- Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü ərəfəsindəyik. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərə nəzər salanda onun Sumqayıta xüsusi qayğı ilə yanaşdığı aşkar hiss olunur...
- Ümummilli lider Heydər Əliyev birinci dəfə hakimiyyətə gələndə - 1960-cı illərin sonlarında Azərbaycan iqtisadi və mədəni tənəzzül dövrünü yaşayırdı. O zaman məhz bu böyük şəxsiyyətin gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş və tərəqqi dövrü yaşanmışdır. Həmin illərdə Azərbaycanda aparılan misli görünməmiş quruculuq işləri bu gün dövlət müstəqilliyimizə təminat verən mühüm amillər kimi qiymətləndirilməlidir. İqtisadi cəhətdən geri qalan Azərbaycan, qısa müddət ərzində SSRİ-nin inkişaf etmiş respublikalarından birinə çevrildi. Bir neçə il ərzində ölkədə 250-dən çox zavod və fabrik istifadəyə verildi və Azərbaycan müdrik rəhbərimizin gərgin əməyi sayəsində aqrar ölkədən iri sənaye respublikasına çevrildi, yeni sənaye sahələri salınmağa başladı.
Sumqayıt da, bu mənada dahi rəhbərin diqqətindən kənarda qala bilməzdi.
Sumqayıtın ölkəmizin ən iri şəhərlərindən biri kimi formalaşmasında Heydər Əliyevin rolu şəksizdir. Burada respublikanın bütün bölgələrindən olan insanlar yaşayıb-yaratdıqlarına görə ümummilli lider Sumqayıtı "kiçik Azərbaycan", birlik və həmrəylik şəhəri adlandırırdı. Siz doğru deyirsiniz ki, bu şəhər onun üçün olduqca doğma idi. Bu da təsadüfi deyildi, Sumqayıtda az yer tapılar ki, orada Heydər Əliyevin izi olmasın. Respublikaya rəhbərliyə gəldiyi ilk günlərdən Sumqayıtın birtərəfli inkişafından narahat olan Heydər Əliyev yeni müəssisələrin işə salınması, yaşayış massivlərinin, sosial obyektlərin tikintisi üçün əlindən gələni əsirgəmirdi. Ümummilli liderin şəhərimizə hər səfəri Sumqayıtın tarixində yeni əlamətdar səhifə açır, onun sakinlərlə, əmək kollektivləri ilə keçirdiyi görüşləri hər bir insanda zəngin təəssürat yaradır, yüksək əhvali-ruhiyyə bəxş edirdi. Sumqayıtın sadə zəhmət adamları, bu şəhəri qurub-yaradanlar insan əməyini daim uca tutan Heydər Əliyevi özlərinin himayədarı kimi qəbul edir, onun tərəfindən layiqincə qiymətləndirilirdilər.
30 ildən artıq ulu öndər Heydər Əliyevin qayğısı ilə əhatə olunan Sumqayıtın inkişafı, bu gün ümummilli liderin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin gərgin səyləri ilə davam etdirilir.
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəllifi olduğu "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" çərçivəsində Sumqayıtda hansı tədbirlər həyata keçirilib?
- Dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi altında zaman baxımından az olan bu müddət ərzində respublikada həyata keçirilən işlərin miqyası və çəkisi insanda heyrət hissi doğurmaya bilməz. Özünün yüksəliş dövrünü yaşayan ölkəmiz iqtisadi gücünü ildən-ilə artıraraq geniş bir regionun aparıcı dövlətinə çevrilir, dünyanın ən sürətlə inkişaf edən dövlətləri sırasına daxil olur.
Siyasətinin əsas qayəsini insan mənafeyi, şəxsiyyət amili təşkil edən Prezident İlham Əliyevin müəllifi olduğu regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində bölgələrdə yeni sənaye müəssisələri, nəhəng sağlamlıq mərkəzləri, təhsil ocaqları, müasir idman kompleksləri, göz oxşayan parklar istifadəyə verilmiş, minlərlə insanın əməyə cəlb olunması onların rifah halının yaxşılaşması ilə nəticələnmişdir.
