PDF Oxu

Müsahibə

  • 12

Müxalifət liderləri vaxtilə xalqa çoxlu yalan vədlər verib, yalançı çıxıblar..

Müxalifət liderləri vaxtilə xalqa çoxlu yalan vədlər verib, yalançı çıxıblar..

Azərbaycan Sosial-Demokrat Partiyasının həmsədri Araz Əlizadə "Səs" qəzetinə müsahibəsində regionda və ölkədəki mövcud ictimai-siyasi proseslərə nəzər salıb.

- Araz bəy, son zamanlar Gürcüstanda, Moldovada baş verən hadisələr, Barak Obamanın Türkiyəyə, Prezident İlham Əliyevin isə Moskvaya səfərləri region üçün nə vəd edir?

- ABŞ prezidenti Barak Obama Türkiyəyə səfərindən qabaq, Avropa Birliyində çıxış edərək, bildirmişdir ki, Türkiyəni mütləq Avropa Birliyinə qəbul etmək lazımdır. Bundan sonra isə Türkiyədə bir növ eyforiya yaranmışdır ki, onlar artıq Avropa Birliyinə üzv olurlar və AB Türkiyənin iqtisadi böhrandan çıxmasına köməklik göstərəcək. Elə bunun ardınca isə ABŞ prezidenti Türkiyədə olduğu müddətdə Fransa prezidenti Nikola Sarkozi bəyanat verdi ki, nə qədər Fransa dövləti var, Türkiyə AB-nin üzvü olmayacaqdır. Angela Merkel isə bəyənatında qeyd etdi ki, Türkiyə NATO-da çox yaxşı bir müttəfiqdir. Amma Türkiyənin AB-də yeri yoxdur. Bununla belə Türkiyədə mətbuat konfransında Ermənistan məsələsinə toxunan B.Obama bu prinsiplə bağlı mövqeyinin dəyişmədiy ini və bunu ancaq tarixin öhdəsinə  buraxılmasını bildirdi. Belə bir eyforiya isə Türkiyədə, xüsusən də, Abdullah Gülün birmənalı mövqe sərgiləməsi ilə nəticələndi. Məhz həmin ərəfədə Türkiyədə keçiriləcək sammitə dəvətli olan Azərbaycan Prezidenti İlham  Əliyev tamamilə doğru olaraq bu səfərdən imtina etdi. Prezident İlham  Əliyev bununla əlaqdər olaraq göstərdi ki, Azərbaycanın öz dəsti-xətti var və o, heç vaxt kimlərəsə sığınmır. Hətta ABŞ-ın dövlət katibi Hillari Klinton Azərbaycan Prezidenti İlham  Əliyevə zəng edərək, ABŞ prezidenti Onu sammitdə görmək istədiyini xahiş etmişdir. Öz növbəsində, Prezident İlham  Əliyev də bildirib ki, B.Obama ilə görüşəcək! Amma başqa bir yerdə. Bundan sonra isə Prezident İlham  Əliyevin Rusiyaya səfəri çox işgüzar və əhəmiyyətli oldu. Çünki hazırda Ermənistanda müəyyən daxili proseslər gedir. Ermənistan indi dərin iqtisadi böhran içində boğulur. Rusiya isə məhz bu baxımdan Ermənistanla bağlı bir o qədər də maraqlı deyil. Çünki artıq Ermənistan ABŞ-a və NATO-ya tərəf istiqamət alıb. Məhz, bu səbəbdən də, Prezident İlham  Əliyevlə  Moskvada keçirilən görüşlərdə vurğulanıb ki, Azərbaycan müttəfiq bir dövlət olaraq daha etibarlı və inandırıcı müttəfiqdir, nəinki Ermənistan. Ona görə də, bundan sonra, Rusiya çalışacaq ki, işğal olunmuş Azərbaycan ərazilərinin Ermənistan silahlı birləşmələrindən azad olunmasında və Dağlıq Qarabağ probleminin həllində yardımçı olsun.
Onu da qeyd etmək lazımdır ki, Prezident İlham  Əliyev tərəfindən Moskvaya edilən səfər olduqca vaxtında edilmiş bir səfər oldu. Bu da digər ölkələrə bir işarə oldu ki, "əgər Azərbaycan sizə bir müttəfiq kimi lazımdırsa, o zaman Azərbaycanın təbii maraqlarını da nəzərə almalısınız və bizə diqtə edə bilməsiniz".
 Gürcüstanda baş verənlər isə bir daha sübut etdi ki, Gürcüstanda baş verən "Qızıl gül" inqilabını heç də gürcü xalqı etməyib. Bu, Qərbin və ABŞ-ın müəyyən vəsaitləri hesabına atılmış bir addım olub. Bildiyiniz kimi, Ukraynadakı "narıncı" inqilab eyni qüvvələrin əli ilə edilib. Məhz Gürcsütanda Mixail Saakaşvilinin hakimiyyəti dövrü sübut etdi ki, xalqın öz içindən çıxmamış, kənardan gətirilmiş və xalqın iradəsi ilə formalaşmayan hakimiyyət uzun sürə bilməz. Çünki bu hakimiyyət heç bir zaman xalqın mənafeyinə uyğun işləməyəcək. Ona görə də, bu gün gürcü xalqı ayağa qalxıb öz hüquqlarını tələb edir. Onu da qeyd edim ki, M.Saakaşvili Rusiyaya şahanə bir hədiyyə etdi. Ötən ilin avqut ayında baş verən hadisələrə qədər Rusiya hansı vasitələrdən istifadə etsəydi də, Abxaziyanın və Cənubi Osetiyanın nə müstəqilliyin tanıyar, nə də müxtariyyət verə bilərdi. Məhz 2008-ci ilin avqustun 8-də M.Saakaşvilinin düşünülməmiş hərəkətləri Rusiya üçün böyük bir "hədiyyə" idi.

