PDF Oxu

Müsahibə

  • 9

Maliyyə böhranının təsiri bir çox ölkələri iflic edib

Maliyyə böhranının təsiri bir çox ölkələri iflic edib

Dünyada baş verən maliyyə böhranı, onun Qafqaz regionunda yaratdığı mövcud durum və bunun Azərbaycana təsir imkanları ilə bağlı iqtisadçı-ekspert Əli Əlirzayev "Səs" qəzetinə müsahibə verib.
- Əli müəllim, ümumiyyətlə, hazırkı vəziyyətdə dünyada baş verən maliyyə böhranının təsir imkanlarını və yaratmış olduğu durumu necə qiymətləndirmək olar?

- Ümumilikdə dünyada baş verən maliyyə böhranı bir ölkəyə daha çox, digər ölkələrdə isə nisbətən az öz təsirini göstərir. hazırda Azərbaycanla qonşuluqda olan ölkələr sırasında daha maliyyə böhranından əziyyət çəkən ölkə Rusiyadır. Eyni zamanda, başqa ölkələrdə də bu böhranın təsiri artıq özünü göstərməkdədir. Çünki artıq bu böhrandan qaçmaq qeyri-mümkündür. Böhran müxtəlif ölkələrə müxtəlif yollarla təsir göstərir. Azərbaycanda da bu gün dünyada baş verən maliyyə böhranının təsirləri müəyyən mənada hiss olunmaqdadır. Çünki artıq dövlət səviyyəsində də bildirilib ki, ölkəmizin bu böhrandan kənarda qalması mümkünsüzdür. Çünki ölkəmiz xarici ölkələrlə olduqca sıx əlaqədədir. İnteqrasiya sistemində olan ölkəmizdə xarici ölkələrlə idxal və ixrac əməliyyatları aparırıq.
Bununla yanaşı böhranın başlıca təsirlərindən biri ondan ibarətdir ki, mövcud iş yerləri bağlanır, istehsal həcmi azalır, istehsal həcmi azaldıqda, təbii ki, istehsal müəssisələrində çalışan işçilərin sayı da azalır. İşçilərin sayı azaldıqda isə birmənalı şəkildə onlaran aylıq məvacibləri də azalır. Bütün bunlar isə əhalinin alıcılıq qabiliyyətinə öz təsirini göstərir. Alıcılıq qabiliyyətinin aşağı düşməsi isə bazarın imkanlarına öz təsirini göstərir. belə olan təqdirdə, qiymətlərin düşməsi prosesi bir qədər də intensivləşir. Artıq iqtisadi sahədə bu kimi proseslərin getməsi Azərbaycanda da böhranın təsirlərinin yaranmasına şərait yaradır. Bir məqamı da qeyd edək ki, Azərbaycan dünya maliyyə böhranına bir qədər gec başlayıb. Çünki Azərbaycanda olan mövcud iqtisadi imkanlar və ehtiyatlar daha çox olduğuna və ölkəmizdə böyük əhəmiyyət kəsb edən layihələr az olduğu üçün, daha çox çevik iqtisadiyyat mövcud olduğuna görə bu böhranın təsir imkanları müəyyən qədər azalır. Dünya bazarlarına çıxırılan məhsulların istehsal olunduğu ölkələrdə Yaponiyada, ABŞ kimi iri maliyyə korporasiyaları ilə işləyən dövlətlərdə maliyyə böhranının təsiri artıq özünü tam mənada göstərib. Bunlarla müqayisədə Azərbaycan neft sənayesində olan imkanlar və ixracın təşkili isə böhranın təsirlərinə məruz qalan sahələr deyil. Çünki Azərbaycan öz neftinin xammal şəklində dünya bazarına çıxardığı üçün, istər-istəməz bunun qiyməti nə qədər aşağı düşsə də, neftə ehtiyacı olan ölkələrin sayı olduqca çoxdur. Neft hər ölkədə mövcud olmadığı üçün onun qiyməti düşsə də, həmin dövlətlərin asılılığı imkan yaradır ki, neft bazarda öz liderliyini qorusun. Eyni zamanda, bütün bunlara rəğmən ölkəmizin maliyyə imkanları böyükdür və dövlətin pul kisəsi imkan verir ki, bu böhranın təsir imkanları zəiflədilsin. Buna görə də, bu təzahürlər baş verir. Məhz bu gün Azərbaycanın iqtisai böhrandan az əziyyət çəkməsinin əsas istiqamət xətti bundan ibarətdir.

