Son illərdə Azərbaycan təhsil sistemində uğurlu islahatlar həyata keçirilir. Lakin bununla yanaşı təhsilimizdə hələ də problemlər qalmaqdadır. Bəzi problemlərin mövcudluğu barəsində təhsil naziri öz açıqlamalarında qeyd edib. Bəs görəsən, bu gün Azərbaycan təhsilinin inkişafı üçün hansı layihələr həyata keçirilir, bəzi problemlərin qarşısını almaq üçün nə kimi işlər görülür? Bu və ya digər suallarımızı müsahibimiz təhsil naziri Misir Mərdanov cavablandırıb.
(Əvvəli ötən sayımızda)
- Tələbə və şagirdlərin hazırkı səviyyəsi sizi qane edirmi?
- Əgər suala qısa cavab verməli olsam, etiraf edim ki, tam qane etmir və bunun çoxsaylı obyektiv səbəbləri vardır. Lakin keyfiyyətin artırılması istiqamətində bir sıra əhəmiyyətli tədbirlər həyata keçirə bilmişik. Hazırda qiymətləndirmə Təhsil Nazirliyinin siyasətində prioritet məsələlərdən biridir. Yalnız obyektiv qiymətləndirmə nəticəsində hər bir təhsil alanın nailiyyətlərinin səviyyəsini ölçmək, məktəbin və müəllimin fəaliyyətinə qiymət vermək mümkündür. Bu istiqamətdə 2004-cü ildə Təhsil Nazirliyində şagird nailiyyətlərinin qiymətləndirilməsi şöbəsini yaratmışıq. Şöbə birbaşa orta məktəb şagirdlərinin nailiyyətlərinin qiymətləndirilməsi ilə məşğuldur. İlk növbədə, məktəbdaxili qiymətləndirmənin mühüm tərkib hissəsi olan buraxılış imtahanlarının forma və məzmunca təkmilləşdirilməsi, yeni mexanizmlərin tətbiqi istiqamətində əhəmiyyətli addımlar atmışıq.
İnkişaf etmiş ölkələrin təcrübəsi nəzərə alınaraq, 2006-cı ildən etibarən mərhələlərlə buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılmasına başlanılıb. Cari dərs ilində isə ölkənin bütün ümumtəhsil məktəblərinin XI siniflərində bu imtahan forması tətbiq ediləcək. Martın 1-də Bakı və Sumqayıt şəhərlərində, Abşeron və Qobustan rayonlarında təhsil alan 36 minə yaxın XI sinif şagirdi əhatə olunmaqla sınaq-yoxlama imtahanları keçirdik. İlkin məlumata görə şagirdlərin 51 faizi müvəffəq qiymətlər alıb. Əlbəttə, bu nəticələr geniş müzakirə ediləcək, səbəbləri araşdırılacaq və hər bir məktəb qarşısında ciddi vəzifələr müəyyənləşdiriləcək.
Keyfiyyət göstəricilərinin yüksəlməsi Bakı şəhərinin timsalında daha aydın görünür. 2006-cı ilin martında ölkə Prezidentinin sərəncamına müvafiq olaraq hökumətin qərarı ilə Təhsil Nazirliyinin birbaşa tabeliyində vahid idarəetmə orqanının - Bakı şəhəri üzrə Təhsil İdarəsinin yaradılmasının nəticəsidir ki, şəhərin məktəblərinin keyfiyyət göstəriciləri xeyli yaxşılaşıb. 2008-ci ildə ali məktəblərə qəbul faizi 2006-cı ildəki 34,79 faizdən 39,22 faizə, 300-dən çox bal toplayanlar 32,40 faizdən 40,12 faizə, əlaçı məzunlardan 500-700 bal toplayanlar 41,70 faizdən 72,0 faizə, 600-dən yuxarı bal toplayanların sayı isə 452-dən 702-yə yüksəlib.
- Xaricdə təhsil alan tələbələrin və Azərbaycan məktəblərinin problemlərinin həlli istiqamətində hansı işlər görülür?
- Bu gün 4 min nəfər azərbaycanlı gənc dünyanın müxtəlif ölkələrinin ali məktəblərində təhsillərini müvəffəqiyyətlə davam etdirir, onlardan 1000 nəfərədək dövlət hesabına təhsil alanlardır. Bu tələbələrin böyük əksəriyyəti Türkiyə, Rusiya, Çin və Misirdə təhsil alırlar.
