PDF Oxu

Müsahibə

  • 12

Azərbaycanlı deputatlar Moldovadan qayıtdılar

Azərbaycanlı deputatlar Moldovadan qayıtdılar

Məlum olduğu kimi, aprelin 5-də Moldovada parlament seçkilərini müşahidə etmək üçün Azərbaycandan bir qrup millət vəkili Moldovada səfərdə olub. Səfərdən qayıdan Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, millət vəkili Eldar İbrahimov "Səs" qəzetinə verdiyi müsahibəsində Moldovada keçirilən seçkilərlə bağlı geniş açıqlama verdi:
- Seçkiləri müşahidə etmək üçün Azərbaycandan 4 millət vəkili Moldovaya getmişdik. Konkret şəkildə desəm, mən ATƏT Parlament Assambleyasının Müşahidə Missiyasının tərkibində təmsil olunurdum, digər deputat həmkarlarım - Qüdrət Həsənquliyev və Ərəstun Cavadov Milli Məclisin, Rüfət Quliyev MDB Parlamentlərarası Assambleyasının xəttilə Moldovada təmsil olundular. Seçki günü mən, deputat həmkarlarım Qüdrət Həsənquliyev və Ərəstun Cavadov Kişinyov şəhərindəki seçki məntəqələrində müşahidələr apardıq. Onu da bildirim ki, Qazaxıstandan olan Ömərov soyadlı parlamentari-senatorla birlikdə 14 məntəqədə müşahidə apardıq. Demək olar ki, bütün seçki məntəqələrində Moldovanın seçki qanunvericiliyinə müvafiq olaraq normal seçkilərin keçirildiyini müşahidə etdik. Seçkilər çox rahat, azad şəraitdə keçirilirdi. Hətta ayın 5-də səhər saat 7-də üç seçki məntəqəsinin açılmasını da müşahidə etdim. Seçkilərin səhərisi gün, yəni, ayın 6-da ATƏT Parlament Assambleyasının Müşahidəçi Missiyasının rəhbəri -Yunanıstandan olan parlamentari Petros Yevtimoyun mətbuat konfransı keçirildi və biz də Müşahidə Missiyasının üzvləri kimi həmin tədbirdə yaxından iştirak etdik, seçkilərin normal, rahat şəkildə keçirildiyini bəyan etdik. Digər beynəlxalq təşkilatların, ölkələrin təmsilçiləri də Moldovada keçirilən seçkiləri normal, qaneedici seçkilər kimi dəyərləndirdilər.

- Eldar müəllim, Moldovada parlament seçkiləri hansı sistem üzrə keçirilirdi və neçə deputat yeri uğrunda mübarizə gedirdi?

- Qeyd edim ki, Moldova parlamentinə seçkilər proporsional seçki sistemi üzrə, yəni, partiya siyahıları üzrə keçirilirdi və 101 deputat yeri uğrunda mübarizə aparılırdı. Seçkilər proporsional sistem üzrə keçirildiyi üçün də prosesdə daha çox Moldovada fəaliyyət göstərən partiyalar mübarizə aparırdılar. Doğrudur, seçkilərə fərdi qaydada qatılanlar da var idi, ancaq onlardan bir çoxu seçki gününə kimi öz namizədliklərini geri götürmüşdülər. Parlamentdə qazanılan yerlərə gəlincə, deputat yerlərinin əksəriyyətini indiki dövlət başçısı Vladimir Voroninin rəhbərlik etdiyi Kommunist Partiyası qazandı. Səhv etmirəmsə, 101 deputat yerinin 63-nü kommunistlər tutdu. Bundan başqa, Liberal, Liberal-Demokrat və "Bizim Moldova" partiyaları hərəyə təxminən 10-15 nəfər olmaqla parlamentdə təmsilçilik hüququ əldə etdilər. Digər partiyalar isə tələb olunan faizi əldə edə bilmədikləri üçün parlamentdən kənarda qalmalı oldu. Fərdi qaydada namizədliyini irəli sürənlərdən də ola bilsin, kimlərsə parlamentə üzv seçiliblər, ancaq mən bu barədə dəqiq məlumat verə bilməyəcəyəm.