- Bütün bunlara baxmayaraq gələcəkdə böhranın təsirlərindən nələr olacaq?

- Bu, tamamilə hər bir ölkənin iqtisadi siyasətindən və antiböhran əməliyyatından çox asılıdır. Yəni, hansı dövlət daha səmərəli və zəruri təbirlər görərsə, həmin ölkədə də böhranın təzahürləri nisbətən az olacaqdır. Azərbaycan isə böhranın təsirlərinə məruz qalan bir ölkədir. Ola bilsin ki, onun müddəti bir qədər uzun olsun. Çünki bu gün ehtiyatlar uzun müddət davam gətirə bilərsə, o zaman ola bilsin ki, böhranın təsiri az olsun. Əksinə isə uzun müddət bu böhrandan sığortalanmaq üçün həmin ehtiyyatlardan istifadə olunsa, onun təsirləri, ola bilsin ki, güclü olsun.

- Regiona nisbətən Azərbaycanda böhranın nəticələri bir o qədər də hiss olunmur. Qonşu ölkələrlə müqayisədə ölkəmiz bu böhrandan az zərər çəkən ölkələrdəndir..

- Qonşu ölkələrlə müqayisə dedikdə bədxah qonşularımız nəzərdə tutulur və məlum olduğu kimi, Ermənistan iqtisadiyyatı öz əlində olan ölkə deyil. Xarici ölkələrin maddi yardımları ilə formalaşan Ermənistan iqtisadiyyatında həmin dövlətlərdən olan böhranın təsirləri istər-istəməz özünü göstərməlidir. Yəni, son nəticə olaraq, ölkəyə kapital axını azalacaq və bəzi lobbi təşkilatlar tərəfindən Ermənistana edilən yardımların azalması artıq özünü göstərməkdədir. Çünki bu gün Ermənistanın özünün sərbəst kapitalı yoxdur. Daha çox xarici maliyyə ilə formalaşan iqtisadiyyatın isə dayanıqlılığı möhkəm olmur. Qaldı ki digər ölkələrə böhranın təsirlərinə, bu, daha çox Rusiyada özünü göstərməkdədir. Amma bütün bunlara baxmayaraq Rusiya mövcud vəziyyətdən çıxa biləcək. Ola bilsin ki, müəyyən bir müddət Rusiyada bu vəziyyət qalsın. Buna baxmayaraq, Rusiyanın güclü maliyyə ehtiyatları da mövcuddur.
Digər tərəfdən Rusiyada olan iqtisadi böhranın təsirləri Azərbaycanda da özünü bir və ya digər formada göstərməlidir. Çünki bu iki dövlət arasında çox sıx iqtisadi əlaqələr mövcuddur. Bununla yanaşı, hər iki ölkə arasında insan əməyi sahəsində də qarşılıqlı əməkdaşlığın mövcudluğu, onu deməyə əsas verir ki, Rusiyada olan böhranın Azərbaycana təsiri qaçılmazdır. Rusiyada xeyli sayda azərbaycanlının müəyyən işlərdə işləməsi və əməkhaqqı alması bunun deməyə əsas verir. Son illərdə artıq bunu müşahidə etmək olmur. Çünki Rusiyada baş verən böhranın nəticəsindən asılı olaraq burada tikinti və digər sahələrdə işlər tamamilə dayandırılıb. Ona görə də, böhrana qarşı çevik bir siyasət olarsa, yəni, buna qarşı tez dəyişə bilən bir istehsal ola bilərsə, bundan xilas olmaq mümkündür. Amma bütün bunlarla yanaşı risqlər azalmaqdadır. Bundan əlavə, əhali tərəfindən banklardan götürülən əmanətlərin vaxtında faizlərinin ödənilməməsi maliyyə ehtiyatlarına inamı tamam azaldır. Bütün bunlar isə böhranın daha da şiddətlənməsinə gətirib çıxarır.