- Bununla əlaqədar olaraq, demək olarmı ki, regionda baş vermiş "narıncı" inqilabların acı nəticələri artıq özünü göstərir?

- Qeyd edim ki, ümumiyyətlə, V.İ.Lenindən xoşumuz gəldi-gəlmədi, o, dahi insan idi.  O bildirmişdir ki, inqilabı ixrac etmək olmaz! Zaman göstərdi ki, inqilabı ixrac etmək istəyəndə acı nəticələr baş verir. Xatırladaq ki, SSRİ-nin Əfqanıstandakı avantürasını, ABŞ-ın İraq əməliyyatı və yaxud birləşmiş qüvvələrin Əfqanıstandakı məlum hərəkətləri də məhz eyni ssenarinin davamıdır. Ukrayna və Qırğızıstanı da nəzərə alsaq, görərik ki, bu hadisələrin heç birinin xalqa xeyri olmadı və siyasət iflasa uğradı. Qərbdəki siyasətçilər nə qədər ağıllı olsalar da, onlar həmin xalqın daxilini  və mentalitetini bilmirlərsə, bu, yad bir əlaqəyə oxşayır.

- Azərbaycanda mövcud ictimai-siyasi durumu necə qiymətləndirirsiniz?

- Ölkəmizdə hal-hazırda ictimai-siyasi sabitlik möhkəmdir. Çünki müxalifət özü başa düşür ki, qüvvəsi yoxdur. Azərbaycanda gedən proseslərin hamısı Prezident İlham  Əliyev tərəfindən idarə edilir. Ona görə də  ölkə düzgün və tarazlı istiqamət xətti üzrə inkişaf etməkdədir.

- Ölkə müxalifətinin bütün ictimai-siyasi proseslərdən özünü tam olaraq təcrid etməsinin səbəbi nədir?

- Bunun iki səbəbi vardır. Birinci səbəb ondan ibarətdir ki, müxalifət liderləri vaxtilə xalqa çoxlu yalan vədlər verib, yalançı çıxıblar. Ona görə də, xalqın onlara inamı yoxdur. İkincisi isə, siyasət üçün iqtisadi baza olmalıdır. Əgər hər hansı bir maddi təminat yoxdursa, aktiv siyasi bir həyatın mövcudluğu sual altındadır. Üçüncü səbəb isə professional seçki sistemi Azərbaycan ləğv edildikdən sonra partiyaların əhəmiyyəti, demək olar ki, sıfıra enib. Çünki hər hansı bir siyasi partiya vasitəsilə parlament həyatında və ölkənin ictimai-siyasi həyatında iştirak etmək mümkün olur.

- Bildiyiniz kimi aprelin 24-də "birləşmiş" müxalifət mitinq keçirmək istəyir. Ümumiyyətlə, onların bu aksiyası baş tutacaqmı və nələr gözlənilir?

- Mənim imkanım olsaydı, müxalifətə icazə verərdim "Azadlıq" meydanında aksiya keçirsin və göstərsin ki, nəyi bacarır, nəyi isə bacarmır. Onlar tamamilə tükənmiş, sosial bazadan məhrum olunmuş qüvvələrdir.

- Hazırda müxalifət düşərgəsində yeni yaradılmış təşkilatlara üzvlər yığılır. Ümumilikdə, onların perspektivini necə görürsünüz?

- Nədənsə, müxalifət dedikdə AXC-nin "şinel"indən çıxmış adamlar nəzərdə tutulur. O, bir hərəkat idi və o hərəkatdan çıxdıqdan sonra isə şəxsi ambisiyalar müqabilində də partiyalar yaratdılar. Onlar hələ də, eyni ilə AXC-nin taktikasından başqa bir yol tanımırlar. Ona görə də, istər müxalifət düşərgəsində "5-lik" və "4-lük" yaransın, onlar yenə cüzi bir qüvvədirlər. Əgər bunlar, doğrudan da, vahid bir mövqe nümayiş etdirmək istəyirlərsə, vahid bir radikal sağ müxalifət partiyası yaratsınlar. Yaxın perspektivdə isə, ümumiyyətlə, müxalifətin güclənəcəyini gözləmirəm.

Digər xəbərlər