Azərbaycan çox sürətli və dünyaya inteqrasiya edən sosial-iqtisadi inkişaf yolu seçmişdir. Bu gün Azərbaycan dövləti iqtisadiyyatını uğurla inkişaf etdirir. Ölkə başçısı tərəfindən qəbul edilmiş "Regionların sosial-iqtisadi inkişafı proqramı" (2004-2008-ci illər) dövlətimizin ölkənin regionlarının inkişaf etdirilməsinə olan qayğısının bariz nümunəsidir. Bu proqramın qəbul olunmasında əsas məqsəd regionları iqtisadi cəhətdən inkişaf etdirmək və orada yaşayan əhalinin sosial-rifah halını yaxşılaşdırmaq olmuşdur. Bunun davamı olaraq isə, regionların sosial-iqtisadi inkişafına dair 2009-2013-cü illəri əhatə edən yeni Dövlət Proqramının ölkə Prezidenti tərəfindən qəbul edilməsidir. Bu gün ölkədə regionların inkişaf etdirilməsinə çox böyük diqqət ayrılır. Yuxarıda adlarını çəkdiyimiz proqramlar çərçivəsində regionlarda bir sıra iri layihələrin həyata keçirilməsinə başlanıb. Regionlarda olan inkişaf və gələcək perspektivlər barədə millət vəkili Vahid Əhmədovun fikirlərini öyrəndik.
- Vahid müəllim, regionların sosial-iqtisadi inkişafına dair 2004-2008-ci illəri əhatə edən Dövlət Proqramının nəticələrini necə qiymətləndirərdiniz?
- Bilirsiniz, Azərbaycanda dövlət proqramları - regionların sosial-iqtisadi inkişafı və eləcə də, yoxsulluğun azaldılması üzrə Dövlət Proqramı bir-biri ilə əlaqəli olaraq qəbul edilib. Praktiki olaraq, hər iki proqramda regionlarla bağlı nəzərdə tutulmuş maddələr bir-birinə uyğunlaşır. Regionların sosial-iqtisadi inkişaf proqramını birmənalı qiymətləndirmək mümkün deyil. Biz əvvəlki illərlə sözügedən beş ili müqayisə etsək, əlbəttə, regionlarda sosial-iqtisadi inkişafın olunduğunu qeyd etmək lazımdır. Bu regionların bütövlükdə ölkə üzrə biznes payının artırılması ilə bağlıdır. Eyni zamanda, biznesin regionlara getməsi ilə bağlıdır ki, məhz 2006-cı ildən başlayaraq, regionlarda biznesin yaradılması eləcə də, zavodların işə salınması oldu ki, bu da praktiki olaraq regionların ÜDM-in və dövlət büdcəsinin formalaşmasında payını artırır. Amma demək olmaz ki, proqramda nəzərdə tutulan bütün məqsədlərə nail olundu. Bir sıra hallarda bu obyektiv səbəblərlə bağlıdır. Amma biznesin regionlardakı inkişafına əvvəlki illərə nisbətdə nəzər saldıqda, çox böyük işlər görüldüyü göz qarşısındadır.
Əslində, 2004-2008-ci illər Dövlət Proqramında əsas vəzifələrdən biri regionların infrastrukturlarının qurulması idi. Bu istiqamətdə müəyyən addımlar atılıb. Regionlarda biznesə cəlbedicilərin ayrılması mümkün oldu. Məhz bunun nəticəsidir ki, yerli sahibkarlar regionlarda investisiya qoyuluşları həyata keçirməyə başlayıblar. Bu gün kifayət qədər problemlər qalmaqdadır ki, onların həlli vacibdir. Baxmayaraq ki, 2004-2008-ci illərdə məhz proqramın icrası ilə regionlarla paytaxt arasındakı fərqi müəyyən qədər azaltmaq mümkün oldu, amma reallıq ondan ibarətdir ki, Bakı ilə regionlar arasında fərq hələ də mövcuddur. Bu fərq, təbii ki, yalnız investisiyaların cəlb edilməsi və ya biznesin Bakıda və Abşeron iqtisadi rayonunda cəmləşməsi ilə bağlı deyil. Eyni zamanda, regionların bir sıra hallarda infrastruktur baxımından Bakıdan geri qalması ilə əlaqədardır.
