Artıq bir müddət əvvəl istər Azərbaycan, istərsə də beynəlxalq mətbuatda Gürcüstanda prezident Mixail Saakaşvilinin istefa tələbi ilə ölkə müxalifətinin aprelin 9-dan kütləvi və dinc yolla etiraz aksiyalarına başlayacağı barədə məlumatlar dərc olunur. Xatırladaq ki, gürcü müxalifəti Saakaşvilini aprlein 9-dək istefaya getməyə çağırmışdı. Lakin gürcü prezidentin öz müsahibələrinin birində hakimiyyətdən getmək niyyətinin olmadığını bildirməsi, müxalifəti etirazlarını nümayiş etdirmək üçün 9 aprel tarixində xalqı küçələrə çıxarmağa sövq etdi.
Hazırda Saakaşvili hakimiyyətinə qarşı radikal müxalifətdə olanların bir qismi vaxtilə "qizilgül inqilabı"nda onu dəstəkləyən insanlar olublar. Bunlardan biri də Mixail Saakaşvili hakimiyyətinin ilk illərində Gürcüstanın Münaqişələrin Həlli üzrə Dövlət Naziri olmuş, hazırda isə "Birləşmiş müxalifət" blokunun liderlərindən olan Giorgi Xayndravadır. Gürcüstanda gözlənilən 9 aprel nümayişi barədə G. Xayndrava SİA-ya eksklüziv müsahibə verib.
- Cənab Xayndarava, niyə məhz 9 aprel tarixini seçdiniz?
- Bilindiyi kimi, 20 il əvvəl Sovet qoşunları Tbilisiyə daxil olaraq hökumət evinin qarşına toplaşmış insanlara divan tutdular. O insanlara ki, onlar demokratiya və müstəqillik istəyirdilər. Buna görə də bu tarix bizim üçün bir qəhrəmanlıq simvoluna çevrildi. 20 il keçdikdən sonra Gürcüstan yenidən həmin tarixi yaşamağa başlayıb. 20 ildən sonra da gürcü xalqı ölkədə demokratiyanı bərpa etmək üçün toplanacaq. Bu gün daha bir avtoritar rejimə - Saakşvili rejiminə qarşı mübarizə aparmaq üçün toplaşacağıq. Çünki bu rejim Gürcüstanı çökdürüb. Ölkədə insan və vətəndaş hüquqları tapdanıb. Bu rejim artıq ölkəni idarə etmək qabiliyyətində deyil. Hesab edirəm ki, bütün qüvvələrin bir araya gəlməsi Saakşvili rejimini istefaya göndərəcək. Rusiya ilə müharibə bir daha göstərdi ki, bu hakimiyyət artıq tükənib. Məhz Saakaşvilinin avtokratik idarəçiliyinin nəticəsidir ki, bu gün 1Gürcüstanın ərazi bütövlüyü mübahisəli bir vəziyyətdədir.
- Əsas tələbləriniz nədən ibarətdir?
- Əsas tələbimiz Saakaşvilinin hakimiyyətdən getməsidir. Bizim başqa tələbimiz yoxdur və buna da nail olacağıq. Təkrar edirəm, bu rejim Gürcüstanı çökdürüb. Ölkədə insan və vətəndaş hüquqları tapdanır və bu rejim artıq ölkəni idarə etmək qabiliyyətində deyil.
- Bu aksiyalarda yalnız "Birləşmiş müxalifət" iştirak edəcək, yoxsa digər təşkilatlar da burada təmsil olunacaqlar?
- Aksiyalarda bütün müxalifət partiyaları iştirak edəcəklər. Təkcə siyasi partiyalar yox, qeyri hökumət təşkilatları, vətəndaş sektorları, vətəndaş cəmiyyətləri və digər təşkilatlar iştirak edəcəklər. Hələ bir müddət əvvəl siyasi partiyalar istisna olmaqla, yuxarıda adlarını sadaladığım qruplar müxtəlif vaxtlarda aksiyalar keçiriblər. 9 apreldə də onlar bizimlə olacaqlar. Hamının bir tələbi var - Mixail Saakaşvili istefa verməlidir!
- Sizin planlaşdırdığınız mitinq Tbilisi meriyası ilə razılaşdırılıbmı? Ümumiyyətlə, hökumətin mövqeyini necə qiymətləndirisiz?
- İlk olaraq bunu deyim ki, bu, mitinq yox, bütün gürcü xalqının açıq nümayişdir. İstənilən bir nümayişin keçirilməsi üçün kimdəndsə, hansısa hakimiyyətdən rəsmi icazə almaq lazım deyil. İcazəni siyasi partiyalar almalıdırlar. Lakin qeyd etdiyim kimi, burada təkcə siyasi partiyalar iştirak etmirlər. Sadə vətəndaşlar da bu tələblə meydana axışacaqlar.
- Etiraz nümayişini neçə müddət davam etdirmək niyyətindəsiniz?
-Nə qədər lazımdırsa, o qədər. Saakaşvili istefaya gedənədək.