Möhtərəm Prezidentimiz İlham Əliyev ötən ilin aprelində imzaladığı Sərəncamla "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almalarına dair Dövlət Proqramı"nı təsdiq etməklə, xaricdə kadr hazırlığının daha sistemli şəkildə həyata keçirilməsinə geniş imkanlar açılıb. Proqram çərçivəsində xaricdə təhsil almağa göndərilənlərin sayının 2007-2015-ci illərdə 5000 nəfərə çatdırılması əsas hədəf kimi müəyyənləşdirilib.
Dövlət Proqramının icrası ilə bağlı 2008-ci ildə ABŞ hökuməti, Almaniya Akademik Mübadilə Xidməti (DAAD) və Fransanın KNOUS təşkilatı ilə Təhsil Nazirliyi arasında sazişlər imzalanıb.
Proqrama əsasən iki il ərzində 199 gənc dünyanın 14 ölkəsinin 45 ali məktəbinin bakalavr, magistratura və doktorantura pillələrində iqtisadiyyat, tibb, ekologiya, kənd təsərrüfatı, İKT, sənaye və digər sahələr üzrə təhsil almağa göndərilib. Bu ölkələrin arasında ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya, Türkiyə, Avstraliya, Yaponiya, Cənubi Koreya, İsveç, Niderland, İsveçrə, İspaniya, Çexiya, Kanada kimi ölkələri göstərmək olar.
- Cənab nazir, bu yaxınlarda verdiyiniz açıqlamalarda qeyd etmişdiniz ki, təhsil işçilərinin işə qəbulu zamanı onların İKT bilikləri əsas götürüləcək. Nə zamandan etbarən bu tətbiq olunacaq?
- Məlumdur ki, müasir dövrdə informasiya-kommunikasiya texnologiyaları hər bir fəaliyyət sahəsinə nüfuz edib, dünya nəhəng informasiya məkanına çevrilib. Bu zərurət nəzərə alınaraq Azərbaycanda dövlət başçısı tərəfindən təsdiq olunan və 2005-2007-ci illəri əhatə edən İKT üzrə ilk Proqramı həyata keçirdik, ümumtəhsil məktəblərini müvafiq İKT avadanlıqları ilə təmin etdik. Lakin başa düşürdük ki, bu prosesdə əsas məsələ müəllimlərin, şagirdlərin və məktəb rəhbərlərinin İKT-dən istifadə bacarıqlarına yiyələnməsidir. Bu istiqamətdə müəyyən addımlar atdıq, beynəlxalq təşkilatların köməyi ilə 20 minədək müəllim müvafiq treninqlərdən keçirilib. Aparılan təhlil göstərib ki, məktəb rəhbərlərinin bu sahədə səriştəsi olmadığından İKT-nin təhsil prosesinə səmərəli inteqrasiyası da mümkün olmur. Məhz bu prblemin aradan qaldırılması məqsədilə direktorların, onların müavinlərinin İKT sahəsində bacarıqlara yilənməsi üçün xüsusi treninq proqramları hazırladıq və bu işə başladıq. Artıq direktorların işə götürülməsi sahəsində bu mexanizmə keçmişik. Hətta kənd məktəbinə də direktor təyin olunmaq üçün təqdim edilən namizəd, nazirliyin İKT idarəsi tərəfindən təşkil olunan təlim kursundan keçib müvafiq sertifikat aldıqdan sonra, direktor vəzifəsinə təyin edilir. Növbəti addım isə ondan ibarətdir ki, ümumtəhsil məktəblərində İKT-nin tətbiqi məsələsi rəsmi olaraq bu sahədə bacarığı olan direktor müavinlərindən birinə həvalə ediləcək.
Xüsusi vurğulamaq istərdim ki, dövlət başçısının sərəncamı ilə təsdiq olunan "Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı (2008-2012-ci illər)" təhsil sahəsində İKT-nin tətbiqi üzrə daha həlledici mərhələnin başlanğıcı oldu.
Proqrama əsasən 2009-cu ilin sonunadək 500 məktəbin (Bakı, Sumqayıt, Gəncə şəhərləri, Abşeron rayonu) genişzolaqlı sürətli internetlə təmin olunması, elektron tədris resursları bazasının, vahid təhsil portalının yaradılması, çevik idarəetmə və qərar qəbul etməyə xidmət edən DATA mərkəzin yaradılması nəzərdə tutulub. Düşünürəm ki, bu mərkəz çevik idarəetmə imkanlarını artıracaq, məktəblər burada yerləşdiriləcək İKT resurslarından istifadə edəcək, internetə yalnız bu mərkəz vasitəsilə qoşulacaq. Mərkəzin texniki imkanları şagirdlərin təhsilyönümlü məlumat və təsvirlərdən istifadəsini, zərərli informasiya və təsvirlərdən təcrid olunmasını mümkün edəcəkdir.