Azərbaycanın bölgələrində müşahidə olunan dinamik inkişaf Sumqayıtda özünü aydın şəkildə göstərir. Sumqayıtın ümumi mənzərəsinə nəzər salan hər bir kəs bu şəhərin nümunəsində regionlara göstərilən yüksək dövlət qayğısının canlı şahidi olur. Sumqayıtda bu gün nəinki respublikamızda, bütövlükdə, regionda oxşarı olmayan müəssisələr salınır, sosial təyinatlı obyektlər inşa edilir, infrastruktur layihələr icra olunur.
"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın (2004-2008-ci illər) Sumqayıt şəhəri üzrə icrası barədə deməliyəm ki, nəzərdə tutulan 11 bənddən ibarət tədbirlər bütövlükdə yerinə yetirilmişdir. Son 5 il ərzində şəhərdə ümumi məhsul buraxılışının real həcmi 3,6 dəfə, nominal aylıq əmək haqqı 4 dəfə artmış, ayrı-ayrı sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına 1 mlrd man-dan çox investisiya qoyulmuşdur. Dövlət Proqramının icrası dövründə şəhərdə 50-dən çox yeni orta və iri istehsal müəssisəsi istifadəyə verilmiş, 36000-dən çox yeni iş yeri yaradılmışdır.
Bu günlərdə dövlət başçısının fərmanı ilə təsdiqlənmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" bölgələrin inkişafı istiqamətində atılan addımların davamlı siyasətə söykəndiyini bir daha təsdiq etdi.
- Sumqayıt Azərbaycanın ikinci sənaye mərkəzidir. Şəhərin sənaye müəssisələrinin və infrastrukturunun inkişafı üçün hansı addımlar atılır?
- Sumqayıt sənayesinin çoxşaxəli inkişafının əsası, hələ ötən əsrin 70-ci illərinin sonları - 80-ci illərin əvvəllərində Heydər Əliyevin uzaqgörən siyasəti və birbaşa təşəbbüsü nəticəsində şəhərdə yeni cihazqayırma, yüngül və yeyinti sənaye müəssisələrinin yaradılması ilə qoyulmuşdu. Son illər ərzində şəhər üçün xarakterik olmayan yeni sənaye müəssisələrinin işə düşməsi isə şəhərin sənaye xəritəsinin rəngarəngliyini artırmaqla, sənaye məhsulu istehsalının həcmində illər boyu kimya müəssisələrindən asılılığı aradan qaldırmışdır. İri diametrli şüşə lifli boru istehsalı üzrə yeni zavod - "Azkompozit" MMC Oğuzdan paytaxt Bakıya içməli su nəql edəcək, uzunluğu 260 km olan xəttin çəkilişini təmin edir. Şəhər əhalisinin və ətraf regionların un məmulatlarına olan tələbatını ödəməyə imkan yaradan "Bismak" müəssisəsi Avropanın ən yeni texnologiyasını istifadə etməklə özünün biskvit və makaron məhsulunu ölkəmizdən kənara da ixrac edir. 40 ha sahəni əhatə edən ərazidə MDB məkanında analoqu olmayan, mis və alüminium ərintisi, müxtəlif diametrli elektrik naqilləri və güc kabellərini istehsal edən "Texnologiyalar parkı" inşa edilir. Tikinti materialları, yeyinti məmulatları, məişət malları istehsalı üzrə ixtisaslaşmış onlarla yeni müəssisə şəhərin sənaye xəritəsinin müasir görkəm almasına səbəb olmuşdur.
Respublikamızda aparılan iqtisadi islahatlar Sumqayıtın sənaye potensialında vaxtilə özünə məxsus çəkisi olan müəssisələrin canlanmasında mühüm rol oynamışdır. Müasir texnologiya əsasında qurulan Sumqayıt alüminium istehsal sahəsində ilkin alüminium istehsalının həcmi illik 60.000 t-a çatdırılmış, uzun müddət dayanan sənaye nəhəngi "Azərboru" SC-də yüksək keyfiyyətli boru istehsalına başlanmışdır.
