PDF Oxu

Müsahibə

  • 13

Konstitusiyaya bələdiyyələrlə bağlı edilmiş əlavə və dəyişikliklər yerli özünüidarə orqanlarının inkişafına xidmət edir

Konstitusiyaya bələdiyyələrlə bağlı edilmiş əlavə və dəyişikliklər yerli özünüidarə orqanlarının inkişafına xidmət edir

- Arif müəllim, martın 18-də keçirilmiş referendum zamanı xalqımızın böyük dəstəyi ilə qəbul olunmuş Konstitusiya dəyişiklikləri sırasında bələdiyyələrlə bağlı da bəzi məsələlər mövcuddur. Ümumiyyətlə, bu dəyişikliklər yerli özünüidarə orqanlarının inkişafı baxımından nə kimi əhəmiyyətə malikdir?

- Öncə qeyd edim ki, referendum nəticəsində Konstitusiyaya edilmiş dəyişikliklər dövlətçiliyimizin möhkəmlənməsinə, bütövlükdə, hər bir ölkə vətəndaşının maraqlarına xidmət edir. Konstitusiyaya bələdiyyələrlə bağlı edilmiş dəyişiklikləri isə, ilk növbədə, yerli özünüidarə orqanlarına kömək, dəstək kimi qiymətləndirirəm. İndiki şəraitdə bələdiyyələrin inkişafı üçün dövlət tərəfindən müəyyən işlər görülür və bu məsələ də demokratik institut kimi onlara diqqətin ifadəsidir. Hazırda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət var. Ancaq hesab edirik ki, inzibati nəzarət daha da təkmilləşdirilməlidir. Bu inzibati nəzarət daha çox bələdiyyələrdəki nöqsanları araşdırır. Amma nöqsanların səbəblərini, bələdiyyələrin işində çatışmazlıqları aradan qaldırmaq üçün inzibati nəzarətdə konkret mexanizm yoxdur. Güman edirəm ki, bu baxımdan, Konstitusiyaya edilən dəyişikliklər bələdiyyələrin fəaliyyətinə kömək olacaq.

- Konstitusiyanın tələblərinə görə, bələdiyyələr parlament qarşısında hesabat verəcək. Sizcə, bu, bələdiyyələrin fəaliyyətində hansı yeniliklərə səbəb olacaq?

- Şübhəsiz ki, bələdiyyələrin fəaliyyətinə nəzarət gücləndikcə onların fəaliyyətinin effektivliyi də artacaq. Məsələn, hesabatlarını dinləyəndə bələdiyyələrin fəaliyyətindəki çatışmazlıqların, nöqsanların səbəbləri araşdırılacaq. Düşünürəm ki, ondan sonra Milli Məclisin qərarı aidiyyatı təşkilatlara göndəriləcək və o təşkilatlar problemlərlə əlaqədar tədbirlər görməyə məcbur olacaqlar. Bu mənada, bələdiyyələrin hesabat vermələrini müsbət hal kimi qiymətləndirirəm. Qaldı ki, dövlət nəzarətinə, qeyd etməliyəm ki, bələdiyyələrin işinə dövlət nəzarəti hal-hazırda da var. Dövlət bələdiyyələrə ayrılan vəsaitlərin məqsədli xərclənməsinə nəzarət edir. Konstitusiyaya əlavə edilib ki, bələdiyyələrin öz səlahiyyətlərini müstəqil həyata keçirməsi Azərbaycan dövlətinin suverenliyinə xələl gətirə bilməz. Bu da çox vacib və mühüm müddəadır.

- Maraqlıdır, ölkədə minlərlə bələdiyyə var və belə olan şəraitdə hesabatlar necə hazırlanacaq, bunun üçün bir mexanizm, forma varmı?

- Hesabatların mexanizmi ayrıca qanunla müəyyənləşəcək.

- Bələdiyyələrin səlahiyyətlərinin artırılması məsələsi ilə bağlı müxtəlif fikirlər səslənməkdədir. Bir müddət öncə Milli Məclisdə bununla əlaqədar qanun layhəsi müzakirəyə çıxarılmışdı. Ümumiyyətlə, hansı istiqamətlərdə bələdiyyələrin səlahiyyətləri artırıla bilər?

- Bu istiqamətdə işlər gedir və müvafiq qanun layihəsi birinci oxunuşda qəbul edilib. Amma bu layihə haqqında bir sıra təklif və iradlar olub. O cümlədən, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi də müxtəlif təkliflər səsləndirib. Bütün təkliflər nəzərə alınmaqla layihə yenidən işlənir. Mən hesab edirəm ki, bələdiyyələrin səlahiyyətləri genişləndirilməlidir. Amma bu, birdəfəlik akt kimi ola bilməz. Bələdiyyələrin səlahiyyətini artırmaq üçün bir çox məsələlər nəzərə alınmalıdır. İlk növbədə, dəqiqləşdirilməlidir ki, bələdiyyələr həmin səlahiyyətləri öz üzərinə götürməyə hazırdırmı? Bu səlahiyyətləri onlara verməklə işləri yaxşılaşdıracağıq, yoxsa çətinləşdirəcəyik? Açığını deyək ki, bələdiyyələrin maddi-texniki bazası, kadr potensialı, onların maliyyə imkanları məhduddur. Onlar konkret iş aparmaq imkanında deyil. Bu məsələlər öz həllini tapmamış onlara böyük səlahiyyət vermək çətin məsələdir. Bu məsələlərə bələdiyyələrin imkanları kontekstindən yanaşmaq lazımdır. Hazırda bu mexanizmi qanun formasında işləmək də çox çətindir.

- Bu yaxınlarda Milli Məclis bələdiyyələrin birləşdirilməsini nəzərdə tutan qanun layihəsi qəbul etdi. Sizcə, bu proses yerli özünüidarəetmə orqanlarının işinə müsbət təsir göstərəcəkmi və bələdiyyələr birləşməklə yerli sosial məsələləri daha çevik şəkildə həll edə biləcəklərmi?

- Bu məsələ ilə bağlı qanunvericilik bazası artıq yaradılıb və bu istiqamətdə işlər aparılır. Bir çox bələdiyyələr birləşmək arzusunu ifadə ediblər. Güman edirəm ki, növbəti seçkilərə kimi bələdiyyələrin bir hissəsi birləşə bilər. Birləşmə ilə bağlı müxtəlif beynəlxalq təcrübə də mövcuddur. Bəzi ölkələrdə əhalisi, bəzilərində isə ərazisi baxımından bələdiyyələrin birləşməsi prosesi gedir. Biz hesab edirik ki, bu məsələni bələdiyyələr öz aralarında aydınlaşdırmalıdır. Bu, o demək deyil ki, məsələn, Gədəbəyin ucqar dağ yerində olan kiçik bələdiyyə özündən 80 km uzaq olan bələdiyyə ilə birələşəcək. Gərək onların ərazi yaxınlığı olmalıdır. Əsas prinsip odur ki, onların əhalisinin sayı, maliyyə imkanları artsın və müəyyən sosial işləri görməyə qadir olsun.

Digər xəbərlər