PDF Oxu

Müsahibə

  • 8

Bakıda tikililər qanunauyğun aparılır

Bakıda tikililər qanunauyğun aparılır

Məlum olduğu kimi, bu günlərdə Milli Məclisin Mədəniyyət Komitəsinin iclasında "Şəhərsalmanın əsasları haqqında" qanunun 25-ci maddəsinin 1-ci hissəsinə dəyişikliklər və əlavə olunması təklif edilərək parlamentin müzakirəsinə verilib. Bu qanunun vacib və mühüm əhəmiyyət daşıdığını deyən memarlıq doktoru, professor Nəriman Əliyev "Səs"ə verdiyi açıqlamasında bu və digər suallarımızı cavablandırdı.

- Nəriman müəllim, bu qanunun qəbul edilməsi, Bakı şəhərində aparılan yeni tikililərdə şəhərsalma qaydalarına müsbət təsirini göstərəcəkmi?

- Bilirsiniz, "Şəhərsalmanın əsasları haqqında" qanuna əlavə və dəyişikliklərin edilməsi çox böyük əhəmiyyət kəsb edir. Çünki bu qanunun qəbul edilməsi şəhərimizdə aparılan tikinti işlərində hər hansı bir qanun pozuntusunun qarşısının alınması deməkdir. Fövqəladə Hallar Nazirliyi tərəfindən bu işə nəzarət həyata keçirilsə tikinti işləri zamanı heç bir qanun pozuntusuna yol verilməyəcək. Çünki indi ekspert qrupu var ki, onlar şəhəri mütəmadi gəzərək tikinti sahələrindəki neqativ halları aradan qaldırılmaqla yanaşı, həm də tikinti işlərinə güclü nəzarət aparılır. Bu nəzarət kampaniya xarakteri daşımır. Demək olar ki, artıq şəhərin tikililərində qayda-qanunun yaradıldığını görürük.

- Bakının Baş Planının hazırlanması ilə bağlı görülən işlər nə yerdədir?

- Bildirim ki, hazırda Bakının Baş Planının işlənməsi prosesi davam edir. Artıq müxtəlif qruplar bu plan üzərində işləyirlər. Dünya Bankı bu planının hazırlanmasını maliyyələşdirir. Çox güman ki, bir neçə ildən sonra Bakının Baş Planı ortaya qoyulacaq. Hələlik, mən bu işə cəlb edilmədiyim üçün Baş Planda konkret hansı məsələlərin nəzərdə tutulacağını deyə bilmərəm.

- Bir mütəxəssis kimi, Baş Planda Bakının yükünün azaldılması, şəhərətrafı rayonların genişləndirilməsi istiqamətində hansı işlərin görülməsi nəzərdə tutulmasını məqbul hesab edirsiniz?

- Əlbəttə, Baş Plan təkcə Bakının yox, onun əyalət zonasında regionla əlaqəli şəkildə inkişafı da diqqətdə saxlanmalıdır. Paytaxtın sistemli inkişafı, gələcək prespektivi kimi məsələlər nəzərə alınmalıdır. Prespektivdə Bakı əhalisinin sayının nə qədər artacağı nəzərə alınmalıdır. Paytaxtın Baş Planının hazırlanması, o demək deyil ki, biz Bakını Azərbaycanın başqa şəhərləri ilə təcrid olunmuş şəkildə inkişaf etdirək. Baş Plan hazırlanarkən, təbii ki, ətraf rayon və şəhərlərin inkişaf prespektivləri nəzərə alınacaq, proqramlar hazırlanacaq. Şübhə etmirəm ki, Azərbaycanın böyük regionlarından olan Gəncə, Bərdə və Naxçıvanın paralel inkişafı nəzərdə tutulacaq. Bununla regional mərkəzlərin yaradılması təmir ediləcək. Hazırkı vəziyyətdə regional mərkəzlər yaradılmalıdır ki, respublika harmonik şəkildə inkişaf etsin. Təkcə Bakını inkişaf etdirməklə, ümumilikdə, Azərbaycanı inkişaf etdirmək mümkün deyil. Nəzərə almaq lazımdır ki, hərtərəfli inkişaf vətəndaşların ümumi vəziyyətinə də müsbət təsir göstərir. Bu zaman mədəniyyət, elmi-texniki nailiyyət yüksələcək, inkişaf edəcək, insanların həyat səviyyəsi yüksələcək. Hesab edirəm ki, Baş Plan hazırlanan zaman bu məqamlar nəzərdən qaçmamalıdır.

- Neçə ildir ki, Bakıya paytaxt statusu verilməsi məsələsi gündəmdə olsa da, onun reallaşdırılması yubadılır. Sizcə, Bakıya paytaxt statusunun verilməsi vaxtı çatıbmı? Yaxud paytaxtın göçürülməsinə ehtiyac görürsünüzmü?

- Bakıya paytaxt statusunun verilməsi Nazirlər Kabineti səviyyəsində olan bir məsələdir. Bu məsələ dövlət əhəmiyyətli iş olduğundan hökumət özü bilir ki, Bakını necə idarə etmək daha yaxşı olar. Düşünürəm ki, hazırda paytaxtın köçürülməsinə ehtiyac yoxdur. Çünki Bakının əhalisi bir o qədər də böyük deyil. Qonşu dövlət olan Türkiyənin İstanbul şəhərində 16, İranın paytaxtı Tehranda 8, Moskvada isə 12-16 mln əhali yaşayır. Dünya ölkələrinin paytaxtları ilə müqayisədə Bakının əhalisi bir o qədər də böyük deyil. Sadəcə, bu məsəldə əhalinin sayından çox Bakının coğrafi vəziyyəti elədir ki, bir az sıxıntılıq var. Azərbaycanın şərq hissəsi yarımada olduğundan hərtərəfli inkişaf mümkün deyil. Yəni, Bakının üç tərəfi dəniz, bir tərəfi isə torpaqdır. Deməli, bizdə süni şəkildə yanamış problem var. Ona görə, coğrafi şəraitdən asılı olaraq Bakının inkişaf məsələsi bir az məhdudlaşdırılır. Bu səbəbdən yaranan sıxıntı insanların paytaxtı dəyişmək fikrinə gəlməsinə səbəb olur. Şübhəsiz ki, Baş Planın həlli ilə bu məsələlər yerini tapacaq. Artıq dövlət başçısı tərəfindən regionların inkişafı ilə bağlı proqram təsdiq edilib. Elə hesab edirəm ki, bu işlərin paralel aparılması nəticəsində mövcud problemlərin hamısı nəzərdə keçirilərək normal hala salınacaq.

Digər xəbərlər