Şəhərin artan imkanları nəticəsində enerjiyə olan tələbatı nəzərə alaraq inşasına başlanılan 517 MVt gücündə Sumqayıt Elektrik Stansiyası bu gün regionda ən iri stansiya hesab olunur. Hazırda inşası sürətlə aparılan, respublikamızda öz gücünə görə bənzəri olmayan gündəlik 200.000 kub m çirkab suları təmizləyəcək qurğu şəhər ərazisinəvə Xəzərin ekoloji vəziyyətinə müsbət təsir göstərəcəkdir.
- Bu il Sumqayıtın 60 yaşı tamam olur. Şəhər öz yubileyinə necə hazırlaşır?
- Bəli, 1949-cu ildə şəhər statusu almış Sumqayıtın bu il 60 yaşı tamam olur. Artıq bununla əlaqədar cari ilin əvvəlində şəhər icra hakimiyyətində yaradılmış Təşkilat Komitəsinin ilk geniş iclası keçirilmişdir. Şəhərin bütün idarə, müəssisə, təşkilatları, təhsil, səhiyyə, mədəniyyət, idman qurumlarının hər biri yubileylə bağlı geniş tədbirlər planı işləyib hazırlamış və icrasına başlamışdır.
Yubileyə həsr olunmuş şəhərin tarixi haqqında sənədli film və nəşrlər, o cümlədən, xüsusi poçt markasının yaradılması üzərində iş artıq yekunlaşdırılır. Şəhər üzrə bir sıra müsabiqələrə və bilik yarışlarına start verilmişdir.
Yubiley ili çərçivəsində Sumqayıtın mədəniyyət və incəsənət ustalarının Bakı şəhərində və Azərbaycanın digər bölgələrində çıxışları nəzərdə tutulmuşdur. H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrı dahi lider Heydər Əliyevin həyatı və ictimai fəaliyyətinə həsr edilmiş "Xilaskar" tamaşasını S.Vurğun adına Rus Dram Teatrının səhnəsində nümayiş etdirmişdir. Tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanan əsərin il ərzində respublikanın digər şəhər və rayonlarında göstərilməsi planlaşdırılır.
May ayında "Sumqayıt 60 il - Sosial-iqtisadi tərəqqi, inkişaf və nailiyyətlər" adlı elmi-praktiki konfrans keçiriləcək. Respublikanın tanınmış iqtisadçı alimlərinin iştirakı ilə təşkil olunan konfransda şəhərin gələcək inkişaf istiqamətləri müzakirə olunacaqdır.
Bu gün Sumqayıtın dünyanın 10 ölkəsinin 12 şəhəri ilə partnyorluq əlaqələri mövcuddur. Biz bu əlaqələrə böyük önəm veririk və yubiley ili ərzində qarşılıqlı səfərlərin və birgə tədbirlərin təşkili nəzərdə tutulub.
Bir sözlə, bu il bizi rəngarəng, maraqlı tədbirlər gözləyir. Sumqayıtın yubileyini adına layiq keçirmək üçün hamımız imkanlarımızdan maksimum istifadə etməliyik. Biz çalışacağıq ki, bu il hər bir Sumqayıt sakini üçün xüsusilə yaddaqalan olsun və mən əminəm ki, sumqayıtlılar da, öz növbəsində, doğma şəhərin yubileyinə öz töhfələrini verməyə səy göstərəcəklər.
- Ulu öndərin Sumqayıt haqqında dediyi daha bir kəlamı xatırlatmaq yerinə düşərdi: "Sumqayıt istedadlı, savadlı gənc oğlanlar və qızlar şəhəridir". Zəhmət olmasa, bu istedadlı gənclərimizin əldə etdikləri nailiyyətlər barədə məlumat verərdiniz.