- Bir məsələyə də aydınlıq gətirməyinizi istərdik. Moldovada yaşayan azərbaycanlılardan seçkilərə partiya siyahısı və yaxud fərdi qaydada qatılanlar var idi və onlardan Moldova parlamentinə düşənlər oldumu?

- Xeyr, çox təəssüflər olsun ki, Moldova parlamentinə keçirilən seçkilərdə soydaşlarımızdan nə seçkilərə qatılanlar, nə də seçkilərdə deputat yeri qazananlar oldu. Şəxsən mən özüm də bizim Moldovadakı səfirliyimizdə, Moldova Azərbaycanlıları Konqresində keçirdiyim görüşlərdə bu məsələ ilə bağlı maraqlandım, o cümlədən, öz fikirlərimi bildirdim. Orada qeyd etdilər ki, seçkilərdə iştirak etmək üçün bizimkilərə bir sıra təkliflər olub, ancaq soydaşlarımız arasında bu məsələdə bir yekdillik olmayıb, onlar razılığa gəlməyiblər. Bu səbəbdən də heç kim seçkilərə qatılmayıb. Bu isə, bizdə təəssüf hissi doğurdu. Ancaq nə etmək olar, inanaq ki, heç olmasa növbəti seçkilərdə azərbaycanlılar daha aktiv şəkildə iştirak edəcək və Moldova parlamentinə təmsilçilik hüququ qazanacaqlar.

- Bəs ermənilərdən necə, seçkilərə qatılanlar və deputat yeri qazananlar oldumu?

- Düzünü desəm, bu barədə də ətraflı məlumatım yoxdur. Yalnız Moldova Mərkəzi Seçki Komissiyası parlament seçkilərində qalib gələnlərin adlarını açıqlayandan sonra, dəqiq bilmək olar ki, Moldova parlamentinə ermənilər düşüb, yoxsa yox.

- Eldar müəllim, Moldovada siyasi vəziyyəti necə qiymətləndirisiniz?

- Bilirsiniz, seçkiləri müşahidə edərkən Moldovada indiki dövlət başçısı Voroninin kommunistlərə böyük inam və dəstək olduğunu gördüm. Kommunist və yaxud demokrat, fərqi yoxdur, insan insandır və hər bir insan, hər bir insanın təmsil olunduğu təşkilat yalnız öz əməlləri ilə qiymətləndirilir. Moldovada da məhz belə oldu. İnsanlar Voronin və onun rəhbərlik etdiyi partiyanın son illər ərzində Moldovada həyata keçirdiyi uğurlu siyasətə dəstək oldular. Voronin son bir neçə ildə Moldovanı sabit, sakit, əmin-aman və inkişaf edən bir dövlətə, cəmiyyətə çevirə bilib. Bizə də şəxsən sabit, əmin-amanlıq içərisində olan Moldova lazımdır. Çünki bu ölkədə, başda Voronin olmaqla bizə, Azərbaycana və azərbaycanlılara böyük diqqət, qayğı, ehtiram var...
Yeri gəlmişkən, orada olarkən eşitdim ki, Dağlıq Qarabağ, Azərbaycan həqiqətlərini özündə əks etdirən filmlər tez-tez Moldova telekanallarında nümayiş olunur. Bundan başqa, yazılı mətbuatda Qarabağ münaqişəsilə bağlı obyektiv, düzgün məlumatlar verilir. Bu işdə də, təbii ki, istər Moldovadakı səfirimiz və səfirliyimiz, diaspora nümayəndələrimiz, istərsə də bunlara hər cür şərait yaradan Moldova rəsmiləri böyük, əvəzsiz rol oynayırlar. Bu, bizim üçün çox vacibdir və əhəmiyyətlidir. Şəxsən mən özüm Heydər Əliyev Fondundan xahiş etmişəm ki, Azərbaycan, Qarabağ həqiqətlərini əks etdirən növbəti filmləri olsa, onları Moldovaya göndərsinlər.

Digər xəbərlər