Azərbaycanda isə bu gün böharının təsirləri müəyyən sahələrdə artıq özünü göstərməkdədir. Əgər bu gün ölkədə mənzil bazarında fəaliyyət dayanıbsa, bununla yanaşı, bəzi məhsulların qiymətində aşağı enmə müşahidə olunursa, bu özlüyündə böhranın nəticələri deməkdir. Məhz bu proseslərin baş verməsi nəticəsində əməkhaqqlarının artma tempi də müəyyən mənada bu ildən artıq azalacaqdır. Ona görə də, hesab edirəm ki, başqa ölkələrlə müqayisədə Azərbaycanda böhranın təsirləri güclü deyil. Çünki Azərbaycanda mövcud ehtiyatlar çoxdur. Bu gün bizim 18 mlrd-a yaxın valyuta ehtiyatımız vardır. 18 mlrd valyuta ehtiyatı üç illik dövlət büdcəsinə bərəbərdir. Bu, eyni zamanda, ölkənin ümumidaxili məhsulunun yarısı deməkdir. Biz 5-6 mlrd məhz bu böhranın təsirləri aradan qaldırmaq üçün xərcləsək, bundan zərərsiz formada yan keçmək olar. Amma nəzərdə tutduğumuz bu 5-6 mlrd investisiya üçün deyil, istehsal üçün xərclənəcək.
Çox yaxşı olardı ki, bu pullar investisiya xarakterli olaydı. İstehsal xarakterli olduqda, bu pulların hamısı yeyinti məhsullarına xərclənir. Məhz bunların müqabilində ölkənin güclü ehtiyatı olduğu üçün böhran ölkəyə təsir göstərə bilmir. Bununla yanaşı, ölkəmizin beynəlxalq əhəmiyyətli zavod və fabrikləri olmadığı üçün böhranın təsiri bir o qədər müşahidə olunmayacaqdır. Azərbaycan ancaq daxili ehtiyaclarını ödəmək üçün gündəlik tələbat mallarının böyük əksəriyyətini istehsal etdiyi üçün böhranın güclü təsiri hiss olunmayacaq. Əgər gələcəkdə daxili imkanlar hesabına istehsalı gücləndirmək və daxili imkanlara dayanmaq böhrandan qaçmaq deməkdir. Bizimlə müqayisədə Ermənistan və Gürcüstan heç vaxt özünün daxili imkanlarına dayanaraq iqtisadiyyatını formalaşdırmayıb. Çünki hər iki dövlət daha çox xarici kapitaldan asılı iqtisadi platforma yürütdüyü üçün onların mövcud böhrandan qaçması mümkün deyil.

- Ümumilikdə, mövcud böhrandan daha az itki ilə yaxa qurtarmağın yollarını nədə görürsünüz?

- Birinci növbədə, mövcud böhrandan qaçmaq üçün, ilk növbədə, çevik istehsal lazımdır. Yəni, yerli tələbatı ödəyə biləcək istehsal yaratmaq lazımdır. Böyük layihələrdən daha çox kənarda qalmaq zəruridir. Bununla yanaşı, böyük infrastruktur layihələrinin reallaşması üçün maliyyələrin ayrılmasına qadağalar qoyulmalıdır. Əhalinin pul gəlirlərini, yəni, onun sosial müdafiəsini təmin etmək lazımdır. Eyni zamanda, ölkədən xaricə ixracın qarşısını almaq üçün bir sıra yeni istehsal və xidmət sahələri yaradılmalıdır. Xammal şəklində ixrac olunan malların ölkədə istehsalına başlanılması həm iş yerlərinin, həm də tələbatın ödənilməsi baxımından vacibdir.

Digər xəbərlər