- Ümummilli liderimizin Sumqayıt gəncləri üçün bir aforizmə çevrilmiş bu sözlərini yerində qeyd etdiniz. Daim öz üzərilərində dövlət dəstəyini hiss edən gənclərimizin nailiyyətləri bizim üçün qürur mənbəyidir.
2008-ci ildə ali məktəblərə qəbul imtahanlarında 600-dən çox bal toplayanların sayı şəhər üzrə əvvəlki illə müqayisədə təxminən 30% artaraq, ümumilikdə, 142 nəfərə çatmışdır. Ailə vəziyyəti nəzərə alınaraq Elvin Dadaşova Azərbaycan Respublikası Prezidenti tərəfindən Sumqayıt şəhərində yeni tikilmiş binada mənzil verilmişdir. 2008-ci ildə 5 nəfər yüksək bilik nümayiş etdirən məzunumuz Prezident təqaüdünə layiq görülmüşdür. Beləliklə də, şəhər üzrə Prezident təqaüdü alanların sayı 42 nəfərə çatmışdır.
Respublika üzrə ali məktəblərə qəbul imtahanlarında ən yaxşı nəticə göstərmiş ilk 4 məktəbdən üçü - Texniki və Təbiət Elmləri Liseyi, Təbiət Elmləri Təmayüllü gimnaziya və "İstedad" liseyi Sumqayıt məktəblərdir. Bu məktəblər, həmçinin, ötən il respublika Prezidentinin sərəncamı ilə təsis olunmuş "İlin ən yaxşı məktəbi" müsabiqəsinin də qalibləri olmuşdur. "İlin ən yaxşı müəllimi" müsabiqəsində isə qalib gəlmiş 100 ən yaxşı müəllimdən 4-ü şəhərimizin nümayəndəsidir.
Gənclərimizin uğurları yalnız təhsil sahəsi ilə məhdudlaşmır. Sumqayıtda bütün kateqoriyalardan olan insanların idmanla məşğul olmaları üçün şərait yaradılması onların müxtəlif beynəlxalq yarışlarda ölkəmizin bayrağını yüksəklərə qaldırmalarına şərait yaratmışdır. Sevindirici haldır ki, Pekin Yay Olimpiya Oyunlarında şəhərimizin bir idmançısı - boksçu Şahin İmranov bürünc, Paralimpiya oyunlarında isə cüdoçularımız İlham Zəkiyev qızıl, Tofiq Məmmədov və Kərim Sərdarov isə gümüş medallar qazanmışlar.
- Sadaladığınız nailiyyətlər həqiqətən də təqdirəlayiqdir. Lakin bütün bu işlər gərgin təşkilati əmək sərf edilmədən, həmçinin, güclü maddi-texniki baza yaradılmadan mümkün deyil.
- Əlbəttə ki, bu uğurlar gərgin əməyin və ilk növbədə, dövlət başçısının Sumqayıta göstərdiyi diqqətin nəticəsidir. Bu gün Sumqayıtda tikilən yeni məktəb binaları, tibb ocaqları, idman kompleksləri ən müasir standartlara cavab verir.
Təhsil sistemində aparılmış işlər - yeni məktəb binalarının, əlavə tədris korpuslarının inşası, bütün məktəblərin istiliklə təchizatı, dam örtüklərinin əsaslı təmiri, maddi-texniki bazanın gücləndirilməsi, həmçinin, informasiya texnologiyalarının tətbiqi, ümumilikdə, təhsilin məzmunu və keyfiyyətinin artırılması baxımından önəmli rol oynamışdır.
Sumqayıt təhsilinin təşkilati təcrübəsi və nailiyyətləri ötən ay Təhsil Nazirliyinin Sumqayıt şəhərində keçirdiyi Kollegiya İclasında da geniş müzakirə olunmuşdur. Yığıncaqda Sumqayıtın təcrübəsi müsbət mənada böyük rezonansa səbəb olmuşdur. Bunun nəticəsidir ki, iclasdan sonra "Təhsil müəssisələri fəaliyyətinin idarəolunmasında davamlı inkişafın təmin edilməsi sahəsində Sumqayıt şəhər Təhsil Şöbəsinin iş təcrübəsi haqqında" Təhsil nazirinin xüsusi əmri imzalanmışdır.