Proqram çərçivəsində məktəbəqədər, ümumtəhsil, texniki-peşə, orta ixtisas məktəbləri İKT avadanlığı ilə təmin ediləcək, təhsil müəssisələrində şəbəkə infrastrukuru yaradılacaq, fənlər üzrə elektron tədris və metodiki vəsaitlər hazırlanacaq, müəllimlər və rəhbər heyət üçün treninqlər və ixtisasartırma tədbirləri təşkil ediləcək.
İdarəetmənin təkmilləşdirilməsi, bu prosesdə İKT-nin imkanlarından daha səmərəli istifadə edilməsi və təkmil məlumat bazasının formalaşdırılması məqsədilə bütün təhsil pillələrini əhatə edən TİMS modullarının artırılması və sistemin təkmilləşdirilməsi, rayon, şəhər təhsil şöbələrində TİMS-in qurulması, istifadəçilərin hazırlanması istiqamətində tədbirlər də görüləcək.
- 2009-cu ilin dövlət büdcəsindən təhsilə ayrılan vəsait 2008-ci illə müqayisədə 24%-dən çox artırılaraq, 1.3 mlrd təşkil edir. Sizcə, bu, cari ildə təhsil sahəsində həyata keçiriləcək islahatlara kifayət edəcəkmi?
- Son illərdə dövlət büdcəsindən təhsilə ayırmaların həcmi xeyli artıb. Təsadüfi deyil ki, hazırda dövlət büdcəsində təhsil xərcləri çəkisinə görə ilk yerdə dayanıb. Əlbəttə, burada əsas xərclər təhsil sahəsində çalışanların əməkhaqqı və onun artırılmasına yönələcək. Bildiyimiz kimi, ölkə Prezidentinin sərəncəmları ilə təhsilin bütün pillələrində işçilərin, xüsusən, ali təhsil müəssisələrində professor-müəllim heyətinin əməkhaqqı hiss olunacaq dərəcədə artıb.
Ayrılan büdcə vəsaiti təhsilin ayrı-ayrı sahələrinin inkişafı üzrə real vəziyyətin təhlili əsasında hazırlanıb təsdiq edilən 14 proqramın reallaşdırılmasına yönəldiləcək. Məhz bu proqramların davamlı olaraq həyata keçirilməsi nəticəsində təhsil infrastrukturunun müasir tələblərə uyğun təkmilləşdirilməsi, təhsilin məzmununun yeniləşdirilməsi və yeni dərslik siyasətinin reallaşdırılması, təhsil alanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni model və mexanizmlərin tətbiqi, əmək bazarının tələbatına uyğun kadr hazırlığı və təminatının yaxşılaşdırılması, təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsi və təhsil sisteminin informasiyalaşdırılması, istedadlı uşaqların inkişafı, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili, de-institutlaşdırma və digər bu kimi sahələrdə əhəmiyyətli nailiyyətlər əldə olunub. Bu işlər cari ildə də davam etdiriləcək.
Hesab edirəm ki, bu gün dövlətin və cəmiyyətin təhsil sistemindən gözləntiləri, hər şeydən əvvəl, keyfiyyətlə bağlıdır. Təhsilə yönəldilən və ildən-ilə artan maliyyə resurslarının son nəticədə keyfiyyətə təsiri hamını düşündürür. Bu mənada təhsilə ayrılan büdcə vəsaitlərindən daha səmərəli istifadəni təmin edən mexanizmlərin tətbiqi Təhsil Nazirliyinin daim diqqət mərkəzində idi.
Bu istiqamətdə Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirdiyimiz Təhsil Sektorunun İnkişafı Layihəsi çərçivəsində maliyyə islahatlarının reallaşdırılması istiqamətində bir sıra ölkələrin, o cümlədən, Böyük Britaniya, Finlandiya, Kanada, Avstraliya, Yeni Zelandiya, Hollandiya, Polşa, Çexiya, Bolqarıstanın təcrübəsi öyrənilməklə 2007-ci ildən 3 rayonun (Ucar, İsmayıllı rayonları, Şirvan şəhəri) 59 saylı məktəbində adambaşına maliyyələşmənin tətbiqi üzrə eksperimentlərə başladıq.
Başlanan eksperimentləri davam etdirmək və əhatə dairəsini genişləndirməklə yanaşı, hazırda ali məktəblərdə tələbəbaşına maliyyələşməyə keçirilməsi ilə bağlı təkliflər hazırlayırıq. Bu məqsədlə xüsusi işçi qrupu da yaradılıb.