna sadiqliyini bir daha nümayiş etdirib.
- İqtisadiyyatın neftdən asılığını azaltmaq üçün neft istehsal edən ölkələrin hökumətləri, qeyri-neft sektorunun inkişafı üçün xüsusi tədbirlər həyata keçirir. Aqrar sahədə inkişafın davamlı olması üçün ölkəmizdə hansı işlər görülür?
- Məlum olduğu kimi, kənd təsərrüfatı və bütövlükdə aqrar sahə iqtisadiyyatın ən mühüm və strateji əhəmiyyətli sahələrindən biri hesab olunur. 2008-ci ilin yekunlarına görə, aqrar sahədə 10 faizlik iqtisadi artıma nail olunması kifayət qədər yüksək iqtisadi göstərici hesab oluna bilər.
Dövlət başçısının sərəncamına uyğun olaraq "Aqrolizinq" ASC yaradılıb və kənd təsərrüfatı əmtəə istehsalçılarının maddi-texniki resurslara olan tələbatının ödənilməsində bu qurum əhəmiyyətli rol oynamaqdadır.
Kənd təsərrüfatı əmtəə istehsalçıları, torpaq vergisi istisna olmaqla, qalan bütün növ vergilərdən azad edilib. Bundan əlavə, ölkə ərazisinə gətirilən və kənd təsərrüfatında istifadə olunan bəzi mallar əlavə dəyər vergisindən azad olunub.
Hər il sahibkarlığın inkişafı üçün böyük məbləğdə dövlət vəsaiti ayrılır, güzəştli kreditlər, subsidiyalar verilir, onlara gübrə və kənd təsərrüfatında daha çox işlənən texnika ilə təmin olunur. Bunun nəticəsidir ki, cari ildə bütünlükdə kənd təsərrüfatı məhsulları istehsalı və ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından əhəmiyyətli irəliləyişlər əldə edilib.
- Dövlət tərəfindən fermerlərə göstərilən birbaşa və dolayı maliyyə yardımları aqrar sektorun inkişafında, ölkədə məhsul bolluğunun yaradılmasında hansı rolu oynayır?
- Kənd təsərrüfatının dövlət tənzimlənməsinin maliyyə mexanizminin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də kənd təsərrüfatı əmtəə istehsalçılarına maliyyə yardımlarının göstərilməsidir.
Taxıl istehsalının artırılmasının ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində bilavasitə rolunu nəzərə alaraq, buğda və çəltik istehsalçılarına dövlət büdcəsi hesabına hər hektar əkin sahəsinə görə 40 manat əlavə ödəniş tətbiq edilir. Eyni zamanda, buğda, arpa, qarğıdalı, dən üçün günəbaxan, kartof, şəkər çuğunduru, tərəvəz, meyvə və üzüm bağlarının məhsullarının sığortalanmasına müqavilə üzrə hesablanmış sığorta haqqının 50%-nin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi təmin edilib.
2008-ci ildə kənd təsərrüfatı əmtəə istehsalçılarına bütövlükdə 3781,3 min manat məbləğində dövlət büdcəsindən subsidiya ayrılıb. Dövlət büdcəsindən ayrılan subsidiyaların 3501,5 min manatı və ya 92,6%-i taxıl əkin sahələrinə görə verilib.
Eyni zamanda, kənd təsərrüfatı əmtəə istehsalçılarının vergidən azad olunmaları nəticəsində, dövlət büdcəsindən dolayı formada subsidiyalar ödənilir. 2008-ci ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına və motor yağları ilə əlaqədar əkin sahələrinin becərilməsinə görə 54 mln, 360 min manat vəsait ayrılıb, bu istiqamətdə bütün təşkilati işlər başa çatıb, həmin vəsait bu günlərdə ünvanlara çatdırılacaq.
Artıq Azərbaycan aqrar sahədə idxal olunan ölkədən ixrac olunan ölkəyə çevrilib. Ölkə üzrə dənlik qarğıdalı da daxil olmaqla 897 min hektar sahədən 2498,3 min ton taxıl məhsulu toplanıb.
1995-ci illə müqayisədə 2008-ci ildə iribuynuzlu mal-qaranın baş sayı 1681,7 min başdan 2569,5 min başa qədər (52,8%), inək və camışların baş sayı 772,6 min başdan 1242,1 min başadək (60,8%), qoyun və keçilərin baş sayı 4644,4 min başdan 8276,2 min başadək (78,2%) yüksəlib.
2008-ci ildə ölkə üzrə bütün təsərrüfat kateqoriyalarında 302,8 min ton ət, 1381,6 min ton süd, 1008,7 mln ədəd yumurta, 14,8 min ton yun, 0,1 min ton barama istehsal edilib.
- Sizcə, ölkədə aqrar sahənin dünya standartlarına uyğunlaşdırılması və xammal istehsalından hazır məhsul istehsalına keçilməsi yönündə daha hansı tədbirlərin həyata keçirilməsinə ehtiyac var?
-İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, makroiqtisadi tənzimləmənin ən mühüm metodu kimi, büdcədən yönəldilən dotasiyalar və kompensasiyalar, nəticə etibarilə, toxumçuluğun inkişafını, kənd təsərrüfatı əmtəə istehsalçılarının mineral gübrələrlə kimyəvi vasitələrin əldə edilməsi ilə bağlı sərf etdikləri xərclərin müəyyən hissəsinin kompensasiya edilməsinə və eləcə də, heyvanların qarışıq yemlərə olan tələbatının ödənilməsinin kompensasiya edilməsinə istiqamətlənir.
Keçmiş Sovetlər İttifaqında mövcud olan, iri və orta emal müəssisələrinin əksəriyyətində əsas istehsal fondlarının təxminən köhnəlmə dərəcəsi 53-55%-ə bərabərdir. Bundan əlavə hər bir emal sənayesi müəssisələrində istehsal avadanlıqlarının yüklənmə səviyyəsi təxminən 43%-dən aşağıdır. Bu isə, onu göstərir ki, hazırda ölkədə fəaliyyət göstərən bir sıra emal müəssisələrində istehsal güclərindən səmərəli istifadə edilmir.
Odur ki, emal müəssisələrində istehsalın yenidən qurulması və istehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsi məqsədilə əsas istehsal fondlarının yeniləşdirilməsi və eləcə də, istehsal güclərindən istifadə imkanlarının artırılması mühüm əhəmiyyət kəsb edir.
2000-ci ilə qədər respublikamızda fəaliyyət göstərən emal müəssisələrində mövcud olan avadanlıqların, maşın və qurğuların təxminən 10%-ə qədəri 5 ilə qədərki dövrdə istifadə edilib. Maşın avadanlıqlarının təxminən 38,9-40%-ə qədəri isə təxminən 15 illik istismar müddətindən yüksək dövrü əhatə edir və 10-12 il ərzində istismar müddətini keçən avadanlıqlar da mövcuddur.
Bu isə, əmək məhsuldarlığının yüksəldilməsi sahəsində idxal edilən emal məhsullarından geri qalmasına gətirib çıxarıb.
Qeyd etmək lazımdır ki, 2000-ci ildən sonrakı dövrdə, respublikamızın regionlarında yeni emal müəssisələrinin tikilib istifadəyə verilməsi halları artıb. Xüsusilə, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər) reallaşdırıldıqdan sonra, demək olar ki, respublikamızın əksər regionlarında ət-süd məhsullarının emalı, eləcə də, şirə və alkoqolsuz içkilər və alkoqollu içkilər sənayesi sektorunda yeni müəssisələr fəaliyyət göstərməyə başlayıb ki, bu da, həmin məhsulların nəinki daxili bazarda, eləcə də, xarici bazara çıxış imkanlarının artırılmasına gətirib çıxarıb.
- Aslan müəllim, emal sənayesinin texniki bazasının yenilənməsi və müasir standartlara uyğun məhsul istehsalı üçün hansı tədbirlər həyata keçrilməlidir?
- İnkişaf etmiş ölkələrin praktikasında kənd təsərrüfatı əmtəə istehsalçılarının maddi-texniki resurslara ehtiyaclarının ödənilməsi məqsədilə dövlət tərəfindən zəruri subsidiyalaşdırma fəaliyyəti həyata keçirilir. Bu subsidiyalaşdırma fəaliyyəti, bir qayda olaraq, onlara vergi qoymada müvafiq güzəştlərin edilməsi və elektrik enerjisindən istifadəyə görə güzəştli tariflərin tətbiqi ilə xarakterizə edilir.
Bundan əlavə, ərzaq bazarında tələbin konyukturuna uyğun olaraq kənd təsərrüfatı istehsalının ixtisaslaşdırılması və restruktrizasiya proseslərinin davam etdirilməsi ilə bağlı dövlət tərəfindən yardımlar da həyata keçirilir.
Ölkə prezidentinin sərəncamı ilə "2009-2013-cü illərdə regionların sosial-iqtisadi inkişafı proqramı" qəbul edilib. Proqramda regionlar üzrə kənd təsərrüfatı və emal sənayesinin dəstəklənməsi də öz geniş əksini tapıb. Bu baxımdan, mən arzu edərdim ki, xüsusilə, aqrar rayonların adminstrasiyalarının başçıları tərəfindən proqramın icrası ilə bağlı kənd təsərrüfatının inkişafı prioritet kimi qəbul edilsin.
Möhtərəm cənab Prezident İlham Əliyevin kənd təsərrüfatına göstərdiyi misilsiz qayğıya cavab olaraq Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi və aqrar rayonların başçıları kənd təsərrüfatının inkişaf etdirilməsi və ölkənin ərzaq təhlükəsizliyinin davamlı təminatı ilə bağlı bu məsələyə daha ciddi yanaşmaqla daim diqqət mərkəzində saxlamalıdır.