- 2009-2013-cü illər regionların sosial-iqtisadi inkişaf proqramı Azərbaycan iqtisadiyyatının dinamikasına hansı müsbət təsirini göstərəcək?
- Bu gün müşahidə edilən inkişafın növbəti proqram dövründə davam etdirilməsi olduqca vacibdir. Növbəti proqram dövründə regionların inkişaf etdirilməsi üçün hökmən regionlarda azad biznesin inkişafına şəraitin yaxşılaşdırılması lazımdır. Eyni zamanda, regionlarda kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi vacibdir. Təbii ki, bu məsələdə İqtisadi İnkişaf Nazirliyi üzərinə daha çox məsuliyyət düşür. İnfrastrukturun qurulması ilə bağlı işlər davam etdirilməlidir. Çünki regionlara investisiyaların cəlb edilməsi birbaşa regionda olan infrastrukturdan asılıdır. Uzun müddət, xüsusilə, 2000-ci ilədək regionlara investisiyaların getməməsinin əsas səbəblərindən biri o idi ki, regionlarda infrastruktur Bakıya nisbətən çox zəif idi. 2004-2008-ci illərdə infrastruktur ilə bağlı problem həll olundu. Amma bu məsələnin gələcək illərdə də nəzarətdə saxlanması və bu işlərin davam etdirilməsi vacibdir. Regionların inkişafı bütövlükdə Azərbaycanda dayanıqlı inkişafın formalaşması və qorunması üçün olduqca vacibdir. Ona görə də, bu gün dövlətin regionların inkişafına daha çox diqqət ayırması, regionların inkişaf proqramının daha çox müzakirə olunması və Prezident tərəfindən daha çox diqqətdə saxlanılması birbaşa fərqin aradan qaldırılması ilə bağlıdır. Güman edirəm ki, növbəti illərdə dövlətin daha çox imkanı olacaq ki, 2004-2008-ci illərdə əldə olunmuş uğurları davam etdirsin.
- Qlobal maliyyə böhranının regionlarda həyata keçirilən layihələrə təsiri ola bilərmi?
- Praktiki olaraq bu gün maliyyə böhranının təsirlərinə məruz qalmayan ölkə yoxdur. Regionlarda həm dövlət büdcəsi hesabına, həm də daxili və xarici investisiyaların hesabına həyata keçirilən layihələrə təsir göstərir. 2009-cu ilin dövlət büdcəsinin parlamentdə təsdiq olunması zamanı bir sıra investisiya sahələri açıq saxlanılmışdır. Bu isə, o deməkdir ki, neftin qiyməti dövlət büdcəsində nəzərdə tutulduğu qiymətdən aşağı olarsa, o zaman həmin layihələrin maliyyələşdirilməməsi mümkündür. Təbii ki, həmin layihələrin böyük bir qismi regionların inkişafı ilə bağlıdır. Son illər Cənubi Qafqaz regionunda həyata keçirilən layihələr zamanı da Azərbaycan regionları inkişaf edir. Məsələn, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası zamanı Azərbaycan regionları burada iştirak edir. Bu baxımdan dövlət büdcəsinin gəlirlərinin azalması və ümumiyyətlə, ölkəyə daxil olan neft satışından əldə olunan vəsaitlərin azalması və böhran nəticəsində maliyyə qıtlığının olması regionlara öz təsirini göstərəcək. Bu, əlbəttə ki, boşluğun yaranmasına gətirib çıxaracaq. Hər halda dövlət büdcəsində həyata keçirilən regional layihələrin maliyyələşdirilməsinin dayandırılmamasına çalışmaq lazımdır. Eyni zamanda, regionların inkişafı ilə bağlı layihələrə özəl sektorun cəlb edilməsi vacibdir.