Şəhər icra hakimiyyəti məktəblərdə tədrisin keyfiyyətinin yaxşılaşdırılması üçün lazımi şəraitin yaradılmasına da xüsusi diqqət ayırır. Yalnız ötən il ərzində 2 yeni məktəb binası - əqli və fiziki cəhətdən qüsurlu uşaqlar üçün xüsusi internat məktəbinə 260 yerlik, qəza vəziyyətində olan 42 saylı məktəb üçün 220 yerlik tikilib istifadəyə verilmişdir.
- Yubiley ilində əsas yerlərdən birini, yəqin ki, şəhərdə keçiriləcək konsertlər, mədəniyyət tədbirləri tutacaq. Sumqayıtın bugünkü mədəni həyatını necə qiymətləndirirsiniz?
- Yuxarıda qeyd etdiyim kimi, şəhərin bütün sferalarında, o cümlədən, ictimai-mədəni həyatında da görüləcək işlərlə bağlı əsas istiqamətləri və problemləri ulu öndər Heydər Əliyev 2003-cü ildə Sumqayıtdakı çıxışında müəyyən etmişdi. Biz də işlərimizi Heydər Əliyevin qeyd etdiyi bu nöqsanların aradan qaldırılması istiqamətində qurduq. Nəticədə bu gün Sumqayıtda aparılan quruculuq-abadlıq işləri şəhərin mənzərəsini büsbütün dəyişdirib.
Xalqımızın tarixi şəxsiyyətlərinin şərəfinə ucaldılmış abidələr, tikilən gözəl fəvvarələr, yeni salınan yaşıllıqlar, park və xiyabanlar, şəhərin prospektləri, küçə və məhəllədaxili yollara asfalt örtüklərinin salınması, gecə işıqlandırma sisteminin müasir fanarlarla təchiz olunması Sumqayıtın gündüzü və gecəsinə xüsusi yaraşıq verir. Şəhərin hündürmərtəbəli yaşayış binalarında fasadların xüsusi layihələrə uyğun ən keyfiyyətli boyalarla rənglənməsi Sumqayıtın memarlıq görkəminin daha da gözəlləşməsinə xidmət edir, insanda xoş təəssürat yaradır.
Bütün bunlarla yanaşı, şəhərin əksər mədəniyyət və incəsənət ocaqlarında əsaslı təmir işləri aparılmış, müvafiq inventar və texniki avadanlıqlarla təchiz edilmişdir.
Keçən il şəhərdə gözəl bir ənənənin də bünövrəsi qoyulmuşdur. İyul ayının 12-də Nəsimi adına Mədəniyyət və İstirahət Parkında yerləşən simvolik "Sülh Göyərçin"i abidəsinin qarşısında böyük təntənə ilə "Yeni ailə quranlar" günü keçirilmiş, bu bayram şəhər rəhbərliyinin sərəncamı ilə rəsmiləşdirilmişdir və bundan sonra hər il eyni vaxtda qeyd ediləcəkdir.
Görülən tədbirlər şəhərin mədəniyyət müəssisələrinin fəaliyyətinin canlanmasına səbəb olmuş, keyfiyyətcə yeni mədəni proqramın təşkilinə imkan vermişdir. Əlamətdar haldır ki, Sumqayıtda respublikamızın tanınmış incəsənət ustaları və musiqiçiləri ilə bərabər müxtəlif xarici ölkələri təmsil edən kollektivlərin çıxışları artıq ənənəvi hal almışdır. İndi şəhərə gələn xarici qonaqlar da, bir qayda olaraq, Sumqayıtda fərqli mədəni ab-havanın duyulduğunu, sakinlərin isə yüksək tamaşaçı zövqünə malik olduqlarını dönə-dönə vurğulayırlar.